Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:56

Nərmin Kamal. Sadə dildə yazmağın çətinlikləri


Seymur Baycanın uşaqlar üçün yazdığı "Adsız itin qayıdışı" kitabı
Seymur Baycanın uşaqlar üçün yazdığı "Adsız itin qayıdışı" kitabı

-

"Bilirsiz, sadə yazmaq mürəkkəbdir. Oxucuya nə qədər asan görünsə də, adətən oxucu yazıçıya çevriləndə, yazmağa yeni başlayanda ona belə sadə yazmaq müyəssər olmur, sadə yazmaq təcrübə istəyir".

Nərmin Kamal

SEYMUR BAYCANIN YENİ HEKAYƏLƏRİ HAQDA QEYDLƏR

Yazıçı Nərmin Kamal
Yazıçı Nərmin Kamal

İnsanların başı sağ ayaq əvəzinə sol ayağı kəsən həkimə qarışan bu günlərdə mən Seymur Baycanın ötən bir ildə “uşaq hekayələri” seriyasından çap etdirdiyi bir neçə hekayəni təkrar oxudum. “Evdən siçovul çıxaran”, “Necə oldu xoruzları sevdim”, “Azad ev”, “Başından bezən adam”, “Kədərli səyahət” və “Adsız itin qayıdışı” kitabında seçdiyim başqa iki-üç hekayəni.

Yazını sona qədər oxumayacaq məşğul adamlar üçün fikrimi qısaca deyim: bu hekayələr Seymur Baycanın öz yaradıcılığında da, bizim qoca kişilər, qoca arvadlarla dolu olan hekayəçiliyimizdə də yeni səhifədir. Oxumamısınızsa, oxuyarsınız.

İndi isə məşğul adamları yola salaq, vaxtı olan adamlarla yazıya davam edək.

Uşaqlıq illərimdə bir gün məktəbimizin cavan rus dili müəlliməsi Nahidə müəllimə özünəməxsus mehriban təbəssümlə dedi: Oğlanlar, bilirsiz ki, mənim oğlum Nahid sizinlə eyni sinifdə oxuyur, onunla dostluq edirsiz, indi ki Nahid burda yoxdur, fürsətdən istifadə eləyib sizdən bir söz soruşmaq istəyirəm. Mən ana kimi Nahidi yaxşı tanıyıram, onu oğlum kimi çox sevirəm, ancaq bilmək istəyirəm ki, o, bir dost kimi necədir, kişi kampaniyasında bir kişi kimi onun hörməti nədir...

Onun bu sualı mənim yaddaşımda dərin iz qoyub. Heç vaxt belə sual eşitməmişdim. Rus dili müəlliməsi oğlunu başqa bir bucaqdan görmək, onun haqqında alternativ fikri bilmək istəyirdi. Arzu edirəm, daha böyük məsələlərdə səslənsin belə suallar, cəmiyyətə, qarşı tərəfə belə suallar verəcək ağıllı, ürəkli adamlar çox olsun.

İndi rus dili müəlliməsi demişkəm, biz yazarların öz aramızda bir-birimiz haqda fikrimiz necədir. Bizim aramızda ən səmimi həyatı yaşayan Seymur Baycan oldu. O, oxuduğu kitablara, baxdığı filmlərə necə deyərlər, inandı. Öz baxışlarına, həyat fəlsəfəsinə sadiq qaldı.

Yazıçı Seymur Baycanın uşaqlıq illəri
Yazıçı Seymur Baycanın uşaqlıq illəri

Seymur azad yaşayır. Yaşadığı kimi yazır. Yazdığı, təbliğ elədiyi həyatı yaşayır. Hamımız sabahımızı ölçüb biçdik, on addımda necə on iki addım irəli düşə biləcəyimizi dəqiqliklə hesabladıq. Seymur öz gələcəyini bizim qədər ciddiyə almadı.

Mövzudan yayınmayaq. Bu “uşaqlar üçün” hekayələr çox kədərlidir, birinin sonunda hətta nağılçı oxucuları həyatı başa düşmək üçün ağlamağa dəvət edir, amma çox gülməli və multfilm sadəliyi ilə nağıl olunur.

Adını çəkdiyim hekayələr arasında heyvanlar haqda olanları mənə sevdirən nə oldu? Təhkiyəçinin özünü uşaqları güldürən klonlar kimi ustalıqla gülməli vəziyyətə sala bilməsi, sadə, heç bir aforistik yükü olmayan iddiasız bitərəf cümlələrlə vəziyyətin özünü, situasiyanın özünü qabartması, macəra ədəbiyyatı qədər əyləndirməsi, kədərə və gülüşə eyni vaxtda nail olması. Bəzən sadə karandaşla çəkilmiş çox mürəkkəb gözəl rəsm əsəri görəndə də biz belə heyrətlənirik.

