Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:09

«Maşın alveri xeyli zəifləyib»


Maşın satanlar zarafatyana bu bazara həm də «tövbə bazarı» deyirlər
Maşın satanlar zarafatyana bu bazara həm də «tövbə bazarı» deyirlər
«Yaxşı maşındır, hər şeyi var, maqnitofonu, ayaqaltısı...» Bakıdakı maşın bazarında bu sözləri addımbaşı eşitmək olur. Geniş, təxminən 5-6 hektar ərazini əhatə edən bazarın relyefi elədir ki, satılan maşınların yarısı bir qədər hündürdə, bir hissəsi də aşağıda saxlanılır. Ancaq aşağıda və ya yuxarıda satılmasına baxmayaraq bunun qiymətə və maşın satanların ödədiyi yer puluna və başqa məsələlərə heç bir dəxli yoxdur. Şənbə və bazar günü bura maşın satmağa gələnlər günə 11 manat pul ödəməlidirlər. Başqa xərclər də var. Ancaq bütün bunlara görə, kiməsə ödəniş qəbzi verilmir.

Bazarda olduğun dörd saat ərzində nə qədər maşının satıldığını deyə bilmərəm, amma bir onun şahidi oldum ki, hərə maşınını bir problemə görə satır. Necə deyərlər, bu bazarda kefindən maşın satan çox azdır. Şəhərin müxtəlif yerlərində, yol kənarlarında, salonlarda satılan lap bahalı, yeni model maşınlara burda çox az rast gəlmək olar. Maşınların niyə satılması sualı isə burda əməlli-başlı yaranın qaysağını qopartmağa bənzəyir. Adamların əksəriyyəti krediti ödəyə bilməmələrindən gileylənirlər. Elə İmişli rayonundan gələn Qəzənfər Kərimov da «Mersedes»ini dəyər-dəyməzinə satırdı. Kərimov deyir ki, yeddi ay əvvəl oğlu bu maşını kreditə alıb, hər ay da 1000 manat pul ödəyirmişlər. Elə bütün imkanlar yeddi aya çatıb: «İndi aylıq kredit faizini verə bilmirəm».


Krediti ödəyə bilməyənlər bu bazarda o qədər çoxdur ki, maşın satanlar zarafatyana bu bazara həm də «tövbə bazarı» deyirlər. Deyirlər, gəlmişik həm maşınımızı satmağa, həm də tövbə etməyə ki, bir də gücümüz çatmayan yükün altına girməyək.



Krediti ödəyə bilməyənlər bu bazarda o qədər çoxdur ki, maşın satanlar zarafatyana bu bazara həm də «tövbə bazarı» deyirlər

Maşın bazarında nə qədər çox gəzsən, bir o qədər çox şeylər üzə çıxır. Məsələn, Almaniyadan gətirilən mikroavtobusların heç biri sərnişin daşıyan avtobus kimi deyil, yük maşını kimi gətirilir. Özü də həmin mikroavtobusların əksəriyyəti pəncərəsiz olur. Sadəcə, Bakıya gətiriləndən sonra həmin maşınlara pəncərə açılır, şüşə salınır, oturacaq qoyulur.


Bir neçə ildir ki, Almaniyadan «Mersedes» avtobusları gətirən Vüsal deyir ki, yük maşınından fərqli olaraq, avtobusa görə alınan gömrük rüsumu çox bahadır. Ona görə də Almaniyadan bütün mikroavtobuslar yük maşını kimi gətirilir: «Bunun qanuni «rastomoşka»sı 2800-3000 dollardır, heç yerdə belə deyil».


Amma sonradan həmin avtobusla sərnişin daşımaq elə-belə başa gəlmir. Vüsal deyir ki, oturacaqların quraşdırılmasına icazə və avtobusa dövlət nömrə nişanının alınması 1700 manata başa gəlir: «Bizim sənədlər gedir Naxçıvana. Sənədlərin üstündə 1000 manat, nömrə üçünsə 700 manat ödəyirik».


Vüsaldan onu da öyrəndim ki, Almaniyada bu mikroavtobuslarda cəmi 8 sərnişin yeri olur. Azərbaycana gələndən sonra isə daha 8 oturacaq əlavə olunur.


Xarici ölkələrdən avtomobil gətirənlərin ən çox gileyi gömrük rəsmiləşdirilməsilə bağlıdır. İki il əvvəl maşın alverinə başlayan Zaurun dediyinə görə, gömrük rəsmiləşdirilməsinə görə, xeyli artıq pul alınır. Ona verilən gömrük mədaxil orderində 2411 dollar göstərilsə də, Zaur deyir ki, 1995-ci ilin BMV-si üçün 3000 dollar pul ödəyib.


Maşın dəllallarının dediyinə görə, indi maşın alveri xeyli zəifləyib. Hətta heç vaxt indiki kimi belə zəif bazar olmayıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG