Keçid linkləri

2026, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:16

Dünya xəbərləri

“Rusiya döyüş başlıqlarını çoxaldır”

Arxiv fotosu
Arxiv fotosu

-

ABŞ hökuməti bildirir ki, Rusiya ballistik raketlərə yerləşdirilən strateji döyüş başlıqlarının sayını artırır. Baxmayaraq ki, tərəflər imzaladıqları beş illik saziş çərçivəsində nüvə arsenallarını kəsməyə boyun olublar.

ABŞ Dövlət Departamentinin silahlara nəzarət bürosu aprelin 1-də rəqəmlər açıqlayıb. Bu rəqəmlər Rusiyanın hərbi niyyətləri sarıdan narahatlığı dərinləşdirir.

Belə ki, Prezident Vladimir Putin-in hakimiyyəti dövründə Moskva silahların, avadanlığın təkmilləşdirilməsinə, silahlı qüvvələrin təliminə xeyli vəsait xərcləyib.
Məlumata görə, Rusiya 2011-ci illə müqayisədə 200 artıq döyüş başlığı yerləşdirib. 2011-ci ildə “New START” (“Yeni Başlanğıc”) sazişi qüvvəyə minib.

Bütün xəbərləri izləyin

Paşinyan protokol xidmətinin rəhbərini işdən çıxarıb: Japarovu 'Qazaxıstan prezidenti' adlandırmışdı

Qırğızıstan və Ermənistan liderləri mətbuat üçün bəyanatla çıxış edirlər.
Qırğızıstan və Ermənistan liderləri mətbuat üçün bəyanatla çıxış edirlər.

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da protokol xidmətinin rəhbərini vəzifəsindən azad edib. Paşinyan iki gün əvvəl Yerevanda Qırğızıstan prezidenti Sadır Japarovla görüşərkən onun ölkəsinin adını səhv salmışdı.

Danışıqlardan sonra mətbuat üçün bəyanat oxuyan Paşinyan: "İlk növbədə, Qazaxıstan prezidenti Sadır Japarovu Ermənistanda bir daha salamlamaq istərdim", – deyə bildirib.

Hökumət protokol xidmətinin rəhbəri Qagik Vanoyanın işdən çıxarılma səbəbini açıqlamayıb. Buna görə də bu addımın Paşinyanın diplomatik səhvi ilə bağlı olub-olmadığı hələlik məlum deyil.

Vanoyan dörd il idi ki, bu xidmətə rəhbərlik edirdi.

Japarov ötən həftə Ermənistanda keçirilən Bioloji Müxtəliflik üzrə COP17 Konfransında iştirak edib. BMT-nin təşkil etdiyi bu forumun açılışına Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də daxil olmaqla, daha üç xarici dövlət və hökumət başçısı qatılıb.

Separatçı Puçdemona İspaniyaya qayıtmağa icazə verilib

2024-cü ildə Karles Puçdemon gözlənilmədən İspaniyaya gələrək tərəfdarları qarşısında çıxış edib.
2024-cü ildə Karles Puçdemon gözlənilmədən İspaniyaya gələrək tərəfdarları qarşısında çıxış edib.

İspaniya Ali Məhkəməsi oktyabrın 19-da Kataloniya vilayətinin keçmiş hökumət başçısı Karles Puçdemonun həbsinə dair orderi ləğv edib. Vaxtilə Kataloniyanın İspaniyadan ayrılmasını müdafiə edən Puçdemon doqquz illik mühacirətdən sonra vətəninə qayıda biləcək.

İspaniya hakimiyyəti 2017-ci ildə, Puçdemon Kataloniyanın müstəqilliyi ilə bağlı referendum keçirəndən sonra onun həbsi barədə order çıxarmışdı. Referendum iştirakçılarının 90 faizindən çoxu müstəqilliyə səs versə də, Madrid bu səsverməni qanunsuz elan etmiş, Puçdemon və bir sıra kataloniyalı siyasətçilər isə qiyamda ittiham olunmuşdular.

