Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:10

C. Cavanşir: Yazmadığım bütün heykəllərdən üzr istəyə bilərəm!


Azərbaycan şairi Cəlil Cavanşir
Azərbaycan şairi Cəlil Cavanşir

-

Cəlil Cavanşir

Yeni şeirlər

Günəş mənim qızım deyil…

Əllərini indi tutmaq istəyirəm

Nə olar, nə olmaz…

Bəlkə bir yanğında yanıb ölərsən,

Bir daha əlim çatmaz…

İcazə ver səni öpüm, yoxsa yağış yağacaq…

Qollarını boynuma dola

Bəlkə inqilab oldu və bəlkə sən tankın altında əzildin…

Üzümə diqqətlə bax; ya mən fərq etməmişəm

Ya da sən ilk gündən belə gözəldin…

Mənə “sevirəm” de, yoxsa günəş batacaq…

Günəş mənim qızım deyil, bəs niyə yuxuma girir?

Oğlum məktəb çantasında naməlum günah daşıyır.

Və sonuncu sevdiyim qadın getdiyi gündən

Bütün sabahlarım siqaret qoxuludur…

içimdə bir iblis yaşayır…

Lütfən, bir çay dəmlə…birazdan polislər gələcək…

İtirmək var işin içində

Səni hər batan günəşdə itirmək və darıxmaq

Yazmaq var, şeir olmaq var, şeirlə doğulmaq var…

Və bir də bitirmək var,

səni hər misranın sonunda…

Getmə… bax, qonşu pişikləri darıxacaq…

Qovuşmağımız inqilab olacaq, qan axacaq

Sonunda bütün günahkarları asacaqlar

Tərli əllərimə bax, saçlarını özləmiş…

hər gün cinayətlər işlənir və mən bunu görürəm

Və mən bu şəhərdən çıxıb gedəcəm, səni də tutacaqlar

Mən sənin heç kimin deyiləm…canın yanacaq…

Gedə bilməyən adamın şeiri

Hara çıxıb gedəsən?

Getməyə yer də yoxdu…

Vida etməyə adam

Sıxmağa əl də yoxdu…

Cəlil Cavanşirin ilk şeirlər kitabı "Undergraund sevgilər"
Cəlil Cavanşirin ilk şeirlər kitabı "Undergraund sevgilər"

Daha yazmaq da olmur bu boyda tənhalığı…

Bir az can sıxıntısı

Bir az nigarançılıq

Ürəyim boş, əlim boş

ağlayıram, susuram

Qapı zəngi çalınır, pəncərəyə qaçıram.

Daha darıxmaq olmur, adam kimi darıxmaq…

Mayın tam ortasında üşüyürəm, donuram.

Sıxır məngənəsində məni soyuq divarlar

Bu qapının o tayı günəşlidir, istidir

Hardasa çox uzaqda öləziyən ümid var

Ən böyük faciədir kişi ümidsizliyi…

Sən sonuncu ümidsən

Bu yadlar arasında

Bircə dəfə “getmə” de, qalım birgə yaşlanaq

Bircə dəfə dilindən gözəl səslənsin adım.

Yaxşı xatırlayıram sonunucu gedişimi,

Pencəyimi götürdüm getdim və qayıtmadım…

Bax, getsəm bu küçələr səni darıxdıracaq…

***

Gecənin içindəki işığa dikilir baxışlarım – yoğunam, sərsəriyəm

şeirin üstünə yeriyirəm

gecəni udum-udum içirəm

sabahın adamsızlığına gedirəm

And olsun qaranlığa ki

yalan danışdığını bilirəm…

Ulduzlar qədər uzaqsan və mən səni sevirəm…

Qutudakı son siqaretə uzanır əllərim,

Qutudakı son kibrit dənəsini yandırıb, qaranlığa atıram.

Alışır gecənin bağrı, gecəyə od vururam

Qaranlığın alışan bağrında bir siqaret yandırıb, bir içki süzürəm özümə

bir udum soyuq içirəm, bir udum gecə içirəm, bir nəfəslik işıq çəkirəm ciyərlərimə

sənə durmadan zəng edirəm,

sənə durmadan zəng edirəm

və telefonum söndürülüb…

Fələstində bir uşaq vurulur ürəyindən, qan süzülür barmaqlarımdan.

Bir sərsərisi də azalacaq şəhərin,

Çünki çıxıb gedirəm…

Beynimdə qancıq köpəklər ulaşır və bir fahişə düşür maşından

Küçə qaçır ayaqlarımın altından, ulduz axır

Mən maye halındayam indi, darıxmağın maye halında…

Özümü içirəm bütün gecələrin sağlığına…

Göz bəbəklərim ovcumda, səni axtarıram…

İçimdə əcaib sancı var, hamilə olduğumu düşünürəm

Qərib və avara gecələrlə sevişən,

Və qorunmayan küçə şairiyəm..

