Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:08

A. P. Çexov "Matrosun hekayəsi"


Anton Çexov
Anton Çexov

-

Anton Pavloviç ÇEXOV

MATROSUN HEKAYƏSİ

Yalnız qara bir cizgi kimi səma və tərk edilmiş limanın tutqun işıqları görünürdü. Soyuq və rütubətli külək əsirdi. Biz üzərimizdə yağışa çevrilmək həvəsi ilə çarpışan ağır buludları hiss edir, havanın küləkli və soyuq olmağına baxmayaraq nəfəs ala bilmirdik.

Biz, kubrikə doluşmuş matroslar püşk atırdıq. Yoldaşlarımızın kefli gülüşləri aləmə yayılır, zərbi-məsəllər eşidilirdi, kim isə də kefindən xoruz kimi banlayırdı.

Bütün bədənim lərzəyə gəlmişdi, elə bil boynumda yarıq var idi və həmin yarıqdan yalın bədənimə kiçik, soyuq qəlpələr axırdı. Mən titrəyirdim, bu həm soyuqdan, həm də burada sizə danışmaq istədiyim digər səbəblərdən idi.

İnsan, mənim fikrimcə, ümumiyyətlə iyrəncdir. Düzünü desəm, matroslar hərdən dünyadakı varlıqların hamısından iyrənc olurlar, qeyri-iradi hərəkətlər etməklə özünə haqq qazandıra bilən, ən murdar heyvandan belə. Bəlkə yanılıram, axı, həyat təcrübəm azdır, amma mənə elə gəlir ki, hər halda dənizçinin özünə nifrət etməyə və danlamağa başqalarından daha çox səbəbləri var. Bir insan ki, hər an yelkənlərdən yıxılıb ömürlük dalğalara qarışa bilər və Allah yalnız başı aşağı suya düşəndə ya da, batanda yadına düşür, bu cür insanın heç nə vecinə deyil və həyatda heç nəyə heyfi gəlmir. Biz çoxlu araq içir, əxlaqsızlıq edirik, çünki biz anlamırıq dənizdə xeyirxah insan kimə və nə üçün lazımdı.

Amma, hər halda, davam edəcəm.

Biz püşk atırdıq. Hamımız öz növbəsini çəkənlər, məşğul olmayanlar, iyirmi iki nəfər idik. Bu insanlardan yalnız ikisinin bəxtinə nadir tamaşadan zövq almaq xoşbəxtliyi düşə bilərdi. Məsələ burasında idi ki, təsvir olunan gecə bizim paraxodda “yeni evlililər üçün” nəzərdə tutulan kayutun sakinləri olacaqdı və həmin kayutun divarında istifadə etməyimiz üçün yalnız iki dəlik var idi. Dəliyin birini əvvəlcə yerini oyub kiçik mişarla mən açmışam digərini isə yoldaşlarımdan biri bıçaqla açıb və hər ikimiz bir həftədən çox işləmişik.

- Dəliklərdən biri sənə düşdü!

- Kimə?

Məni işarə etdilər.

- Bəs digəri?

- Sənin atana!

Qoca, qartımış, sifətdən pişmiş almaya oxşayan beli bükülmüş matros atam mənə yaxınlaşdı və əlini kürəyimə çırpdı.

- Oğlum, bu gün biz xoşbəxtdik, - atam dedi.- eşidirsən bala? Xoşbəxtlik bir anda hər ikimizində üzünə güldü. Bunun nə isə bir mənası var.

O səbirsikliklə saatı soruşdu. Saat hələ on bir idi.

Mən kubrikdən çıxdım, çubuğumu odlayıb dənizi seyr etməyə başladım. Hava qaranlıq idi. Qəlbimdə keçirtdiyim hisslər gözlərimdə öz əksini tapırdı, gecənin qaranlıq zülmətində gənc, lakin məhv edilmiş həyatımda çatışmayan sürətləri görürdüm...

Saat on ikidə ümumi kayutun yanından keçərkən qapıdan içəri göz gəzdirdim. Təzə bəy, gözəl sarışın saçlı, gənc protestant keşişi əlində İncil stol arxasında oturmuşdu. O hündür arıq ingilis qadına nə isə izah edirdi. Həyat yoldaşının yanında əyləşmiş gənc, qamətli çox gözəl təzə gəlin mavi gözlərini onun sarışın saçlarından çəkmirdi. Hündür, dolu nifrət doğuran çirkin sifətli, ingilis bankir kayut boyunca yuxarı-aşağı var-gəl edirdi. Bu bəyin söhbət etdiyi yaşlı qadının həyat yoldaşı idi.

“Keşişlərin saatlarla söhbət etmək xasiyyətləri var! – deyə mən düşündüm – O səhərə kimi qurtarmayacaq!”

Saat birdə atam mənə yaxınlaşıb qolumdan tutaraq dedi:

- Vaxtdır! Onlar ümumi kayutdan çıxdılar.

