Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:21

A.Rəhimov «Formula-1» xərclərindən danışdı


Azad Rəhimov
Azad Rəhimov

-

««Formula-1» yarışlarına hazırlıq işləri qaydasında gedir. Heç bir problem yoxdur. Çalışırıq ki, Bakı sakinlərinə heç bir problem yaranmasın. Baxmayaraq ki, 6 kilometrlik məsafədə yollar dəyişir, amma işlər çox səliqəli şəkildə aparılır, tıxaclar yaranmır».

APA xəbər verir ki, bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Nazir həmçinin deyib ki, «Formula-1» yarışları ilə bağlı pitstop binası artıq sifariş olunub. 300 metr uzunluğu, 21 metr eni, iki mərtəbəli bina tam hazır şəkildə gətirilərək Azadlıq meydanında qurulacaq.

A.Rəhimov bəzi mətbuat orqanlarında «Formula-1» yarışına Azərbaycanın 150 milyon dollar xərcləyəcəyi barədə getmiş fikirlərə də münasibət bildirib:

«Bütün büdcəni əvvəldən axıra kimi saymaq çox ağır işdir. Bu gün tam əminliklə deyirəm ki, 6 kilometrlik yollar 12 milyona başa gəlir. Pitstop binasının qiyməti təxminən 30 milyona yaxındır. İş gedir və yarışlara xərclənən büdcə elan olunacaq, gizli heç nə qalmayacaq. Büdcə 150 milyon dollar ola bilməz, rəqəm bundan çox aşağıdır».

Bir müddət öncə bəzi yerli və xarici KİV-lər Azərbaycanın «Formula-1» yarışları üçün təşkilatçı tərəfə 150 milyon ABŞ dolları ödəyəcəyini bildirirdilər. Bu barədə «Autoweek» saytı da məlumat yaymışdı. Həmin xəbərdə deyilirdi ki, İtaliya avtomobil klubunun başçısı Sticchi Damiani Azərbaycanın «Formula-1» rəhbəri Bernie Ecclestone-a 2016-cı ildən 2018-ci ilədək keçiriləcək 3 yarışa görə 150 milyon dollar ödəyəcəyini açıqlayıb. Bu məbləğin 50 milyonu 2016, 50 milyonu 2017, digər 50 milyonu isə 2018-ci ildə baş tutacaq Qran-Pri-yə görədir.

Bəzi siyasətçi və yerli ekspertlər isə «Formula-1» yarışlarına ümumilikdə daha çox xərc çəkiləcəyini iddia edirdilər. Məsələn, AXCP sədri Əli Kərimli öz Facebook səhifəsində yazırdı: «Builki dövlət büdcəsində beynəlxalq idman yarışlarının keçirilməsi üçün 324 milyon manat (devalvasiyadan əvvəlki manatla) ayrılması nəzərdə tutulur. Düzdür, bu il ölkəmizdə həm də Ümumdünya Şahmat Olimpiadası keçiriləcək, lakin onun xərci böyük deyil. Deməli, 324 milyon manatın tam əksəriyyəti «Formula-1»ə xərclənəcək».

XS
SM
MD
LG