Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:33

Stalin dedi: «Siz türk deyilsiniz...»


1-ci Türkoloji qurultay
1-ci Türkoloji qurultay

-

Tarixşünaslığa «azərbaycanlı» ifadəsi nə zaman və necə gəldi?
Gözlə

No media source currently available

0:00 0:29:59 0:00
Direct-ə keçid

«Bakıda çağrılan I Türkoloji Qurultaydan hər iki tərəf qazandı».

AzadlıqRadiosunun «İz» proqramına bu sözləri möhtəşəm qurultayın 90 illiyinə həsr olunmuş verilişdə tarixçi alim Anar İsgəndərov söylədi.

YENİ İŞĞALLAR EŞQİYLƏ İRƏLİ

Aparıcının: «İşğalın ilk illərində bolşeviklər hansı səbəbdən Bakıda Türkoloji qurultay keçirdilər» sualını cavablayan Anar İsgəndərov qırmızı rejimin yeni işğallar sevdasında olduğunu vurğuladı: «Qarşıda İran, hətta Türkiyə vardı. Əfqanıstan vardı. Orta Asiya tam işğal olunmamışdı... Bütün bu ərazilərin işğalından ötrü böyük bir təbliğata ehtiyac vardı. Təbliğatın da mahiyyəti bundan ibarət idi: Yeni quruluş müsəlman türkləri sevir, oradakı proletariatın qayğısına qalır, kəndliyə torpaq, fəhləyə zavod-fabrik vermək istəyir. Üstəlik, onların da sahibkarlarını buradakı sahibkarlar kimi etibarsız sayaraq, sürgünə göndərmək istəyir... Bunun üçün nə etmək lazımdır? Şərq xalqları ilə bağlı Avropadakı fikirləri birdəfəlik aradan qaldırmaq lazımdır ki, əslində, bu ərazilər işğal olunmayıb, könüllü şəkildə birləşiblər. Bolşevik dövləti də onların qayğısına qalır. Onların əlifbayla bağlı yüzüllərlə reallaşmayan arzularını gerçəkləşdirir. Həm də onların dilini, tarixini, mədəniyyətini ortaq etmək istəyir».

QAZANAN TƏRƏFLƏRDƏN BİRİ - TÜRK XALQLARI

Tarixçi alim bu mənada 1926-cı ilin fevral-martında Bakıda keçirilən qurultayın sovet ideoloqlarının düşüncəsiylərəhbərliyə böyük uğur gətirməyə hesablandığını dedi. Aparıcının: «Uğur gətirdimi» sualına Anar İsgəndərovun cavabı belə oldu: «Əslində, hər iki tərəf qazandı. Yalançı təbliğat sovetlərə, doğrudan da, uğur gətirdi. Amma qazanan tərəflərdən biri də türk xalqları oldu. Nə üçün? Bu gün də biz türk xalqlarını birləşdirmək üçün ortaq tarixə, ortaq dilə ehtiyac duyuruq. Eyni zamanda inteqrasiya baxımından türk dünyası dünyaya nə verib, nə alıb? Onlar çox maraqlı gediş etdilər. Dünyanın hər yerindən həm türkdilli tarixçiləri, həm də qeyri millətlərdən olan türkoloqları Bakıya çağırdılar. Qurultaya qatılan 131 nümayəndənin çoxu qeyri-türklər idi. Akademiklər - V.V.Bartoldt, N.Y.Marr, A.E.Krımski, N.N.Poppe, Fuad Köprülüzadə dünyanın qəbul etdiyi simalar idi. Eyni zamanda Əli bəy Hüseynzadə kimi dahi Türkiyədən dəvət olundu. Qurultay iki böyük insanın - türk xalqlarının tarixində əvəzsiz şəxsiyyət kimi anılan İsmayıl bəy Qaspralının və Orxon-Yenisey abidələrini aşkarlayan Radlovun şərəfinə düzənlənmişdi».

YENİ ƏLİFBAYA KEÇİD - ARZULAR, PLANLAR

Anar İsgəndərov türk xalqlarının qazanclarını belə sadaladı: «Biz qazandıq ki, türk xalqlarının diliylə, tarix və ədəbiyyatıyla bağlı bütün problemlər müzakirəyə çıxarıldı. Bir az əvvəl hamı ərəb əlifbasından latına keçmək istəyirdi, amma keçməyin yolları müxtəlif idi. Azərbaycan 1923-cü ildə yeni əlifbaya keçməklə bağlı qərar vermişdi. Bu plan Azərbaycan Cümhuriyyəti dövründə şəkilləndirilmişdi. Arzu Mirzə Fətəli Axundzadədən qaynaqlanırdı. Orta Asiya xalqları da bu əlifbaya keçmək üçün ortaq məxrəcə gəlmək istəyirdilər. Sovet dövləti onlara çətin olan problemi asanlaşdırdı».