Bir işıq dirəyinin kölgəsinə çəkilib şeir doğuram…

And olsun bu qaranlığa ki, səni zərrə-zərrə unuduram…

Vətəndə qürbət etüdləri - I

indi yağan yağışlar romantika yox

can ağrısıdı,

indi köçən durnalar ölümü yada salır

mənə ancaq yazmaq qalır

tələsə-tələsə…

qocalmadan…

unudulmadan…

aprel sonunda uşaqlığımı daş-qalaq edib, lənətləyirəm

indi daha çox kədərli simfoniyalar

bir də düşük mahnılar dinləyirəm

əllərim çiçək açıb, əllərim çiçəkdi, çiçəklənib əllərim

əllərim əsir…

və hardasa çox yaxında bir ölüm mənə yüyürür

ölüm mənə tələsir…

indi baharın gəlişi fərəh yox,

qolların, ayaqların sızıltısıdı

yuxudan oyadan zəngli saatlar yox,

acından ağlayan körpə çığırtısıdı…

indi masanın üstündəki bütün dərmanlar ölümü xatırladır

içkilər acı dadır, siqaret acı dadır, yeməklər acı dadır…

indi durnalar məndən daha xoşbəxtdi qürbətdə

küçə itləri məndən azaddı

indi ölmək çox çətindi – yaşamaq kimi

indi sürünmək rahatdı…

vətən başdan başa qürbətdi…

vətən başdan-başa dəhşətdi…

indi sərhəd dirəkləri köksümüzdədi

Yalnız dərd çəkmək

Və ölmək azdlığımız əlimizdədi…

ayağımızın altında vətən torpağı

içimiz vətən üçün həsrətdə…

indi mənim üçün hər şey eyniləşib

sevgi də umrumda deyil,

ayrılıq da,

nifrət də…

qoşulub durna köçünə gedəsən uzaqlara

uzaq, özgə, yad olasan

hardasa, sərhəddin o tayında

düşmən kimi doğulasan yenidən

təzə bədən yaradasan özünə, təzə ruh üfürəsən

təzə vətən tapasan

ona şeir yazasan

qaçasan bu vətəndən, qaçasan bu qürbətdən…

sonra ya qəfil bir güllədən öləsən

ya da vətən adlı həsrətdən…indi yağan yağışlar romantika yox

can ağrısıdı,

indi köçən durnalar ölümü yada salır

mənə ancaq yazmaq qalır

tələsə-tələsə…

qocalmadan…

unudulmadan…

aprel sonunda uşaqlığımı daş-qalaq edib, lənətləyirəm

indi daha çox kədərli simfoniyalar

bir də düşük mahnılar dinləyirəm

əllərim çiçək açıb, əllərim çiçəkdi, çiçəklənib əllərim

əllərim əsir…

və hardasa çox yaxında bir ölüm mənə yüyürür

ölüm mənə tələsir…

indi baharın gəlişi fərəh yox,

qolların, ayaqların sızıltısıdı

yuxudan oyadan zəngli saatlar yox,

acından ağlayan körpə çığırtısıdı…

indi masanın üstündəki bütün dərmanlar ölümü xatırladır

içkilər acı dadır, siqaret acı dadır, yeməklər acı dadır…

indi durnalar məndən daha xoşbəxtdi qürbətdə

küçə itləri məndən azaddı

indi ölmək çox çətindi – yaşamaq kimi

indi sürünmək rahatdı…

vətən başdan başa qürbətdi…

vətən başdan-başa dəhşətdi…

indi sərhəd dirəkləri köksümüzdədi

Yalnız dərd çəkmək

Və ölmək azdlığımız əlimizdədi…

ayağımızın altında vətən torpağı

içimiz vətən üçün həsrətdə…

indi mənim üçün hər şey eyniləşib

sevgi də umrumda deyil,

ayrılıq da,

nifrət də…

qoşulub durna köçünə gedəsən uzaqlara

uzaq, özgə, yad olasan

hardasa, sərhəddin o tayında

düşmən kimi doğulasan yenidən

təzə bədən yaradasan özünə, təzə ruh üfürəsən

təzə vətən tapasan

ona şeir yazasan

qaçasan bu vətəndən, qaçasan bu qürbətdən…

sonra ya qəfil bir güllədən öləsən

ya da vətən adlı həsrətdən…

Vətəndə qürbət etüdləri (II)

1.

Xəyanətlər yıxır və yorur adamı

Bir az rok, bir az içki, bir az darıxmaq və çox sevgili

Çox kədərliyəm, allahım, çox kədərli

Uçuq bir daxmada vətənə şeir yazan şairin

Tabutunu aparmağa adam tapılmadı bu “ucsuz-bucaqsız” vətəndə

Mən də sərsəriyəm Allahım, mən də...

2.

​Yay yenə bürkülü gəldi, canım çox sıxılır

Qaçacaq yerim qalmayıb, özümə əlvida demədən qaçıram

Səni tərk edənlərə, unutduqlarına, unudanlara qucaq açıram

Bezirəm bütün vərdişlərimdən;

Məsələn, saqqalımı kəsirəm

İyunun sonu gəlir, +32 dərəcə istidir və mən soyuqdan əsirəm...

Nə vaxt ayaqlarım sızıldasa yağış yağır

İldırım düşür hansısa qocaman ağaca

Dayanmadan şimşək çaxır...

Havalar dəli edir adamı,

gah günəş, gah yağış, gah soyuq, gah isti,

Bəsdir oyun oynadın Allahım, bəsdir...

3.

Salamımı almır kimsə, susub üzümə baxırlar

Bütün qaçdığım adamlar

ən darısqal küçələrdə gəlib yoluma çıxırlar.

hər sabah yuxudan dəli kimi qalxıram

beynimdə yüzlərlə yarımçıq iş

ağzımda iyrənc bir tam var, dişlərim sızıldayır

yaşamaq nə qədər iyrəncmiş

bir siqaret yandırıram

illərdir dəyişmir bu vərdiş...

axşam səfeh-səfeh saata baxıram

gün boş keçib, axşam düşmüş

yenə görülməmiş

minlərlə yarımçıq iş

güzgülərdəki adam üzümə ikrahla baxır,

gülür

güzgülər nə qədər sərsəriymiş...

4.

Nə normal bir işim var, nə qazancım, nə ümidim

Dərin bir boşluqdayam, ümidsiz və yorğun

İlahi, bu necə istidir?

İlahi, mən niyə donuram?

Nə azadlıq qışqırıram, nə divarlara şüar yazıram

Mən qəhrəman deyiləm, qorxağam!

İllərdir susuram, susuram, susuram...

Oğlumun suallarından qorxuram

Qızımın gülüşü titrək və ürkək

Təbəssümü hüznlü

Allahım, mən adamlıqdan çıxıram, çıxıram...

5.

Yoxsullar şeir oxumur, aclar şeiri yemir

Uşaqlar şeir geyinmir əyninə,

Qışda şeir qızdırmır canımızı

Qadınım şeir bişirmir hisli qazancada

Qızım şeirlə oynamır,

şeir sadəcə qatır başımızı...

6.

Stop!

Söndürün bütün işıqları, çəkilirəm səhnədən!

Başqa aktyor tapın bədbəxt şair roluna

Allahım adam olmaz məndən, şair heç olmaz

Başqa birisini tap, mən asi adamam

Başqa birisini tap, sadiq olsun yoluna

Şair olmaz məndən Allahım, şeir olmaz göz yaşlarımdan

7.

Ümid bağlı qapılar arxasında, ruzi qurd ağzında

Sərsəri küləklər dolaşır küçələrdə, hər tərəf günah qoxuyur

Uşaqlıqda tanıdığım bir toy müğənnisi vardı,

İndi məzarlıqda “Quran” oxuyur...

8.

Vətən kəfən kimi boyuma biçilib, vətən məzarım kimi qazılıb

Mən qaçmaq, uzaqdan baxmaq istəyirəm məzarıma

9.

Nə vaxt ayaqlarım sızıldasa yağış yağır

İldırım düşür hansısa qocaman ağaca

Dayanmadan şimşək çaxır...

Havalar dəli edir adamı,

gah günəş, gah yağış, gah soyuq, gah isti,

Bəsdir oyun oynadın Allahım, bəsdir...

Getmə

bax, belə yaxşıdır getmə

günəş bir azdan batacaq

sənə şeir oxuyacam

bax, belə yaxşıdır getmə

telinə sığal çəkəcəm

saçlarınla oynayacam

bax, belə yaxşıdır getmə

sol tərəfim çox ağrıyır

sənsiz qalsam ağlayacam...

bax, belə yaxşıdır getmə

istəsən kənarda dayan

nəfəsimlə toxunacam...

bax, belə yaxşıdır getmə

ahh,

necə yaxşıdır mənə

bax, sənə necə möhtcam...

Məni yenə döydülər

(Həbsdə işgəncəyə məruz qalan gənclərə...)

Məni yenə döydülər

Məni elə döydülər...

Ağrıdım, elə ağrdıdım ki

Sümüklərim sızladı

Qorxdum, fikirlərim qarışdı

Məni elə döydülər ki,

Qorxdum, yalan da danışdım...

Kirli çəkmələriylə üzərimdən keçdilər

Əl-ayağımı bağlayıb bədənimi əzdilər

Qulaqlarım tutuldu, gözlərim qaraldı,

Məni elə döydülər ki

Yoruldular, bezdilər...

Kirli vicdanları sızlamadı...

Məni yenə döydülər...

İndi hər yerim sızlayır, qançır-qançır bədənim

Halsızam

Məni döydükcə dözürdüm, dişimi sıxırdım

Bilirdim günahsızam...

Məni yenə döydülər,

Məni elə döydülər...

Qan dodaqlarımda qurudu, başımı dik tutdum

Məni elə döydülər ki,

Adımı da unutdum

Sayıqladım, üşütdüm, dizlərim əsdi

ağrıdan deyil təhqirdən, alçalmaqdan qorxmuşdum

Məni yenə döydülər,

Məni elə döydülər...

Elə ağrıyıram ki, etmədiyim bütün günahları etiraf edirəm

Yazmadığım bütün heykəllərdən üzr istəyə bilərəm!

XS
SM
MD
LG