Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:16

Mövlud Mövlud. Səndən adam olmayıb, olmayacaq da!..


Mövlud Mövlud
Mövlud Mövlud

-

Martın 16-da intihar xəbəri yayılmış yazıçı Mövlud Mövludun ötən il Azadlıq Radiosunun Oxuzalı-nda çap olunmuş hekayəsi.

'Mən açıq deyirəm, əlamətdar Qolf Yarışlarının ölkəmizdə keçirilməsinə sevinməyənlərin qanını yoxlatmaq lazımdır...'

Mövlud Mövlud

Müəllimlik müqəddəs peşədir

1.

Şükür müəllim beşcə dəqiqə gecikən kimi Bahadur müəllimin dəfi dönürdü, bağırtısı həyəti başına götürürdü:

– Səndən adam olmayıb, olmayacaq da!

Arvadı onu yalvar-yaxarla, birtəhər kiridirdi:

– Bəsdi, bəsdi, sən Allah, incitmə camaatı!

– Yaxşı da, yaxşı, ağrıyırdım, çıxa bilmirdim evdən. – Şükür müəllim xəstəhal səslə dilini sürüyürdü.

Dostunun heysiz səsi Bahadur müəllimin oduna su sərpirdi, dəmir-dümürlərini yığıb, tərpənirdilər – haydı, çörəkpulu dalınca!

İşdə də həmən-həməniydi: Şükür müəllim xırxının yerinə mala, malanın yerinə çəkic verdimi, sementi yaxşı qarışdırmayıb zay elədimi, iş vaxtı mürgü döydümü, Bahadur müəllim dodaqlarını çeynəyib, onsuz da özündən təntik olan iş yoldaşını bir az da təntidirdi.

Arvadı hər gecə Bahadur müəllimi danlayırdı:

– Allahın olsun, özünü qan-qarğış yiyəsi eləmə. Bacarmırmı, çağırma, işləməsin sənnən. Çağırırsan, döz. Yazığa gün verib, işıq vermirsən, Allaha ağır gedər!

Müəllimlik kişi sənəti döyül, müəllimliklə bala saxlamaq olmaz

Uşaqları ibtidaini qurtaran il Bahadur müəllim məktəbi atmışdı.

Qohum-əqrəba, qonum-qonşu nə qədər desələr də, arvadı nə qədər dil töküb yalvarsa da, kişi heç kimi vecinə almayıb, iki ayağını bir başmağa dirəmişdi:

– Müəllimlik kişi sənəti döyül, müəllimliklə bala saxlamaq olmaz!

Kazana getmişdi – ordakı qohumlarına qoşulub ayaqqabı satmalıydı:

– Bir az əlimdə maya var, cavan vaxtı orda çox olmuşam, hər tinini-bucağını tanıyıram, şükür Allaha, eloğlular da ordadı!

Kazandan evə qara qəpik də göndərməmişdi Bahadur müəllim. Bircə məktublar var idi – qalın-qalın məktublar. Arvad-uşaq qışdan o məktubların nəfəsinə isinə-isinə çıxmışdı...

Çox yox, beşcə aydan sonra evin kişisi geri qayıtdı – əli boş, ürəyi dolu. Bəlli oldu ki, eloğluları neçə ay başının altına balınc qoyub yola veriblər, axırda deyiblər, sən müəllim adamsan, burda baş çıxara bilməzsən.

Əvvəl-əvvəl dostun-tanışın, qonum-qonşunun “Bə nooldu?” sualına bir cavab tapıb verə bilirdi: “Bir-iki sənəd-sünəd işim var, düzəldim, qayıdacam...”

Fəsillər dəyişdikcə bəhanələr tükənmişdi, yavaş-yavaş hamı başa düşmüşdü ki, Kazan dəftəri bağlanıb – özü də birdəfəlik.

Bahadur müəllim əvvəl məktəbə qayıtmaq istədi. Dedilər pul gətir. Olan-qalanı Kazanda qoyub gələn müəllim babada pul nə gəzirdi?! İndi onun daşyonandan, köhnə-külüş fəhlə paltarından savayı heç nəyi yox idi. Əvvəl məktəbdən, dərsdən vaxt tapıb, bir-iki xırda iş götürürdüsə, bundan belə əlini hər daşın altına qoymalıydı ki, bu ayı o birinə calaya bilsin.

