Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:12

Gənc yazar: Bizdəki kütləvi intihar deyil, qətldir


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-

"Eramızdan əvvəl 133-cü ilin yazında Normandiya mühasirəyə alınanda normandiyalıların çoxu təslim olmaq əvəzinə intihar etməyi seçmişdi.

1945-ci ildə Almaniyada 900 nəfər Qızıl Ordudan qorxaraq intihar etmişdi.

Dediyim odur ki, bəlkə illər, əsrlər sonra da tarixə bizim eranın 2016-cı ili Azərbaycanda yaşanmış kütləvi intihar hadisələri ilə düşəcək?!"

Orxan Bahadırsoy

Ölkədə nə baş verir: intihar, yoxsa qətl?

Məşhur Rumıniya yazıçısı, filosof Emil Çoran (Emile Mihai Cioran) deyirdi: “Bu dünya əlimizdən hər şeyi ala bilər, bizə hər şeyi qadağan edə bilər, amma özümüzü yox etməyi əngəlləməyə heç kimin gücü çatmaz.”

Son zamanlar Azərbaycanda az qala hər ötən gün bir neçə intihar xəbəri eşidirik. Bütün xəbər portalları, köşə yazarları bu kütləvi intiharların ölkədəki böhran, əhalinin olduqca çətin maddi vəziyyəti ilə əlaqədar olduğunu yazdığı halda, psixoloqlar öz çıxışlarında bunun psixoloji problem olduğunu deyirlər.

Bəlkə psixoloqlar yanılırlar? Ya da ölkədə ajiotaj yaranmasın deyə onlara verilən xüsusi tapşırığa görə belə deyirlər. Kim bilir!?

Jean-Paul Sartre
Jean-Paul Sartre

Bəlkə intiharın ən düzgün şərhlərini psixoloqlar yox, məşhur yazıçılar veriblər? Məsələn, Kamyu: “Hər intihar bir qaçışdır.” Ya da ona cavab verən Sartr: “İntihar qaçış deyil, rəddedişdir!”

Albert Camus
Albert Camus

Azərbaycan vətəndaşının bugünkü yaşamına baxanda psixoloqlardan çox Kamyu ilə Sartra haqq qazandırmaq olur. Çünki bu qədər adam eyni vaxtda psixoloji sarsıntı keçirib kütləvi intihar edə bilməz. Keçirirsə belə, demək, eyni səbəbdəndir.

Səbəb də birbaşa ölkədəki böhran, əhalinin qalaqlanmış borcları, işsizlik. O zaman Kamyu haqlı ola bilər: bu adamlar intihar edərək, bütün maddi çətinliklərindən qaçırlar. Sartra da haqq vermək olur: qaçmırlar, rədd edirlər.

Əslində kütləvi intihar, çox sayda insanın birlikdə və ya eyni səbəbdən özünü öldürməsi deməkdir. Azərbaycanda baş verən ard-arda intiharlara bu adı verməkdə yanıla bilərəm.

Eramızdan əvvəl 133-cü ilin yazında Normandiya mühasirəyə alınanda normandiyalıların çoxu təslim olmaq əvəzinə intihar etməyi seçmişdi.

Oxşar hadisə 1336-cı ildə Litvada da yaşanmışdı. 1945-ci ildə Almaniyada 900 nəfər Qızıl Ordudan qorxaraq intihar etmişdi. Bundan başqa da tarixdə bir çox kütləvi intihar hadisələri var.

Dediyim odur ki, bəlkə illər, əsrlər sonra da tarixə bizim eranın 2016-cı ili Azərbaycanda yaşanmış kütləvi intihar hadisələri ilə düşəcək?!

Amma mən hesab edirəm ki, bu, intihar və ya kütləvi intihar deyil, qətldir. Özü də kütləvi qətl...

Sevgilisini, arvadını, dostunu, borclu olduğu insanı öldürənlər başqasının qatilidirsə, özünü öldürənlər də öz qatilidirmi? Yoxsa bütün bu ölümlərin başqa bir səbəbkarı var? Bəs kimdir o qatil?

İllüstrasiya
İllüstrasiya

Bəlkə “istəsən götür, istəməsən götürmə” prinsipi ilə camaata dollarla kredit verib, sonra da hər devalvasiyada onların boğazından yapışan banklardır qatil?

Bəlkə hər məhəllədə faziə pul verən, pulu azca gecikən kim insanların qapısında bar-bar bağıran, hər tərəfindən qızıl asılan yaşlı sələmçi xalalardır qatil?

Bəlkə ərzağın, dərmanın qiymətini qaldıranlar, bu qədər insanın maaşını kəsənlər, işindən çıxaranlardır qatil? Bəlkə kapitalizmdir qatil?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG