Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:09

Dünya Ədəbiyyatı Kitabxanasına abunədə Sovet bazarı təfəkkürü


Rafiq Hunaltay
Rafiq Hunaltay

-

"Sərəncam 2007-ci ildə verilir. İcraata 2009-cu ildən başlanır, 3 ilə bitməlidir, amma bu il 2016, hələ də bitməyib."

"Dedi yox, orda məntiq yoxdur, kompüterdə yığan qız necə yığıbsa odur."

DƏK seriyasına abunə sistemi necə işləyir?

Rafiq Hunaltay

Kitab Klubu və ya “DƏK” layihəsində sonaDƏK görülməyən iş nədir?

Bu yaxınlarda dostumuz Orxan Adıgözəl ilə söhbət edərkən mənə Kitab Klubu haqqında danışdı. Öz kitabxanasından onlar vasitəsilə aldığı kitabları göstərdi. Nəfis tərtibatlı kitablar idi. Məlum oldu ki, Orxan özü “Dünya Ədəbiyyatı Kitabxanası” (DƏK) seriyasına abunə olub. Nə isə, söhbətimiz oradaca bitdi.

Dünən isə Orxan məndən abunə olduğu növbəti kitabı Kitab Klubunun şəhərdəki ofisindən götürməyimi xahiş etdi. Mən də bu gün yollandım Kitab Klubuna.

Bakı Kitab Klubunun ofisi
Bakı Kitab Klubunun ofisi

Getmişkən, sistemləri ilə də tanış oldum. İçəridəki xanım Orxanın kodunu axtararkən yerdə düzülmüş kitablara göz gəzdirdim. Özümdən asılı deyil, topa şəklində kitab gördümsə, vərəqləməsəm, bəzi hallarda isə vərəqlərini iyləməsəm durmuram.

Tam səmimi deyim ki, kitablar çooox gözəl tərtib edilmişdi. Fürsətdən istifadə edib xanımdan abunə olmaq istədiyimi və ümumiyyətlə, abunə sisteminin üstünlüyünü soruşdum.

Nə oldusa, elə ondan sonra oldu. Gəlib evdə araşdırandan sonra vəziyyət mənə daha da aydın oldu. Mən izah edim, siz qiymət verin.

“DƏK” nədir?

Deməli, Prezidentin 2007-ci il 24 avqustda verdiyi sərəncama əsasən, latın qrafikalı kitab nəşrini stimullaşdırmaq üçün 150-dək xarici ədəbiyyatın tərcümə edilərək nəşri nəzərdə tutulub. Layihəyə 2009, ya da 2010-cu ildən başlanıb və bugünədək 115 kitab tərcümə olunaraq nəşr edilib.

Kitablar
Kitablar

Bu arada, onu da deyim ki, 150 kitab sərəncama əsasən, 3 ilə çap olunmalı imiş, amma hələ də bitməyib. Layihənin icrasına “Şərq-Qərb”, “CBS” mətbəələri, “Tutu” nəşriyyatı, Bakı Slavyan universitetinin müəllimləri cəlb edilib, Kitab Klubu vasitəsilə isə abunə və pərakəndə satışı təşkil edilir.

İnternetdə oxudum ki, indiyə qədər 150 seriyaya 1000-dən artıq abunə olan var. Abunə sisteminin özəlliyi haqqında aşağıda yazacam, amma ona qədər mütləq deməliyəm ki, kitabların tərtibatına, keyfiyyətinə söz ola bilməz. Hamısı qalın üz qapaqlı, səhifələr ən bahalı kağız və s.

Eyni zamanda tərcümə edilən kitablar da çox qiymətli əsərlərdir, üstünlük həm də ondadır ki, əsasən bir müəllifin bir əsəri yox, külliyyatı bir kitabda cəmlənib. Bir sözlə, super.

Abunə sistemi necə işləyir? Və ya mənim 3 cəhdim

Təbii ki, kitabları görəndə heyran oldum və mən də abunə olmaq istədiyimi bildirdim.

