Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:35

Şahin Sinaria: "Fransada Azərbaycan teatrını ümumiyyətlə tanımırlar"


Şahin Sinaria
Şahin Sinaria
16 ilə yaxındır ki, Fransada yaşayan və Paris Eksperimental Teatrında çalışan azərbaycanlı rejissor Şahin Sinaria (Əliyev) APA-ya müsahibə verib.

Rejissor müsahibəsində Azərbaycan, eləcə də Fransanın kino və teatrına nəzər salıb. O artıq Fransa vətəndaşlığını qəbul edib və bu addımından heç də peşman deyil.


- Azərbaycana xoş gəlmisiniz. Vətənə gəlişinizin məqsədi nədir və burada özünüzü necə hiss edirsiniz?

- Gəlişimin səbəbi anamı görməkdir. Bakıda insan özünü necə hiss edə bilər? Şəhər çox dəyişib, yollar salınır, ona görə mentalitet də tamamilə dəyişib. Səfərim müddətində Mədəniyyət və Turizm Nazirliyində də oldum və orada söhbətlər apardıq.

- Şahin Sinaria adı ictimiayyətimizə bir o qədər də tanış deyil... Neçə müddətdir Parisdə yaşayırsınız və hansı teatrlarla əməkdaşlıq edirsiniz?

- 1990-cı ildə Sankt-Peterburqa “Lenfilm”də işləməyə getdim. Orada bir film çəkdim, amma nümayişinə icazə verilmədi, qadağa qoyuldu.

Daha sonra Fransaya dəvət aldım.

"Fransada cəmi bir il yaşayan tələbə belə qayıtmağa çətinlik çəkirsə, 16 ildən sonra mən necə qayıdım? Orada incəsənət insanına, teatr xadiminə verilən azadlıq burada yoxdur. Sözün düzü, mən qayıdıb daha burada yaşaya bilmərəm".
1995-ci ildə Fransaya köçdüm, indi orada yaşayıb çalışıram. Fransada əsasən nəsr sahəsində çalışıram - tərcümələr edir, romanlar, pyeslər yazıram.

İndiyədək Fransada 2 kitabım dərc olunub, 10-dək əsərim eksperimental teatrlarda səhnəyə qoyulub. 2005-ci ildə Avropa ssenari müsabiqəsinin qalibi olmuşam.

- Sözsüz ki, Azərbaycanla Fransanın teatr və kinosu arasında köklü fərqliliklər mövcuddur...

- Açığı desəm, Azərbaycan teatrını bir o qədər də yaxşı tanımıram. Fransada teatr tamamilə başqa cür inkişaf edib.

Orada səhnədə hər şey etmək olar, hətta səhnəyə çılpaq çıxmaq belə... Bilirsiniz, hər teatrın öz qayda-qanunu var. Bu hərəkətlər eksperimental teatrına yaraşır. Azərbaycan teatrlarına gəlincə, Akademik Milli Dram Teatrının əsaslı təmir edilməsinə çox şad oldum.

- Səfəriniz müddətində Akademik Milli Dram Teatrında bir tamaşanın premyerasında da iştirak etdiniz. 95-ci ildən bu yana nə dəyişib? Bu tamaşa ilə beynəlxalq festivallarda təmsil oluna bilərik?

- Teatrın xarici görünüşünə söz ola bilməz. Tam olaraq müasir standartlara cavab verir. Nümayiş olunan “Sərgüzəşti-vəziri-xani Lənkəran” tamaşasından çox xoşum gəldi. Baxın, bu pyes şedevr bir əsər deyil, çox sadə bir pyesdir.

Bu əsərə belə yozum verməklə Vaqif müəllim bu tamaşanı baxımlı etmək istəyib. Əgər o əsər başqa cür səhnələşdirilsəydi, inanın mənə, ona heç kim baxmazdı. Burada Vaqif İbrahimoğlunun ideyaları açıq-aydın görünür. Bəli, biz bu tamaşanı dünyanın istənilən ölkəsinə aparıb göstərə bilərik.

Fransada teatra tamamilə ayrı cür yanaşılır. Məsələn, Azərbaycan deyilsə, çox insan tanımır, amma teatr gəlir kimi məlumat verilsə, insanlar maraq göstərəcək.

