Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:53

L.Andreyev. Dolaşa nə görmüşdü?! (hekayə)


Leonid Nikolaievich Andreyev
Leonid Nikolaievich Andreyev

-

"Eşitdiyi sözdən özünü alçalmış sayan dolaşa qarıldadı, ancaq qarşı-qarşıya dayanan adamlardan heç biri onun səsini eşitmədi."

Leonid Andreyev

DOLAŞA NƏ GÖRMÜŞDÜ?

(Milad motivlərindən)

Araz Gündüzün tərcüməsində

Dolaşa yorğun qanadlarını ağır-ağır çalaraq ucsuz-bucaqsız qarlı düzənliyin üstü ilə uçurdu.

Başı üzərində solğun göyümtül rəngə çalan, uzaq üfiqlərdə tüstüyə oxşar qıraqları yer ilə qovuşan göy qübbəsi ucalırdı. Düzənliyin başqa tərəfində, göylə yerin qovuşağında yenicə batmış günəşin sönməkdə olan son parıltıları görünürdü, ancaq dolaşa hündürdən uçduğuna görə, hələ də, bənövşəyi-qırmızı rəngə çalan donuq kürəni, batmaqda olan günəşi görə bilirdi, aşağıda isə artıq uzun qış gecəsinin yer üzünə çökən qaranlığı getdikcə qatılaşırdı. Göz işlədikcə, sərt və yandırıcı şaxtanın dustağına çevrilmiş, bozumtul bir çöllük uzanıb gedirdi. Dondurucu havanın lal səssizliyini, dolaşanın yorğun qanadlarını çalmasından yaranan soyuq dalğalar xəfifcə pozurdu, dolaşa uçduqca-uçur, özündən başqa birinə bəlli olmayan meşəyə çatıb orada gecələməyə tələsirdi.

Soyuq bir qış günündə, ona burada bir adamın gözünü dimdikləmək qismət olmuşdu, bu, olduqca dadlı göz hansısa qarabığlı bir gəncin idi.

Göy üzündə ulduzlar işıq saçmağa başlamışdı, gecənin qaranlığı donmuş torpağı soyuq kəfənə bürüyüb qurtaranda dolaşa da, ağımtıl çöllükdə iri qara ləkə kimi görünən böyük və sıx meşəliyə gəlib çatdı.

Dolaşanın uçduğu ucalıqdan, üstünü basmış narın qarın ağırlığından əyilən budaqların şaxtanın təsiri ilə neçə çatırladığı eşidilirdi. Aradabir, ova çıxmış hansısa vəhşi heyvanın ehtiyatla atdığı ayaqları altında qalan quru budaqların şaqqıltısı eşidilirdi. Uzaq qaranlıqdan, uzun-uzadı çəkən, vəhşi və qorxunc bir qurd ulartısı dolaşanın olduğu yerədək gəlib çatırdı.

Dolaşa havada kəskin bir dönüş eləyib uçuşunun yönünü dəyişdi, son gücünü toplayaraq meşənin içindən keçən yola sarı uçdu.

O, insanların əhatəsində olmağı çox sevirdi, meşənin səssizliyi onu darıxdırırdı.

Bu da yol. Onun yerini yol boyunca tökülmüş ətirli, tünd rəngli at peyinlərinə görə çox asanlıqla tapmaq olurdu və dolaşanın bərk yuxusu gəlməsəydi, elə indicə bu at peyinini eşələyib yemlənmək fürsətini qaçırmazdı.

Biraz irəlidə, qaranlıqda görünməz olan dərin dərənin üstündən salınmış körpünün sürahiləri qaralırdı. Dolaşanın bu dərə ilə bağlı çox acı bir xatirəsi vardı.

Bir ildən də az öncə, soyuq bir qış günündə, ona burada bir adamın gözünü dimdikləmək qismət olmuşdu, bu, olduqca dadlı göz hansısa qarabığlı bir gəncin idi.

Havanın bərk şaxta olmasına baxmayaraq, bu gənc lümlüt soyunub tərpənməzcə, donmuş qarın üzərində uzanmışdı. Əzilmiş başından hələ də qatı qırmızı rəngə çalan qan sızmaqda idi. Dolaşa gəncin gözünü dimdikləməyə başlayanda onun çeçələ barmağı yüngülcə səyrimişdi və quş işə başlamaqda birazca tələsdiyini anlamışdı, ancaq belə boş şeylər insan cəmiyyətinə alışmış quşu karıxdıra bilməzdi.

Ertəsi gün o, bir neçə dolaşa rəfiqələrini də qonaqlığa çağırıb, gəncin ətindən doyunca dadmaq üçün bu dərəyə uçub gələndə necə bərk sarsıntı keçirdiyini çox yaxşı xatırlayırdı: onlar yığışıb bura gələndə donmuş meyidin yerində, qarın üstündə qalan böyük qanlı ləkədən və çoxlu qurd ayağı izlərindən başqa heç nə tapa bilməmişdilər. Bu cənablar dolaşanın şəxsi mülkiyyətini utanmadan parçalayıb, sonadək tıxmışdılar, hələ üstəlik, onlardan hansısa uğursuz birisi bu qanlı ziyafətə gecikdiyindən, qan hopmuş qarı yeməklə keçinməli olmuşdu. Onda dolaşanın bacardığı yalnız öz incikliyini qəzəbli və qarıltılı bir etirazla bildirməkdən ibarət olmuşdu, beləliklə də, boş mədəsini az da olsa mənəvi qidanın köməyi ilə toxdada bilmişdi.

Özü üçün münasib bir ağac tapan dolaşa üstü qarla örtülmüş nazik bir budaqda yerini bərkitdi, budaq onun ağırlığından əyildi. Qarıldayaraq, soyuqdan tutulmuş boğazını arıtlayan dolaşa yumaq kimi bükülüb qaldı, çünki “dostu” şaxtanın səxavətindən, soyuqdan qorunmalı bir yer tapmaq mümkün deyildi. Dolaşa öncə qara gözlərindən birini, sonra da ikincisini ləzzətlə yumub o andaca yuxuya getdi.

Üstündən çoxmu, yoxsa azmı vaxt keçmişdi, dolaşanın saatı olmadığı üçün, bunu təyin eləyə bilmədi, ancaq fakt budur ki, o, yuxudan ayıldı və özünün süst halından yuxusunu ala bilmədiyini duyub bərk acıqlandı. Onu yuxudan oyadan insan hənirini alması olmuşdu. Körpünün yaxınlığında iki adam qaraltısı görünürdü. Bütün qadınlarda olduğu kimi, hər şeylə maraqlanan dolaşa uçub körpüyə yaxın olan bir ağaca qondu və insanların danışığına qulaq kəsildi.

– Hə, görəsən bu gecə kimin üçün ağır keçəcək? – adamlardan daha ucaboylusu, danışdıqca buz bağlamış saqqalı və bığlarının arasından buxar burumları çıxan kişi, dişlərinin arasından mızıldandı. – Hələ bir bu şaxtaya bax, adamı lap qılınc kimi kəsir!

–Yarım saat da gözləyək, görək nə olur, – ikinci adam əllərini ovuşduraraq dilləndi.

Hər iki qaraltı büzüşüb körpünün altında gizləndilər. Dolaşa da, lazım olan anda tez oyana bilsin deyə, yüngülcə mürgüləməyə başladı. Birazdan artıq dərin yuxya getmiş dolaşa yaxınlıqdan gələn səs eşidib yenidən qanıqara şəkildə yuxudan ayılmalı oldu. Yolun üstündəki döngədən o tərəfdən gələn nə isə, donmuş yolla sürüşüb cırıltılı bir səs salaraq yaxınlaşırdı. Bu kiçik bir kirşə imiş.

İri qarnı gözə çarpan alçaqboy at, üşüyən ayaqlarını ahəngdar bir çevikliklə atır, kirşəni sürüyüb aparırdı. Qozlada kimsə büzüşüb oturmuşdu; kirşənin içində bir qaraltı gözə dəyirdi, deyəsən, o da adam idi.

–Dayan!

Bayaqdan körpünün altında gizlənmiş iki adam sıçrayıb yola çıxdılar. Dolaşaya maraq güc gəldi və o aldığı həzzdən, sevinclə qarıldayıb dinləməyə başladı. Alçaqboylu at dayandı. Sürücü kirşədə oturmuş adama sarı dönüb nəsə dedi və o yerindən dikəldi. Kürkünün çox böyük yaxalığı onun üzünü və başını görünməz eləmişdi.

Dolaşanın birinci olaraq gördüyü o iki nəfərdən biri, atın yüyənindən tutdu, o birisi, daha uca boylu olanı isə qışıqrdı: “Dayan!” Sonra kirşəyə yaxınlaşdı. O, aşağı sallanmış əlində nə isə, çox ağır bir şey tutmuşdu.

–Xoş gördük, mərhəmətli ağa! – o, istehza ilə kirşədə oturan adama üz tutdu. – Haydı, kirşəciyinizdən düşün görək – gəlib çatmısınız!

–Qatil, quldur, – kirşədə oturan adam yaxalığın altından boğuq bir səslə dilləndi: – Sənə nə lazımdır?

–Gəl bura, indi başa salaram.

–Qulaq as, mərhəmətli adam, bizimlə işin olmasın, – qozlada oturan adam dedi. – Atam, yaxşısı, bizə toxunmayın.

–Nə qədər səni öldürməmişəm, sus! – ucaboylu adan qara gözlərini qırpıb onun üstünə qışqırdı. – Düş, itil kirşədən!

–Qulaq as, mərhəmətli adam...

Ucaboylu adam sürücüyə sözünü bitirməyə macal verməyib əlindəki, ulduzların işığında parıldayan ağır şeyi başının üstünə qaldrıb qolaylandı.

İşi belə görən sürücü qozladan sıçrayıb yerə düşdü, ucaboylu adamın başı üzərinə qaldırdığı baltanı aşağı endirmədiyini görüb öz-özünə mızıldandı: “Gör ha, nə acıqlıdır bu xalasıgöyçək!”

Kirşədə oturan adam da yerə düşdü, sonra kirşəyə sarı əyilib oturacağın üzərindəki bükülünü açdı. Daha sonra bükülünün içindən çıxardığı nəyisə əlinə götürüb qarşısında tutdu və yavaş addımlarla, dayanıb qənimət gətirəcəklərini gözləyən ucaboylu adamın üstünə yeridi.

Dolaşa öz ömründə nə bunadək, nə də bundan sonra belə bərk təəcüblənmişdi! Ucaboylu adam qarabasma görübmüş kimi, əlində nəsə tutub onun üzərinə yeriyən bu uzunsaçlı adamın qarşısından geri çəkilməyə başladı. O, geriləyib öz yoldaşına çatdı, yoldaşı da uzunsaçlı adamın əlindən tutduğu, haradan düşdüyü bilinməyən bir şəfəqlə işıq saçan əşyanı görüb atın yüyənini buraxdı və o da geri çəkilməyə başladı.

Uzunsaçlı adam onların üzərinə yeridikcə, bu iki quldur da addım-addım geriləyirdilər. Onlardan biri qorxa-qorxa papağını çıxardı, o birisi isə cəld papağını çıxarıb yerə tulladı.

Uzunsaçlı dayandı, onlar da dayandılar.

Sürücü yerə düşmüş baltanı qaldırıb dedi:

– Sənə dedim axı, bizə toxunma. Görürsən, keşiş aparıram. Ah səni, dolaşa!

Eşitdiyi sözdən özünü alçalmış sayan dolaşa qarıldadı, ancaq qarşı-qarşıya dayanan adamlardan heç biri onun səsini eşitmədi.

– Bu gün İsa Məsihin doğum günüdür, ancaq gör, siz nə iş tutursunuz, alçaq qatillər, yaramaz quldurlar! – uzunsaçlı adam sakit və qoca adamlara xas boğuq bir səslə dilləndi.

Ortaya ağır səssizlik çökdü.

– Mən Tanrının aciz bir quluyam, bu yaxınlıqda adam ölür, ona müqəddəs təam1 aparıram. Siz də öləcəksiniz, yoxsa, o dünyada kimin məhkəməsindən keçəcəyinizi bilmirsiniz?

Yenə də ortaya səssizlik çökdü, yalnız dolaşanın yerində tərpənməsindən qonduğu budağın zəif çatırtısı eşidilirdi.

– İsa Məsih sizə biri-birinizi sevməyi buyurmuşdu, bəs siz nə eləyirsiniz? Xristian qanını axıdırsınız, ruhunuzu məhv eləyirsiniz. Öldürdükləriniz göy səltənətinə, cənnətə düşəəcəklər, bəs sizin yeriniz harada olacaq, bilirsinizmi?

Ucaboylu quldurun dizləri büküldü və o üzü üstə yerə yıxıldı. Yoldaşı da cəld onun ardınca üzüquylu yerə çökdü. Onlar barmaqlarının şaxtadan necə donduğunu da hiss eləmədən, qarın üzərində uzanmışdılar, başları üzərində isə, sakit və qocalara xas olan boğuq səs eşidilirdi:

– Mənə səcdə eləməyin, Ona, O rəhimdil olana səcdə eləyin, məni sizin qarşınıza çıxaran da Odur. O insanları sevir, qatilləri və oğruları da bağışlayandır.

– Ata, bağışla bizi, – ucaboylu adam pıçıldadı.

– Bağışla, Ata, and olsun Allaha bir də eləmərik, daha heç vaxt, eləmərik, – ikinci adam da başını dikəldib dedi.

Ruhani səssizcə dönüb kirşəyə sarı yönəldi.

İşlərin belə getməsi heç cür, dolaşanın ürəyincə deyildi. O əlindən çıxan əmlakını qorumaq istəyi ilə narazılıqla qarıldadı. İnsanlar biri-biriləri ilə vərdiş elədikləri kimi davranada dolaşalar üçün də yaxşı olur! Lələklərini istehza ilə yelləyən dolaşa küskünlükdən yaranmış incikliyini sovuşdurmaq üçün arxasını yola sarı çevirdi, ancaq çox keçmədən, həyatın qanunu onun baxışlarını heyvanlararası hüquqları pozan adamlara sarı yönəltdi.

– Sənə dedim axı, əzizim, bizə toxunma. Eh! Kəmərini aç, bura ver görüm! – Sürücü ucaboylu soyğunçuya üz tutub dedi.

Ucaboy adam dinməzcə kəmərini açıb sürücüyə verdi, o isə kəməri alıb ağır-ağır, onun qollarını biləkdən bərk-bərk bağladı.

– Haydı, sən də. Nə dayanıb ağzının suyunu axıdırsan? Kəmərini ver bura, – sürücü ikinci adama çımxırdı.

– Hə, hə! – ikinci adam güclə duyulan bir narazılıqla ruhaniyə tərəf qıyqacı baxdı, ancaq kəmərini açıb verdi.

– Burax, onları getsinlər, Stepan,– ruhani dedi.

– Bu necə ola bilər, İvan ata? Sonra sizin xanımınız məni söyər axı.

– Burax. Adamlara cavab verməsələr də, Allahın məhkəməsindən qaça bilməyəcəklər.

Stepan könülsüz, ucaboylu adamın qollarını açdı, sonra yüngülcə, onun yoldaşının boynun ardına bir şapalaq ilişdirdi və keçib kirşədə öz sürücü yerində oturdu.

– Baltanı isə unut əzizim, – o quldurlardan götürdüyü baltanın yerini rahlayıb atın yüyənini tərpətdi.

Çox keçmədən kirşə də, onun miniciləri də görünməz oldular. Gecənin qaranlığında, elə bil, haradansa əsən xəfif meh sayağı bir pıçıltı gəldi:

– Dedim axı, toxunma. Eh...

Heyrətdən son həddə qədər sarsılmış və narazı qalmış dolaşa başını yana çevirib maraqla, yolda dayanıb qalan adamlara baxdı, o hələ də ümidini üzməmişdi, ola bilsin, bu adamlar onun arzusunu yerinə yetirmək üçün nə isə eləyə bilərdilər. Ucaboylu adam səssizcə dayanıb küt-küt gözlərini döyürdü. Yoldaşı onu dümsüklədi.

– Gedək!

Ucaboylu adam dinməzcə yola düzəldi, yoldaşı da tələsik onun ardınca yollandı.

Çox keçmədən onlar da qaranlıqda gözdən itdilər və insan cəmiyyətini ürəkdən sevən dolaşa yalqız qaldı. Ancaq bu dəfə düşdüyü insan cəmiyyəti onun qətiyyən xoşuna gəlməmişdi.

1 Müqəddəs təam – xristian dini ayinlərində çaxıra batırılmış çörəyə deyilir.

XS
SM
MD
LG