Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:15

Raymond Carver: "Qonorar vermədilər, amma eybi yox"


Raymond Carver
Raymond Carver

-

"Cənub müharibəni uduzanda o, Şimal tərəfə keçərdi... Atam bu hekayəti danışanda gülərdi."

Raymond Carver

(1938-88)

Mən necə yazıçı oldum

(ixtisarla)

Mən Vaşinqtonda Yakima adlı bir kiçik şəhərdə böyümüşəm. Atam odun fabrikində işləyir, bütün günü odun doğrayırdı, şalban rəndələyirdi. Anam ya dükanda satıcı işləyirdi, ya da ofisiant, heç bir işdə uzun müddət qalmırdı.

Onun tez-tez “əsəblərindən” danışdığını xatırlayıram. Mətbəxdə qabyuyanın altında əsəb dərmanı şüşəsi saxlayırdı, hər səhər bir neçə qaşıq qəbul edirdi.

Atamın əsəb dərmanı viski idi. O da bir şüşə saxlayırdı həmin qabyuyanın altında. Yadımdadı, bir dəfə onun dadına baxdım, heç xoşum gəlmədi, fikirləşdim, görəsən, bunu necə içirlər.

Yakimada kollec
Yakimada kollec

Böyüdüyüm ev iki yataq otağı, bir qonaq otağı olan kiçik ev idi.

Ordan-ora çox köçərdik, köçdüyümüz evlər bir-birinə bənzəyirdi. İlk xatırladığım evin tualeti həyətdə idi.

1940-cı illərin axırıydı. 8-10 yaşlarındaydım. Dayanacaqda oturub atamın işdən gəlməsini gözləyirdim. Saat kimi gəlirdi, düz vaxtında. Amma iki həftədə bir gecikirdi. O ətrafda dolaşırdım, növbəti avtobusu gözləyirdim, amma bilirdim onda da deyil.

Həmin günlər o, odunxanadakı dostlarıyla vurmağa gedirdi. Atam gəlməyən günlərdə anam, mən və balaca qardaşım şam masası ətrafında oturardıq, indiyə qədər o masadakı darıxmaq, o ümidsizlik hissi xatirimdədir.

Yazıçı olmağıma yeganə izahım bu ola bilər ki, atam öz uşaqlığı haqda çoxlu hekayələr danışardı mənə. Öz atası, babası haqqında. Babası Vətəndaş Müharibəsində vuruşmuşdu, hər iki tərəf üçün! Cənub müharibəni uduzanda o, Şimal tərəfə keçərdi... Atam bu hekayəti danışanda gülərdi. Bundan pis bir şey görmürdü, mən də pis baxmırdım.

Atam mənə lətifələr də danışardı, heç bir ibrətamiz tərəfi olmayan lətifələr. Onun hekayələrini dinləməyi, onun kampaniyasında olmağı çox sevərdim. Hərdən mənə kitab da oxuyardı. Zane Grey'in vesternlərini. Tez-tez olmurdu, amma bəzən onu divanda uzanıb bu kitabları oxuyan görürdüm.

Bu, şəxsi toxunulmazlığa yer verməyən bir ailədə mənə olduqca şəxsi hərəkət kimi görünürdü. Onun bu cür uzanıb kitab oxumasında mənim anlamadığım nə isə vardı, atamın bu tərəfi məni çox maraqlandırırdı. Ondan bu kitabı mənə də oxumasını istəyəndə başa düşməyəcəyimin qayğısına qalmadan özü harasında idisə, orasından da uca səslə oxuyardı. Bir az oxuduqdan sonra deyərdi: “Balaca, indi get başqa bir iş gör”. O qədər iş vardı ki. Balıq tutmaq, sonralar ördək də tuturdum...

Sonra evləndim. Mənim 18, onun 16 yaşı vardı və hamiləydi. Vaşinqtonda qızlar üçün Yepiskop məktəbini təzə bitirmişdi. Ona din, gimnastika, fizika, ədəbiyyat, xarici dillər öyrətmişdilər.

Raymond Carver kitabları
Raymond Carver kitabları

Onun Latın dilini bilməsi məni dəhşətli dərəcədə təsirləndirirdi! Latın! Bəlkə də ona birinci dəfə buna görə aşiq olmuşdum.

O, evliliyin ilk illərində mənim kimi kollecə getmək istədi, amma onun üçün çox çətin oldu, mümkün olmadı. Ailəsinin də imkanı olmadı onu oxutmağa. Anasının məndən zəhləsi gedirdi, indi də zəhləsi gedir. Arvadım oxuyub Vaşinqton Universitetinə girmək, hüquq oxumaq istəyirdi, əvəzində isə mən onu hamilə etmişdim, evlənib ailə həyatına başlamışdıq.

17 yaşında birinci, 18 yaşı olanda ikinci uşağımızı dünyaya gətirdi. Nə deyim? Gəncliyimiz olmadı. Necə oynayacağımızı bilmədiyimiz rolları oynayırdıq. Sonra axır ki, o, kolleci bitirdi. Evlənməyimizdən 12, ya 14 il sonra.

O çətin illərdə mən gecələr yazır, gündüzlər dərsə gedir, bakalavr dərəcəsi üçün oxuyurdum. Həmişə işləyirdik. Arvadım ev işlərinə, uşaqlara baxırdı, amma bununla belə, bir telefon şirkətində işləyirdi. O işə gedəndə uşaqların yanında dayə qalırdı. Mən universiteti bitirdim, olanımızı qoyub maşın aldıq, oturub getdik Ayova şəhərinə.

Mənə Dick Day adlı bir müəllimim Ayova Yazıçı Emalatxanası haqda danışmışdı. Bu müəllim həm də mənim bir hekayəmi, bir neçə şeirimi ora göndərmişdi. Onlar da mənə beş yüz dollarlıq qrant ayırmışdılar.

O vaxt üçün yaxşı pul idi. Onlar dedilər ki, qalıb oxuyum, daha çox pul verərlər, amma qalmaq imkanımız yox idi. Mən öz şəhərimizdə saatına 2 dollar hesabıyla kitabxanada işləyirdim, arvadımsa ofisiant. Qayıtdıq geriyə...

Sonra bir xəstəxanada gecə növbətçisi işi tapdım. Yaxşı iş idi, hər gecə iki-üç saat işləməliydim, amma səkkiz saatın pulunu alırdım. İşimi görən kimi gedə bilirdim. Odur ki, gecələr işləyib gündüzlər yazırdım. Bütün gün əlimdə olurdu. Sonra başladım evə getməkdənsə gecələri gedib içməyə. 1967-68-ci illər idi.

Bir gün məktub aldım ki, hekayəm bir jurnala, şeirim isə başqasına qəbul edilib. Dəhşət gün idi! Ən gözəl günlərdən biri. Arvadım və mən maşına oturub şəhər boyu sürür, qəbul haqda bu iki məktubu bütün dostlarımıza göstərirdik. Bu, bizim həyatımıza çox gərək olan dəyəri qatmışdı.

“Pastoral” adlı hekayə idi, “Western Humanities Review” dərgisində. Yaxşı ədəbiyyat jurnalıdır, hələ də nəşr olunur. Mənə qonorar vermədilər, amma eybi yox.

Şeir isə “The Brass Ring” adlanırdı, Arizonadakı bir jurnal qəbul edib çap etdi. İndi o jurnal “Targets” adlanır. Həmin nömrəsində Charles Bukowski-nin də şeiri var idi və mən onunla eyni jurnalda çap olunmaqdan qürur duyurdum. O, mənim üçün qəhrəman kimi bir şey idi...

XS
SM
MD
LG