O, hər gün donunu paçasının arasına yığıb, həyətdəki skamyada qonşu gəlinlərə ərinin qeybətini qırırdı

Bir də Şükür müəllim vardı. Ürəyindəki bir balaca nasazlığı (özü belə deyirdi) sağaldan kimi müəllim yoldaşının hoyuna yetməyə söz vermişdi.

Bundan sonra söz Bahadur müəllimin arvadına verildi. O, hər gün donunu paçasının arasına yığıb, həyətdəki skamyada qonşu gəlinlərə ərinin qeybətini qırırdı:

“Müəllimliyi atdı kişinin oğlu, getdi pul qazanmağa. Dedim, məktəbdən biryolluq çıxma, direktorla danış, iki-üç ay vaxt götür, nə olar, nə olmaz. Qulaq asmadı. Olan-qalanı süpürüb apardı, indi də gəlib üstümə. Mənə deyirdi uşaqlar yerdən qalxır, gün ağlamaq lazımdı. Bu da bunun gün ağlamağı. İşə götürən də yoxdu. Di get, di get, canın çıxsın, əlin qalsın dəmirlərdə!”

Bahadur müəllimin işdən qayıdan yorğun kölgəsi məhlənin o başında görünən kimi söhbət yarıda qalırdı:

– A gəlin, a gəlin, əlimdən tut, dura bilmirəm. Gedim o yazığa bir tikə yemək qoyum.

2.

– Bax, beləsən də, adamı eşitmirsən. Sənə dedim ikicə saat da olsa, dərsin olsun, məktəbdən qopma. Ərizəni yazıb qaçdın. – Bunu Şükür müəllim dedi.

– Pah! Məktəbdə qalıb, neyləmisən? Acından günorta durursan. Bütün günü onun-bunun qapısında hamballıq eləyirsən. Müəllimimə bax da! – Bunu Bahadur müəllim.

Bahadur müəllimin arvadının dərdi açıldı:

– A Şükür müəllim, sən buna qulaq asmaynan! Özü məktəbdən çıxdı, budu bax, müstahax qalıb. O vaxtı dedim, tələsmə, səbrini bas, yavaş görək, nə olur…

– Cəhənnəmə vasil ol, bu saat ölünü-dirini bir-birinə qatacam! – Bahadur müəllim nərə çəkdi.

– Bax, onu bilərsən sən... – Arvadı bunu bərkdən dedi. – Ölümün yanına get elə. – Bunu yavaşdan.

Hər dəfə belə olurdu: Axşam işdən bir qayıdırdılar. Şükür müəllim deyinirdi, deyirdi burax, gedim evimə-eşiyimə.

– Şükür, arvad bu vaxta sənə yemək saxlayan döyül. Gəl bizdə ye, gedərsən.

Bahadur müəllim istəyirdi, dostu məktəbi rədd eləsin, işlərin hamısına birənti getsinlər. Deyirdi, nə görmüsən bu müəllimlikdə?

– Hə, özünə ağladığın gündən buna da ağla! Çıxar məktəbdən, pis günə qoy! – Arvadı yuduğu qab-qacağı bir az da bərk şaqqıldadırdı ki, deyinməyini kişisinin qulağı çalmasın.

– Kəs o poxunun səsini! – Bahadur müəllim qab-qacağın səsinəmi hirslənirdi, arvadının mızıltısınamı, bilmək olmurdu.

Şükür müəllim:

– Elə demə, sabah bunun pensiyası-zadı var.

Bahadur müəllim:

– Belə günnən hələ bir pensiya yaşına çatmaq istəyir. Bəxtəvər başına! Pensiya almaq istəyir kişinin oğlu, zırt!

Bahadur müəllimin arvadı:

– Elə demə, elə demə, sən canın, yazıqdı, balaları var!

Gecə Şükür müəllim icazə alıb, mürəxxəs olmaq istəyəndə dostu sarı beşliyi ona uzadırdı – Xoşum gəldi səndən, yaxşı işlədin bu gün.

– Sağ ol, sağ ol!

Şükür müəllim həyətdəki köhnə hamamda əynini dəyişib çıxırdı, Bahadur müəllim gözünü qıyıb gülürdü:

– İndi guya bunun biri köhnədi, biri təzə? Sən canın, səhv salmırsan ki? Ayə, vallah, iş paltarın bundan yaxşıdı.

Arvadın gücü ərinə göz ağartmağa çatırdı.

Bir dəfə belə olmadı: Axşam yeməyi yeyəndən sonra Şükür müəllim iş yoldaşını əlini cibinə salmağa qoymayıb, xahiş elədi ki, bir dəqiqə onunla çölə çıxsın.

Şükür müəllim ürəyinin müalicə pulunu çatdıra bilməyibmiş. Gələnaykı Qolf Yarışlarına görə hamı kimi müəllimlərin də maaşını kəsiblər, o da məcbur olub, Bahadur müəllimdən borc istəsin, deyib hissə-hissə qaytararam:

– Bədbəxt oğlu bədbəxt, sən demə, dollarla krediti olub. Dollar qalxan kimi əlində-ovcunda olanı aparıb, krediti bağlayıb, müalicəyə bir şey qalmayıb. Deyir neçə gündü ağrılarım başlayıb. – Bahadur müəllim əsnəyə-əsnəyə yatmağa getdi.

Birinci dəfəydi ki, arvadı kişisinin kiməsə borc verməyinə söylənmirdi, “Özümüz nə gündəyik ki, ona-buna borc paylayırsan?” demirdi, birinci dəfəydi söz-söhbət Bahadur müəllim arvadın dədəsinin qəbir daşındakı şəklini söyənə kimi böyümürdü.

Arvad: “Vay-vay! Yarımçıq müalicədən pisi yoxdu, vallah. Yarımçıqdansa heç eləməyəsən”, – deyib yatmağa gedən ərinin dalına düşdü. Var gücüylə nəfəs aldı ki, nəfəsi od olub yorğun ərinin kürəyini yandırsın.

Onu vecinə almayan Bahadur müəllim yorğun ulaq kimi başıaşağı, heysiz-heysiz çarpayıya tərəf getdi, başını balınca qoymağıyla yuxulamağı bir oldu.

3.

Şükür müəllim yenə gecikmişdi. Bahadur müəllimin səsi yenə düzü-dünyanı götürmüşdü, hirsindən zəncir çeynəyirdi, amma dostu qapını açıb içəri girəndə mat qaldı. İş yoldaşının üz-gözündə həminki yorğunluq, həminki bezginlik yox idi, əli-ayağı bir yerdə durmurdu. Heç kimi ağzını açmağa qoymayıb, özü hər şeyi birnəfəsə danışdı:

– Bu gün direktor çağırdı. Dedi Birinci kanaldan zəng eləmişdilər. Qolf Yarışlarından danışmağa iki müəllim lazımdı. Özündən sonra məni məsləhət görüb. Deyir adlı-minnətli bir çıxış yaz, geyin-kecin, gəl! Yaxşı danışanları yarışa nəzarətçi aparacaqlar.

– Nəzarətçilərə pul verilir, eləmi? – Bahadur müəllimin arvadının səsi cingildədi.

– Hə, verirlər, – Şükür müəllim həyəcandan tərləmiş əllərini pencəyinin ətəyinə sildi.

– Pul verirlərsə, yaxşıdı. – Bahadur müəllim də güldü.

…İşdən qayıtmışdılar. Şükür müəllim yorulmuşdu, ac idi, amma yeməyə əlini də vurmurdu, yazdığı çıxışı oxuya-oxuya əzik-üzük dəsmalıyla alnının tərini silirdi:

Qolf klubu. Bakı
Qolf klubu. Bakı

– Bu gün dinamik inkişafına görə regionun lider ölkəsinə çevrilən vətənimiz, eyni zamanda, dünyada aparıcı idman ölkələrindən biri kimi tanınır. Lakin buna heç də asanlıqla nail olmamışıq. Bu uğurun mərkəzində Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunması, həmçinin gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. Bütün bu göstəricilər Azərbaycanda idmanın dinamik inkişaf tempinə malik olduğunu, idman uğurlarının davamlı xarakter daşıdığını bir daha təsdiqləyir. Yəni sadalanan uğurların əsasında idmana dövlət tərəfindən göstərilən yüksək səviyyəli qayğı durur. Bu yaxınlarda keçiriləcək Qolf Yarışları bu uğurlu siyasətin bariz göstəricisidir.

Yarışlar zamanı paytaxtımıza müxtəlif idmançılar, məşqçilər, rəsmi şəxslər, jurnalistlər gələcək. Yarış günlərində Avropanın, eləcə də, dünyanın aparıcı telekanalları vətənimizdən xəbərlər yayacaq, paytaxtımız növbəti dəfə dünya idmanının mərkəzinə çevriləcək.

Qolf Yarışlarının keçirilməsində əldə edəcəyimiz təcrübə gələcəkdə digər mühüm idman tədbirlərinə ev sahibliyi etməyimizə şərait yaradacaq və təcrübəmizi artıracaq.

Beynəlxalq və iqtisadi əhəmiyyəti ilə seçilən Qolf Yarışları ölkəmizin yürütdüyü idman siyasətinə dünyada verilən önəmin təzahürüdür. Digər tərəfdən, bu, dünya idman aləminə əsas mərkəzlərdən biri kimi daxil olan ölkəmizdə idmana münasibətin hər zaman yüksək səviyyədə olmasını sübut edir.

İndi isə məni narahat edən bir məsələyə toxunmaq istərdim. Bəzi qüvvələr bilərəkdən və ya bilməyərəkdən bu nüfuzlu yarışı qaralamağa, ölkəmizin dünya arenasında qazandığı uğurları gözdən salmağa çalışırlar. Mən burdan onlara səslənirəm, milli məsələlərdə bölücülük eləmək olmaz. Bizim torpaqlarımız işğal altındadır, bu tipli humanist tədbirlərin ölkəmizdə keçirilməsi xalqımızın dünyada mütərəqqi bir toplum kimi tanınmasına kömək edəcək. Biz belə məsuliyyətli və əlamətdar günlərdə yumruq kimi birləşməliyik, paytaxtımıza gələn turistlərə ölkəmizin həqiqətlərini, minillik tarixini təbliğ etməliyik.

Mən açıq deyirəm, əlamətdar Qolf Yarışlarının ölkəmizdə keçirilməsinə sevinməyənlərin qanını yoxlatmaq lazımdır. Qanı bizim millətdən olan hər bir vətəndaşımız bu mötəbər və möhtəşəm tədbirə yalnız və yalnız sevinə bilər!

Bir daha yarışa qatılan bütün idmançılara uğurlar arzulayır, xalqımızı bu böyük bayram münasibətilə təbrik edirəm!

– Nətəridi?

– Yaxşı yazmısan.

– Sən canın, düzmü deyirsən?

– Nəzarətçi gedəndə, bəri bax, gedib o qolf deşiklərinin birinə siyərsən!

– Eeeyy, səndən də bir ciddi söz eşitmək olmur.

Bahadur müəllimin arvadı dözmədi:

– Lap yaxşı yazmısan, Şükür müəllim, lap əla. Narahat olmaynan!

Sonra da burnunun altında mızıldandı:

– Yox, sənin kimi hamıya lağ-lağı eləyib, götdən-götə qalsın.

Şükür müəllim əlindəki kağızı cibinə qoya-qoya qabağında soyuyan dolmalara baxıb udqundu. Bahadur müəllimin arvadı çatdırıb, “Ver, qızdırım” deyincə dolmaları ovurduna doldurdu, boynunu büküb yazıq-yazıq gülümsədi…

Şükür müəllim getmişdi, amma sözü-söhbəti getmirdi:

– Görəsən, bəyənəcəklərmi?

– Bəyənərlər, niyə bəyənməsinlər?! Onlara nə lazımdı, onu yazıb.

– Nəzarətçiliyə görə deyirəm eyy, yazıqdı, evinə bir az pul aparsın.

– Əsas odu mən dediyimi eləsin... Deşik məsələsi...

– Sən də qəribə adamsan, necə də dolağına dözür eyy. Mən olsam, heç sənə oxumazdım.