131 NÜMAYƏNDƏ, 17 İCLAS, 38 MƏRUZƏ, 7 BÖYÜK PROBLEM

Anar İsgəndərov qurultayla bağlı detalları belə açıqladı: «Qurultay 1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda - «İsmailliyə» binasının geniş zalında baş tutdu. 131 nümayəndənin qatıldığı qurultay 17 iclas keçirdi. Türk dünyasının dilinə, tarixinə, etnogenezinə, etnoqrafiyasına, ədəbiyyatına və mədəniyyətinə aid 38 məruzə dinlənildi, türk dillərinin 7 böyük problemi müzakirəyə çıxarıldı. Dil haqqında, ləhcə, dialektologiya və eyni zamanda türk dili və türk dili ilə bağlı dillər haqqında. Məlumdur ki, tarix boyu türklərin təsiri altında olan millətlər - qeyri türklər olub. Osmanlı bu ərazilərdə öz dilini zorla yaymayıb. Amma Osmanlının ədaləti məcbur edib ki, həmin xalqlar bu dili öyrənib. Qurultayda etnik qruplardan biri səlis türkcə danışaraq bildirmişdi ki, Osmanlının bizə verdiyi ən böyük uğur o olub ki, heç zaman vergini türklərdən çox vermədik. Dini abidələrimiz təhqir olunmadı. O şirin dili öyrənməkdə qazancımız o olub ki, hər hansı məsələnin müzakirəsində çətinliyə rast gəlməmişik».

Anar İsgəndərov
Anar İsgəndərov

QURULTAY SƏRHƏDLƏRİNİ AŞDI

Tarixçi alim möhtəşəm qurultayın öz sərhədlərini aşdığını ayrıca vurğuladı: «Çünki dəvət olunan nümayəndələr o qədər çox idi ki, bu insanların bir yerə yığışması o dövr üçün böyük hadisə idi. Təkrar edirəm: hadisələrin böyüklüyünü görən sovet hökuməti həmin qurultayın bir daha toplanmasına razılıq vermədi. Amma hadisədən 90 il keçir. Bu gün də bizim o qurultayın aktuallığına ehtiyacımız var. Çünki 90 il öncə də qurultayın ana xətti ondan ibarət idi ki, türk dilinin ölməməsi üçün ortaq türk dilinə ehtiyac var, obyektiv türk tarixinin yazılması üçün ortaq tarixə ehtiyac var və eyni zamanda xalqların birləşməsi dövlətlərdən asılıdır və dövlətlər bu istiqamətdə işlər aparmalıdır».

II QURULTAY NİYƏ KEÇİRİLMƏDİ? AYIR, BUYUR!

Anar İsgəndərov həmin dövrlə bağlı bir məqama da diqqət çəkdi: «Əslində, sovet ideologiyası ziyalıların üstündən birmənalı xətt çəkə bilməmişdi. Din adamları ilə bağlı qadağalar işğalın ilk ilindən başlasa da, ziyalılar hələ saf-çürük edilirdi. Ziyalıların kütləvi repressiyaları 30-cu illərin ortalarından başladı. Görürsünüzmü, qurultay uğurla bitdi. Tarixi qərarlar aldı. Və 1929-cu ildə Özbəkistanın Səmərqənd şəhərində II qurultay keçirilməliydi, amma keçirilmədi... Nə üçün? Artıq sovet hökuməti başa düşdü ki, türkləri və türkdilli xalqları bir-birindən ayırmaqla qazana bilər, birləşdirməklə yox!».

«AZƏRBAYCANLI» İFADƏSİ TARİXŞÜNSALIĞA BELƏ GƏLDİ

Tarixçi alim sovet dövlətinin başçısı İ.V.Stalinin30-cu illərdə işlətdiyi və bir millətin adını dəyişməyə yönəlik sözünə də diqqət çəkdi: «Stalin Moskvada keçirilən Azərbaycan Mədəniyyət Ongünlüyündə (1938-ci il - red.) belə bir ifadə işlətdi: «Siz türk deyilsiniz. Siz midiyalıların törəmələrisiniz-siz azərbaycanlılarsınız!». Artıq ondan sonra nə Azərbaycanın rəsmi sənədlərində, nə tarixində «türk» sözü işləndi. «Türk» sözü işlədən hər bir ziyalı özünə problem yaradırdı. Və beləliklə, Azərbaycan tarixşünaslığına «azərbaycanlı» ifadəsi gəldi, «türk» sözü çıxarıldı...».

QURULTAYIN DAHA BİR UĞURU - «TÜRKOLOGİYA» JURNALI

Anar müəllim türk xalqlarının birləşdirilməsi məsələsinin cümhuriyyət dövründən başlandığını vurğuladı: «Sadəcə, bu işi gerçəkləşdirmək 1926-cı ilin payına düşdü. Təbii ki, ondan sonra bu istiqamətdə işlər görülmədi. Amma qurultayın səbəb olduğu bir uğurlu işi də qeyd etmək istərdim. Qurultayda qərara alındı ki, «Türkologiya» jurnalı nəşr olunsun. Xoşbəxtlikdən, həmin jurnalı Azərbaycan türkoloqları bu günədək yaşatdılar. Vaxtilə mərhum dilçi-alim Aydın Məmmədov jurnalı o səviyyəyə qaldırmışdı ki, dünya türkoloqları onun çıxmasını səbirsizliklə gözləyirdilər. Orada məqalə çap etdirmək də böyük şərəf sayılırdı».

