Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:37

Günel Mövlud. Qadının solmağı, solmaqla barışmağı


Günel Mövlud
Günel Mövlud

-

"Mən onlara baxıram, baxıram, yenə da baxıram və dəhşətli dərəcədə əzab çəkirəm."

Günel Mövlud

Göysatanlar

Adətən evin ərzağını bazardan alıram. Alış-veriş mərkəzlərini, böyük marketləri, kassada növbələri heç sevmirəm. Laqeyd, saxta təbəssümlü satıcılar, kassirlər mənə çox pis təsir bağışlayır. Həm də istəmirəm halal qazancımı aparıb, hansısa ofis, sürücü, məşuqə, qulluqçu saxlayan bir yekəxana qardaşın marketinə xərcləyim.

Kənddə həyətinidən, tarlasından becərdiyini gətirən, ya da səhərin gözü açılmamış topdan mal götürüb, gün uzunu günün, yağışın-qarın altında ümidlə müştəri gözləyən adama xeyir vermək istəyirəm.

Nə bilim, bəlkə də sadəlövhəm, nəticədə qazanc yenə o sürücü, katibə, məşuqə, qulluqçu saxlayan yekəxana qardaşların cibinə gedir. Nə isə, bilmirəm. Heç düşünmək də istəmirəm bu barədə. Ümumiyyətlə, son vaxtlar düşünməkdən zəhləm gedir.

Adətən bazara girirəm və piştaxtalar tərəfə, satılan meyvə-tərəvəzdən daha çox satanların üzünə baxıram. Xüsusilə qadın alverçilərə.

Qarşısındakı meyvəni, göyərtini, turşunu, ədviyyatı, çərəzi günün sonuna qədər satmağa cəhd edən yaşlı, orta yaşlı, cavan qadınlara.

Onların üzlərinə, əllərinə, paltarlarına, danışıqlarına fikir verirəm.

Qışda əllərinə keçən kör-köhnəni altdan-üstən geyinən, yayda rəngi gündən, tərdən, geyilməkdən pozulmuş əski-üskünü əyninə keçirən qadınlara baxıram. Onlarda qadınlıqdan nəsə axtarıram. Bir sığal, bir naz, özlərinə bir qulluq, bir incəlik, bir işvə...

Görəsən, sübh oyanıb, gecəyarısı yatan bu qadınlar hiss edirlərmi qadın olduqlarını? Onlarda əks cinsə qarşı maraq varmı?

Onları səhər ağır işə göndərən, ər olduqlarını aradabir bu yorğun məxluqların yorğanının altına girib, tələm-tələsik təsdiq edən kişilərini (o da, hələ varsa) nəzərdə tutmuram. Hər bir normal qadının öz yaşına, öz zövqünə uyğun olan kişiləri nəzərdə tuturam.

Bu qadınların kimdənsə xoşu gəlirmi?

Xoşlarına gələn kişinin cəlb etməyə çalışırlarmı? Özlərini o kişi ilə bir yataqda təsəvvür edirlərmi?

Görəsən, bu qadınların vaxtları yoxdur daha qəşəng, zərif görünməyə, yoxsa ağır iş, yorğunluq qadını bu hala salır və mübarizə aparmağın da faydası yoxdur?!

Bəlkə bu həyat tərzinin qadını saldığı şəkillə mübarizə aparmaq, qəşəng, baxımlı, səliqəli görünməyə çalışmaq qadını daha gülünc göstərər?!

Bəs nə vaxt çatır qadın bu həddə?! Nə vaxt unudur, ya da arxa plana atır bir qadın, dişi olduğunu, nə vaxt buraxır qadınlığın başını?!

Nə vaxt laqeydləşir saçlarına, bədəninə, əllərinə, üzünə?! Nə vaxt yadırğayır güzgüdə özünə ehtirasll kişi gözləri ilə baxmağı?!

Nə vaxtdan enlənən kürəkləri, yoğunlayan biləkləri, sallanan döşləri, qırışan yanaqları, kobudlaşan barmaqları, odu sönən gözləri, arası çirklə dolan dırnaqları, tüklənən qaşları, narın saqqal basan çənələri daha onları narahat etməməyə başladı?!

Mən onlara baxıram, baxıram, yenə da baxıram və dəhşətli dərəcədə əzab çəkirəm.

Mənə onların belə baxımsız, yöndəmsiz, gerçəkdə olduğundan daha yaşlı görünmələrindən daha çox, bu zəhmətkeş qadınların öz görkəmlərinə laqeydləşməsi, bu görkəmləri ilə barışması əzab verir.

Mənə əzab verir qadının solmağı, bu solmaqla barışmağı.

Yanımda ağappaq köynəkli, sarı saçlı, dodaqları qırmızı boyalı bir qadın üz maskası üçün kənd xiyarı alır onların birindən...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG