Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:50

Katolik kilsənin ordinarisi: «Günahı pisləmək lazımdır»


Catholic church ordinari Vladimir Fekete, Baku, Azerbaijan
Catholic church ordinari Vladimir Fekete, Baku, Azerbaijan

-

«Papa demir ki, bu günah artıq «günah» deyil»

Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete hesab edir ki, Papanın homoseksuallarla bağlı çağırışı Kilsə təlimindəki mövcud baxışın dəyişməsi deyil.

Roma Papası Fransic-in sentyabrda Bakıya səfəri nəzərdə tutulub. O, bir neçə həftə öncə Katolik kilsəsini «cinsi oriyentasiyasından asılı olmayaraq, hər bir şəxsə ləyaqətinə görə hörmət göstərməyə» çağırmışdı.

Azərbaycanda yerləşən kilsələr bu barədə nə düşünür? Bir müddət öncə göndərdiyimiz sualları Azərbaycan Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete cavablandırıb.

– Papa Fransic təklif edir ki, homoseksuallara, boşanmışlara hörmət göstərilsin, onlar mühakimə olunmasın. Papa Fransic-in bu islahatlarına ehtiyac vardımı?

– Katolik Kilsəsinin təlimlərində müasir dünya üçün çox vacib bir aspekt mövcuddur: Kilsə öyrədir ki, insanları onların günahlarına görə birinci yox, ən sonda ayırın, pisləyin. Hər bir insanı Allah yaradıb, buna görə də hörmətə layiqdir. Günah həmişə cəmiyyətə də, insanın şəxsiyyətinə də zərər vurur. Buna görə də günahı qınamaq lazımdır. Bundan başqa, kimin üçünsə cəlbedici və xoş qarşılanan günah da ziyan vurur. Buna görə də günahı pisləmək lazımdır. Əgər Papa təklif edirsə ki, homoseksualları qınamayın və ayırmayın, o, məhz bunu nəzərdə tutur, Kilsə təlimində homoseksuallara mövcud baxışın dəyişməsini demir.

«Bu yanaşma səhvdir»

– Bu islahatlar dini baxışlarda nəyi dəyişə bilər?

– Papa Fransic-in «islahat» adlandırılan təlimi və rəftarı, fikrimcə, o demək deyil ki, o, günaha haqq qazandırır və ya onu öyrədir ki, bu günah artıq «günah» deyil. Belə yanaşma səhvdir. Papa Kilsənin təlimini dəyişmir, o, sadəcə, bildirir ki, biz hər bir insanla hörmətlə danışmaq qabiliyyətindəyik, o cümlədən, bizim əxlaqi və dini baxışlarımızı bölüşməyənlərlə, hətta Kilsənin təlimlərinə qarşı olanlar və günah dolu həyat tərzi yaşayanlarla da... Papa əmindir ki, hörmət və dialoq günahkarları Allaha daha da yaxınlaşdıra, daha yaxşı nəticə verə bilər, nəinki pisləmək və lənətləmək. Bütün bunların məqsədi adamın günahına bəraət qazandırmaq yox, insana bunu (günahı – red.) anlamaqda və onu rədd etməkdə kömək göstərməkdir.

– Pravoslav kilsəsindən deyirlər ki, əgər İsa homoseksuallığı günah sayıbsa, bu gün buna necə tolerant yanaşmaq olar?

– Üzr istəyirəm, Pravoslav kilsəsinin sualına bu kilsənin təmsilçiləri cavab verə bilər.

«Müasir insan özünü «tanrılaşdırıb»

– Necə bilirsiz, insan haqlarının önə çıxması dini baxışlara zidd sayıla bilərmi? Yəni insan haqları hər şeydən üstün sayıla bilərmi?

– İnsan ləyaqəti ona görə yüksəkdir ki, o, İlahi əsərdir və Tanrının obrazı ilə yaradılıb. Onun hüquq və vəzifələri də məhz bundan qaynaqlanır. Müasir insanın problemi ondan ibarətdir ki, o, Allahı inkaretmə günahı ilə üzləşərək, özünü «tanrılaşdırıb», gələcəyinin banisi olaraq qəbul etmək təhlükəsindədir. Əgər keçmişdə bütpərəstliyin müxtəlif formaları mövcud olubsa, bu gün müasir insan özünü və öz azadlığını bütə çevirmək təhlükəsi ilə üzləşib. O, asanlıqla cəmiyyət qarşısındakı vəzifələrini unudur, bəzi qruplar və şəxslərin hüquqlarına əməl etmir, yalnız özünün şəxsi «haqları» ətrafında diqqətini cəmləyir. Təəssüflər olsun ki, hazırda hətta hüquq deyil, özbaşınalıqları da «hüquq» qismində qələmə vermə tendensiyası yaranır. İnsan fikirləşir ki, bu düşünülmüş «hüquqları» ən ali kürsüyə qaldıra bilər. Təbii ki, bu, dini baxışlara ziddir və insanın özünü təhlükəyə atır. Bu problemin kökündə insan azadlığı məsələsi durur. Unutmamalıyıq ki, bizim azadlığımız başqasının azadlığı başlayan yerdə bitir.

«Əgər hər iki tərəf əleyhinədirsə...»

– Yeri gəlmişkən, Katolik kilsəsi Qarabağ ətrafında gedən prosesləri necə qiymətləndirir?

– Cəmiyyət üçün həssas olan bütün məsələlərə yanaşdığı kimi. İlk növbədə, Kilsə hər zaman ədalət prinsipinə əməl olunmasında israr edir, çünki bu prinsipə görə əmlak və ya torpaq qanuni sahibinə qaytarılmalı, ədalət isə öz yerini tapmalıdır. Digər tərəfdən, Kilsə yaxşı bilir ki, həmişə insanın və ya dövlətin öz «ədalətinin» axtarışında yeni ədalətsizliyə və cinayətə yol verməsi təhlükəsi var. Ona görə də Kilsə təkid edir ki, bütün münaqişə və mübahisələr sülh yolu ilə həllini tapsın.

– Sizcə, Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün hansı addımları atmalıdır?

– Hər iki tərəf əleyhinə olanda, münaqişəni sülh yolu ilə həll etmək çox çətin, hətta demək olar ki, mümkünsüzdür. Bunun reallaşmasında hər iki tərəfi dinləməyə hazır olan vasitəçilərin, beynəlxalq birliyin, eyni zamanda, kompromisə getməyə hazırlığın rolu çox böyükdür.

XS
SM
MD
LG