Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:02

«Ermənistan tərəfi yaxşı başa düşür onları nələr gözləyir»


İlham Əliyev hərbçilərlə görüşən zaman, 25.06.2016
İlham Əliyev hərbçilərlə görüşən zaman, 25.06.2016

«Bizə heç kim şərt qoya bilməz. Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir»

Bu sözləri iyunun 25-də prezident İlham Əliyev Bakının Xətai rayonunda hərbçilərə yeni mənzillər təqdim edilərkən deyib.

President.az saytı çıxışın mətnini tam dərc edib.

Sankt-Peterburq danışıqlarına toxunan dövlət başçısı deyib ki, görüşün müsbət nəticələri var.

İlham Əliyev qeyd edib ki, Sankt-Peterburq görüşünün nəticəsi olaraq birgə bəyannamə qəbul edilib:

«Sənəd ictimaiyyət üçün təqdim olunub. Bəyannamədə məsələnin həlli yolları göstərilir. Bununla bərabər, ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin işçilərinin say tərkibinin artırılması məsələsi də müzakirə edilib. Düzdür, orada say göstərilmir. Ancaq mən deyə bilərəm ki, əgər bu gün o ofisdə 6 nəfər işləyirsə, bu, maksimum 2 dəfə, 2,5 dəfə artırıla bilər. Yəni, burada böyük missiyadan söhbət getmir. Nəzərə alsaq ki, təmas xətti on kilometrlərlə ölçülür, bu işlərin başqa mənasını axtarmaq lazım deyil. Ofisin mandatı da yerindədir, heç bir dəyişiklik yoxdur. Sadəcə olaraq, 6 nəfərin əvəzinə 12, ya 13, ya 14 nəfər olacaqdır, vəssalam» - deyə prezident qeyd edib.

«Azərbaycan buna getməyəcək»

Prezident deyib ki, Ermənistan tərəfi insidentlərin araşdırılması mexanizminin yaradılmasını şərt kimi irəli sürüb. O qeyd edib ki, buna indiki mərhələdə ehtiyac yoxdur: «Birincisi, bu mexanizmlər yoxdur. Bizə heç kim konkret demir ki, bu, nədən ibarət olacaq. Belə olan halda, bu məsələyə bu gün baxmaq düzgün olmazdı. İkincisi, bunun mənası nədən ibarətdir? Əgər bunun mənası ondan ibarətdir ki, münaqişə dondurulsun və təmas xəttində hansısa əlavə tədbirlər görülsün, əlbəttə, Azərbaycan buna getməyəcək», - İ.Əliyev vurğulayıb.

«Heç vaxt Azərbaycan dövləti öz tarixi torpaqlarında ...»

Prezidentin sözlərinə görə, nə vaxt Azərbaycan torpaqları işğaldan azad olunacaq, onda müxtəlif mexanizmlər işlənə bilər.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü bütün dünya tanıyır. BMT Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı 4 qətnamə qəbul edib:

«Bu qurumdan daha ali beynəlxalq orqan yoxdur və bu qətnamələrdə göstərilir ki, erməni silahlı birləşmələri dərhal və qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır. Budur məsələnin həll yolları. Heç vaxt Azərbaycan dövləti öz tarixi torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək və bu, danışıqlar mövzusu deyil, heç vaxt olmayıb».

Prezident bildirib ki aprel döyüşlərindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirməkdən ötrü bir neçə şərt irəli sürüb: «Təbii ki, onların heç biri qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz. Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulub», - o vurğulayıb.

Qarabağ cəbhəsində bu il aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

İyunun 20-də isə Sankt-Peterburqda Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü olub.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Dağlıq Qarabağ separatçıları və Ermənistan qoşunları Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

XS
SM
MD
LG