Bilirsiz, sadə yazmaq mürəkkəbdir. Oxucuya nə qədər asan görünsə də, adətən oxucu yazıçıya çevriləndə, yazmağa yeni başlayanda ona belə sadə yazmaq müyəssər olmur, sadə yazmaq təcrübə istəyir. Bəzən fəhlə, taksi şoferi, polis adamlarla böyük məclislərdə bir süfrə arxasına düşürəm, onlar öz işlərindən kiçik həyati hekayətləri elə dramatikləşdirərək danışırlar ki, içində təxəyyül də olur, reallıq da, qrotesk də olur, insani hiss-həyəcan da olur. Hekayə sənətinə uyğun olaraq, bitərəf duruşları da olur nəqletmə zamanı. O adamlara deyirsən ki, bu danışdığını yaz, belə yazsan böyük yazıçı olarsan. O adamın yaxasını buraxmırsan, deyirsən yaz, axırda deyir yaxşı, yazdım bir dənəsini, göndərirəm bax. Alıb görürsən serial qatil haqda yazıb, informativ başlayıb, özünü dağa-daşa salaraq davam edib, axırda da bir neçə aforizm sitat gətirib Həzrət Əlidən. Yazmaqla danışmaq başqa-başqa şeylərdir.

Picassoya deyirlər ki, əvvəllər gözəl çəkirdin, indi sənin çəkdiyin əyri-üyrü sifətləri 5 yaşında uşaq da elə sənin kimi çəkər. Picasso deyir, uşaq kimi çəkmək üçün çox uzun yol gəlmişəm.

Seymurun sadə mövzuları, sadə cümlələri, sadə sualları da bacarmamaqdan deyil, bacarmaqdan doğur.

O, bir çox hekayələrdə əlini maşından çölə çıxarmış susan uşaqdır, ondan əlini içəri salmasını tələb edirlər. Ərinməyib bu mövzuda olmuş əhvalatları danışırlar. Kimsə harasa gedəndə əlini pəncərədən bayıra çıxarıbmış, qarşıdan gələn maşın əlini qoparıb aparıb. Hər bir görüntü, hər bir hərəkət adamlara danışmaq üçün mövzu verir. Mövzudan mövzuya keçirlər. Ucundan tutub ucuzluğa gedirlər. Seymur da onlar kimi mövzudan mövzu, müşahidədən müşahidəyə, xatirədən xatirəyə keçir. Personaj olub öz hekayətini danışır.

Seymur Baycanın "Fərqanə" adlı hekayələr kitabı
Seymur Baycanın "Fərqanə" adlı hekayələr kitabı

Bəzi hekayələrində ustalıqla verilən keçidlərə diqqət yetirmənizi istərdim. Məsələn, “Fərqanə” hekayəsinin girişində bir yer var, orada baharı, ağacları təsvir eləyir, ardınca içəridə xəstəxana, ayaqları amputasiya olunan adamlara necə keçir.

Əvvəllər Seymuru birinci şəxsin – öz dilindən həyatını, müşahidələrini nəql etdiyinə, başqa yazıçıların xammal sayıb dəyişdirməklə bədii əsərin yazılışında istifadə edəcəyi xatirələri birbaşa yazdığına görə tənqid edirdilər.

Amma nə bilmək olar, bəlkə elə Seymurun bizim hamımızdan daha çox oxunmasının əsas səbəbi budur; onun öz dilindən öz həyatından yazması. Kanadada dörd nəfərlik bir ailə öz gündəlik həyatlarının videolarını çəkib İnternetdə video portallara qoymaqla (“Eh Bee Family” videoları) dünyadan 15 milyondan artıq izləyici qazanıb. Ənənəvi filmlər o qədər tamaşaçı yığa bilmir, bu ailənin özünün özü haqda çəkdiyi mən-mərkəzli film bunu edə bilir. Norveçdə yazıçı Knausgard-ın bir məqaləsini tərcümə etmişdim, öz həyatını, öz xatirələrini yazmaqla Norveç ədəbiyyatının bestselleridir. Görünür, günümüzdə sosio-mədəni meyl belədir, insanlar mən dilindən vasitəçisiz danışılan hekayəyə üstünlük verirlər.

Yazıçı Seymur Baycan və Murad Köhnəqala
Yazıçı Seymur Baycan və Murad Köhnəqala

Yazıçı yoldaşları Seymur Baycanı xatirələri süjet sxemi olmadan ard-arda düzdüyünə, nəsr qaydalarına riayət etmədiyinə görə, süjet sxemini qoyub asan “fikir axını” yolunu seçdiyinə görə tənqid edirlər, ondan ekspozisiya, zavyazka, kulminasiya, super kulminasiya, razvyazka tələb edirlər. Doğrudan da 19-cu əsr fransız, rus romanından gələn ənənələr bugünkü dünya nəsrində hakimiyətini bərpa edib, etməkdədir.

Əsərdə bir konflikt olmalıdır, hər bir xarakter (qəhrəman) nə isə istəməlidir və konflikt belə doğulmalıdır. Məsələn, iki kişi üz-üzə gəlir, biri o birinə deyir, başındakı mənim papağımdır, konflikt doğuldu, yazıçı öz xatirələrini yeri gəldikcə onların həyatına fleşbek kimi hörərək onlarınkı kimi qələmə verir, özü arxa planda qalır.

Elə Seymurun da son zamanlar yazdığı bir neçə uğurlu hekayəsində ənənəvi süjet sxemi var. Ona görə də adını çəkdiyim hekayələr həm də Seymur Baycaın öz yaradıcılığında yeni səhifədir.

XS
SM
MD
LG