Eyni zamanda da insanlar komediyaya daha çox gəlirlər, bu tamaşada da həm komediya, həm sevgi məqamları var. Amma sözsüz ki, tamaşa mütləq tərcümə ilə - titrlərlə təqdim olunmalıdır.

- Akademik Milli Dram Teatrı tamaşa hazırlamaq üçün xarici rejissorlarla əməkdaşlığı planlaşdırır. Xaricdə yaşayan azərbaycanlı mütəxəssis kimi Sizə niyə belə bir təklif olunmur?


- Bilirsiniz ki, Azərbaycan teatrının inkişaf proqramı təsdiq olunub. Bu proqramda teatr və kinoda prodüserlərə geniş səlahiyyətlər verilir.

Mən özüm həm də kinorejissoram. Fransa tərəfindən Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə ssenari təqdim edəcəyəm. Teatra gəldikdə isə, dostlarım məsləhət bildilər ki, Milli Dram Teatrında tamaşa hazırlayım.

Amma mənə teatrın rəhbərliyi dedi ki, artıq bu ilin planı dolub, əlavə imkanları yoxdur.

Gələn il məni dəvət etsələr, gəlib tamaşa hazırlayaram. Bildiyimə görə, İsrafil İsrafilov xarici rejissorlara görə İtaliyaya, Rusiyaya gedir. Mənə hər hansı təklifin olunmaması özümə də qəribə gəldi...

- Ümumiyyətlə, Fransada Azərbaycan teatrının mövcudluğundan xəbərdardırlarmı?

Bakı - Akademik Milli Teatr
- Fransada Azərbaycan teatrını ümumiyyətlə tanımırlar, o ki qaldı hansısa təsəvvürləri olsun...

- Uzun illərdir Fransada yaşayırsınız, Azərbaycan teatrının təbliği ilə bağlı hansısa addımlarınız olub?

- Təbii ki təbliğ edirəm və bir neçə teatr mütəxxəsisini Fransaya dəvət etmişəm. Azərbaycan yazıçılarından Elçin Əfəndiyevin, Cəlil Məmmədquluzadənin, Ramiz Rövşənin, Rəşad Məcidin kitablarını tərcümə etmişəm. Fransada Ayaz Salayevin, Bəxtiyar Xanızadənin, Mehriban Zəkinin gecələrini təşkil etmişəm.

Qısası, Fransada Azərbaycan mədəniyyətinin, teatrının, kinosunun, ədəbiyyatının təbliği missiyasını öz üzərimə götürmüşəm.

Özüm aktyor kimi oynamasam da, öz əsərlərimi bir çox teatrda səhnələşdirmişəm. Parisdə "Teatr Düqar", "Teatral" kimi bir çox eksperimental teatrlarda çalışıram.

Çox vaxt özləri mənə sifariş verirlər. Əsərlərimi ya özüm səhnələşdirirəm, ya da başqasına verirəm. Sözsüz ki, əsərlərimizi səhnələşdirmək olar, amma buna da kömək lazımdır.

Məsələn, biz “Ölülər”i hansısa dünya teatrında səhnəyə qoysaq, bu, böyük ajiotaj doğuracaq. Mən bu əsəri çox sevirəm. Bizim rejissorlar gəlsin orada tamaşa qoysunlar.

- Bəs bu illər ərzində orada öyrəndiklərinizi Azərbaycanda tətbiq etmək, ümumiyyətlə Vətənə qayıtmaq istəmirsiniz?


- Yox, qətiyyən qayıtmaq fikrim yoxdur. 16 ildir ordayam və ora çox öyrəşmişəm. Bilirsiniz, bizdən Fransada təhsil almaq üçün tələbələr gəlir. Əvvəl bu ölkədə necə qalacaqlarını düşünürlər, bir ildən sonra isə geri qayıtmaq istəmirlər.

Əgər Fransada cəmi bir il yaşayan tələbə belə qayıtmağa çətinlik çəkirsə, 16 ildən sonra mən necə qayıdım? Orada incəsənət insanına, teatr xadiminə verilən azadlıq burada yoxdur.

Sözün düzü, mən qayıdıb daha burada yaşaya bilmərəm. Belə baxanda, Azərbaycan Qafqazın ən inkişaf etmiş demokratik ölkəsidir. Sadəcə olaraq, mən artıq Fransaya adaptasiya olmuşam, yenidən buranın şəraitinə uyğunlaşmaq mənə çətin olar.

Mən artıq fransız dilində düşünüb, o dildə də yazıram. Bilirsiniz, əsl sənət adamı, yaradıcı insan çox həssas olduğu üçün azadlıq arzusunda olur. Onun azadlığına hər hansı formada təzyiq olursa, dözə bilmir.

- Bilirik ki, Siz Azərbaycanda yaşadığınız müddətdə filmlər də çəkmisiniz və hətta bir filminizin nümayişi qadağan da olunub. Azərbaycanda yenidən film çəkmək istəmirsiniz?


Depardye Bakıda, 12.12.2010
- 2005-ci ildə Avropa Ssenaristlər Fondunun elan etdiyi müsabiqədə qalib seçilən ssenarini Bakıda Mədəniyyət və Turizm Nazirliyinə təqdim etdim ki, bu ssenari əsasında film çəkilsin. Təəssüf ki, ssenarimi burada qəbul etmədilər.

- Bu, şəxsi ədavətdir, yoxsa yaradıcı ədavət?

- Yox nə şəxsidir, nə də yaradıcı. Dedilər ki, xoşumuza gəlmədi və mən də bunun səbəblərini bilirəm, ona görə də getdim. Mənim heç kiminlə, kiminsə də mənimlə heç bir ədavəti yoxdur.

Heç kimdən küsüb-inciməmişəm. Xoşlarına gələr, burada yenə işləyərik, gəlməz, işləmərik. Yəni məni bütün bunlar maraqlandırmır, artıq mənim həyatım var və bu həyatdan çox razıyam. Başqa şeylər var, onlar da özümdə qalsa yaxşıdır...

- Fransada tanınmış kino və teatr xadimləri ilə kimlərlə əlaqəniz var?

- Əsas əlaqələrim rejissorlarladır, aktyorlarla o qədər də əlaqəm yoxdur.

- Yeri gəlmişkən, bir müddət əvvəl məşhur fransız aktyoru Jerar Depardye Bakıya gəldi və Azərbaycan kino sahəsinin inkişafı üçün əlindən gələni edəcəyinə söz verdi. Sizcə, Depardyenin bu sahədə bizlərə köməyi dəyəcəkmi?

- Əslində inanmıram. Çünki Depardye artıq kinodan daha çox biznesə aid bir insandır. Onun bu gün iri şərabçılıq müəssisəsi, restoran və neft biznesi var.

O, kino ilə hobbi kimi məşğul olur. Bakıdan qayıdandan sonra onunla görüşüm oldu. Depardye dedi ki, Azərbaycandan tələbələr gətirəcək, onlarla qısametrajlı filmlər çəkəcək. Sözün düzü, mən ona inanmıram.

Əvvəla, yəqin ki, onun ermənipərəst biri olduğunu siz də bilirsiniz. Bundan başqa, o, xeyirxah insan deyil. Mən inanmıram ki, onun Azərbaycana bununla bağlı köməyi dəysin.

Ona görə də inanmıram ki, çətin ki, Depardye Azərbaycan kinosunun inkişafı üçün havayı iş görsün. Fikrimcə, olsa-olsa, bir gənci Fransaya aparıb ona dərs verə bilər, vəssalam...

Əslində bizim öz rejissorlarımıza imkan yaradılsa, daha yaxşı nəticə əldə oluna bilər. Azərbaycan xalqının istedadlı insanları kifayət qədərdir. İstər musiqidə, istər kinoda, istərsə də teatr sahəsində kifayət qədər dünya miqyasında nəticələr əldə edən soydaşlarımız var.

Məsələn, Elçin Musaoğoğlunun çəkdiyi “40-cı qapı” filmi beynəlxalq festivallarda iştirak edir və mükafatlar qazanır. Onun kimi insana imkan yaratmaq lazımdır ki, çəksin, yaratsın. Yaxud da Ayaz Salayev. İstedadlı insanlardır, ancaq ona yol açmaq lazımdır.

- Siz bilirsiniz ki, Azərbaycanda kino xadimləri kinomuzun hazırkı vəziyyətindən narazıdır?


