Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Işadamı: “Bir avtoşa görə oğlumu itirdim”


İllüstrasiya
İllüstrasiya

►"İlham Əsgərli həbsdən buraxılandan üç gün sonra xaricdə kafelərin birində şəklini çəkib mənə göndərmişdilər. Bundan sonra bildim ki, o, həbsdən azad edilib.

Mən həqiqəti olduğu kimi, bir-bir birbaşa özüm cənab prezidentə çatdıracam”

"Prezidentə birbaşa özüm hər şeyi olduğu kimi çatdıracağam. Mən İlham Əsgərlinin azadlığının ailəsinə hansı rəqəmə başa gəldiyini də, kimə nə çatdığını da detalları ilə bilirəm. Bunların hamısını deyəcəm. Çünki bir tərəfdən, prezident göstəriş verir ki, məmur övladlarının özbaşınalığının qarşısı alınsın, digər tərəfdən isə göstərişlərə əməl olunmur".

Bunu "McDonalds Azərbaycan" şirkətinin rəhbəri Maqsud Mirzəyev oğlunun ölümü ilə nəticələnmiş yol qəzası ilə bağlı məhkəmə prosesində çıxışında deyib.

“HEÇ DƏ HƏR KƏS QANUN QARŞISINDA BƏRABƏR DEYİL”

Mayın 24-də Ali Məhkəmədə Maqsud Mirzəyevin kassasiya şikayətinə baxılıb. O, Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qaldığından Ali Məhkəməyə şikayət verib. Çünki apellyasiya məhkəməsi bu cinayət işi üzrə təqsirləndirilən iki nəfərdən biri – İlham Əsgərlinin cəzasını 5 il 6 aydan 3 ilə endirib.

İlham Əsgərli Nəsimi rayonunun indiki, Səbailin isə keçmiş icra başçısı Asif Əsgərovun oğludur. Yük maşınının sürücü olmuş digər təqsirləndirilən Əhliman Süleymanovun cəzası isə olduğu kimi saxlanılıb - 6 il həbs.

____________________________________________________________

Bunlara da bax:
Məscid, kilsə, sinaqoq bir binada- [Video]
Sabiq rəisin məhkəməsi başlanır

____________________________________________________________

Maqsud Mirzəyevin nümayəndəsi Afət Qazıyeva bildirib ki, onlar hökmün İlham Əsgərliyə aid hissədə dəyişdirilməsindən narazıdılar:

"Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası faktiki ədalət mühakiməsini bir məmurun sifarişinə qurban verdi. Bu qərar ictimaiyyətin ədalətə olan inamını sarsıdır. Çünki məhkəmə bərabərlik prinsipini pozdu, göstərdi ki, heç də hər kəs qanun qarşısında bərabər deyil. İlham Əsgərli ağır cinayət törətdiyi halda, ona CM-nin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunur, amma az ağır cinayət törətməkdə təqsirli bilinən digər şəxsə – Əhliman Süleymanova ittiham olunduğu maddədə nəzərdə tutulan cəzanın ən yuxarı həddi verilir və bu da qüvvədə saxlanılır. Niyə? Çünki İlham Əsgərli məmur övladıdır, Əhliman Süleymanov isə kasıbın biridir. İlham Əsgərli avtoşluq edib, kiməsə güvənib və kiminsə ölümünə səbəb olubsa, ağır da cəza almalıdır".

XARİCDƏ KAFELƏRDƏN BİRİNDƏ ŞƏKLİNİ ÇƏKİBLƏR

Maqsud Mirzəyev özü də çıxışında İlham Əsgərlinin cəzasının azaldılması, daha sonra onun xəstəlik səbəbilə həbsdən azad edilməsindən narazılığını bildirib:

"İlham Əsgərli həbsdən buraxılandan üç gün sonra xaricdə kafelərin birində şəklini çəkib mənə göndərmişdilər. Bundan sonra bildim ki, o, həbsdən azad edilib. Mən bir avtoşa görə oğlumu itirmişəm. Müxtəlif yalan məlumatlar, instruksiyalar var. Mən həqiqəti olduğu kimi, bir-bir birbaşa özüm cənab prezidentə çatdıracam".

İlham Əsgərlinin vəkili Cabir Mehrəliyev isə Bakı Apellyasiya Məhkəməsinin qərarının əsaslı və qanuni olduğunu deyib: "Məhkəmə onun yetkinlik yaşına çatmamasını, özünün də qəza nəticəsində ağır xəsarət almasını və hazırda da səhhətində ciddi problemlər olmasını nəzərə alaraq, 62-ci maddəni tətbiq edib".

İlham Əsgərlinin hüquqi varisi Lətifə Əliyeva da bildirib ki, iş materiallarında onun özünün ağır xəsarət alması barədə kifayət qədər sənədlər var:

"İlham mənim doğma oğlum olmasa da, onun mənəvi anasıyam. Biz dəfələrlə zərərçəkmiş tərəfdən üzr istəmişik, bir daha istəyirik. Bu, ehtiyatsızlıqdan baş vermiş hadisədir. İlham özü də istəməzdi ki, belə bir hadisə baş versin, çünki onlar dost, qardaş idilər. Yəni belə bir olay hər kəsin başına gələ bilər".

ŞİKAYƏT TƏMİN OLUNMADI

İmran Hacıqayıbovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra Maqsud Mirzəyevin şikayətinin təmin olunmadığını elan edib və qərar İlham Əsgərliyə aid hissədə qüvvədə saxlanılıb.

Qeyd edək ki, Ali Məhkəmə bir müddət əvvəl Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarını Əhliman Süleymanova aid hissədə ləğv edərək, işi yenidən baxılması üçün apellyasiya instansiyasına göndərmişdi.

Yol qəzası 2014-cü il sentyabrın 27-də Türkan-Zığ yolunda baş verib. İlham Əsgərlinin atasının xidməti avtomobili olan "Mercedes S500" markalı maşınla arxadan Əhliman Süleymanovun idarə etdiyi "Howo" markalı yük maşınına çırpılıb. Nəticədə həmin vaxt "Mercedes"də olmuş Sənan Mirzəyev dünyasını dəyişib.

Ötən il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, Əhliman Süleymanov 6 il, İlham Əsgərli isə 5 il 6 ay azadlıqdan məhrum edilib. Onların hər ikisi məhkəmə zalında həbs olunub.

İlham Əsgərli avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb ki, bu maddənin də sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Əhliman Süleymanov isə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilirdi ki, bu maddədəki əməl 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

XS
SM
MD
LG