Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:07

Asiya milyonçuları öndədir


Pul
Pul

-

«Brexit»: hər şeyi dəyişən səsvermə; İran Bəhreynə müdaxilə edə bilər? – 24 iyun Qərb mediasının icmalı.

Dünyanın bir çox ölkələrində yoxsulluq artsa da, sərvət yığımının miqyası da böyüyür. Bunu «Capgemini» konsultasiya şirkətinin açıqladığı yeni hesabata əsasən demək olar.

Son illər dünya varlılarının sərvəti kəllə-çarxa vurub – 1996-cı ildə 16.6 trilyon dollar idisə, ötən il 58.7 trilyon dollara qalxıb. Bu, ən çox Çində emal sənayesi və iqtisadi fəaliyyətin yüksəlişi ilə bağlıdır.

Maraqlısı odur ki, indi Asiya milyonçuları Şimali Amerika, Avropa və digər regionlardakından daha çox sərvətə malikdir. Onların var-dövləti 2015-ci ildə 9.9% artıb. ABŞ və Kanadanın fond birjalarında zəif göstəricilər isə Şimali Amerikada artımı 2.3%-dək azaldıb.

Latın Amerikası milyonçularının sərvəti 3.7% azalıb. Səbəb Braziliyadakı siyasi çaxnaşma və səhm bazarının təlatümləridir. Avropada isə davamlı artım gedib, 4.8%-lik artım var, öndə də İspaniya və Niderland gəlir.

Asiyanın varlı sakinlərinin sərvəti 2015-ci ildə 17.4 trilyon dollar olub. 2006-cı ildə bu rəqəm 8.4 trilyon dollar idi. Asiya milyonçularının sayına görə də Şimali Amerikanı ötüb.

2015-ci ildə Asiyadan 5.1 milyon milyonçu çıxıb. Onların 2.7 milyonu Yaponiyadan, 1 milyonu isə Çindəndir. ABŞ-da 4.5 milyon milyonçu var.

Money.cnn.com saytı yazır ki, Asiyada sərvət əsasən maliyyə xidmətlərindən, yüksək texnologiyalar və səhiyyə sənayesindən toplanır. Uzunmüddətli bizneslə məşğul olanlardan çox startap sahibləri sürətlə varlanır.

«Capgemini»nin hesablamalarına görə, 2025-ci ilədək dünya üzrə var-dövlətin həcmi 100 trilyon dolları keçəcək.

Brexit tərəfdarı
Brexit tərəfdarı

«BREXIT»: HƏR ŞEYİ DƏYİŞƏN SƏSVERMƏ

Böyük Britaniyanın Avropa Birliyindən çıxmasına səs verilən referendum dünya mediasının aparıcı mövzusudur.

«The Financial Times» qəzetində Philip Stephens yazır ki, bircə səsvermə hər şeyi dəyişdi. Yarım əsrədək bir müddət ərzində cızılan iqtisadi və xarici siyasət bir gecənin içində kursunu dəyişdi. «Böyük Britaniya millətləri parçalandı; İngiltərə metropolit şəhərlər və postindustrial vilayətlərə bölündü. Bu səsvermə qloballaşmaya qarşıydı. Bu qərar Avropanı və Qərbi zəiflədir. Buna «siyasi zəlzələ» demək belə azdır», - müəllif yazır.

«AB-yə qarşı səsvermə Böyük Britaniyanın özünə qarşı çevrilə bilər. Birlikdən çıxmaq tərəfdarları ingilis millətçiləri idi. Şotlandiya və Şimali İrlandiya qalmaq istəyirdi. Elə London da. Bir birlikdən çıxmaq digərinin də sonunu gətirə bilər. İndi şotlandlar əldən düşmüş İngiltərədənsə Avropanı seçsələr, onları kim suçlaya bilər? Elə Şimali İrlandiya da oxşar addım atsa, onda necə?.. Qədim rejimə qarşı bu üsyanın siyasi titrəyişləri Britaniyanın sahillərindən kənarda da hiss olunacaq. Bu, Avropaya böyük zərbədir, liberal demokratiyalardakı oturuşmuş partiyalara isə bir xəbərdarlıqdır. Bu nəticəni təkcə qloballaşmaya qarşı üsyan formalaşdırmadı, Brüsseldəki avtokratlara Britaniya antipatiyasının da rolu az olmadı. Ən çox da immiqrasiya məsələsi təsirini göstərdi. Bu ölkə həmişə dünyaya açıq olub. Amma vətənpərvərlik genişlənərək necə də asanlıqla dargözlü millətçiliyə çevrilirmiş», -müəllif yazır.