Həmin vaxt İspaniyadan qaçan Puçdemon doqquz ildən çox Avropanın digər ölkələrində, əsasən də Belçikada yaşayıb. 2024-cü ildə o, gözlənilmədən İspaniyaya gələrək çoxsaylı tərəfdarları qarşısında çıxış edib. Lakin polis onun ölkəyə necə daxil olduğunu və sonradan oradan necə uzaqlaşdığını müəyyənləşdirə bilməyib.

Həmin il İspaniyada hökumət dəyişikliyindən sonra Kataloniyanın ayrılmasını dəstəkləyən bir çox siyasətçi və fəal üçün amnistiya elan olunsa da, bu qərar Puçdemona və onun hökumətinin iki nazirinə – Luis Puç və Toni Kominə şamil edilməmişdi. Ali Məhkəmənin son qərarı isə onların hər üçünü cinayət təqibindən azad edir.

Puçdemon dəfələrlə bəyan edib ki, barəsindəki cinayət təqibinə xitam verilərsə, İspaniyaya qayıdacaq. O, Kataloniyada yenidən aktiv siyasətə qoşulmaq ehtimalını da istisna etməyib.

Albaniyada etirazlar: Baş nazir Rusiya və İranın əli olduğunu bildirdi

Tiranada hökumət əleyhinə tələbə etirazları
Tiranada hökumət əleyhinə tələbə etirazları

Albaniyada kütləvi etiraz aksiyaları artıq altıncı gündür ki, davam edir. Etirazlar zamanı polislə toqquşmalar, zorakılıq halları və yanğınlar baş verir. Ölkənin baş naziri Edi Rama bildirib ki, ölkə rəhbərliyi etirazların qızışdırılmasında Rusiya və İranın əli olduğunu düşünür.

"Özlərini təbiəti qorumağa çalışan albanlar kimi təqdim etmək üçün on minlərlə saxta profil yaradılıb və bu profillərdən fəal istifadə olunub. Terrorçu İran Respublikası da minlərlə belə profildən istifadə edib", – deyə Rama bunun təsadüf olmadığını vurğulayıb.

Albaniyanın baş naziri bundan əvvəl Rusiyanın da etirazlarda mümkün iştirakından danışmışdı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə onu öz məsuliyyətini başqalarının üzərinə atmamağa çağırıb.

Mayda Albaniyada, Zvernets sahil mühafizə zonasında lüks turizm kompleksinin tikintisi planlarına qarşı "Flaminqo inqilabı" şüarı ilə etirazlar başlayıb. Sonradan etirazçılar korrupsiyaya, iqtisadi bərabərsizliyə və ölkənin sol-mərkəzçi hökumətinin yürütdüyü siyasətə qarşı çıxmağa başlayıblar.

Oktyabrda tələbələrin də aksiyalara qoşulmasından sonra etirazlar yenidən güclənib. Təşkilatçılar buna səbəb kimi təhsil haqlarının yüksək olmasını, universitetlərdəki pis şəraiti, korrupsiyanı və iş tapmaq perspektivlərinin olmamasını göstəriblər.

Oktyabrın 13-də polislə baş verən ilk toqquşmalardan sonra təşkilatçılar hərəkatın əsas məqsədinin Edi Rama hökumətinin istefası olduğunu bəyan ediblər.

Yəməndə husilər hökumət qüvvələrinin təlim düşərgəsini vurub, 53 nəfər ölüb

Husilərin Yəmən hökumətinin hərbi düşərgəsinə hücumu
Husilərin Yəmən hökumətinin hərbi düşərgəsinə hücumu

Oktyabrın 19-da Yəməndə İranın dəstəklədiyi husi silahlılarının hökumətin təhlükəsizlik qüvvələrinin təlim düşərgəsinə hücum etməsi nəticəsində 53 nəfər həlak olub, 200 nəfər yaralanıb. Bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

"Reuters" agentliyi Şəbvə vilayətindən yayılan videoların həqiqiliyini təsdiqləyib. Videoda yaralıların və qan içində olan cəsədlərin əraziyə səpələndiyi görünür.