– Çox istədiyindən ha oxumur, kimə oxusun bə? Kimi var məndən başqa?..

4.

Bu, nə dünənki şuxluq idi, nə həmişəki miskinlik. Şükür müəllimin üzündə-gözündə qançır yeri olsaydı, deyərdin kişini döyüblər. O, udqunmaq istəyirdi, udquna bilmirdi, hulqumu az qalırdı boğazından pırtlayıb çölə çıxsın.

Bahadur müəllim dostunun qaraldığını görüb duyuq düşdü – onu Birinci kanala çəkməmişdilər. Şükür müəllimin qırıq-qırıq dediyi bir-iki cümlədən belə bəlləndi ki, Birinci kanaldan gələnlər ona deyiblər sənin ağzında titan diş var. Titan dişi olan adam qolfdan danışa bilməz. Qolf elitar idmandı!

– Denən, ay ilan çalsın sizi, siz mənim yazdığıma baxın, neynirsiniz ağzımdakı dişi? Özlərindən şey çıxarırlar, qanına bələnmişlər! – Pəncərədən gələn səsi, yəqin ki, tanıdınız.

– Canın sağ olsun, başını burax. Götür bunları da gedək. İşimiz çoxdu! – Bahadur müəllim bu dəfə dostunu dolamadı…

İllüstrasiya
İllüstrasiya

Həmin axşam Bahadur müəllim işdən tək qayıtdı, içəri girən kimi, əynini dəyişməmiş, elə qapının ağzındaca arvadına qəti tapşırdı ki, diş söhbəti bir də açılmasın. Arvadının xasiyyətinə yaxşı bələd olduğuna görə sözlə deyəndən sonra gözünü gözünün içinə zilləyib sərt baxışla hədələdi də.

Sabahdan hər şey əvvəlki axarına qayıtdı:

– A kişi, sən canın, burax gedim evimə-eşiyimə.

– Şükür, arvad sənə yemək saxlayan döyül, gəl bizdə ye, gedərsən.

Titan diş əhvalatına heç kim qayıtmadı. Amma məktəbdən çıxmaq söhbəti hər gün açılırdı. Şükür müəllim deyirdi müəllimlik üz ağardan sənətdi, adamın alnını ağ eləyən, el içində hörmət qazandıran peşədi. Sözünə tarixdən qüvvət gətirib, dəlil-dəlalət eləyirdi:

– Bir dəfə Fateh Sultan Mehmet müəllimiylə ova çıxıbmış. Birdən müəlliminin atının dırnağından düz sultanın əbasına palçıq sıçrayır. Müəllim sarısını udur ki, bəs qanım getdi. Fateh Mehmet əbasını təmizləməyə cumanlara deyir dəyməyin, xocamın ayağının palçığı mənim əbamı şərəfləndirdi!

– Türklərlə bizi bir tutursan?

– Niyə tutmayım, bir millət deyilikmi?

– Türkiyədə müəllim sən geyən pencəkdən geyinmir.

Şükür müəllim söz tapmayıb, çarəsiz-çarəsiz gülürdü.

Bahadur müəllim sözünü belə bağlayırdı:

– Kəsəsi, Şükür, nə qədər ki, işləməyə dizində təpər var, o kifli otaqlarda ömrünü yelə vermə. Bax sənə deyirəm, müəllimliyin ümidinə qalacaqsansa, qara gününü indidən qab elə, qocalanda heç nəyin yiyəsi olmayacaqsan. Oğul-uşaq da boş şeydi, vallah, sabah adam ürəyini tuta yıxıla ha... Bəri bax, yaxşı yadıma düşdü, həkimə getdinmi, a yetim?!

– Getdim…

Bahadur müəllim də, arvadı da Şükür müəllimin zoğal kimi qızarmağını evin istiliyindən görürdülər.

5.

Harda qaldı bu? Evdə ilənir Allah bilir, hələ dedim tez gəl!

Vədələşdikləri vaxtdan heç on dəqiqə keçməmişdi, amma Bahadur müəllimin burnunun yeli saman sovururdu.

– Elə gecikən də deyil axı. Arvadı hirsli ərini sözlə sığallamaq istədi.

– Yüz dəfə demişəm, yanını yerə yapışdırma, bir az tez hərəkət elə, ayağını sürümə!..

Darvazanın şaqqıltısı kişinin sözünü ağzında qoydu. Bir şagird idi. Əli-ayağı əsirdi:

– Şükür müəllimin ürəyi tutub! Dərsdə yıxıldı, deyir, sizi çağıraq.

Bahadur müəllim uşağa tərəf qaçanda əlindəki dəmir-dümür yerə düşdü:

– Nə oldu, nə vaxt oldu?

– İndi oldu. Zəng vurulanda... Sinifdən çıxmaq istəyirdi, əlini sinəsinə tutub yerə domuşdu.

– Həkim çağırdınızmı?

– Səmra müəllimə çağırdı...

– Yanında kim var?

– ...

Bahadur müəllimin arvadı söhbətin dalını eşidə bilmədi. Əriylə uşağın səsi maşın siqnallarının arasında itib-batdı.

Ərinin xasiyyətinə yaxşı bələd idi, hövsələsinin dar vaxtı ona zəng eləmək, nəsə soruşmaq xəyalına düşsəydi, ölülərinin ruhu narahat olacaqdı. Gücü axşamı – kişisinin gəlməyini gözləyə-gözləyə deyinməyə çatdı:

– Kor olasınız sizi, kişini vərəmlətdilər. Dişinizi qurdlar yesin elə!

Bahadur müəllim hava qaralanda gəlib çıxdı. Qaş-qabağından sırsıra sallanırdı. Şükür müəllimi xəstəxanaya aparmışdılar. Hər şeyin üstü də orda açılmışdı. Bəlli olmuşdu ki, o, aldığı borcu iynə-dərmana yox, iki-üç saat artıq dərs almaq üçün direktora rüşvət veribmiş.

– Bəs niyə sənə deməyib?

Bahadur müəllimin ürəyi dolu idi, amma arvadının bu yersiz sualına əsəbiləşmədi:

– Bilir ki, qoymayacam da, bilir ki, qoymayacam verməyə. Yadında deyilmi, demişdi kurs götürəcəm, müalicə alacam, sən demə, pulu direktora verib, müalicəyə getməyib. Bu gün arvadı danışdı. Danışıbmış, səhəri həkimə getməliymiş, direktor çağırıb ki, boş dərs yeri var, dörd yüz gətir, sənə yazım. Bu da hərədən bir az-bir az yığıb, düzəldib. Deyib əşi nolar, gedərəm də, həkim qaçmır.

Arvad ağlamsındı:

– Qaçır də, ay bədbəxt oğlu, qaçır!

Bahadur müəllim arvadının çəkdiyi yeməyi yemirdi, yeyə bilmirdi, həvəssiz-həvəssiz dümələnirdi. Onun nəfəsi tıncıxdı, sinəsi qalxıb-endi:

– Yenə Şükür sinifdə yıxıldı, mən, Allah bilir, kimin qapısında səvərəcəm!

Arvadı içini elə çəkdi, elə bil əri bu dəqiqə kiminsə qapısında yıxılacaq:

– Elə demə, elə demə, qurban olum, balaların var!

Arvadının ona “qurban olum” deməyi müəllimin boğazını acışdırdı.

6.

Şər qarışmışdı, Bahadur müəllimin arvadı həyətdə ağlaya-ağlaya özünə qarğış eləyirdi:

– Ağzımdan yeyilmə çıxsın mənim! Yazığa gün verib, işıq vermirəm, it kimi əlini-ayağını yeyirəm. Yetimin balasının əli dəmirlərdədi gün uzunu. Fikir-zikir eləyər, yıxılıb qalar ordaca…

Eşik darvazasını bağlamaq üçün çölə çıxanda hamamın kirli pəncərəsindən Şükür müəllimin iş paltarını görmüşdü. Ona elə gəlmişdi ki, əri kiminsə qapısında yıxılıb, hamamdakı da onun paltarıdır.

Ağlaya-ağlaya özünə qarğış eləyən bu qadının bir az da gülməli göründüyünü gecənin qaranlığında bir Allah bəndəsi görmədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG