Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:53

Natiq Məmmədli: Qan Turalı obrazlarını yaşamağa qoysaydı


Natiq Məmmədli
Natiq Məmmədli

-

"Beləliklə, Azərbaycan ədəbiyyatına ətaləti simvollaşdıran “mollalardan” birini də Qan Turalı gətirdi..."

"Onlar sadəcə müəllif ideyasının daşıyıcısı olan marionetkalardı, yalnız diktə və pərəstiş instinkti ilə hərəkət edirlər..."

Natiq Məmmədli

Qan Turalı obrazlarını yaşamağa qoysaydı...

Bakı-Şamaxı-Bağdad, Ərdəbil-Mərənd-Təbriz, Kürdəmir-Salyan-Nəvahi, bir sözlə, türkün at çapıb qılınc oynatdığı, farsın şeir qoşub kitab yazdığı, ərəbin yaşıl bayrağını sancıb hüdudlarını müəyyənləşdirdiyi qapalı dairə... “Fələk qırmancı” bu dairənin çərçivələrini aşmaq istəyən humanizmin növbəti cəhdi kimi qarşımıza çıxır.

Bəs görəsən, qəhrəmanlar birinci cümlədəki pafosun ağırlığına necə dözürlər, daha doğrusu, əsərin konsepsiyasına adekvatdırlarmı?

“Mən bir əsir idim azad olmaq istədim”- məqsəd budu. Bəs görəsən, qəhrəmanlar birinci cümlədəki pafosun ağırlığına necə dözürlər, daha doğrusu, əsərin konsepsiyasına adekvatdırlarmı?

Romanda təsadüfi obraz yoxdur, amma eyni zamanda onların hamısı demək olar ki, bir-birlərinə oxşamaqla eyni ideyanın daşıyıcılarıdır: onlar bir tərəfdən sələflərinin əksi kimi postmodern effekt yarаdır, digər tərəfdən isə elə sələflərini tayı və ya davamçıları kimi görünürlər.

Məsələn, ikinci plan qəhrəmanlarından Molla Sadiqi götürək. O, daxili təkamüllə irfana gedən gözüyaşlı, həm də gözübağlı Şərq müdrikidir, qafasındakı dünya ilə özündən xəbərsiz düşdüyü dairənin içində hərəkət etməyə məhkumdur, amandı cızığından kənara çıxma, günaha batarsan.

Molla Sadıq
Molla Sadıq

“Dəli Kür”dəki Molla Sadıq da kitaba biganə deyil, əksinə, oxumuş, dünya görmüş kişidi, kənd uşaqlarının ayaqlarına döyə-döyə nəsə öyrətmək istəyir, həm də ki, “Fələk qırmancı”ndakı adaşından fərqli olaraq, siyasi cəhətdən yetkindi, haradasa patriota bənzəyir.

Amma ümumi götürəndə ikisi də bir-birinin tayıdı, onlar bu dünyaya dəyişilmək və dəyişdirmək üçün yox, mürgüləyən soydaşlarına nağıl danışmaq üçün gəliblər. Onların maarifçilərin uğrunda şam kimi əridiyi “Azadlığın” heç “A”sına dəxli yoxdu.

Beləliklə, Azərbaycan ədəbiyyatına ətaləti simvollaşdıran “mollalardan” birini də Qan Turalı gətirdi, sağ olsun.

“Fələk qırmancı”nın ikinci plan “kraliçası” Kəmalə Həssas həssas vücudunda dəyərlərin və şəxsiyyətlərin ikiləşmiş prototipini gəzdirir. Vətəndən və ədəbiyyatdan danışan mənəviyyat mələyi libası onun görünən tərəfidir, bu elə bir libasdır ki, o, yalnız dilletantlar və vətənşüvənlərin boyuna ölçülür.

Digər tərəfdən, Kəmalə xanıma hansı profildən baxsaq, o, adama tanış gələcək, elə bil bu vulqar məxluqu haradasa görmüşük.

Dünyamız Kəmalə Həssaslarla dolu olduğu üçün yazıçının özünü əziyyətə verib təfsilatlara varmasına, yerli-yataqlı təsvirlərə getməsinə nə gərək vardı?

Amma görünür, qadın dünyasının psixoloji incəliklərinə dərindən-dərin bələd olan sənətkar sufiliyin kamilləşmə mərhələləri kimi qadınları da yataqdan-yatağa çəkərək iç dünyalarına daha aydın işıq salmağa, sirlərinin hamısını bütün çılpaqlığı ilə açıb-tökməyə çalışır.

Faciə orasındadır ki, içi Zeynəb qarışıq Qan Turalının bütün qadınları nəinki hər hansı sirr, heç cəlbedici ideya sahibi də deyillər, onlar sadəcə müəllif ideyasının daşıyıcısı olan marionetkalardı, yalnız diktə və pərəstiş instinkti ilə hərəkət edirlər.

Bəlkə də buna görədir ki, həmin arvadlar obraz kimi babat görünüb nəsə fərqli olmağa çalışsalar da, “kamilləşmə”nin yataqdan-yatağa mərhələsində hamısı bir-birinə oxşayır. Yazıçı “yorğanaltı mesaj ötürmə” priyomu ilə oxucusuna nəsə demək istəyir, amma nə?

İlk baxışda adama elə gələ bilər ki, süjetin şaxələnməsi, təhkiyənin qismən dəyişilməsi nəsə anlaşılmaz mətləblərdən, mürəkkəblikdən xəbər verəcək, əslində bu belə deyil, söhbət bütün dövrlər üçün aktual olan yalnız bir məsələdən - yaradıcı insanın faciəsindən gedir.

Anamız Azərbaycanda şəxsiyyəti beşiyində boğmaq ənənəsi daim olub və var olmaqda davam etməkdədir.

Bu faciənin hər kəsin qabiliyyətinə və ağlına görə yer tutduğu mühitdə yox, yaramaz cəmiyyətdə baş verməsi isə yaradıcı şəxsiyyətin sarsıntılarının miqyasını genişləndirərək ona sosial, eyni zamanda ənənəvi rəng qatır.

Azərbaycanda yanan və yandırılan düşünən beyinlərin XX əsr ədəbiyyatımızda sələflərini axtarsaq, fikrimcə, ilk yada düşən “Aydın” (C.Cabbarlı) olar.

Cəfər Cabbarlı
Cəfər Cabbarlı

Aydın-Gültəkin, Mehdi-Zeynəb paralleliyində “günahı” istedad, mükafatı isə naqis cəmiyyətin qınağı olan insanların bədbəxtliklərinin ənənəsi formalaşır.

Anamız Azərbaycanda milli-mənəvi dəyərlərimiz yaddan çıxa bilər, amma şəxsiyyəti beşiyində boğmaq ənənəsi daim olub və var olmaqda davam etməkdədir. O ki qaldı azadlığa, “bizi ora qoyun kimi buraxırlar, əzizim”. Romanın sonlarına yaxın bu cümlə adamın sifətinə tərs şapalaq kimi dəyir. Bunu kim deyir, Mehdi, yoxsa Zeynəb, fərqi yoxdu, əsas odu bu söz lazım olan məqamda deyilir. Bəli, onlara qoyun lazımdı, şəxsiyyət yox!

Gültəkini çirkaba çəkirlər, Zeynəb çirkabdan çıxıb amma nə fayda, hər ikisi yenə də çirkabda məhv olur. Bu zaman faciənin əzəmətli və mentalitetimizin adına layiq möhtəşəm finalı oynanılır: kişiləri qadın əliylə vururlar. Görürsünüz, əsrlər keçsə də dəsti-xətt dəyişmir. Aydın da, Mehdi də qadınlarını itirdikdən sonra heç nəyə tab gətirmirlər, böyük ideyalarla yaşayan kişilər canları şüşədə olan azman divləri xatırladır.

Amma Mehdidə bir az fərqli nüans da sezilir, o, ölümün qabağında özünü haradasa Merso kimi aparır. Mersonu heç nə özündən çıxara bilmir, amma keşiş boş-boş danışmağa başlayanda artıq dözmür. Zeynəbin qətlindən sonra Mehdi də elə bir girdaba düşür ki, artıq ona böyük ideyalar yox, ölüm lazım idi. Həyatı ölümə doğru hərəkətdə olan fenomen zənn edən ekzistensialistlər kimi “Fələk qırmancı” da yalnız ölümlə hesablaşır, başqalaşır və əsil mənasını ortaya qoyur.

Qan Turalı
Qan Turalı

Mən Mehdini obraz kimi yox, simvol kimi gördüm. Necə ki, Merso insan deyil, konstruksiya idi. Qərb ədəbiyyatında dəfələrlə işlənmiş və öz cazibəsini qoruyan Anna surəti var. Tolstoyda Anna, Brecht'də Anna, hələ ki axırıncı Annanı Marguerite Duras'da gördüm.