AKOP AÇARYAN TÜRKOLOJİ QURULTAYDA...

Anar müəllim qurultaya qatılan Akop Açaryandan da söz açdı: «Qurultayın stenoqramında onun 21 dəqiqəlik çıxışı var. Dillə, tarixlə bağlı. Sonralar Türk Dil Qurumunun yaradılmasında Mustafa Kamal Atatürk ona böyük etimad göstərmişdi və elə bu üzdən Açaryan (daha sonra «Dilaçar» kimi tanınıb – red.) dil tarixində çox böyük şəxsiyyətlərdən sayılır. Bu gün Türkiyə Cümhuriyyətində və kənarda yaşayan ermənilər iddia edirlər ki, Osmanlılar nəinki onları məhv ediblər, hətta dillərini əllərindən alıblar. Açaryan isə birmənalı elan edirdi ki, erməni dilinin qorunmasında Osmanlının böyük xidməti olub və indiki Türkiyə Cümhuriyyəti də bu istiqamətdə böyük iş aparır».

SUAL: «SOVET DÖVLƏTİNİN DÜŞMƏNİ KİMDİR?» CAVAB: «TÜRKİYƏ!»

Tarixçi alim son dövrlərdə ortaq türk tarixinin yazılması, eləcə də Azərbaycan və Türkiyə dilçilərinin bu istiqamətdəki uğurlarından da danışdı: «Bütün bunlar göstərir ki, bünövrəsi həmin türkoloji qurultayda qoyulan məsələlər bizə örnəkdir və bizdən tələb edir ki, bu istiqamətdə işləri davam etdirək. Sovet dövlətinin sonrakı dövründə vahid sovet xalqı, sovet ideologiyası, böyük rus xalqı, rus mənəviyyatı nə qədər təbliğ olunsa da, türk xalqlarının tarixindəki oxşarlıqlar, eyni zamanda vahid tarix yaratmağın yolları beyinlərdən silinmədi. O da bizə məlumdur ki, 70-ci illərdə hər bir sovet, hətta azərbaycanlı tələbədən soruşanda ki, sovetlərin düşməni hansı dövlətdir, cavab: «Türkiyə Cümhuriyyəti» olardı... Bəs azərbaycanlılara doğma olan xalq hansıdır? Biz, təbii ki, erməniləri misal gətirərdik... Həyat göstərdi ki, ideologiya yanlış idi. Doğru olan odur ki, dünyada slavyan xalqları olduğu kimi, türk xalqları da var. Onların oxşar tarixləri, mədəniyyətləri və dili var və tarixin ən çətin məqamlarında bu xalqlarınbir-birinə isti münasibətləri olub».

«HAMISI GÜLLƏLƏNDİ!»

Anar müəllim aparıcının «Qurultay iştirakçılarının başına sonralar nələr gəldi» sualını belə cavabladı: «30-cu illəri kim yaşadısa, istər Bəkir Çobanzadə, istər Vəli Xuluflu, - hamısı güllələndi. Kim öz əcəli ilə öldüsə-öldü, qurultaya Azərbaycandan, Türkmənistandan, Özbəkistandan və başqa yerlərdən qatılanlar 30-cu illərdə yaşadısa, məhv edildilər. Əsərləri yasaqlandı. Ziyalılar nəyin üstündə güllələndi, ittiham maddəsi nəydi? Türkiyə dövlətinin casusu! Onların heç biri rahat həyat görmədi və 30-cu illər repressiyalarının ən dəhşətli şəkildə öldürülənlərin sırasında oldu...».

ƏLİ BƏY HÜSEYNZADƏNİN SON GƏLİŞİ

Anar İsgəndərov qurultayın fəxri qonağı Əli bəy Hüseynzadədən ayrıca söz açdı: «Bu, Əli bəyin Vətəninə - Bakıya son gəlişi oldu... Lap uşaqlıqdan rusca təhsil alsa da, Əli bəy ömrünün sonunadək türkçülük üçün çalışdı. Türk dünyası üçün parlaq bir zəka oldu. Elə bir məktəbin əsasını qoydu ki, nə isə yazsan, ona istinadsız keçinməzsən. Bir şeyi də deyim. Azərbaycan müstəqilliyə qovuşanda, Bibiheybət məscidinin bərpası məsələsi ortaya gələndə, hamı düşünürdü ki, yenidən yaratmaq üçün partladılan bir məscidin şəklini haradan tapmaq olar? Birdən-birə öyrəndilər ki, Əli bəy Hüseynzadənin bu adda bir rəsm əsəri var və o rəsmə görə məscid təzədən bərpa olundu. Bizlər həm də buna - Bibiheybət məscidinin - o müqəddəs yerin bərpasına görə, Əli bəy Hüseynzadəyə minnətdar olmalıyıq...».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG