Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:55

Azərbaycanlı və erməni öz aralarında danışıq edib evlərini dəyişiblər


Fehruz Şamıyev
Fehruz Şamıyev

- "Vətəndaş mövqeyi baxımından kino sahəsində özümdən cəsarətli bir, ya da iki nəfər ola bilər"

"Sakitcə, heç nə olmadan kəndlərini, evlərini dəyişiblər. Onlar bura, burdakılar da ora köçüblər."

"CINEMA" Gənc kinomatoqrafçılar mərkəzinin rəhbəri Fehruz Şamıyevlə müsahibə

- Fehruz, əslində sizinlə müsahibə eləmək mənə çətindir, çünki 2000-lərin əvvəlində tanıdığım adam necə dəyişib, xarakterində, iş, həyat tərzində, fikirlərində hansı dəyişikliklər var, bilmirəm. Bəlkə mənə kömək edəsiniz? O vaxtkı "Nəfəs" üzvü, tələbə, şən oğlan indi kimdir, necədir, nə ilə məşğuldur?

- Kənardan necə göründüyümü tam deyə bilmərəm, amma özüm özümü qiymətləndirəndə mənə belə gəlir ki, çox dəyişməmişəm.

Dəyişən nələrsə görünürsə, bu daha çox yaşla bağlıdır. 10 il əvvəl çılğınlıq vardı, indi isə daha çox analitik yanaşma. Amma həmişə doğrunun yanında olmuşam və şükürlər ki, indi də ordayam.

Həyat tərzinin dəyişməsi üçün cəmiyyətimizdə nələrsə dəyişməlidir. Məncə, bu dəyişkənlik elə də ciddi formada özünü göstərməyib deyə, əvvəlki həyat tərzi davam etməkdədir.

Maraqlı bir tendensiyanı isə son illərdə anlamışam. Şəxsən mən özümü həmişə maarifçi saymışam. Hər addımımda cəmiyyətə və özümdən sonrakılara nəyisə ötürməyə çalışmışam.

Amma son illərdə bu tendensiyanın düzgün olmadığına inanmağa başlamışam. Mənə belə gəlir ki, kiməsə nəyisə birbaşa öyrətmək yox, situasiyanı elə qurmaq lazımdır ki, lazımi tərəf özü üçün müəyyən nəticə çıxartsın.

- Nə işlə məşğul olduğunuzu da soruşdum.

Fehruz Şamıyev
Fehruz Şamıyev

- İndi gərək hər işlə məşğul olasan ki, belə bir dövrü birtəhər başa vurasan.

Yerli və Avropada kino siyasəti barədə müəyyən qədər informasiyaya malik olduğum üçün bu sahədə nəsə etməyə çalışmışam.

2012-ci ildə Azərbaycanda ilk dəfə olaraq, “CINEMA” Mərkəzinin bazasında ödənişli əsaslarla Bakı Film İnstitutu kino təhsili mərkəzini yaratdım.

Həmin mərkəzdə onlarla gənc kinoprodüser, rejissor, və aktyor ixtisası üzrə təhsil aldı.

Bizim kurslar əsasən daxilində kino sevgisi, müəyyən istedadı olub, amma başqa ixtisas üzrə təhsil alan gəncər üçün nəzərdə tutulub.

Məlumdur ki, dünyada yüzlərlə tanınmış kino xadimləri var ki, onlar da kinoya qısa kurslar vasitəsilə gəliblər və bu sahədə böyük uğurlara imza atıblar.

Bizim kursun tələbələri də müxtəlif ali məktəblərdə təhsil almalarına baxmayaraq, Azərbaycanda bu sahədə qısa vaxt ərzində öz sözlərini dedilər.

Respublikanın ən peşəkar kino xadimlərinin münsif olduğu ssenari yarışmasının qalibi bizim kursun məzunu oldu.

Respublikadan ilk dəfə dünyanıən ən nüfuzlu London Kino Məktəbində təhsil almağa gedən şəxs də məhz bizim kursun məzunu oldu.

Gənclər fondunun elan etdiyi sosial çarx müsabiqəsində 300-dən çox əsər arasında məhz bizim kursun tələbələrinin işi ikinci yerə layiq görüldü. Aktyor kursunda təhsil alan tələbələrimiz bir neçə tammetrajlı, qısametrajlı filmlərdə, müxtəlif seriallarda baş rollarda çəkildilər.

Kurslarımızda Azərbayacanlı mütəxəssislərlə yanaşı, İran, Rusiya və Türkiyədən olan peşəkarlar da təlimlər keçiblər.

Yəqin xəbəriniz var ki, Kann festivalının baş mükafatını qazanmış “Qış yuxusu”, “Bir zamanlar anadoluda” filmlərinin baş prodüseri Zeynəb Özbatur kurslarımızda dərs demək üçün Bakıda oldu.

Yaxın vaxtlarda kursa qəbul üçün növbəti elanlar veriləcək. Hələlik kino layihə baxımından ssenarilər üzərində iş gedir. Ölkəmizdəki maliyyə böhranı film istehsalına təsirsiz ötüşməyib.

Doğrudu, komediya janrında olan layihələrə maliyyə əldə etmək müəyyən dərəcədə asandır, amma bizim tamaşaçı komediyadan azacıq usananda növbə digər janrlara keçəcək. Məncə, bunun üçün də yaxşı ssenari və peşəkar yaradıcı heyət lazımdır.

- Tələbə Filmləri festivalı, film çəkilişləri, səfərlər, tanışlıqlar – həyatdan gözlədiyiniz bu idi, yoxsa belə alındı?

- Siz və digər dostlarla birlikdə 2004 cü ildən, müəyyən fasilələrlə START Gənclərin Beynəlxalq Film Festivalını keçirməyə başladıq. Iki il ərzində bu festivala beynəlxalq MDB və Şərqi Avropa ölkələrindən onlarla filmlər göndərildi.

Yəni qısa bir vaxt ərzində bu festivalı dostlarla birlikdə ayaq üstə qaldıra bildik. Bundan sonra Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi bizə dəstək durdu.

Bir il müəyyən problemlərə görə festivala maliyyə dəstəyi göstərilmədi. Və səkkiz il davam edən, 40 a yaxın ölkənin iştirak etdiyi festival yenidən maliyyə probleminə görə 2012 ci ildə dayandı.

- “Yol”-dan nə qədər razı qaldınız?

- 2011 ci ildə “YOL” qısametrajlı bədii filmini çəkdim. Uzun müddət beynəlxalq festivallara göndərmədim. 2012-ci ildə Oberhauzen festivalında kataloqa daxil edildi.

2014-cü ildə İranda keçirilən Ruyesh Beynəlxalq Qısametrajlı Film Festivalına göndərdim. Film proqrama daxil oldu və məni də festivala dəvət etdilər. Festivalda “Beynəlxalq”, “Yerli” və “Müsəlman ölkələri” proqramları varııydı.

YOL filmi “Müsəlman ölkələri” müsabiqə proqramında yarışırdı. Sonda festivalın 3 baş mükafatından birini də həmin proqramın qalibi olaraq, bizim film qazandı.

Bu, mənim ilk bədii filmim idi. Sözsüz ki, təcrübə baxımından müəyyən çatışmazlıqları özüm də görürəm. Amma filmin təqdimatı zamanı tamaşaçıların səsli-küylü müsbət reaksiyası onu göstərdi ki, biz Qarabag mövzusunda ortaya fərqli iş qoya bilmişik.

Bizim filmin mesajı bizdən əvvəl heç bir filmdə olmamışdı. “Hər kəs doğulduğu yerdə ölməlidir” mesajı bizim dramaturji xəttimizin əsasını təşkil edirdi və bu istiqamətdən də filmin uğurlu alınmasına kömək oldu. İranda festivalda olarkən filmin ideyası çox bəyənilmişdi.

- O illərdəki vətəndaş fəallığınızdan indi heç nə görmürük. Səbəbi nə oldu, maraqlı gəlmədi, yoxsa missiyanızı ancaq kinoda görürsünüz?

Fehruz Şamıyev
Fehruz Şamıyev

- Bu sualınızın bir hissəsinə deyəsən, yuxarıda müəyyən qədər cavab vermişəm.

Mənə belə gəlir ki, yaş ötdükcə insanda analitik bacarıq çılğınlığa nisbətən daha qabarıq görünür. Baş verənlərə daha məntiqlə baxmalı olursan.

Mən kino sahəsində olsam da, həmişə çalışmışam ki, vətəndaş mövqeyim olsun. Qeyd edim ki, vətəndaş mövqeyi baxımından kino sahəsində özümdən cəsarətli bir, ya da iki nəfər ola bilər.

Bizim kino cameəmiz, ümumiyyətlə, sənət adamlarımızın doxsan faizi əli aşından da olub, vəli aşından da.

Regionda yaşayan, heç bir məsələyə mövqe bildirməyən sakindən onların fərqi yopxdur.

Bir dəfə dostlarla müzakirədə dedim ki, kino adamlarına dövlət tərəfindən çox az pul ayrılır və bu çox dogru addımdır. Ona görə ki, bu sahədəkilər nə başqaları kimi ölkəmizin geniş addımlarla inkişafından danışırlar, nə də o biri başqaları kimi problemlərdən söz açırlar. Ortada qalmış belə bir “dəstəyə” nə üçün dövlət pul xərcləməlidir?!

- Ədəbiyyatla hələ də maraqlanırsınız? Nəsə yazırsınız, yoxsa indi belə şeylərə uzaq keçmiş kimi baxırsınız?

- Ədəbiyyatla hər zaman maraqlanıram və yeni imzaları izləyirəm. Kinoprodüser həmişə yaxşı ssenari və ya hadisə axtarışında olmalıdır. Bu baxımdan da maraqlı imzaları izaləyirəm.

O ki qaldı, özümün yazıb yazmamağıma, bilirsiniz ki, mən əvvəllər müəllif kimi bir çox hekayələrə imza atmışam. Amma həmişə daxilimdə kinoprodüser, rejissor bacarığının olduğuna inanmışam və bunu sübut etmişəm.

Amma ssenarist ixtisasını bitirməyim mənə çox kömək edib. Duşunurəm ki, çox insanlar kimi roman çap etdirməsəm də yeni hekayələrdən ibarət kitabım 2016 cı ildə çap olunacaq.

- Son aylarda oxuduqlarınızı bizimlə paylaşın, zəhmət olmasa...

- Ölkənin qabaqcıl yazarları mənim dostlarımdır. Amma kino mənə daha yaxındır deyə hadisəliliyi daha çox sevirəm. Mətnlərdə maraqlı hadisələr, maraqlı ziddiyyətlər olduqda, həmin əsərlərə ssenarist gözüylə baxıram.

- Yaxın gələcəkdə planda hansı işlər var?

- Bədii filmdən daha çox sənədli filmə marağım artıb. Bir neçə maraqlı sənədli film layihəm var.

Qarabağ mövzusuyla bağlı sənədli film ssenarimi hazırlayıb bitirmişəm.

Deməli, ermənilər 1989-cu ildə olkəmizdən gedərkən Ermənistanda yaşayan azərbaycanlılarla evlərini dəyişiblər. Belə hadisə çox olub. Bir dəfə qohumlardan biri bununla bağlı çox maraqlı hadisə danışdı. Belə qərara gəldim ki, bunu sənədli film kimi çəkim.

Həmin kəndə getdim, orada fotolar çəkdim. Rejissor Yavər Rzayevə göstərdim, çox bəyəndi. Amma biraz analiz edəndən sonra gördük ki, bu filmin maliyyəsini dövlətdən yox, başqa yerdən tapmaq lazımdır.

Dogrudur, dövlət əleyhinə nəsə yoxdur, amma müəyyən mürəkkəb detallar var sssenaridə.

Məsələn, azərbayacanlı bir kişi erməni qəbirlərini hələ də qoruyub saxlayır. Məlum olub ki, ermənilər də həmin ailənin qəbirlərini təmizləyir və arada kişi sözü olub.

Sakitcə, heç nə olmadan kəndlərini, evlərini dəyişiblər. Onlar bura, burdakılar da ora köçüblər.

Başqa bir ssenarim də Azərbaycanda yaşayan Əfqanıstan vətəndaşı ilə bağlıdır. O şəxs Qarabagda döyüşüb, sonra vətəninə dönüb, 15 ildən sonra yenidən Azərbaycana qayıdıb.

Düşünürəm ki, 2016 da bu hadisələr hansı yolla olur olsun, ekranda görünəcək.

Günel Mövlud

Həmçinin izləyin. AzadlıqRadiosunun Youtube kanalında:

XS
SM
MD
LG