Deməli, şərt belədir ki, ilk öncə 20 manat depozit qoyursan. Bu pula dəyilmir, ondan sonra isə DƏK seriyası üzrə kitabların hamısını 7 AZN-dən əldə etmək imkanın olur. Hər ay o seriyadan olan kitablar çıxdıqca hamısını almalısan.

Dünya Ədəbiyyatı Kitabxanası seriyasından kitablar
Dünya Ədəbiyyatı Kitabxanası seriyasından kitablar

Almaya da bilərsən, məsələn, pərakəndə şəkildə qoyulan qiymətləri ilə neçə ədəd və hansını istəsən, ala bilərsən. Pərakəndə qiymətlər 12 manata qədər dəyişir.

Marketoloq olduğuma görə, istədim bir bazarlıq edim. Xanıma təklif etdim ki, indi 20 manat verib abunə oluram, o pulu ümumiyyətlə heç vaxt geri götürməyəcəm. Əlavə olaraq sizdən 10 ədəd kitab alacam və hamısına birinə 5 AZN-dən 50 manat verəcəyəm. Və bunu hər ay alacağam.

Fikirləşdim ki, 100 kitabı ilin axırına kimi yavaş-yavaş alaram. Xanım dedi ki, yox. 5 manat qəti olmaz, ancaq 7 manat. Bazarlıq tutmadı.

Dedim, onda ikinci variantı sınayım. Orxanın kodu ilə biri 7 manatdan kitab alım. Bu halda 20 manat abunə haqqı vermiş olmaram. Onda da məlum oldu ki, belə də olmaz, abunə olan adam hər kitabdan ancaq bir ədəd götürə bilər.

Guya Orxan özü gəlib mən istədiyim kitabları öz adına ala bilməzdi?!

Üstəlik, mən başqa adamın kodundan istifadə edə bilmərəm.

Guya Orxan özü gəlib mən istədiyim kitabları öz adına ala bilməzdi?! Mütləq vadar edirlər ki, yalan danışasan. Nə isə.

Bu arada, söhbətə sonradan 2 nəfər də qoşuldu. Artıq üçüncü cəhdimi etmək üçün işə başladım. Əlimdə də Remarkın seçilmiş əsərləri olan kitab. Dedim ok, 20 manat verib abunə oluram və 7 manatdan da 5 ədəd kitabı indi götürürəm. Dedilər OK.

Siyahını istədim ki, baxım. Siyahıda 100-dən çox kitabın adı var idi. Dedim, burdan 5-ni seçəcəyəm. Növbəti YOX da bu zaman gəldi. Sən demə, istədiyin 5 kitabı seçə bilməzsən, ancaq onların siyahısında olan ardıcıllıqla ala bilərsən.

Çox gülməli gəldi mənə və söhbətə dördlükdə davam edib, hər cəhdlə bu sistemin məntiqə uyğun olmadığını izah etməyə çalışdım.

Açığını desəm, xəstəxanadan birbaşa mətbəəyə gəlmişdim, o qədər də halım yox idi, amma çox istəyirdim izah edim ki, bu sistem əgər satmaq üçün düşünülübsə, effektiszdir.

Kitablar
Kitablar

Atalar sözü qalmadı, ədiblərdən sitat qalmadı, marketinq elminin mərhələlərindən o nümunə qalmadı deyim ki, sistem düz deyil, heç cür razılaşmadılar.

Hətta söhbətdə olanlardan bir kişi məni tanıdığını, kitabımı onların çap etdiyini dedi. Burda da tanıdılar. Adətən belə "cığallıqlar" edəndə istəyirəm ki, kimsə tanımasın məni.

Dostlardan biri qayıtdı ki, bu abunə sistemi sovet vaxtında da belə idi. Hər sistemin bir qaydası var, bizim də qaydamız belədir.

Uzun sözün qısası, eləməyib tənbəllik, bir xeyli danışandan sonra razılaşdılar ki, sistem düz qurulmayıb.

İndi aşağıda mən izah edim ki, niyə bu sistem düz qurulmayıb.

Prezident sərəncam verib və bunun əsasında, böyük ehtimal, dövlətin də maddi dəstəyi ilə kitablar çap edilib. Olduqca faydalı qərardır. Yuxarıda adlarını çəkdiyim qurumlar isə sadəcə icra ediblər. Bu, çox yaxşı.

Kitablar olduqca gözəl kitablardır. Oxumasan belə, adam istəyir alıb rəfinə qoysun. Amma gəl ki, buna sonadək dövlət proyekti kimi yanaşıblar. Yəni quş qoysunlar ki, bəli, 150 kitab çap elədik. Sonra isə “nə olar, olar” prinsipi

Sərəncam 2007-ci ildə verilir. İcraata 2009-cu ildən başlanır, 3 ilə bitməlidir, amma bu il 2016, hələ də bitməyib.

Üstəlik, kitab insanlara satılmaq üçün nəzərdə tutulubsa, qoyulan qaydalar qətiyyən bazar qanunlarına görə deyil. Hiss olunur ki, sovet vaxtı bu işi bilən kimsə, eyni sistemi bugün üçün də tətbiq edib. Elə olmasaydı, söhbət etdiyim kişi “sovetin vaxtından belə görmüşük” deməzdi.

Əzizlərim, indi bazar iqtisadiyyatıdır. Getdi o dövrlər. Əgər abunə sistemini qurub, guya müştəriyə, oxucuya daha sərfəli şərt təklif etdiyinizi düşünürsünüzsə, metodunuz düzdür, amma icraat deyil.

Abuna metodu dünyanın hər yerində tətbiq edilir. Amma onların heç birində məcburi şəkildə nə buraxsaq, almalısan sistemi yoxdur. Bəlkə, mən Remarkı oxumuşam, indi istəmirəm oxuyum?! Niyə onu almalıyam?!

Deməli, xanım mənə siyahı verdi. Orada 100-dən çox kitab müəyyən ardıcıllıqla düzülmüşdü. Mən də abunə olsam, ancaq o ardıcıllıqla almalıyam.

Xanıma sual verdim ki, bu ardıcıllıqda məntiq varmı? Məsələn, niyə Orhan Pamukdan sonra Henrix Böl gəlir? Yəni oxucu niyə ardıcıl bunu oxumalıdır?! Bədii məntiq varsa, deyin, biz də bilək. Dedi yox, orda məntiq yoxdur, kompüterdə yığan qız necə yığıbsa odur. Bəli, düz eşitdiniz. Komputerdə yığan qız.

Dedim əgər, mən o kitabı oxumaq istəmirəmsə və siyahıda olan 150 kitabdan istədiyimi seçə bilmərəm? Dedi, oxumaq istəmirsinizsə, alın saxlayın, istədiyinizə sıra gələndə alıb oxuyarsınız. İkinci şok da burdan gəldi.

Deməli, komputerdə yığan qız və nəşr olunma ardıcıllığını kim düşünübsə, bazarda oyun qaydalarını da o müəyyən edib ki, bu da həqiqətən sovet təfəkkürüdür.

Oxumadığı kitaba niyə pul versin bu yetim müştəri?! Deməli, komputerdə yığan qız və nəşr olunma ardıcıllığını kim düşünübsə, bazarda oyun qaydalarını da o müəyyən edib ki, bu da həqiqətən sovet təfəkkürüdür.

Digər maraqlı məsələ isə elə kitabların seçimi ilə bağlı oldu.

Sual verdim ki, bəs bu qorxu nədəndir, yəni niyə mən istədiyimi götürə bilmərəm. Dedilər, hamı gəlir deyir ki, hamısını sıra ilə alacam, amma axırda almır, biz də əziyyət çəkmişik axı, neçə adam onun üstündə işləyib. Kitab da satılmır, qalır.

Cavab verdim ki, xanım, düz edir almır da müştəri. Müştərinin heç vecinə də deyil ki, bunun üstündə işləyən kişi neçə paçka siqaret çəkib. Müştəri tələbi olmayan malı indiki dövrdə siz istehsal etmisiniz deyə almalıdır???

Siz bəyəm araşdırma etmişdinizmi ki, Azərbaycan oxucusu, sizin hədəflədiyiniz oxucular hansı kitabları oxumaq istəyər?! Sərəncam verildi, bəs siyahını kim və hansı məntiqlə hazırladı? Əgər tərcümə olunanlardan hansısa alınmırsa, deməli, bazar istəmir də o kitabı. Daha niyə çox götür-qoy edirsiniz?! Daha çap etməyin, bitsin.

Məsələn, mən Sveyqin bəlkə gəlib abunə ilə 10 kitabını alıb hədiyyə etmək istəyirəm. Niyə edə bilmərəm onu? Məqsəd satmaq deyil? Alıram da.

Məsələn, mən Sveyqin bəlkə gəlib abunə ilə 10 kitabını alıb hədiyyə etmək istəyirəm. Niyə edə bilmərəm onu? Məqsəd satmaq deyil? Alıram da.

Marketinqdən bilən dostlarım agahdır ki, marketinqin 5 mərhələsi olub. (Bəziləri sonuncu, yəni 6-cını - "qarşılıqlı münasibətlər marketinqi" də deyir)

Kitablar
Kitablar

Onlardan biri istehsal mərhələsi olub, sonra satış mərhələsi gəlib, daha sonra marketinq dövrü. İstehsal mərhələsi belədir ki, nə istehsal edirsənsə, onu satmalısan. Loru dildə desək, yesən də, yeməsən də budur.

Satış mərhələsində isə artıq anlayıblar ki, yox, bu qayda düz deyil, istehsal elədiyini satmaq yox, sata biləcəyini istehsal eləməlisən. Kobud desək, müştəri nə istəyir, onu istehsal elə.

Marketinq mərhələsində də anladılar ki, sən demə, satıla bilən məhsullar istehsal eləməklə də iş bitmir. Marketinq də lazımdır. Çünki eyni işi başqaları da artıq görməyə başladı. Sən nə iləsə başqalarından fərqlənməlisən. Burda da marketinq “yapmağa” başladılar.

Əzizlərim, indi Siz özünüz gördünüz ki, dünya 6-cı mərhələdə olarkən, bizim bu sistem hələ də istehsal mərhələsində, satıcı bazarında, yəni “yesən də, yeməsən də budur” mərhələsindədir.

Buna da bax: Bir müəllifin Bakı kitab bazarı haqda araşdırması

Nəhayət, sonuncu məsələ, yuxarıda yazdığım kimi, bu sistem satmaq üçün yaradılmayıb. Məqsəd satmaq deyil. Məqsəd satmaq olmadığına görə də onlar anlamırlar ki, niyə müştərinin dediyi olmalıdır.

Xanıma deyirəm ki, Siz əksinə, satılmayan kitablardan "promotion" kimi istifadə edə bilərsiniz. 2, 3, 4 kitab bir yerdə olmaqla, sərfəli qiymət təklifi verin, satılsın. Dedi, yox, alınmır, vallah.

Uzun söhbətdən sonra razılaşdılar ki, bəli, nələrisə yüz faiz səhv düşünüblər. Bəlkə də indiki dövrün tələbi başqadır. Mən də sevinmişdim ki, artıq əlimdəki Remarkın kitabını ala biləcəm.

Qərəz, dedim, dostlar, indi mən bu kitabı alıb gedə bilərəmmi? Və o an bayaqdan eşitdiyim söz təkrar olundu:

– YOX.

Bir onlara, bir özümə baxdım. Gülmək tutdu məni. Bayaq maşında gələndə düz iki dəfə ayrı-ayrı radioda Sibel Canın təzə mahnısına - “Tamam o zaman ayrılalım”dı, nədi, ona qulaq asmışdım. Özümdən asılı olmadan, mahnının məhz o hissəsini zümzümə edərək, Orxanın kitabını götürüb çıxdım.

Yəni bu qədər söhbətdən sonra yenə YOX-dursa, tamam, o zaman ayrılalım, nə deyirəm ki.

(Yazı R.Hunaltayın bloqundan ixtisarla götürülüb)

XS
SM
MD
LG