Mənbələrin bildirdiyinə görə, husilər təlim məşğələsi zamanı təhlükəsizlik qüvvələrinə üç ballistik raket atıblar. Şəbvə Yəmənin cənub-mərkəzi hissəsində, dəniz sahilində yerləşir və enerji ehtiyatları ilə zəngindir.

Sentyabrdan bəri husilər və Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti arasında döyüşlər qızışıb. Husilər Qırmızı dənizin girişində yerləşən Babül-Məndəb boğazı yaxınlığındakı ərazilərə doğru irəliləyiblər. Hökumət qüvvələrini Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya dəstəkləyir.

Yəməndəki münaqişə ABŞ və İsrailin İrana qarşı müharibəsində daha bir cəbhəyə çevrilib. Husilər dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanına hücumları gücləndirərək, Ər-Riyaddakı beynəlxalq hava limanını və "Saudi Aramco" dövlət neft şirkətini hədəfə alıblar.

Yəməndə müharibə 2014-cü ildə husilərin paytaxt Sənanı ələ keçirməsi ilə başlayıb. Bir il sonra Səudiyyə Ərəbistanının rəhbərliyi ilə hərbi müdaxilə baş verib. Tərəflər 2022-ci ildə atəşkəs əldə etsələr də, həmin atəşkəs bu il pozulub.

Yəmən ağır humanitar böhran içindədir. Humanitar yardım təşkilatları ölkədə vəziyyətin sürətlə pisləşdiyi barədə xəbərdarlıq edirlər.

update

Rusiya dronları Ukraynada 370 min nəfəri işıqsız qoyub

Umana zərbələr
Umana zərbələr

Oktyabrın 16-da səhər saatlarında Rusiya Xarkova zərbə endirib. Yerli rəsmilərin məlumatına görə, üç nəfər həlak olub, daha yeddi nəfər isə xəsarət alıb. Sumı şəhərinin mərkəzində yerləşən ticarət və əyləncə mərkəzinə də zərbə endirildiyi, üç nəfərin yaralandığı bildirilir.

Odessa vilayətinə Rusiyanın hücumları nəticəsində dörd nəfər xəsarət alıb. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, enerji infrastrukturu obyekti və yeddi fərdi yaşayış evi zədələnib, həmçinin məişət məhsulları istehsal edən müəssisədə yanğın baş verib.

+++

Rusiya Ukraynanın Polşa ilə həmsərhəd Volın vilayətinə dron hücumları endirib və nəticədə 370 min nəfər işıqsız qalıb. Xarici investisiyalı bir müəssisəyə zərbə nəticəsində isə iki nəfər yaralanıb. Bu barədə vilayətin qubernatoru Roman Romanyuk "Telegram" hesabında yazıb.

Ukraynanın mərkəzindəki Uman şəhərində isə dronların yaşayış binasına zərbəsindən beş nəfər yaralanıb.

Rusiyanın hücumları zamanı Ukraynanın paytaxtı Kiyevdə elektrik enerjisinin verilişində kəsintilər yaranıb.

Avropa İttifaqı və NATO üzvü olan Polşa Rusiyanın Ukrayna ərazisinə hücumları zamanı öz hava məkanının təhlükəsizliyini təmin etmək üçün qırıcı təyyarələrini havaya qaldırıb. Polşa Silahlı Qüvvələri "X" sosial şəbəkəsində yaydığı bəyanatda ölkənin hava məkanının pozulması halının qeydə alınmadığını bildirib.

Bu arada, Rusiya Vladimir vilayətində Ukraynaya məxsus dronların istilik təchizatı infrastrukturuna zərbə endirmək cəhdinin qarşısını alıb. Bu barədə vilayətin qubernatoru Aleksandr Avdeyev məlumat verib.

Bişkek avropalıların miqrantlarla bağlı təklifini rədd edib

İspaniya sahillərində miqrantlar
İspaniya sahillərində miqrantlar

Avropanın bəzi ölkələri Qırğızıstana ixtisaslı qırğızıstanlıların Avropada işə düzəldilməsi qarşılığında Əfqanıstandan və Afrika ölkələrindən miqrantları qəbul etməyi təklif edib. 24.kg Bişkekin bu şərtləri rədd etdiyini xəbər verir. Bunu Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev oktyabrın 13-də parlamentin beynəlxalq məsələlər, müdafiə, təhlükəsizlik və miqrasiya komitəsinin iclasında bildirib.

“Belə bir imkan varsa, qoy vətəndaşlarımız gedib işləsinlər. Amma bu şərtlərlə məqsədyönlü danışıqlar aparmayacağıq”, – Kulubayev deyib.

Nazir bu şərtləri irəli sürən Avropa ölkələrinin adlarını açıqlamayıb.

“Azattyq Asia” yazır ki, bundan əvvəl Qazaxıstan və Özbəkistanla bağlı oxşar təşəbbüslər haqda xəbərlər yayılmışdı. “Politico” diplomatik mənbələrə istinadla yazmışdı ki, Avropa İttifaqı (Aİ) bu iki ölkədə Avropada sığınacaq verilməyən miqrantlar üçün saxlama mərkəzlərinin qurulmasını nəzərdən keçirir. Miqrantları qəbul edən ölkələrə bunun qarşılığında maliyyə yardımı və ya viza güzəştləri təklif oluna bilərdi.

Qazaxıstan belə mərkəzlərlə bağlı danışıqlar apardığını rəsmən təkzib edib. Xarici İşlər Nazirliyinin təmsilçisi Astananın Aİ ilə readmissiya sazişi çərçivəsində viza rejiminin sadələşdirilməsini müzakirə etdiyini söyləyib. Rəsmiyə görə, söhbət Qazaxıstanın ölkədən qanunsuz çıxmış vətəndaşlarını geri qəbul etmək öhdəliyindən gedirdi.

Özbəkistanla bağlı ictimai açıqlamalarda isə qanuni əmək miqrasiyası, Almaniyada qalmaq hüququ olmayanların geri qaytarılmasından bəhs olunurdu. 2024-cü ilin sentyabrında miqrasiya sazişi imzalanandan sonra Almaniyanın ovaxtkı kansleri Olaf Şolts ixtisaslı işçilərin cəlbindən, geri qaytarılma prosedurlarının sadələşdirilməsindən danışmışdı.

Əfqanıstan vətəndaşlarının deportasiyası ilə bağlı danışıqlar barədə Şolts demişdi ki, tərəflər əməkdaşlıq məsələlərini məxfi müzakirə edir. Daşkəndin özbəkistanlıların işə düzəldilməsi qarşılığında üçüncü ölkə vətəndaşlarını qəbul etməyə razılaşması iddiaları təsdiqlənməmişdi.

Kiyev meri sakinlərə paytaxtı müvəqqəti tərk etməyi məsləhət gördü

Kiyevə hücum
Kiyevə hücum

Kiyevin meri Vitali Kliçko şəhər sakinlərinə Rusiyanın hücumları səbəbindən imkan daxilində paytaxtdan müvəqqəti uzaqlaşmağı tövsiyə edib.

Kliçko oktyabrın 8-də "France-Presse" agentliyinə müsahibəsində şəhərin "sağ qalma uğrunda mübarizə rejiminə" keçdiyini bildirib. O, Rusiyanın kritik infrastruktura zərbələrinin ciddi böhran təhlükəsi yaratdığını əsas gətirərək imkanı olan sakinlərə paytaxtı müvəqqəti tərk etməyi məsləhət görüb.

Oktyabrın 8-də gündüz və axşam saatlarında Rusiya ordusu Kiyevdəki iri enerji obyektlərindən birinə zərbələr endirib. Ukraynanın energetika naziri Denis Şmıqal hücumla bağlı məlumat verib, amma detalları açıqlamayıb.

Şəhərin elektrik təchizatında böyük fasilələr yaranıb, metroda qatarların hərəkəti müvəqqəti dayandırılıb. Borşaqovka kənd şurasının katibi Aleksandr Medved axşam Telegram-da yazıb ki, "Kiyevvodokanal"ın obyektləri elektriksiz qaldığından paytaxtın kanalizasiya sistemi müvəqqəti olaraq çirkab sularını qəbul edə bilmir.

