Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:17

26 il əvvəl sovet ordusu Lənkəranda necə qırğın törətdi?


İltifat Rəhimzadə 
İltifat Rəhimzadə 

-

Sovet ordusu 1990-cı il yanvarın 20-də Bakıda qırğın törətdikdən sonra Azərbaycanın bölgələrinə də keçdi. Cəlilabad rayonunda həbslər aparıldı, Neftçala rayonunda iki nəfər həlak oldu. Yanvarın 25-dən 26-na keçən gecə sovet ordusu Lənkəran şəhərinə girdi. Şahidlərin dediklərinə görə, şəhərin mühasirəsinə 4 minə yaxın hərbiçi cəlb edilmişdi.

LƏNKƏRANDA SOVET HAKİMİYYƏTİ DEVRİLMİŞDİ...

Hadisələrin iştirakçısı, AXC Lənkəran rayon təşkilatı idarə heyətin üzvü olmuş İltifat Rəhimzadə o dövrü belə xatırlayır:

«Həmin il yanvarın 11-də AXC Lənkəran şöbəsinin qərarı ilə rayonda sovet hakimiyyətinin və kommunist partiyasının yerli strukturlarının fəaliyyəti dayandırılmışdı. Ermənistanda və Qarabağda soydaşlarımızın özlərinin dədə-baba torpaqlarından qovulması, misli görünməmiş zorakılıqla etnik təmizlənmə siyasətinin həyata keçirilməsinə etiraz edirdik. SSRİ rəhbərliyinin birtərəfli mövqeyi, ermənilərə himayədarlıq etməsi əhalini qəzəbləndirmişdi. Torpaqlarımızda suverenliyimizin bərpası, SSRİ rəhbərliyinin birtərəfli mövqeyinə son qoyulması əsas tələblərimizdən idi».

«LƏNKƏRAN KOMMUNASI»NIN 16 GÜNLÜK HAKİMİYYƏTİ...

İltifat Rəhimzadənin sözlərinə görə, belə şəraitdə əhalidən böyük dəstək gəldi. Yerli dövlət və hökumət qurumları da qərarlarla razılaşdılar:

«Rayon partiya və komsomol komitəsinin rayon ziyalıları ilə birgə yığıncağında bəyanatlar verildi. Moskvaya müraciət qəbul edildi. 16 günlük «Lənkəran kommunası» zamanı rayonda həyat öz axarı ilə gedirdi, müəssisələr işləyirdi. Bu 16 gündə bir dənədə olsun cinayət hadisəsi olmadı».

6 NƏFƏR ÖLDÜ, 45 NƏFƏR HƏBS EDİLDİ...

İltifat Rəhimzadə deyir ki, Bakıda 20 Yanvar qırğınından sonra ölkənin digər regionları ilə əlaqə kəsilmişdi. Buna baxmayaraq Lənkəran radiosu işləyirdi, xəbərlər xaricə ötürülürdü:

«Lənkəran radiosu ilə ingilis, fransız və fars dillərində informasiyalar verilirdi. 26 yanvarda gecə ilə rus desantları Lənkəran şəhərinə daxil oldular. Ruslarla danışığa baxmayaraq, desant dəstələri 26 yanvarda səhər saat 11-də AXC Lənkəran şöbəsinin qərargahına hücum etdilər. Qərargahı dağıtdılar. Əli Nasir və Əlimxan Əsədov həbs olundular. Desantlar İstisu ərazisində yerləşən və Qarabağın müdafiəsi üçün hazırlanmış müdafiə dəstəsinə hücum edərək 5 nəfəri qətlə yetirdilər. Həmin vaxtı 45 nəfər həbs edildi. AXC LŞ fəallarından biri olan Tariyel Abdullayevi vertolyotda boğaraq meyitini Bakı küçələrinə atdılar. Tariyel Abdullayev Fəxri Xiyabanda basdırılıb».

HƏBS EDİLƏNLƏRİN ÇOXU XƏSTƏLƏNİR...

Əsir götürülüb həbs edilənləri Rusiyanın Ulyanovsk şəhərinə aparırlar. Əsirlər bir ay qapalı həbsxanada saxlanılırlar. Soyuq iqlimə öyrəşə bilməyənlər xəstələnirdilər. Əsirlərin çoxu ağır xəstə halda evlərinə qayıtdılar.

İltifat Rəhimzadə deyir ki, indi hətta Fəxri Xiyabana baş çəkməyə də bizə mane olurlar.

XS
SM
MD
LG