Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:53

Gültəkin Hacıbəyli: «Azərbaycan artıq seçimini etməlidir»


Gültəkin Hacıbəyli
Gültəkin Hacıbəyli

-

Noyabrın 26-da axşam saatlarında Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun Azərbaycana gəlişi gözlənilir. Sabah onun prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, Milli Məclisin spikeri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılıb. Bu səfər və bu səfəri doğuran məsələlərlə bağlı suallarımıza keçmiş deputat Gültəkin Hacıbəyli cavab verəcək.

- Gültəkin xanım, bu həssas dönəmdə Mevlüt Çavuşoğlu-nun Azərbaycana gətirən nədir? Bir qədər də açıq soruşsaq, cənab Çavuşoğlu-nun Azərbaycandan gözləntiləri nədir?

- Məsələ çox açıqdır. İndi çox təəssüf ki, Qərb-Rusiya qarşıdurmasının kəsişmə xətti Türkiyədən keçir. Rusiyanın Krımı işğal etməsi bu qarşıdurmanı kulminasiya nöqtəsinə çatdırdı. İndi də Rusiya İŞİD-i vurmaq adı altında Suriyadakı müxalif qüvvələri, türklərin, bizim soydaşlarımız olan türkmanları məhv etmək yolunu tutub. Bu vaxta qədər Qərb iqtisadi sanksiyalarla Rusiyaya cavab verib. Ancaq noyabrın 24-də Rusiya birinci dəfə olaraq real cavabını aldı. Özü də çox haqlı olaraq. İndi Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu-nun Azərbaycana səfəri təsadüf deyil. Azərbaycan seçim qarşısındadır. Bu vaxta qədər Azərbaycanın hakimiyyətinin manevr imkanları geniş idi. Çünki Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmamışdı. Əksinə, cənab Erdoğan Rusiya ilə iqtisadi əlaqələrin daha da güclənməsinə tərəfdar idi. Artıq vəziyyət dəyişib. Rusiyanın qarşısında birbaşa Türkiyədir. Türkiyə güclü ölkədir. Üstəlik arxasına NATO-nu alıb. Azərbaycanın artıq seçim etməsi Türkiyədən çox Azərbaycana lazımdır. Yəni, sən 20 Yanvar faciəsini törədən, Xocalı qətliamında iştirak edən, soydaşlarını məhv etmək yolunu tutan bir ölkəyləsən, yoxsa qardaş Türkiyə ilə. Dünyanın iqtisadi cəhətcən güclü, tərəqqipərvər kəsimi ilə. Təbii ki, cənab Çavuşoğlu Azərbaycandan müəyyən mövqe istəyəcək.

- Bax bu istənilən mövqeyin konturları nədən ibarət ola bilər?

- Türkiyə Azərbaycanın Rusiya ilə münasibətlərini nəzərə alır. İstəməzlər ki, Azərbaycan da Rusiya ilə birbaşa qarşıdurma müstəvisinə keçsin. Ancaq mövqe tələb edəcəklər. Bu ilk növbədə mənəvi dəstək məsələsi olacaq.
İkinci tərəfdən, Rusiya Suriyanı əsasən Xəzər üzərindən vurur. Artıq bu məsələdən Qazaxıstan, yumşaq da olsa, narahatlığını dilə gətirib. Azərbaycandan istənilə bilər ki, o da narahatlığını dilə gətirsin. Hərçənd Rusiya zərbələri Xəzərin İran sektorundan vurur. Ancaq Azərbaycan narahatlığını dilə gətirə bilər.

- Bəs iqtisadi məsələlər. Qaz?

- Yox, mən inanmıram ki, Rusiya Türkiyəyə qaz təchizatını dayandırsın. Rusiya da bunu etiraf edir. Bilirsiniz, indiki halda Türkiyəyə qaz satmaq Rusiyanın özünə daha çox lazımdır...

- Yaxşı. Bəs məsələnin başqa tərəfi var. Dünən hakimiyyətə yaxın bəzi deputatlar əks mövqe sərgilədilər. Hətta bir neçə deputat dedi ki, təyyarənin vurulmasına görə Türkiyə Rusiyadan üzür istəməlidir. Bəzi siyasi təhlilçilər düşünür ki, həmin mövqe hakimiyyət mətbəxində, necə deyərlər, hazırlanmışdı.

- Həmin müsahibələrlə mən də tanış oldum. Bu təsadüfü mövqelər deyil. Fikrimcə, hakimiyyət bununla cəmiyyətin nəbzini yoxlamaq istəyirdi. Ancaq həmin deputatlar sosial şəbəkələrdə çox sərt təpkilərlə qarşılaşdılar. Çox da haqlı olaraq. Bilirsiniz, Türkiyə Azərbaycan üçün müqəddəs dəyərdi. Bu dəyərlə oynamaq sükutla qarşılana bilməz. Ona görə də düşünürəm ki, hakimiyyət bu nəbz yoxlamalarından öz nəticələrini çıxarıb. Odur ki, bu səfərdə Azərbaycan Türkiyəyə müəyyən mənəvi dəstəyi verəcək.

- Ancaq bəzi təhlilçilər düşünür ki, Rusiya Azərbaycan hakimiyyəti üçün qarant rolunu oynayır. Hakimiyyətlərinin qarantı. Bu barədə nə deyə bilərsiniz?

- Bu fikirlərlə razıyam. Bəli, Rusiya hakimiyyət üçün qarant rolunu oynayır. Ancaq bu dəfə söhbət qardaş Türkiyədən gedir. Azərbaycan xalqının ürəyində Türkiyənin başqa yeri var. Hakimiyyətdə cəmiyyətin nəbzini yoxladı. Düşünmürəm ki, bundan sonra hakimiyyət Türkiyədən müəyyən mənəvi dəstəyini əsirgəsin. Həm də bir daha deyirəm. İndi Türkiyə tək deyil. Böyük güclər Türkiyənin arxasındadır.

XS
SM
MD
LG