"Nə qədər yaxşı hazırlaşsaq da, hava hücumundan müdafiə sistemi işləməsə, acınacaqlı vəziyyətə düşə bilərik", – Kliçko "France-Presse"ə deyib.

Ancaq mer Kiyevin tamamilə boşaldılmasından söhbət getmədiyini vurğulayıb. Onun sözlərinə görə, bu, "Putindən ötrü ən yaxşı ssenari olardı - boşalmış şəhərlərimizi ələ keçirmək".

Bir gündə üç dron Moldovanın hava məkanını pozub

Dronun Aneniy-Noy rayonunun Harbovat kəndində partladığı an
Dronun Aneniy-Noy rayonunun Harbovat kəndində partladığı an

Sentyabrın 30-da Moldovanın hava məkanını üç dron pozub.

Səhər Moldova polisi ölkə ərazisinə daxil olmuş dron barədə məlumat yayıb. Qurumun məlumatına görə, dron saat 5:40 radələrində müşahidə edilib, daha sonra Aneniy-Noy rayonunda yerə düşüb.

Gün ərzində Moldovanın Müdafiə Nazirliyi reaktiv mühərrikli daha bir dronun aşkarlandığını açıqlayıb. Dron ölkənin hava məkanına şərq tərəfdən - tanınmamış Dnestryanı bölgənin ərazisindən keçərək daxil olub.

Müdafiə naziri Anatoli Nosatı bildirib ki, bu, artıq 84-cü belə haldır. "Rusiya Federasiyası vətəndaşlarımızın həyatını təhlükəyə atır. Onların Dnestrin hansı sahilində yaşamasının və ya hansı dildə danışmasının heç bir fərqi yoxdur", – Nosatı vurğulayıb.

Axşam isə hakimiyyət orqanları gün ərzində hava məkanının artıq üçüncü dəfə pozulduğunu bəyan ediblər. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Ukraynaya kütləvi hücumları fonunda, saat 20:45 radələrində növbəti dron Moldova sərhədini keçib. Dron aşkarlandıqdan sonra ölkə rəhbərliyi hava məkanının mərkəzi hissəsini müvəqqəti olaraq uçuşlara bağlayıb.

Putin Rusiyanın neft və yanacaq məlumatlarını məxfiləşdirdi

Rusiyadakı qıtlıq azərbaycanlıları da vurdu: 'Hamı nigarandır'
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Rusiya prezidenti Vladimir Putin sentyabrın 28-də ölkənin yanacaq-energetika sahəsinə aid məlumatlara çıxışı məhdudlaşdıran fərman imzalayıb. Sənədə əsasən, neft emalı zavodlarında emal olunan xammalın və istehsal edilən yanacağın həcmi, benzin və dizelin satışı, onların daşınma marşrutları barədə məlumatlar məxfiləşdiriləcək.

Bu məlumatların mediada və internetdə açıq şəkildə yayılması qadağan edilir.

Məhdudiyyət şirkətlərin özlərinin yayımladığı hesabatlara şamil olunmur.

Fərmana görə, yanacaq sektoru ilə bağlı məlumatlara çıxış "ABŞ və ona qoşulmuş xarici dövlətlərin, habelə beynəlxalq təşkilatların qeyri-dost və beynəlxalq hüquqazidd hərəkətlərinə cavab olaraq" məhdudlaşdırılır. Xarici dövlətlərin konkret hansı addımlarının bu qərara səbəb olduğu açıqlanmır.

Ukrayna 2026-cı ildə Rusiyanın neft emalı infrastrukturuna dronlar ilə hücumlarını xeyli intensivləşdirib. "Reuters" Beynəlxalq Enerji Agentliyinə istinadən bildirir ki, ilin ilk səkkiz ayında Rusiyanın neft emalı zavodlarına orta hesabla hər üç gündən bir uğurlu zərbə endirilib. Nəticədə iyulda Rusiyada neft emalının həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 30 faiz azalaraq 2004-cü ildən bəri ən aşağı səviyyəyə düşüb. Benzin istehsalı isə 20 faiz azalıb.

Vuçiç istefa verib

Aleksandr Vuçiç
Aleksandr Vuçiç

Serbiya Prezidenti Aleksandr Vuçiç sentyabrın 27-də istefa verdiyini açıqlayıb. O, oktyabrda keçiriləcək seçkilərdə ölkə parlamentinə namizəd olacaq.

Vuçiç 2027-ci ildə prezidentlik müddətinin başa çatmasını gözləmədən vəzifəsindən ayrılacağını iyunun sonunda bildirmişdi. O, hakim Serbiya Tərəqqi Partiyasının seçki siyahısına başçılıq edəcək, baş nazir postuna namizəd olacaq. Bosniya əsilli avstriyalı politoloq Vedran Cihiç 2026-cı ilin iyununda “Die Presse” qəzetinə müsahibəsində Vuçiçin istefa haqda açıqlamalarını baş nazir vəzifəsini tutmaq üçün bir gediş kimi qiymətləndirmişdi.

Aleksandr Vuçiç İyulda “Die Presse”yə müsahibəsində partiyasının oktyabr seçkilərində qələbə şansını yüksək qiymətləndirib. “Üç aydan sonra bir çox ölkədəkindən xeyli demokratik keçəcək seçkilərdə qalib gələcəyik. Serbiyanı iqtisadi baxımdan daha güclü edəcəyik”, – o deyib.

Sentyabrın 7-də Serbiya hökuməti Vuçiçdən ölkənin birpalatalı parlamenti Xalq Skupşinasını buraxmağı, növbədənkənar seçki təyin etməyi xahiş edib. Vuçiç də belə edib. Seçki oktyabrın 25-də keçiriləcək. Serbiya Konstitusiyasına əsasən, seçki kampaniyasına 45 gündən 60 günədək vaxt ayrılmalıdır.

Vuçiç 12 il prezident postunda olub. Onun ikinci prezidentlik müddəti 2027-ci ildə başa çatmalı idi. Konstitusiyaya görə, eyni şəxs iki müddətdən artıq prezident ola bilməz.

Serbiya parlament respublikasıdır. İcra hakimiyyəti bütünlüklə baş nazirin rəhbərlik etdiyi hökumətə məxsusdur. Ancaq prezidentin də, xüsusilə xarici siyasət və təhlükəsizlik sahələrində bir sıra səlahiyyətləri var.

Moskvada politoloq narkotik ittihamı ilə həbs edilib

Aleksandr Kınev
Aleksandr Kınev

Rusiyada politoloq Aleksandr Kınev cinayət işi çərçivəsində həbs edilib və Moskvanın Perovo rayon Məhkəməsinin qərarı ilə sentyabrın 25-də istintaq təcridxanasına göndərilib.

"Mediazona"nın məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, Kınev narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunur və bu maddə üzrə onu 10 ildən 20 ilədək həbs cəzası gözləyir.

Politoloqun saxlanılması faktını vəkil Mixail Biryukov da "Mediazona"ya təsdiqləsə də, onun məhz nə vaxt saxlanıldığı hələlik məlum deyil. İki gün əvvəl Kınev Dövlət Dumasına keçirilən seçkiləri "Facebook" hesabında şərh edib, həmçinin yaxın vaxtlara qədər onun Telegram-kanalında da seçki nəticələri ilə bağlı paylaşımlar dərc olunub.

Jurnalist Aleksey Venediktovun yazdığına görə, Kınev özünü təqsirli bilmir.

Kınev Rusiyanın regionlarında hakimiyyət strukturunu təhlil edir, seçkilərlə bağlı araşdırmalar aparır. Onun 2025-ci ildə işıq üzü görən "Rusiya regionlarını kim və necə idarə edir" kitabında SSRİ-nin dağılmasından sonra regional administrasiyaların formalaşması mərhələləri tədqiq olunur.

Politoloq Ukraynadakı müharibəyə qarşı çıxıb. Rusiya hakimiyyəti bu ilin fevralında onu "xarici agent" elan edib.

Qazaxıstanda təlimdə həlak olan hərbçilərin sayı 12-yə çatıb

Qazaxıstan ordusunun Xəzər dənizində təlimi
Qazaxıstan ordusunun Xəzər dənizində təlimi

Qazaxıstanda Xəzər dənizində hərbi təlimlər zamanı həlak olan hərbçilərin sayı 12-yə çatıb. Manğıstau vilayətinin regional hakimiyyət orqanlarının yaydığı məlumata görə, daha iki hərbçinin axtarışları davam edir və onlar hələ də itkin düşmüş hesab olunurlar.

Hadisə ötən gün baş verib, güclü dalğa 17 nəfəri dənizə aparıb. Onlardan 12-si ölüb, üçünü isə xilas etmək mümkün olub.

Prezident Kasım-Jomart Tokayev sentyabrın 25-də ölkədə ümummilli matəm günü elan edib.

"Azattyq Asia" yazır ki, bu, Xəzər dənizində təlim zamanı ilk ölüm halı deyil. 2015-ci ildə Aktau yaxınlığında keçirilən "Mərkəz – 2015" təlimlərində də dörd hərbçi həlak olmuşdu. Həmin vaxt göyərtəsində 52 hərbçi olan altı BTR-80 zirehli transportyoru dənizə çıxmış, güclü külək nəticəsində batmışdı. Faciənin səbəbləri kimi təhlükəsizlik qaydalarına riayət olunmaması, şəxsi heyətin hazırlığının yetərsizliyi və nəzarətin zəifliyi göstərilmişdi. Altı nəfər təqsirli bilinərək məsuliyyətə cəlb edilmişdi.

+++

Qazaxıstan Müdafiə Nazirliyi təlim zamanı 9 hərbçinin həlak olduğunu, qalanlarının isə axtarıldığını bildirib.

Məlumata görə, sentyabrın 24-də Manğıstau vilayətində Qazaxıstan Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələri təlim keçirərkən hava şəraiti qəfil pisləşib və külək güclənib. Xəzər dənizinin sahilində təlim-döyüş tapşırığını yerinə yetirən hərbçilər güclü dalğanın təsirindən dənizdə batıb.

19 hərbçidən doqquzunun öldüyü təsdiqlənib, üç hərbçi xilas edilib. Onlardan biri xəstəxanaya yerləşdirilib. Qalan hərbçilərin axtarışı davam edir.

Faktla bağlı Qazaxıstan Baş Prokurorluğunda cinayət işi başlanıb.

Berlin aeroportu dron səbəbindən işini müvəqqəti dayandırıb

Berlin-Brandenburq aeroportu
Berlin-Brandenburq aeroportu

Berlin-Brandenburq aeroportu yaxınlığında dron görünməsi səbəbindən sentyabrın 23-ü axşam saatlarında işini müvəqqəti dayandırıb.

Dron yerli vaxtla saat 20:00 radələrində görünüb. Bundan sonra Almaniyanın Hava Nəqliyyatının İdarə Edilməsi Xidməti (DFS) əvvəlcə şimal, sonra isə cənub uçuş-enmə zolağını bağlayıb. Məhdudiyyətlər bir saat sonra aradan qaldırılıb.

DPA agentliyinə görə, Berlin-Brandenburq Almaniya hava limanları arasında yaxınlığında ən çox dron aşkar edilən məkandır. Dispetçer xidməti 2026-cı ilin ilk altı ayında burada 28 dron qeydə alıb və onlardan 7-sində uçuşlar dayandırılıb. Müqayisə üçün, 2025-ci ilin bütün ili ərzində cəmi 8 dron qeydə alınmışdı.

Hazırda Almaniya aeroportları və hərbi obyektləri yaxınlığında şübhəli dronların görünməsi ilə bağlı bir neçə hadisə araşdırılır.

Avqustda Leypsiq hava limanında bir neçə dron tapılıb. Onlardan birinin partlayıcı ilə təchiz olunduğu və Ukraynanın sursat daşıyan "An-124" təyyarəsinin yaxınlığında yerləşdiyi bildirilir. Sentyabrın 1-də Almaniya hakimiyyəti iddia edilən təxribat cəhdində Rusiyanı günahlandırıb. Moskva ittihamları rədd edib.

Sentyabrın 23-də Vunstorf hərbi aerodromu yaxınlığında tapılan dron qalıqlarının yanında da naməlum maddə aşkarlanıb. Maddənin partlayıcı olduğu güman edilir, amma kriminalistik ekspertiza hələ bitməyib. Həmin aerodromda Almaniya Hərbi Hava Qüvvələrinin "Airbus A400M" hərbi nəqliyyat təyyarələri yerləşir.

Almaniyanın Federal Prokurorluğu və Federal Cinayət İşləri İdarəsi bu iki hadisə arasında əlaqəni araşdırır.

Almaniya mediasının məlumatına görə, dronların quruluşu oxşardır. Vunstorfdakı dronun ən azı bir detalı 3D printerdə hazırlanıb.

Rusiya hərbi helikopteri Polşanın hava məkanını pozub

Helikopter Polşanın hava məkanına təxminən 300 metr daxil olub və orada 42 saniyə qalıb

Sentyabrın 23-də Rusiyaya məxsus Mi-8 hərbi helikopteri Polşanın hava məkanını pozub. Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığının məlumatına görə, hadisə ilə əlaqədar qırıcı təyyarələr havaya qaldırılıb.

Açıqlamada bildirilir ki, Kalininqrad istiqamətindən gələn helikopter Polşanın hava məkanına təxminən 300 metr daxil olub və orada 42 saniyə qalıb.

“Hadisənin xarakteri göstərir ki, Rusiya hava hücumundan müdafiəmizin hazırlığını yenidən sınağa çəkir”, – məlumatda deyilir.

Sentyabrın 13-nə keçən gecə Polşa-Ukrayna sərhədi yaxınlığında Rusiya dronlarının hücumlarından sonra Polşanın baş naziri Donald Tusk Rusiyanın gərginliyi artırmasının “artıq fakta çevrildiyini” bildirib. O xəbərdarlıq edib ki, qarşıdakı həftələr və aylar Moskvanın “çox intensiv fəaliyyət” dövrü ola bilər. Tuskun sözlərinə görə, gərginliyin Polşa ərazisinə də yayılacağını istisna etmək olmaz.

İyulun 30-na keçən gecə Rusiyanın X-101 qanadlı raketi Polşaya düşüb. Ölkə prokurorluğunun məlumatına görə, raket 2026-cı ilin ikinci rübündə Moskva vilayətindəki zavodlardan birində istehsal olunub.

ABŞ Rusiya xarici işlər nazirinin müavininə viza verməyib

Rusiya XİN
Rusiya XİN

ABŞ Rusiya xarici işlər nazirinin müavini Aleksandr Alimova Nyu-Yorkda BMT tədbirlərində iştirak etmək üçün viza verməyib. TASS agentliyi xəbəri Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqinova istinadla yayıb.

"Rusiya Federasiyasının BMT çərçivəsində keçirilən tədbirlərə göndərdiyi nümayəndələrlə bağlı bütün viza müraciətlərinin nə vaxtsa tam təmin olunduğunu xatırlamıram", – o deyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, viza məsələsi ABŞ hakimiyyəti ilə müzakirə olunacaq. Onun sözlərinə görə, bu addım BMT-nin mənzil-qərargahına ev sahibliyi edən ölkənin öhdəliklərini pozur.

Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası başlayır. Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir. Sentyabrın 23-də onun Nyu-Yorkda ABŞ dövlət katibi Marko Rubio ilə görüşü planlaşdırılır.

Sentyabrın 22-də Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Trampın görüşəcəyi gözlənilir. Danışıqların əsas mövzusunun "enerji atəşkəsi" adlı razılaşmanın mümkünlüyü olacağı bildirilir.

Tramp son vaxtlar Ukraynanın Rusiyadakı neft emalı zavodlarına zərbələri məsələsinə dəfələrlə toxunub, bu hücumların dünya bazarında dizel yanacağının bahalaşmasına səbəb olduğunu bildirib. Zelenski bir gün əvvəl bəyan edib ki, Rusiya Ukraynanın mülki infrastrukturuna zərbələri dayandırarsa, Ukrayna da analoji deeskalasiya addımları atmağa hazırdır.

Davamı

XS
SM
MD
LG