- Bəli, bilirəm. Ancaq bu, sizin daxili siyasətinizdir, bunun mənə aidiyyəti yoxdur. Fransa vətəndaşı ola-ola gəlib burada sizlərə vəziyyəti nəql etmək mənim üçün düzgün olmaz.

- Bəlkə Sizin hər hansısa fikriniz həqiqətən də kinomuzun bu durumdan çıxmasına səbəb olar?

- Mən heç də belə düşünmürəm və sözümün Azərbaycan kinosunu harasa apara biləciyinə inanmıram. Əslində bu problemin kökündə nələrin dayandığını, hansı problemlərin mövcud olduğunu hamımız bilirik.

Əvvəla, pul məsələsini həll etmək lazımdır. Fransada ildə 200-dək film çəkilir. Bunlardan 150-si uğurlu alınmasa da, heç olmasa, 40-50-si yüksək keyfiyyətdə alınır.

Bu böyük rəqəmdir. Azərbaycanda il ərzində bütün filmlərə ayrılan ümumi vəsaitə Fransada uzağı bir ortabab film çəkmək olar.

Digər tərəfdən, Fransada, ümumiyyətlə, Avropada ifrat dərəcədə azadlıq var. Orada elə şeylər var ki, Bakıda qadağandır. Fransada deyilmir ki, bunu etmək olmaz. Bir də, Azərbaycanda yalnız bura aid olan ssenarilər çəkilir.

2005-ci ildə Bakıda ssenarimə görə dedilər ki, burada Azərbaycan barədə məlumat azdır. Orada elə şey yoxdur, istəyirsən Fransanı söy, pislə, sənə heç kim qadağa qoya bilməz. Yəni, mentalitet məsələləri də var...

- Siz orada azərbaycanlı rejissor kimi təqdim olunursunuz, yoxsa artıq Sizi özünüküləşdiriblər?

- Mən oranın rejissoruyam, amma harada anadan olduğumu soruşanda - Azərbaycan deyirəm. Hər zaman deyirlər - əsli Azərbaycandan olan Şahin Sinaria.

- Buradan baxanda bizə elə gəlir ki, Fransada istedadlı insanlara, kino və teatr sahəsi ilə məşğul olanlara ayrıca bir yanaşma və diqqət var. Eyni zamanda onlar maddi baxımdan elə təmin olunurlar ki, həyatlarından çox razıdırlar...

- Doğru təxmin etmisiniz. Fransada hər bir rejissor və aktyor müqavilə əsasında pul alır. Orada çoxdandır ki, əmək haqqı sistemindən istifadə olunmur.

Ssenarimin birinə görə 60 min avro verilmişdi, bu, hələ ən minimumudur. Ancaq burada ssenariyə görə 60 min avro kim kimə verər? Orada qanun var və hamı o qanunla razılaşır.

Göstərilir ki, 60 min almalısan və onu alırsan, daha imtina edəsən, götürməyəsən, bu, mümkün deyil. Eşitmişəm ki, mədəniyyət və incəsənət xadimləri üçün ölkə başçısı xüsusi təqaüdlər təsis edib. Bu da onu göstərir ki, Azərbaycanda da vəziyyət pis deyil.

- Azərbaycanımızın bu gün ən böyük problemi Dağlıq Qarabağdır. Əlinizdə çox gözəl fürsət var və Dağlıq Qarabağ problemi ilə bağlı ssenari yazıb film çəkə bilərsiniz. Belə bir fikriniz varmı?

- Fikrimcə, bu günə kimi Dağlıq Qarabağ problemi yetəri qədər işıqlandırılıb. Çoxsaylı bədii və sənədli filmlər çəkilib.

Sözsüz ki, bu, hər birimizin qəlbimizdə çox böyük bir yaradır. Mən bu məsələ ilə bağlı prosesi izləyirəm.

Bu yaxınlarda Fransa prezidenti Nikola Sarkozi bildirdi ki, Dağlıq Qarabağ azərbaycanlılarındır və Azərbaycana qaytarılmalıdır.

Bu da ermənilərin çox böyük qəzəbinə səbəb oldu. Artıq şükürlər olsun ki, Qarabağ münaqişəsinə dair düşüncələr dəyişib.

Bəlkə də bu mövzunu filmdə istifadə etmək olar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG