Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:47

«Yumurta karteli» bir daha olmayacaq?


Yumurta (arxiv fotosu)
Yumurta (arxiv fotosu)

Cinayət Məcəlləsində inhisarçılıq hərəkətlərinə yol verən şirkətlərin cəzasını sərtləşdirən yeni normalar qüvvəyə minib.

Aprelin 29-da Cinayət Məcəlləsində inhisarçılıq hərəkətlərinə yol verən şirkətlərin cəzasını sərtləşdirən yeni normalar qüvvəyə minib. Söhbət, məcəllədə deyildiyi kimi, rəqibləri bazardan kənarlaşdırmaq, bazarda yeni rəqiblərin önünü kəsmək məqsədilə rəqabəti məhdudlaşdıran vasitələrin tətbiqi barədə kartel sövdələşməsindən gedir.

Unudulmuş «yumurta karteli»

Qanunvericilikdə, nisbətən yumşaq olsa da, əvvəllər də cəzalar nəzərdə tutulmuşdu. Di gəl, bazarda inhisarçı bölüşdürücülük halları gözə çarpsa da, inhisarçılara «gözün üstə qaşın var» deyən yox idi.

Məsələn, bir neçə il öncə «yumurta karteli» adı ilə yadda qalan qalmaqal baş vermiş, bazara yumurta çıxaranlar qiymətləri eyni vaxtda qaldırmışdı. Bu sövdələşməyə hətta ölkə başçısı səviyyəsində təpki göstərilsə də, olay unudulub getmişdi.

«Demək olar, hər sahəyə yoluxub...»

2000-ci ildə CM-ə müvafiq əlavələr ediləndən bəri iqtisadiyyatda inhisarlaşmaya görə kiminsə cəzalandırıldığını demək çətindir. Hərçənd, bütün bu müddətdə bazarda inhisarçılıq problemi vətəndaşların çox böyük kəsimini daim narahat edib.

«Bazarların gizli bölüşdürülməsi, demək olar, hər sahəyə yoluxub. Ölkədə bank sektorundan, sığorta bazarından, topdansatış, tikinti, səhiyyə, sərnişin daşımaları, rabitə, bir sözlə, bütün sektorlarda rəqabətin məhdudlaşdırması gözə çarpır. Belə demək mümkünsə, tarif və qiymətlərin, heç olmasa, cüzi fərqləndiyi yerlərdə kartel sözləşmələrindən danışa bilərik». İqtisadçı Nazim Məmmədov AzadlıqRadiosu-na belə deyib.

«İqtisadiyyat Nazirliyi kartel sözləşmələri və inhisarçılıqla mübarizə aparmalı olduğu halda...»

Bəs inhisarçılıqla mübarizə pərdəsi altında kimlərləsə «hesab çəkmək» olarmı? N. Məmmədov bunu da mümkün sayır: «İqtisadiyyat Nazirliyi kartel sözləşmələri və inhisarçılıqla mübarizə aparmalı olduğu halda, bundan öncəki illərdə «Nestle», «Procter and Qamble», «Coca-Cola» və s. xarici şirkətlərin nümayəndəliklərinə əsassız cərimələr qoyaraq, yerli inhisarçıların sifarişini yerinə yetirib. Gələcəkdə bu qurumun qanun tələblərini düzgün tətbiq edəcəyinə məndə ciddi şübhə var».

Metal məmulatı istehsalı sahəsində şirkətin həmtəsisçisi olan N. Məmmədov inhisarçılıqdan özünün də əziyyət çəkdiyini söyləyir. Söhbət 2012-ci ildə metal istehsalçılarına «Baku Steel Company» MMC-nin reyder hücumlarından gedir.

O zaman bu hücumlar nəticəsində bir neçə müəssisə fəaliyyətini dayandırmalı olmuşdu. Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəinki biganə qalmış, əslində, bunu dəstəkləmişdi. N. Məmmədov belə düşünür.

Ekspert təklif edir ki...

Nazim Məmmədov
Nazim Məmmədov

İqtisadçı ekspertin fikrincə, sözügedən dövlət xidməti nazirliyin strukturundan çıxarılmalı, onun bazasında prezidentə tabe olan bir qurum yaradılmalı, lisenziyalaşma da onlara verilməli, beləliklə, dünyanın əksər dövlətlərində olduğu kimi, işlək bir orqan təsis edilməlidir.

Qeyd edək ki, CM-in 199.1-ci maddəsinə əsasən, inhisarçılıq hərəkətlərinə yol verən və rəqabəti məhdudlaşdıranlar vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə edilə bilərlər. Onların iki il müddətinə müəyyən vəzifə tutması və müəyyən fəaliyyətlə məşğul olması da yasaqlana bilər. Belə hərəkətlərə görə, məhkəmənin qanun pozucularına üç ilədək həbs cəzası kəsməsi də nəzərdə tutulub.

Hələ heç bir şirkət...

Xatırlatmağa dəyər ki, aprelin 29-da Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yeni Əsasnaməsi də təsdiqlənib. Sənədə əsasən, bu qurum antiinhisar qanunvericiliyinin pozulması, sahibkarlıq fəaliyyətinin ədalətsiz üsullarla aparılması, bazar subyektlərinin tətbiq etdiyi haqsız rəqabət hallarının, təsərrüfat subyektlərinin kartel sövdələşmələrinin aşkarlanması, aradan qaldırılması və qanun pozuntusuna yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə tədbirlər görür.

O da maraqlıdır ki, indiyədək təbii inhisar subyektlərindən başqa Azərbaycanda heç bir şirkət inhisar subyektləri siyahısına daxil edilməyib.

XS
SM
MD
LG