Mən cəld dik pilləkənlərdən aşağı qaçdım və mənə tanış olan divara yaxınlaşdım. Bu divarla gəminin divarı arasındakı, üç arşınlıq, bir saniyəlik yol su və siçovullarla dolu idi. Tezliklə qoca atamın ayaq səslərini eşitməyə başladım. Onun ayağı fəhlə arabasına, neft yeşiklərinə ilişdiyindən donquldanırdı.

Əlimlə öz açdığım dəliyi yoxlayıb neçə vaxtdır ki hazırladığım dördkünc taxta parçasını çıxartdım, arxasından yüngül, çəhrayı işıq düşən şəffaf parça gördüm. İşıqla birgə isti üzümə kəskin, nəfəs kəsən, bir qoxu gəlirdi; bu, çox guman ki, zadəganların yataq otağından gələn qoxu idi. Yataq otağını görmək üçün tülü iki barmaqla aralamaq lazım idi ki, bunu etməyə tələsirdim.

Mən tunc, məxmər və krujeva görürdüm. Hər şey çəhrayı rəngdə süslənmişdi. Gözümdən dörd arşın oyanda çarpayı durmuşdu.

- Qoy sənin dəliyindən baxım, - deyə atam tələsik məni böyrümdən itələdi. - Səndə daha yaxşı görsənir.

Mən susurdum.

- Oğlum sənin gözün daha yaxşı görür, sənin üçün nə fərqi var ya yaxından baxdın ya uzaqdan!

- Sakit! – mən dedim. – Səs salma, bizi eşidə bilərlər.

Təzə gəlin çarpayının küncündə əyləşib, xırda ayaqlarını məxmər xalının üzərinə sallamışdı. O yerə baxırdı. Qarşısında həyat yoldaşı, gənc keşiş dururdu. O ona nə isə deyirirdi amma nə olduğunu dəqiq bilmirdim. Paraxodun səsi mənə eşitməyə mane olurdu. Keşiş gözləri parıldaya-parıldaya, əl qolunu ölçə-ölçə hərarətlə danışırdı. O isə qulaq asır, başını etiraz əlaməti olaraq yelləyirdi...

- Lənət olsun, sıçovul dişlədi! – deyə atam donquldandı.

Mən sinəmi divara sıxmışdım. Elə bil, ürəyimin yerindən çıxmağından qorxurdum. Beynim dumanlanırdı.

Yeni evlililərin danışığı uzun sürdü. Keşiş, axır ki, diz üstə çökdü və əlini uzadaraq ona yalvarmağa başladı. O etirazla başını yellədi. Keşiş yerindən atılaraq kayut boyu gəzməyə başladı. Üz cizgilərindən və əl hərəkətlərindən onun hədə-qorxu gəldiyi hiss olunurdu.

Gənc xanım yerindən qalxdı və yavaş-yavaş mənim durduğum divara yaxınlaşıb düz mənim baxdığım dəliyin qarşısında durdu. O hərəkətsiz halda nəsə düşünürdü. Mən isə gözlərimi ona zilləmişdim. Mənə elə gəlirdi ki, o əziyyət çəkir, özu ilə mübarizə aparır, titrəyirdi və eyni anda onun simasında nifrət duyulurdu. Mən heç nə başa düşmürdüm.

Təqribən beş dəqiqə belə üz-üzə durduq, sonra o çəkildi və kayutanın ortasında duraraq keşişə başını yellədi – yəqinki, razılıq əlaməti olaraq. O sevinclə gülərək onun əlindən öpdü və yataq otağından çıxdı.

Üç dəqiqə sonra qapı açıldı keşiş, arxasınca isə yuxarıda haqqında danışdıgım hündür, dolu ingilis otaga daxil oldular. Ingilis çarpayıya yaxınlaşdı və gözəl qadına nə isə dedi. Qadın rəngi qaçmış halda onun üzünə baxmadan razılıq əlaməti olaraq başını yellədi.

İngilis-bankir cibindən qutuda nəsə çıxardı, bəlkə də bank biletləri idi, keşişə verdi. Keşiş onları gözdən keçirib saydı və təzimlə otaqdan çıxdı. Qoca-ingilis onun arxasınca qapını bağladı...

Mən ilan vurmuş kimi divardan sıçradım. Qorxmuşdum. Mənə elə gəldi ki, külək bizim paraxodu parçaladı və biz dənizin dibinə gedirik.

Qoca atam, bu pozğun əyyaş insan mənim əlimdən tutdu və dedi:

- Çıxaq buradan! Sən bunu görməməlisən! Sən hələ uşaqsan...

O ayaq üstə güclə dururdu. Mən onu dik əyri-üyru pilləkənlərlə yuxarı qaldırdım. Çöldə əsl payız yağışı yağırdı...

Tərcümə: Cavid Əsədov

XS
SM
MD
LG