Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:56

R.Qaraca. O vaxtlar çox adam belə edərdi


Rasim Qaraca
Rasim Qaraca

-

Vaxtilə ailələrində doğulan uşaqlar bir neçə ay yaşayıb tələf olurmuş. Axırda ağsaqqalların məsləhəti ilə, doğulan uşağa erməni adı qoyublar, bəlkə cinlər murdar bilə, toxunmaya. Ancaq cinlər bir yana, ərgənlik yaşına çatanda bu “erməni” qızına heç kim elçi düşməyib, qarıyıb evdə qalıb.

Rasim Qaraca

TANYA

Moskva
Moskva

O vaxtlar çox adam belə edərdi, əsgərlikdən qayıdıb doğma el-obasında özünü tapa bilməyən cavan oğlanlar Rusiyaya, əsgərliyini çəkdiyi yerlərə qayıdardı.

Şamil də belə etmişdi. Əsgərlikdə Moskva şəhərində, inşaat batalyonunda qulluq etmişdi. Hərbi xidməti başa vurub evə qayıtmışdı, bir-iki ay fırlanıb təzədən Moskvaya dönmüş, böyük bir inşaat firmasında işə düzəlmişdi.

İnşaatda işlədiyi vaxtlarda belə bir hadisə olmuşdu. Bunu mənə özü danışıb. Tanya adlı bir qızla dostluq edirmiş. Qız da Rusiyanın ucqarlarından paytaxta gələnlərdən olub, şəhərdə hər hansı qohumu, yaxın bir adamı və ya rəfiqəsi yoxmuş, bəlkə buna görə Şamilə bağlanıb. Ancaq münasibətləri hələ dostluqdan sevgiyə keçid aşamasındaymış ki, oğlan qəza keçirib, xəstəxanaya düşüb. Cəmi üç gün yatıb geri qayıdıb. Necə olubsa, qızın bundan xəbəri olmayıb.

Tanya qaldırıcı kranın operatoru imiş. Şamil inşaat meydançasında görünəndə göyün üzündən bir qışqırtı səsi eşidib:

“Şaaaamiiiil”.

Krandan aşağıya enincə bir neçə dəfə büdrəyib, az qala yıxılacaqmış. Şamilə çataraq onu bərk-bərk qucaqlayıb, bağrına basıb, beləcə, bir müddət dayanıblar.

Qız Şamildən ötrü çox darıxdığını söyləyib. Təfsilatını bilmirəm, ancaq bizim oğlanın dəliqanlı vaxtlarıymış, sevgi, evlilik haqqında düşüncələr ona ciddi görsənmirmiş.

Qarabağ müharibəsinin qızğın vaxtlarında Şamil Moskvadan qayıdıb gəldi. Artıq inşaatdan uzaqlaşmış, biznesə başlamışdı, Özbəkistandan dəri gödəkçələr gətirib Moskvada satır, yaxşı pul qazanırdı. Ancaq işini yarımçıq buraxıb Azərbaycana qayıtmasının səbəbi başqa idi.

Şamil adam öldürmək istəyirdi. Daha doğrusu, adam öldürməyi öyrənmək istəyirdi. Bundan ötrü könüllü olaraq cəbhəyə yollanacaq və öldürmək təcrübəsi qazanacaqdı.

Bu istəyinin səbəbi vardı: Moskvada ondan mal götürən bir oğlanın çantasında çox böyük miqdarda pul varmış. Şamil heç bir iz buraxmadan onu öldürüb pulu götürə bilərmiş. Ancaq bunu bacarmayıb. Qərar verib, amma son anda buna iradəsi çatmayıb.

Bu cür fürsətlər tez-tez düşürmüş. Şamilin düşüncəsinə görə, əlindən adam öldürmək gəlməyən insan əsl mənada böyük var-dövlət sahibi ola bilməzdi.

Necə oldusa Şamil cəbhəyə yollanmadı, o söhbət də elə söhbət olaraq qaldı. Yenidən Moskvaya qayıtdı, yenə dəri gödəkcə ticarətinə davam etdi. Bir gün Daşkənddə, gecə vaxtdı otelə qayıdarkən parkda üç nəfərlə dalaşıb. Siqaret istəyiblər, yandır deyiblər, sonra da ciblərini boşaltmasını istəyiblər. Əlbəyaxa olublar, özünü qorumaq üçün bıçağa əl atıb. Gənclərdən biri yaralanıb. Bu təfsilatlar o qədər də maraqlı deyil. Qısası, cinayət işi açılıb, Şamil istintaq zamanı aradan çıxmağı bacarıb. Əlbəttə, sənədləri prokurorluqda qalıb. Həştərxan üzərindən Dağıstana, oradan da dağ yoluyla Azərbaycana keçib.

Şamilin bundan sonrakı həyatını iki-üç cümləylə ifadə etmək olar: axtarışda olduğuna görə hər zaman dövlət orqanlarından gizlənməyə məcbur qalıb, sonrakı 25 ili pasportsuz yaşayıb, evlənməyib, özünə heç bir karyera qura bilməyib. Sənədləşməylə bağlı hər hansı bir işi olanda bunu qardaşının pasportuyla gerçəkləşdirib, öz adı gizli olub, qapalı yaşayıb, hər dəfə qapısı döyüləndə diksinib, qorxu keçirib.

Həbsxanada yatsaydı, bəlkə bu qədər iztirab çəkməyəcəkdi, hər nə olsa da 3-5 il sonra azadlıqda olacaqdı. Ancaq indiki halda özü-özünü ev dustağı etmişdi, bütün həyatını gizlənərək keçirmişdi.

İllər keçdikcə bu cür həyata alışmışdı Şamil. 90-cı illərdə Bakıda yaşadı, qardaşıyla birlikdə fərdi evlərdə təmirat işləri gördü. Qəza keçirib qabırğasını qırdı, iş qabiliyyətini itirdi. Şəhərdə keçinə bilmədi, doğulduğu qəsəbəyə qayıtdı, kasıblığın son həddində yaşadı. Heç vaxt pul artırıb özünə yeni pasport ala bilmədi. Cəmi 500 manat rüşvət istəmişdilər, ancaq Şamil bu pulu heç vaxt düzəldə bilmədi. Hər dəfə söhbət eləyəndə “qoy hələ pasportumu düzəldim” deyirdi.

Anuş adlı bir qızla evləndi. Ancaq bu necə evlilik idi? Çox gec yaşlarda, artıq qohum-əqrabanın qınağından bezərək evlənməyə razı olmuşdu.

Yetim bir qız idi Anuş, anası rəhmətə getmiş, atası içkiyə qurşanmış kasıb ailənin qızı. Vaxtilə ailələrində doğulan uşaqlar bir neçə ay yaşayıb tələf olurmuş. Axırda ağsaqqalların məsləhəti ilə, doğulan uşağa erməni adı qoyublar, bəlkə cinlər murdar bilə, toxunmaya.

Ancaq cinlər bir yana, ərgənlik yaşına çatanda bu “erməni” qızına heç kim elçi düşməyib, qarıyıb evdə qalıb. Bu qızı Şamilin bacısı soraq edib, tapıb, toysuz-düyünsüz gətirblər. O zaman Şamilin yaşı 50-ni haqlayıbmış, anasıyla birlikdə yaşayırlarmış. Gəlinin ayağı düşməyib, üç ay sonar arvad ölüb.

Evlənəndən sonra Şamilin zatən həbsxana həyatına bənzəyən həyatı bir az da daralıb, böyük qəfəsin içindəki balaca qəfəsin içinə girib yaşamalı olub. Deyib-gülmək, şənlənmək 35 yaşında ərə gəlmiş Anuşa yad idi, ya susar, ya da deyinərmiş. Şamil çox tez bir zamanda evlənməyinə peşiman olub, ancaq artıq bir uşaqları gəlmişdi dünyaya.

Beləcə, mən sonuncu dəfə görəndə Şamil məhzun bir həyat yaşayırdı. Gəncliyindən, əvvəlki boy-buxunundan, gur saçlarından əsər qalmamışdı, gözlərində ümidsiz bir kədər vardı.

Ordan-burdan danışdıq, keçmiş günləri xatırladıq, nədənsə söhbət gəlib Tanyanın üstünə çıxdı. Deyəsən, təsadüfən belə olmadı, Şamil 30 ildən artıq ürəyində gəzdirdiyi tikanı çıxarmaq istəyirdi. Yəqin ki, məndən başqa onun hekayətinə diqqətlə qulaq asan olmamışdı. Bax indi bu fürsət gəlmişdi. Şamil özü sözə başladı, həyatının taleyüklü səhvini dilə gətirdi:

-Aaaah, Taanyaaa… - sınıq qabırğasının altından səsi fışqıraraq çıxırdı, elə bil ilan fısıldayırdı, - o necə uçmaq idi, o necə sevinc, necə sarılmaq idi. Kor oldum, qəlbini gömədim, böyük sevgini küləyə verdim…

30 il keçəndən sonra başa düşmüşdü Tanyanın sevgisini. İndisə artıq gec idi. Çox şey demək istəyirdi, ancaq fışıltılı sinəsindən yalnız bu sözlər qopurdu: “Taanyaa, Taanyaaa”…

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG