Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:41

Daha bir faciəli cümhuriyyətçi həyatı - Murtuza Axundzadə


Repressiya olunmuş cümhuriyyətçi Murtuza Axundzadə
Repressiya olunmuş cümhuriyyətçi Murtuza Axundzadə

Cümhuriyyət illəri idi. Bakıda «Çadrovı» məhəlləsində (indiki Mirzağa Əliyev küçəsinin çevrəsi – red.) 199 nömrəli evdə 7 uşaqlı xoşbəxt bir ailə yaşayırdı. Orucluq ayı olduğundan hamı bir nəfər kimi oruc tutmuşdu. Evin şıltaq qızı Mina ilə dəcəl bala Ələkbər gizlicə paxlavaları «aşırıb», axşam iftar süfrəsinə əyləşmişdilər. Böyük bacı Xanım bundan şübhələnib anasına şikayət etsə də, anası - Nəcimə xanım «uşaqları şərləmə, görmürsən rəngləri ağarıb?» - demiş, balaca cüvəllağılar da səssizcə gülüşmüşdülər...

Cümhuriyyət Parlamentinin 96 üzvündən biri

Bu ailənin başçısı Azərbaycan Cümhuriyyətinin parlament üzvü Murtuza Axundzadə idi. Əslində, tarixin şərəfli səhifələrinə adını yazdıran bu insan 1920-ci ildə «xalq düşməni» kimi güllələnmiş və yalnız 72 il sonra bəraət almışdı.

Murtuza Axundzadə 1877-ci ildə Quba qəzasında - tacir ailəsində anadan olub. O, Qubada seçilən, fəallığı diqqətçəkən ziyalılardan idi. Bu üzdən, 1918-ci ildə - Azərbaycan Cümhuriyyəti qurulanda, Quba sakinləri onu parlament üzvlüyünə layiq bilmişdilər. Murtuza bəy «Müsavat» fraksiyasına daxil olmuş və parlamentin 96 üzvündən birinə çevrilmişdi. Bu zaman onun 41 yaşı vardı.

«Bunu Bakıda görmürəm...»

Murtuza Axundzadənin xanımı Nəcimə Axundzadə
Murtuza Axundzadənin xanımı Nəcimə Axundzadə

Siyasi repressiya qurbanlarının tapılıb üzə çıxarılmasında əvəzsiz rolu olan könüllü araşdırmaçı Səfər İbrahimov o illərdən söz açarkən, belə demişdi: «Onun parlament iclaslarındakı çıxışları dolğun və mənalıdır. Çıxışlarının birində deyir ki, bu günlərdə Qubada gördüyüm mənzərədən ürəyim fərəhlə doldu. Bütün evlərin üstündə üçrəngli bayrağımız dalğalanırdı. Amma bunu Bakıda görmürəm».

Murtuza Axundzadə və xanımı Nəcimə Axundzadənin 9 övladı vardı: Məmmədağa, Ələkbər, Xanım, Mina, Ağaəli, Yusif, Dürsədəf (ikisi körpə ikən vəfat etmişdi). Ən kiçik oğlu Yusif Axundov danışırmış ki: «Atamı az-az görərdik. Gecə-gündüz işləyirdi. Qapıda bütün gün növbə ilə gözətçilər dayanırdı. 1920-ci ilin fevralında bizi Fətəli xan Xoyskinin vaqonunda Xaçmaza yola saldı. Atamın yanında böyük qardaşımla bacım qaldı. Novruz bayramında atam gəldi. Mənə bayram paltarı da almışdı. Bir gün qalıb qayıtdı. Bir daha atamı görmədim...».

Cümhuriyyətin izlərini silən bolşeviklər...

1920-ci ilin aprelin 28-də Cümhuriyyət Parlamenti müəyyən şərtlərlə hökuməti bolşeviklərə verdi. Ancaq az sonra məlum oldu ki, onlar heç bir şərtə əməl etməyəcəklər. Artıq hakimiyyət tamam bolşeviklərin əlində idi. Belə olunca, yeni hakimiyyət əvvəlki iqtidarın izlərini silməyə başlayır. Cümhuriyyətlə bağlı hər kəs ya yenidən qayıdıb nəyisə dəyişə bilmək üçün gizli yolla Türkiyəyə keçir, ya da Nargin adasında (indi əvvəlki adı bərpa edilib - Böyük Zirə adasıdır - red.) «xalq düşməni» damğası ilə güllələnərək Xəzər sularına qərq olurdu.

Oğlu Yusif bəyin söylədiklərindən...

Keçmiş Nargin adası bir çox Cümhuriyyət xadimi kimi onun da faciəli sonuna şahid olmuşdu...

«Böyük qardaşım Məmmədağa deyirdi ki, atamın dostları onunla vaxtaşırı əlaqə saxlayır, onu Tükiyəyə keçirmək üçün dönə-dönə dilə tuturdular. Amma atam qəti etiraz edir. Deyir ki, mən qaçsam, ailəmi, uşaqlarımı incidəcəklər. Qoy məni tutsunlar, bəlkə uşaqlarla işləri olmaz». Artıq fədakar ata aqibətini bilir və faciəli sonu gözləyirdi.

İyunun 15-də gecə Murtuza bəyin «gözlədiyi» qapı zəngi çalınır. Bolşeviklər onu aparacaqlarını deyirlər. Oğluna, qızına təskinlik verib gedir. Qızı Mina o günü belə xatırlayıb: «10 yaşındaydım. Buruq-buruq saçlarım vardı. Atamı aparmağa gələnlər saçlarımı sığalladılar, sonra birlikdə evdən çıxdılar. Sonuncu dəfə atamı onda gördüm».

Bundan sonra nəinki övladlarına görüş vermədilər, heç gördüm deyən də olmur.

«Biz alverçi deyilik, tacirik...»

Balaca Yusifin o vaxt 9 yaşı vardı. Hələ dünyanın acısını dadmamışdı. Qubada babası Hacı Şıxhəsənin yanında, geniş, rahat mülklərində qalırdı. Amma gözü fayton yolundan yığılmaz, atasını gözləyərdi. Hacı Şıxhəsənin Qubada səkkiz gözlü, böyük ticarət mərkəzi vardı: «Babam xeyirxah kişi idi. Tez-tez məsciddə ehsan verər, ziyarətə gedənlərə kömək edər, kasıblara əl tutardı. Xeyir-şər məclislərindən köməyini əsirgəməzdi. Aclıq, qıtlıq illərində babam «biz alverçi deyilik, tacirik, qəndi, çayı camaata həmişəki qiymətə satacağıq» deyərdi...». Yusif bəy babasını belə xatırlardı.

Murtuza bəyi apardıqları gündən ilyarım sonra Məmmədağaya deyirlər ki, fövqəladə komissiyanın qərarı ilə ataları 1920-ci ilin avqustun 21-də Nargin adasında güllələnib... Onda Murtuza bəyin cəmi 43 yaşı vardı.

«Elə həmin il daha bir zərbə aldıq»

1992-ci ildə Murtuza Axundzadə bəraət alıb. 72 il sonra.

1922-ci ildə Murtuza bəyin Bakıdakı mülkünü müsadirə edirlər, əmlakdan onun övladlarına quru çöp də düşmür.

Yusif bəy belə deyirmiş: «Qardaşımla bacım Qubaya qayıtdılar. Ailəmizin narahat günləri artdı... Elə həmin il daha bir zərbə aldıq. Babam Hacı Şıxhəsən rəhmətə getdi. Qubada Tuti Bikə küçəsindəki 13 nömrəli ev bizim mülkümüz idi. 1924-cü ildə onu da müsadirə etdilər. Əmlakı daşıyıb apardılar, bizi də evdən çıxardılar. Əynimizdəki paltardan başqa heç nə çatmadı bizə. Babamın evinə getdik, nənəmlə qaldıq. O zaman nənəmə atamın güllələndiyini hələ deməmişdik. Ölənədək oğlunun yolunu gözlədi».

Elə həmin il baba mülkünü də, ticarət evini də müsadirə etdilər. Doqquz baş ailəyə rahat yatmaq üçün yorğan-döşək də qoymadılar. Artıq o xoşbəxt ailədən əsər qalmamışdı. Çox çətin və ağır günlər yaşayırdılar. Bütün bunlar azmış kimi, qaldıqları ev də 1934-cü ildə başdan-başa yanıb kül oldu. Amma həyat davam edirdi.

«Arxivdə atanız haqqında heç bir məlumat yoxdur»

Uşaqlar artıq böyümüş və özlərini dolandıra bilirdilər. Böyük oğlu Məmmədağa ticarətlə məşğul olurdu. Yusifsə müxtəlif illərdə Qonaqkənd, Xaçmaz, Xızı və Bakıda müəllim, məktəb müdiri işləyib. Demokratiyanın ab-havası duyulanda Yusif bəy atasının günahsız olduğunu təsdiqləyən sənəd almaq üçün döymədiyi qapı qalmayıb. Çox vaxt da bu cavabı eşidib: «Arxivdə atanız haqqında heç bir məlumat yoxdur!». Axır ki, köməyinə Səfər İbrahimov çatıb. Səfər İbrahimovun əvəzsiz köməyi sayəsində 1992-ci ildə Murtuza Axundzadə bəraət alıb. 72 il sonra.

Hər şeyin şahidi olan tənha ada...

Nargin adası Azərbaycanın Cümhuriyyət dönəmində fəaliyyət göstərən neçə-neçə ziyalı və dövlət xadiminin faciəli sonunu «görmüş» kimsəsiz ada idi o zaman. 72 il fəxr edə, qürur duya biləcəyimiz insanları bizə «xalq düşmanı» kimi tanıtsalar da, illər sonra o işıqlı insanların xatirəsi yaşayır. Könül istərdi ki, o böyük cəsarət, ürək sahibi ziyalılarımızın hamısını «Cümhuriyyət Qurucuları Fəxri Xiyabanı»nda ziyarət edə, tariximizin ən şanlı səhifələrini yazmış bu insanları gələcək nəsillərə daha yaxından, layiq olduqları dərəcədə fəxarətlə tanıda biləydik.

Allah hamısına rəhmət etsin!

P.S: Murtuza bəyin yazıda adı çəkilən övladları artıq vəfat ediblər.

Mənbə: 1. Vahid İmanov, «Xalq qəzeti», 1992-ci il, 17 oktyabr (Murtuza Axundzadə ilə bağlı Yusif Axundovla müsahibə, araşdırma)

2. Murtuza bəyin nəvəsi Rima Rüstəmovanın danışdığı xatirələr.

Aysel Babayeva

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG