Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:13

Xərclənəcək 4 milyard dolların sonrası...


Dollar
Dollar

-

Azərbaycan Mərkəzi Bankının (MB-nin) «Bizə dəxli yoxdur» şəklində bəyanatı ilk dəfə səslənmir. Böyük Britaniya xalq səsverməsiylə Avropa Birliyindən çıxma qərarı alandan sonra da MB eyni fikri dilə gətirdi. «Brexit»in ardından ingilis funt sterlinqi 1985-ci il sentyabrından bəri ən aşağı səviyyəyə gerilədi. Avropa Birliyinin 28 üzvündən 19-nun yararlandığı avro da dollar qarşısında dəyər itirdi. Son günlər manatı ucuzlaşdıran MB isə Azərbaycan pul vahidinin məzənnəsini sabit saxladı.

Di gəl, banklar və «qara bazar» MB-ni dinləmədi – banklar 1 dolları - 1 manat 55 qəpiyə, «qara bazar»sa 1 manat 60 qəpiyə satmağa başladı. «Qara bazar»da dolların 1 manat 80 qəpiyə yüksələcəyini iddia edənlər də var.

Maliyyə Bazarlarına Nəzarət Palatası da eyniməzmunlu açıqlama yaydı: ««Brexit»in ölkədə maliyyə sabitliyinə dərhal və birbaşa təsirinə fundamental əsaslar yoxdur».

Ötən il dekabrın 17-də Amerika Mərkəzi Bankı – Federal Ehtiyat Sistemi uçot dərəcəsini artırandan sonra da MB eyni bəyanatla çıxış etmişdi. Ancaq dekabrın 21-də manatın 2-ci devalvasiyası baş verdi. Başqa sözlə, olub-bitənlərin «bizə dəxli oldu».

«BU İL ÖLKƏYƏ 11-12 MİLYARD DOLLAR VALYUTA GƏRƏKƏCƏK»

İqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, iqtisadi göstəricilər MB-ni təkzib edir. Ekspert deyir ki, ölkəyə daxil olan valyuta çıxan valyutadan azdır: «Bu ilin ilk 5 ayında ölkəyə lazım olan mal və məhsulların alınmasına 3 milyard 331 milyon dollar xərclənib. Bu temp sürsə, ilboyu ölkəyə mal və məhsul gətirməyə təxminən 8-8.5 milyard dollar lazım olacaq. Ötən il kapital axını, turist səfərləri, onlayn alış-veriş, mərc oyunları və s. xərclər şəklində 6 milyard civarında dollar ölkədən çıxmışdı. Bu il kapital axını zəifləyib, turizmdə isə ciddi azalma yoxdur, onlayn alış-verişdə də azalma var – bütün bunları nəzərə alaraq, bu il həmin rəqəm 3-3.5 milyard dollaradək azala bilər. Bütün valyuta çıxışı səbəblərini toplayanda, 2016-cı ildə ölkəyə 11-12 milyard dollar valyuta lazım gələcək».

«2016-CI İLDƏ AZƏRBAYCANA 5.5-6 MİLYARD DOLLAR DAXİL OLACAQ»

Azərbaycanın ixracatının 94 faizə qədərini neft, neft məhsulları və qaz təşkil edir. İxracatdan gələn pullar, əsasən, Neft Fondunda yığılır. Fondun təsdiqlənmiş büdcəsinə baxarkən, bu il Neft Fonduna 6.7 milyard manatın daxil olacağını görmək olar. Bankların 1 dollar = 1.55 manat məzənnəsi ilə həmin məbləğ 4.3 milyard dollar edir. Neftdənkənar sektorun ixracatı yox səviyyəsindədir. Bu sahədən cəmi 450-500 milyon dollar gələ bilər. Həmişə xaricdə və əsas etbarilə Rusiyada çalışan Azərbaycan vətəndaşlarının ailələrinə göndərdiyi vəsait şəklində də ölkəyə valyuta daxil olurdu. Ötən il onların vətənə göndərdiyi pullar kəskin azaldı. Bu il isə o məbləğ 500 milyon dolları keçməyəcək. Ölkəyə gələcək bütün valyuta kanallarını toplasaq, 2016-cı ildə Azərbaycana 5.5-6 milyard dollar daxil olacaq».

«XƏRCLƏMƏLİ OLDUĞUMUZUN YARISINI QAZANACAĞIQ, BƏS SONRA?»

Ekspert «xərcləməli olduğumuzun yarısını qazanacağıq, bəs sonra nə olacaq?» – deyə soruşur və sualını belə əsaslandırır: «Neft Fondu hər həftə 100 milyon dollar vəsait satır, amma büdcəyə 6 milyard manat transfer etməlidir - yəni, 4 milyard dollar. O miqdarı satandan sonra satışları dayandıracaq. MB-ninsə cəmi 4 milyard dollar ehtiyatı qalıb. Bəs sonra nə olacaq?».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG