Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:19

Avropa “Londonun məsələsinə” Bratislavada baxacaq


Avropa İttifaqının liderləri Britaniyanın bu blokdan çıxışı məsələsini bir də sentyabrın 16-da Bratislavada görüşənədək müzakirə etməyəcəklər

Avropa İttifaqının liderləri bir daha xəbərdarlıq ediblər ki, Birləşmiş Krallıq bloku tərk etdikdən sonra da vahid Avropa bazarına çıxışını saxlamaq istəyirsə, adamların sərbəst hərəkəti prinsipinə hörmət etməlidir.

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, bu məsələdə Britaniyaya heç bir seçim verilə bilməz.

Fransa və Almaniya liderləri də bəyan ediblər ki, hərəkət azadlığı prinsipi danışqıların predmeti olmayacaq.

Brüssel qərargahının qarşısındakı Britaniya bayrağının endirilməsi
Brüssel qərargahının qarşısındakı Britaniya bayrağının endirilməsi

Birləşmiş Krallığa Avropa İttifaqının daha yoxsul ölkələrindən əməkçi miqrasiya Britaniyada keçirilmiş referendum kampaniyasının özəyini təşkil edirdi. Ölkənin Avropa İttifaqından çıxışına səs verənləri belə miqrasiyanın dayandırılacağına inadırmışdılar.

Onlara həm də deyilmişdi ki, Britaniya Avropa bazarında qalmaqda davam edəcək. Lakin referendum kampaniyası zamanı bunun üstü vurulmurdu ki, bazarda qalmaq üçün şərt miqrasiyanın davam etməsidir.

Artıq istefasını bəyan etmiş baş nazir David Cameron bildirib ki, Avropa İttifaqı ilə hərəkət sərbəstliyi prinsipinə dair danışıqları hökumətin yeni başçısı aparmalı olacaq.

Parlament qarşısında çıxış edən Cameron deyib ki, bu, danışqıların ən qəliz hissəsidir və bu məsələ barədə Avropa İttifaqı ilə razılığa gəlmək son dərəcə çətin olacaq.

Üstəlik çərşənbə günü Britaniyasız keçirdikləri sammitdən sonra Avropa İttifaqı liderləri bir daha bildiriblər ki, hərəkət azadlığı məsələsində Londona qəti güzəştə gedilməyəcək.

Bratislavada görüşənədək

Cənab Tusk məlumat verib ki, Avropa İttifaqının liderləri Britaniyanın bu blokdan çıxışı məsələsini bir də sentyabrın 16-da Bratislavada görüşənədək müzakirə etməyəcəklər.

Avropa Komissiyasının prezidenti Juncker isə bir daha xatırladıb ki, Britaniya Lissabon müqaviləsinin 50-ci maddəsini imzalamadan Londonla heç bir danışıqlar aparılmayacaq.

Bu maddə hər hansı ölkənin üzvlükdən çıxmasını nəzərdə tutur. Britaniya isə danışqılar olmadan bu maddəni aktivləşdirməyəcəyində israr edir.

Lakin belə görünür ki, bunu rəsmən elan etməsələr də, Avropa liderləri Britaniyaya “hazırlaşmaq üçün” istədiyi vaxtı veriblər.

Rəsmi London bildirmişdi ki, ölkə Avropadan çıxışını sentyabr ayında yeni baş nazirin təyinatınadək müzakirə edə bilməyəcək.

Növbəti Bratislava sammitinin sentyabra təyin edilməsi şifahi razılaşmanın əldə edildiyini göstərir.

Məğlub, lakin əzmkar general

Avropa İttifaqının 27 lideri birgə bəyanatla ümid etdiklərini bildiriblər ki, Birləşmiş Krallıqla münasibətlər davam etdiriləcək və bu mənada Londonun təkliflərini gözləyirlər.

Vahid Avropa bazarına daxil olmaq istəyən ölkə sərbəst hərəkət prinsipinin “dörd azadlığını” qəbul etməlidir. Burada söhbət malların, işçilərin, xidmətlərin və kapitalın sərhədlər üzərindən sərbəst keçidindən gedir.

Fransanın maliyyə naziri Michel Sapin deyib ki, Britaniya öz təkliflərini verən kimi bütün məsələlər masa üzərinə gələcək.

"Biz bütün aspektlər barədə razılığa gəlinəcəyinə ümid edirik” – deyib nazir.

“Siz deyə bilərsiniz ki, Avropa İttifaqı özünü məğlub olmuş general kimi aparır, lakin bu, əməliyyatları davam etdirmək əzmində olan generaldır” – deyib Sapin.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel demişdi ki, Britaniyanın ittifaqdan çıxması blok üçün də böyük çətinliklər yaradacaq.

Şotlandiya separat danışıqlarda

Şotlandiyanın birinci naziri Nicola Sturgeon və Avropa Parlamentinin başçısı Martin Schulz
Şotlandiyanın birinci naziri Nicola Sturgeon və Avropa Parlamentinin başçısı Martin Schulz

Bu arada Şotlandiyanın birinci naziri Nicola Sturgeon Avropa rəsmiləri ilə separat danışqılar üçün Brüsseldə olub.

Avropa İttifaqı rəsmiləri xanım Sturgeon-u dinlədiklərini söyləyiblər. Bununla belə onlar Şotlandiyanın ayrılıqda Avropa İttifaqına qəbul edilməsi məsələsinin mümkünsüzlüyünü bildiriblər.

Britaniya referendumunda şotlandların əksəriyyəti Avropa İttifaqında qalmağa səs vermişdi.

Təhlilçilər bildirirlər ki, Avropanın həvəssizliyi Şotlandiyanı daha bir müstəqillik referendumu keçirməyə vadar edə bilər.

Şotlandiyanın təşəbbüsünə qarşı ən sərt şəkildə İspaniya çıxır.

Madrid özünün Kataloniya separatçılarını şirnikləndirmək istəmir.

XS
SM
MD
LG