Bəhreyndə Səudiyyə qoşunları.
Bəhreyndə Səudiyyə qoşunları.

İRAN BƏHREYNƏ MÜDAXİLƏ EDƏ BİLƏR?

«Stratfor» Araşdırmalar Mərkəzi isə Bəhreyndə baş verənlərdən yazır. Mərkəz qeyd edir ki, «Ərəb baharı» zamanı Bəhreyndə şiə üsyanı başlayanda, İranın şiə hökuməti buna Şərqi Ərəbistanda məzhəb balansını dəyişmək fürsəti kimi baxdı. Ancaq bu niyyətlər dərhal boğuldu, Səudiyyənin başçılığı ilə hərbi müdaxilə sayəsində krallığa sünni nəzarəti saxlandı. Ər-Riyadın dəstəyi Bəhreyn hökumətini cəsarətləndirdi. Son dövrlər ölkənin şiə müxalifətinə qarşı təzyiqlər daha da sərtləşib. Amma sosial təzyiq gücləndiyindən Manamanın addımları özünə qarşı çevrilə, Tehran Fars Körfəzində şiə itaətsizliyini yenidən qızışdıra bilər.

Son bir neçə həftə ərzində Bəhreyn hökuməti siyasi narazıları əzməkdədir. Mötədil «Al Wefaq» hərəkatının fəaliyyətini dayandırıb, qurumun baş katibi Ali Salman-ın həbs müddətini uzadıb. İnsan haqları fəalı Nabeel Rajab həbsə atılıb, siyasi fəallara səyahət qadağası qoyulub. İyunun 20-də isə Manama tanınmış şiə ruhanisi Şeyx Isa Qassim-in vətəndaşlığını alıb. Hakimiyyət onu siyasi məqsədlərlə dini əhvalı qızışdırmaqda, İrana və İraqa qanunsuz yolla vəsait göndərməkdə ittiham edir.

«Stratfor» yazır ki, Manamada bu mühafizəkar yanaşma bir müddətdir alovlanırdı. 2011-ci ildə Səudiyyənin müdaxiləsi ilə şiə üsyanları yatırdılanda, Kral Hamad bin Isa Al Khalifa krallıqda sabitliyin belə sürətlə pozulmasından sarsıldı. O zaman Bəhreyn rəsmiləri həvəssiz də olsa, şiə müxalifətinin mötədil fraksiyaları ilə danışıqlara getdi, hərəkatı zəiflədəcəyinə ümid bəslədi. Ancaq 2013-cü ildə də nümayişlər davam etdi, etirazçılarla təhlükəsizlik qüvvələri toqquşdu. Hökumətin özündə müxalifətlə sərt davranmaq çağırışları artırdı. Hakimiyyət ölkə demoqrafiyasını da dəyişməyi hədəflədi və sünni suriyalı qaçqınlara vətəndaşlıq verməyə başladı.

Bu arada İrandan və onun şiə müttəfiqlərindən Bəhreyn hökumətinə qarşı sərt bəyanatlar gəlməkdədir. İslam İnqilabı Qvardiyasının rəhbəri general mayor Qassem Soleimani xəbərdarlıq edib ki, hökumət qırmızı xətti keçir, təkcə Bəhreyn deyil, bütün region alovlana bilər.

«İnqilab qvardiyasında İranın mötədil prezidenti Hassan Rouhani-yə rəqib sayılan bəzi fraksiyalar Bəhreyndəki duruma özlərini siyasi baxımdan təsdiqləmək fürsəti kimi baxa bilər. Bu alovlu ritorika gizli hərəkətə çevriləcəkmi, bunu zaman göstərəcək», - «Stratfor» yazır.

XS
SM
MD
LG