Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:34

Komitə sədrinin adı keçən proses davam edib


Hicran Hüseynova
Hicran Hüseynova

«Hicran Hüseynova şəxsi işimlə tanış olub və məni arzusunda olduğum işə yox, Bakı şəhəri üzrə rayonlardan birinə icra başçısının müavini vəzifəsinə təyin etdirə biləcəyini söyləyib. Bunun qarşılığında isə məndən 170 min dollar istəyib»

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın adı hallanan 170 minlik qalmaqalla bağlı prezidentə müraciət olunub. Bu işdə zərərçəkən olan Eynur Kərimov İlham Əliyevə məktubunda yazıb ki, pulu Komitənin keçmiş aparat rəhbəri Səfər İmanova, o da öz növbəsində Hicran Hüseynovaya verib.

4 İL KEÇSƏ DƏ, PULUNU ALA BİLMİR

Zərərçəkmişin dediyinə görə, 2012-ci ildə Səfər İmanov ona Hicran Hüseynovanın yaxın qohumu olduğunu, onun vasitəsilə işə adam düzəldə biləcəyini deyib: «Mən Bakı şəhəri üzrə və Bakı şəhəri ətrafında müvəqqəti məskunlaşan rayonlardan birinin icra hakimiyyətlərində kiçik bir işdə işləmək arzusunda olduğumu söylədim. Səfər İmanov mənimlə bağlı Hicran Hüseynova ilə danışacağını bildirdi. Mən CV-mi S.İmanova verdim. Bir müddət sonra mənimlə əlaqə saxladı və Hicran Hüseynova ilə danışdığını dedi. Qeyd etdi ki, Hicran Hüseynova şəxsi işimlə tanış olub və məni arzusunda olduğum işə yox, Bakı şəhəri üzrə rayonlardan birinə icra başçısının müavini vəzifəsinə təyin etdirə biləcəyini söyləyib. Bunun qarşılığında isə məndən 170 min dollar istəyib. Deyilən pulu toplayıb Komitəyə getdim. Komitə sədri Hicran Hüseynova Aparat rəhbəri Səfər İmanovla birlikdə məni qəbul etdi. Gələcək fəaliyyətimdə heç bir çətinlik çəkməyəcəyimə, hər zaman mənə dəstək olacağına dair əminlik yaratdı. Pulu Səfər İmanova verdim. O da mənim gözlərim qarşısında Hicran Hüseynovaya verdi».

Eynur Kərimov məktubda qeyd edir ki, iki il «bu gün-sabah» deyə-deyə onu aldadıblar. İki ildən sonra pulu geri istəyib, amma dörd il keçsə də, ala bilmir. Ona görə də hüquq-mühafizə orqanlarına müraciət edib.

DEYİR, SÜBUTLARI VAR

Eynur Kərimov onu da qeyd edir ki, 170 min dolları Səfər İmanov vasitəsilə Hicran Hüseynovaya verdiyini və dəfələrlə onun qəbulunda olduğunu təsdiqləyən sübutları var.

«Səfər İmanov özü də bunu təsdiqləyir. Səfər İmanov komitə sədrinin hədə-qorxularına görə 4 azyaşlı uşağı və həyat yoldaşı ilə birgə bu ilin yanvar ayında ölkəni tərk edib. Səfər İmanov ölkəni tərk etdiyi zaman atası Bəbir İmanov komada olub», - Eynur Kərimov prezidentə yazır.

Zərərçəkmiş müraciətinin sonunda prezidentdən bu iş üzrə istintaqın düzgün aparılması, Hicran Hüseynova ilə üzləşməsinin təmin olunmasına göstəriş verməyi xahiş edir.

Səfər İmanov komitə sədrinin hədə-qorxularına görə 4 azyaşlı uşağı və həyat yoldaşı ilə birgə bu ilin yanvar ayında ölkəni tərk edib.

Hicran Hüseynova isə bir müddət əvvəl mətbuata açıqlamasında rüşvətlə bağlı ünvanına səslənən iddiaları yalanlamışdı: «Bunlar hamısı yalan, böhtandır. İkinci söhbət ola bilməz. Amma qoy araşdırsınlar. Baxsınlar, kimin burada günahı var, kim hansı işləri törədib? Jurnalistlərə, hüquq-mühafizə orqanlarının nümayəndələrinə, vəkillərə demək istəyirəm ki, etikanı qorusunlar. Hansısa adam haqqında bir şey yazanda əvvəlcədən faktları yoxlayıb, sonra yazsınlar. Məncə, heç kim haqqında belə çirkin yazıları yazmaq olmaz. Xüsusilə də dövlət məmurları haqqında belə yazıları yazanda fikirləşmək lazımdır».

Bu iş üzrə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə iş başlanıb. Baş Prokurorluğun məlumatında deyilir ki, keçmiş Aparat rəhbəri Səfər İmanovun vətəndaş Eynur Kərimovu aldadaraq 170 min dollar pulunu ələ keçirməsi ilə bağlı şübhələrə istintaqda əsaslar yaranıb.

XS
SM
MD
LG