Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Azərbaycanın iştirakı «qeyri-aktiv» edildi


Azərbaycan [Pəşid Şerifin karikaturası]
Azərbaycan [Pəşid Şerifin karikaturası]

Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığı Koalisiyasında iştirakı dondurulur. Bu haqda qərar Açıq Hökumət Tərəfdaşlığının İdarəetmə Komitəsinin mayın 4-də Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən toplantısında qəbul edilib.

Təşkilat qərarla bağlı bəyanat yayıb. Açıqlamada Azərbaycanın iştirakının «qeyri-aktiv» edildiyi bildirilir.

«Qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün Azərbaycanda «həll olunmamış maneələr» səbəbindən belə bir qərar qəbul edilmişdir» - deyə komitə öz açıqlamasında təəssüflə qeyd edib.

Açıqlamada həmçinin, belə məzmunda qərarın komitənin tarixində ilk dəfə qəbul edildiyi vurğulanır.

«Azərbaycan hökumətinin vətəndaş cəmiyyəti təşkilatlarının qaldırdıqları problemlərin həll edilməsi, narahatlıqlara cavab verməsi üçün maksimum bir il vaxtı olacaq. Azərbaycan «qeyri-aktiv» statusla» təşkilatın seçkilərində səs verə bilməyəcək. Azərbaycan tədbirlərdə yalnız müşahidəçi kimi, təcrübələrin öyrənilməsi məqsədilə iştirak edə biləcək» - deyə bəyanatda qeyd edilir.

Qərar haqda Azadlıq Radiosuna danışan ekspert Qubad İbadoğlu deyib ki, Azərbaycan hökumətinin Açıq Hökümət Tərəfdaşlığında fəaliyyəti 1 il ərzində dayandırılıb.

«Bu müddət ərzində Azərbaycan hökuməti Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı tədbirlərə dəvət almayacaq və ölkəmiz bu təşəbbüsün yaratdığı imkanlardan istifadə edə bilməyəcək».

Açıq Hökumət Tərəfdaşlığı hökumətlərin şəffaflıq, korrupsiyaya qarşı mübarizə, idarəetmənin gücləndirilməsi məqsədi ilə yeni texnologiyaların tətbiqini tələb edən təşəbbüsdür. 2011-ci ilin sentyabrında yaradılan təşəbbüsün təsisçiləri arasında ABŞ və Britaniya da var.

Açıq Hökumət Tərəfdaşlığının qərarı gözlənilən idi. Təşkilatın nümayəndələri toplantıdan öncə buna işarə etmiş, Azərbaycanın qarşısına qoyulan bir sıra öhdəliklərə heç əməl olunmadığını açıqlamışdılar.

Prezident İlham Əliyevin «Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nı təsdiq etməsi də qərarın qəbulunu əngəlləyə bilməyib. Təşkilat bu addımı Açıq Hökumət Tərəfdaşlığı qarşısında götürülən öhdəliklərlə müqayisədə «çox az və çox gec» qərar kimi səciyyələndirmişdi.

XS
SM
MD
LG