Bu ad (Anna) hansı dildə yazılmasından asılı olmayaraq, sağdan-sola, soldan-sağa eyni cürə oxunmasına görə yox, müqqədəsliyinə və saflığına görə cəlbedicidir. Mehdi də təmiz adamdı, onu ümidin simvolu kimi başa düşdüm.

Romanda ümidin puçluğu və gələcəyin mənasızlığı hamilə qadının ölməsi mesajı ilə şərtlənir. Hamilə qadının! Dünyada baş verənlərin ağıl və məntiqlə dərkinin böhran keçirdiyini tünd boyalarla ifadə edən, gələcəyin təhlükəli konturlarını canlandırmağa çalışan XX əsr ciddi prozasının ən böyük xarakterik cəhəti burada da özünü göstərir.

Thomas Mann'da “Buddenbroklar”in mənəvi cəhətdən süqutunu, sonuncu Buddenbrokinin ölümü ilə hər şeyin necə məhv olduğunu xatırlayaq. Folknerdə yeniyetmə Kventina evdən niyə qaçır? Bu qaçışla da Kompsonların tarixi başa çatır, yəni gələcəkdə təsəlli üçün işartılar da qalmır. Bu, yazıçının ən böyük protestidiк.

“Fələk qırmancı”nda isə ümid dünyaya gəlmir, onu elə beşiyindəcə, anasının qarnındaca öldürürlər, bizim ümidimiz həlak olur. Deməli, bizdə vəziyyət daha pisdi, daha faciəlidi. Şərq koloritinə bürünmüş mental dəyərlərimiz təhlükə altındadı, gələcəkdə heç nəyi xilas etmək mümkün olmayacaq!

Bir az da dərvişlik eləyək. “Yüz ilin tənhalığı”nda elimin yeniliklərindən, təzə ixtiralardan yalnız qaraçılar xəbər verirlər. Alimlərin missiyasının qaraçıların boyuna qoyulması mətnin ironiya qatını göstərməklə tarixi prosesin birtərəfli xəttinə və yalançı ciddiliyinə gülüşdür. İntibah dövrü Avropa üçün gözəl ola bilər, amma Latın Amerikası həmin dövrdə işğal olunub, bu gözəllikdən onlara nə?

Deməli, Makondada elmin yeniliklərindən qaraçıların xəbər verməsi ironik və təsirli yanaşmadı. Belə uzaqdan ona görə başladım ki, “Fələk qırmancı”nda ironik qatlar maraqla işlənib, həm də üzdədi. Orada qaraçı yoxdu, amma “çıləyə girib-çilədən çıxan” dərvişlər var ki, bütün ömürlərini təriqətdən tutub həqiqətə sarı əritməklə cürüdürlər.

Sonradan məlum olur ki, heç həqiqət də yox imiş, olsa da bu dünyada deyilmiş, kamilliyin necə deyərlər kulminasiyasına çatmağa az qalmış Mehdi təkkədən imtina edir, İstanbulda şərab içərək çilə dövrünü yuxu kimi xatırlayır. Al bu da sənə həqiqət!

Ümumiyyətlə, əsərdəki personajlar nə bacarırlar, əllərindən nə gəlir? “...Otağıma çəkilib ağladım... ağladıqca yüngülləşdim... hönkürdüm, özümü onun ayaqlarının altına atdım... Qaynatamın arağından süzüb yanıma qoydum..." Üstəgəl, araq qoxulu kafelərdə saatlarla divara söylənilən monoloqlar...

“Fələk qırmancı”nın qəhrəmanları çox sadə, bəlkə də sadəlövhdürlər, yalnız və yalnız öz həyatlarını yaşamaq istəyirlər. Arada adama elə gəlir ki, bu, məğlub olmuş nəslin nümayəndələri heç normal fikirləşə də bilməzlər. Sizcə, belə mağmun adamlar “Biz tanrının nəhəng səhviyik, bizi bu dünyaya tullayıb” kimi pafoslu, həm də gurultulu hökm verə bilərlərmi? Təbii ki, yox. Onlar diktəyə möhtacdırlar və müəllifin “ümumbəşəri” sifarişlərini yerinə yetirdikcə süniləşirlər, az-çox inandırıcı simalarını da itirirlər. Bir daha təkrar edirəm, bu yazıq insanlar sadəcə öz həyatlarını yaşamaq istəyirdi, təbii ki, yazıçı imkan versəydi...

“Fələk qırmancı” kulinariya ənənələrimizin tanıdılması baxımından Azərbaycan prozasında yeyib-içmək səhnələrinin analoqsuz tərənnümçüsü S.Baycanın “Quqark” romanı ilə səsləşir.

Qan Turalı çox səbrli yazıçıdı. Bu səbr onun tələsik dialoqlarında yox, təfərrüatlarında və hardasa naturalistcəsinə təsvirlərində özünü göstərir. Məsələn,

“... bir stəkan çay içdim, yaxınlıqda yerləşən bazara getdim. 10 kilo kartof, 5 kilo makaron alıb evə qayıtdım. İki kartofu qazana atıb qaynatdım, üstünə günəbaxan yağı və soğan töküb yedim”. Nuş olsun, nə deyirəm ki!

“Fələk qırmancı” kulinariya ənənələrimizin tanıdılması baxımından Azərbaycan prozasında yeyib-içmək səhnələrinin analoqsuz tərənnümçüsü S.Baycanın “Quqark” romanı ilə səsləşir. Az qala hər on səhifədən bir yemək-içməkdi, Krasnodarın, Samaranın vağzallarında adam nə qədər araq içərmiş! İnsafən, alkoqolizmə meyil baxımından Qan Turalının qəhrəmanları bir qədər nəcibdirlər, onlar əsasən pivəyə üstünlük verirlər. Bilmirəm bu müdrik jesti də postmodernizmin ayağına yazaq, yoxsa yox, hər halda zaman göstərəcək.

Təsvirlərdən söz düşmüşkən, S.Baycanın adını çəkdiyim kitabından bir sitat gətirmək də yerinə düşər, "belə əhəmiyyətsiz hadisələr niyə yaddaşımda ilişib qalıb"... maraqlı cümlədi.

“Fələk qırmancı” mövzusu və ideyası baxımından yenilik eləmir, köhnə stildə köhnə dərddən danışır. Bu tərzdə Azərbaycan nəsrinin “Qətl günü”ndən sonrakı mərhələsində müəyyən nümunələr də az deyil. Amma bizim hər dəfə özümüz üçün velosiped icad etməyimizə sevinmək lazımdımı?

Ədəbiyyat nədir, nə üçün yazırsan və yaxud da niyə yazmırsan - suallarına yeni məzmunda cavab tapmaq sadəcə mümkün deyil. Köhnəliyi təkrarlamaq, deyilmişləri bir daha yada salmaqdan savayı yol qalmır ki, bu da romanda geniş planda öz əksini tapıb. Təhkiyə əsərin təbiətinə uyğun qurulub, sona doğru nəfəs darlığı hiss olunsa da, tempi saxlamaq mümkün olur.

Amma bu o demək deyil ki, müəllif heç yerdə görsənmir, ya da görsənsə ayıb olardı. Müəllifin mətnin içində olub-olmaması haqqında fikir yürüdəndə niyə görə bəzi adamlar klişe ifadələr işlədirlər, başa düşmürəm. “Fələk qırmancı”nın müəllifi hər yerdədi: çiləyə girib ikiləşən də müəllifdi, istənilən avtobusa minib axırıncı dayanacaqda düşüb kafeyə gedən də müəllifdi, yazıçının qılığına girən Zeynəb də, hətta yatağına girən Kəmalə Həssas da müəllifdi.

Əsərdə müəllifin iradəsindən kənarda heç baş vermir, yuxarıda qeyd elədiyim kimi, o adamlar sadəcə yaşamaq istəyirlər, amma qeyri-ixtiyari çiyinlərinin tab gətirmədiyi yükün altına giriblər, yəni "ümumbəşəri" missiyanı yerinə yetirməyə məhkumdurlar.

Obrazlar müstəqil deyil, ayrıca ideya daşıyıcısı, ayrıca dünyagörüş təmsilçisi kimi görünmürlər. Onlar hamısı bir adamdılar və bir adamın diktəsiylə hərəkət edirlər. Düşünürəm ki, burda qəbahət yoxdur, bəlkə də yerinə düşən metoddur. Çünki, monoton cəmiyyətdə, qapalı yaşıl dairənin içərisində yetişən insanlar məhz belə də olmalıdılar, onların hərəsi bir ideoloq olsaydı, bəlkə də daha süni görünərdilər.

Qayıdaq əvvələ, “Mən bir əsir idim azad olmaq istədim” – böyük sözlərdi. “Fələk qırmancı” köhnə dərddən yazır, amma o köhnə dərd bizim üçün həmişə təzə olacaq. Deməli, “Fələk qırmancı” da həmişə təzə.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG