Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:56

Hökumət deyir, əhalinin gəlirləri artıb...


Nemət Əliyev
Nemət Əliyev

-

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan əhalisinin gəlirləri 33.5 milyard manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5.7 faiz çoxdur.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatda belə deyilir.
Komitədən bildiriblər ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi 4.4 faiz yüksəlib. Bununla da ölkənin istehlak bazarında qiymətlərin bahalaşmasını 0.7 faiz üstələyib.

İNANDIRICI DEYİL

İqtisad elmləri namizədi Nemət Əliyev isə əhalinin gəlirlərinin qiymət artımını üstələməsi ilə bağlı DSK-nın açıqladığı rəqəmə inanmır. O, bildirir ki, statistika komitəsi real mənzərəni vermək üçün qiymət artımını gəlirlərlə yox, əmək haqları ilə müqayisə etməli idi . Nemət Əliyev deyir ki, ölkə əhalisinin 4 milyon 600 mini məşğul insanlardır:

«Statistika komitəsi isə müqayisələrində yalnız 1.7 milyon muzdlu işçini götürüb. Bu, düzgün deyil. Üstəlik, bu insanların arasında evlərində bankada kiloqramlarla brilyantlar saxlayan şəxslər də gedir. Əgər 4.6 milyonun hamısı götürülsəydi, məlum olardı ki, qiymət artımı gəlirləri qat-qat üstələyib».
İqtisadçı Nemət Əliyevin apardığı təhlillərdə vəziyyətin heç də ürəkaçan olmadığı göstərilir. Maraqlıdır ki, o da təhlillərini əsasən Dövlət Statistika Komitəsinin rəqəmləri əsasında aparıb.

TÜTÜN MƏMULATLARININ QİYMƏTLƏRİ 60 FAİZDƏN ÇOX ARTIB

Nemət Əliyev deyir: «Yanvar-oktyabr aylarında tütün məmulatlarının qiymətləri 62.8 faiz artıb. Məişət cihazlarının qiymətləri 30.4, yağ və piylərin qiymətləri 13.2 faiz yüksəlib. Çörək məmulatları və yarmaların qiymətlərində də 10.1 faiz bahalaşma var. Bu haqda məlumatları DSK yayıb. «Strateji məhsul» statusuna mindirilən yumurtanın qiyməti isə 44 faizdən çox artaraq 13 qəpiyə qalxıb. Amma əhalinin ümumi gəlirləri, rəsmilərin dediyinə görə, 5.7 faiz artıb. Bütün bunlardan sonra əhalinin həyat səviyyəsinin günü-gündən yaxşılaşması haqqında hökumət sicilləmələrinə rast gəlsəniz, heç təəccüblənməyin! Çünki belə hallara bir növ adətkar olublar. Yumurtadan söz düşmüşkən, rəsmi izahat yayılıb ki, yumurta istehsalı 0.7 faiz azalıb. Ona görə ki, bahalıq səbəbindən yumurta verən toyuqları satıb puluna dərman və yem alıblar…».

ƏHALİNİN ARTIM SƏVİYYƏSİ DÜŞÜB, BOŞANMA ARTIB

Nemət Əliyev statistik rəqəmlərə istinadən deyir ki, ağır sosial-iqtisadi vəziyyət əhalinin təbii artımına, nikaha və boşanmaya da sirayət edib:

«Ötən bir ildə əhalinin təbii artım səviyyəsi 4.2 min nəfərə yaxın enib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında 12 min və ya 19 faiz az nikah bağlanıb. Bu müddətdə boşanma səviyyəsi 0.6 faiz yüksəlib».

STRATEJİ VALYUTA EHTİYATLARI AZALIR

Nemət Əliyevin fikrincə, belə davam edərsə, Mərkəzi Bank bir yandan, Dövlət Neft Fondu da başqa bir yandan ölkənin strateji valyuta ehtiyatlarının axırına çıxacaq:

«Məlum olub ki, iyul, avqust və sentyabr ayları ərzində Neft Fondunun türk lirəsinə yatırdığı paralar 12 faiz və ya 47 milyon dollara yaxın, Avstraliya dollarına yatırdığı paralar isə 41 milyon dollardan çox dəyərini itirib. Neft Fondunun milyardları idarə etməsindən qazanacağı günü səbirsizliklə gözləyirik...».

ÜMUMİ DAXİLİ MƏHSULDA DA AZALMA VAR

İqtisadçı qeyd edir ki, Azərbaycanın 10 aylıq Ümumi Daxili Məhsul istehsalı 19 milyard dollar və ya 30 faiz azalıb:

«Dövlət Statistika Komitəsinin açıqladığı məlumatların müqayisəsi belə deməyə əsas verir. Ötən ilin 10 ayında 62.7 milyard dollarlıq ÜDM istehsal olunmuşdusa, bu ilin 10 ayında 43.7 milyard dollarlıq ÜDM qeydə alınıb. Adambaşına 4596 dollar ÜDM düşüb. Bu da ötən ildəkindən 2077 dollar azdır. Gözlənildiyi kimi, yola verdiyimiz 10 ay ərzində ölkəmizin sosial-iqtisadi vəziyyəti daha da ağırlaşıb. Böyük maliyyə gəlirlərindən məhrum olmağımız sosial-iqtisadi proqramların, layihələrin, həyata keçirilməsini daha da çətinləşdirəcək».

XS
SM
MD
LG