Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:59

«Mərkəzi Bank iki yolayrıcında qalıb»


AMB-nin sədri Elman Rüstəmov
AMB-nin sədri Elman Rüstəmov

Mərkəzi Bankın (MB) manat kütləsini azaltmaq siyasətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı dəstək verib. Palata rəhbəri pul bazasının tədricən genişləndirildiyini də deyib: «Bizim məqsədimiz odur ki, ilk növbədə, ölkədə iqtisadi fəallığı bərpa edək. Bu baş versə, yeni sərmayə qoyuluşuna, yəni pula tələbat yaranar. Pula ehtiyac olanda, MB pul bazasını genişləndirər. Əks təqdirdə, dövriyyəyə buraxılan manat xarici valyuta ehtiyatlarına təsir göstərir».

R.Aslanlı ümid edir ki, aparılan islahatlar iqtisadiyyata hərəkətlilik gətirəcək və pul bazası genişlənəcək: «MB bu məsələyə peşəkar yanaşır. Gözləmək istəmir ki, iqtisadiyyatda canlanma olsun və canlanma ölkəni pulla doydursun. Bu səbəbdən pul bazasını ehtiyatla artırır və iqtisadi təşəbbüsləri dəstəkləyir».

MB nə etməlidir?

MB-nin manat kütləsini məhdudlaşdırmaq siyasəti birmənalı qarşılanmır. Əksər ekspertlərin fikrincə, iqtisadiyyatın manata ehtiyacı var. Eyni zamanda bu yandan MB də dövriyyəyə buraxılan manatın dollara dəyişdiriləcəyindən ehtiyatlanır. İki yol ayrıcında qalan MB nə etməlidir?

İqtisadçı ekspert Samir Əliyev MB-nin 2015-ci ildən bəri pul kütləsini məhdudlaşdırmaq siyasəti yürütdüyünü xatırladır: «Təkcə ötən il manat kütləsi 11,5 milyardan 6,9 milyarda düşüb. Bu ilin əvvəllərindən pul kütləsi cüzi artım meyli göstərib, amma yetərli qədər yox. Ölkə iqtisadiyyatının pulla təminat səviyyəsi hazırda ÜDM-in 15-16 faizi səviyyəsindədir. Bu, çox aşağı səviyyədir. Məlumat üçün deyim ki, Azərbaycanla eyni iqtisadi çətinliyi yaşayan Rusiyada bu göstərici təxminən 50; Qazaxıstanda isə 25 faizdir».

«Bazardan yığılan manat yenidən bazara yönəldilməyib»

S. Əliyev ötən il MB-nin manatı dəstəkləməkdən ötrü dollar satdığını da yada salır: «Bazardan yığılan manat kütləsi yenidən bazara yönəldilməyib. Nəticədə, ölkədə manat qıtlığı hiss olunur. MB inflyasiyanı cilovlamaq və manata təzyiqi qorumaq üçün bazara məhdud həcmdə pul buraxır».

Samir Əliyev
Samir Əliyev

Ekspert bildirir ki, indi əsas problem bu siyasətin nə vaxtadək sürməsidir: «İqtisadiyyatın pula ehtiyacı var. Ancaq pul kütləsinin artımı özündə inflyasiya, devalvasiya təhlükəsi daşıyır. MB da bu iki seçim arasında qalıb. Bu gün ölkə iqtisadiyyatının əsas problemi monetar deyil. Problem - rəqabətli iqtisadiyyatın olmamasıdır. MB qorxur ki, sahibkarlığı kreditləşdirmək üçün banklara buraxılan manat kütləsi dollar alışına yönəldilər və manat ucuzlaşa bilər».

«Uzunmüddətli dövrdə problem yaradar»

S. Əliyevin fikrincə, MB-nin mövcud addımı qısamüddətli effekt verə bilər: «Amma uzunmüddətli dövrdə problem yaradar. Belə siyasətin uzunmüddətli davamı sahibkarlığı sıradan çıxara bilər. Bu məsələdə hökumətin məsələyə qarışması və iqtisadiyyatı dollarsızlaşdırması vacibdir. Deməli, manata güvən artmalıdır. Bunun bir yolu - əmanət bazarında manatın cəlbediciliyinin artırılmasıdır. MB isə öz növbəsində ünvanlı kreditləşmə siyasəti aparmalıdır. Hər bir halda bankları manatla təmin etmək lazımdır».

XS
SM
MD
LG