Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:52

On beş illik mərc


Anton Çexov
Anton Çexov

- "Siz qurbağanın, kərtənkələnin qəfildən alma və ya portağal ağacına çevrilməsi, qızılgüllərin iyləmiş at qoxusu verməsi kimi qeyri-adi hadisələrə təəccüblənərsiniz.

Mənsə cənnəti bu dünyaya dəyişən sizlərə heyrət edirəm. Bunu qətiyyən başa düşmək istəmirəm".

"Siz öz milyonlarınızı ortaya qoyursunuz, mənsə azadlığımı qoyuram! - gənc dedi."

Anton Çexov

MƏRC

Qaranlıq bir payız gecəsi idi. Qoca bankir öz iş otağında var-gəl edir və on beş il bundan əvvəl payız axşamlarının birində verdiyi qonaqlığı xatırlayırdı.

Həmin qonaqlığa çoxlu ağıllı adamlar gəlmişdi, çox maraqlı mövzularda müzakirələr olmuşdu. Bir çox mövzularla yanaşı, ölüm cəzası haqqında da mühakimə yürütmüşdülər.

Əksəriyyəti jurnalistlər və intellektual adamlardan ibarət olan böyük bir qism edam cəzasına qarşı mövqe nümayiş etdirmişdi.

A.Çexov. Portretin müəllifi: Osip Brazа
A.Çexov. Portretin müəllifi: Osip Brazа

Onlar bu tip cəzalandırma üsulunun köhnəlmiş, qeyri-insani və xristian ölkələrinə zidd olduğu düşüncəsində idilər. Bəziləri hər yerdə ölüm cəzasının ömürlük həbs cəzası ilə əvəz edilməsi tərəfdarı idi.

Mən sizinlə razı deyiləm, - bir bankir dedi. - Mən nə ölüm cəzasını, nə də ömürlük həbsi nəzərdə tutmuşam, ancaq, yenə də biri hökm olaraq seçilməlidirsə, - birincisi, ölüm hökmü ömürlük həbsdən daha əxlaqi və daha insanidir.

Ölüm cəzası adamı birdəfəlik öldürür, ancaq ömürlük həbs onu yavaş-yavaş öldürür.

Hansı cəllad insanlığa daha yaxındır, səni bir neçə dəqiqənin içində öldürən, yoxsa uzun illər boyu sənin həyatını yavaş-yavaş səndən çəkib alan?

Hər ikisi qeyri-insanidir, - diqqətlə söhbəti izləyən qonaqlardan biri dilləndi, - hər ikisinin də məqsədi eynidir - bir həyata son qoymaq. Dövlət Tanrı deyil.

Bir halda ki, dövlət istədiyində bir can yarada bilmir, yarada bilmədiyi bir şeyi almaq hüququ da yoxdur.

Qonaqlar arasında iyirmi beş yaşlarında bir gənc vəkil də vardı. Onun fikrini soruşulanda dedi:

Ölüm hökmü də, ömürlük həbs də eyni dərəcədə qeyri-insanidir, ancaq mən mütləq bunlardan ikisi arasında seçim etməli olsaydım əlbəttə ki, ikincisini seçərdim. Hər hansı bir formada yaşamaq, heç yaşamamaqdan yaxşıdır.

Həyəcanlı müzakirə başladı. Nisbətən gənc və son günlərdə daha əsəbi olmuş bankir birdən həyəcana qapılmış halda çoşdu; yumruğunu masaya çırpdı və gənc adama qışqırdı:

Bu, doğru deyil! Mən iki milyondan mərc gələrəm ki, siz tək adamlıq hücrədə beş il davam gətirə bilməzsiniz.

"Siz bunu ciddi deyirsinizsə" - gənc dedi, "mən mərci qəbul edirəm, ancaq beş il yox, on beş il qalacam."

"On beş? Oldu!" - Bankir qışqırdı. "Bəylər, mən iki milyon qoyuram!"

"Razılaşdıq! Siz öz milyonlarınızı ortaya qoyursunuz, mənsə azadlığımı qoyuram!" - gənc dedi.

Beləcə, bu vəhşi, şuursuzca mərc yerinə yetirildi!

Ərköyün və şit bankirin mərcin arxasındakı milyonlara görə keyfi kök idi. Şam yeməyi boyunca o, həmin gəncə xeyli lağ edib, əyləndi:

"Hələ vaxt var ikən yaxşı-yaxşı fikirləşin, cavan oğlan. Mənə görə iki milyon uşaq oyuncağıdır, amma siz həyatınızın ən yaxşı üç - dörd ilini itirəcəksiniz.

Mən üç - dörd deyirəm, çünki siz daha çox qala bilməyəcəksiniz. Həm də unutmayın, şanssız adam, könüllü həbs yaşamaq məcburi həbsdən daha çətin məsələdir.

İstədiyiniz an azadlığa çıxmaq hüququna sahib olduğunuz fikri sizin bütün həbs həyatınıza qənim kəsiləcək. Sizə görə təəssüf edirəm."

İndi isə bankir otaqda var-gəl edərək, bütün bunları xatırladı və özünə sual verdi:

Bu mərcin məqsədi nə idi? O adamın ömrünün on beş ilini itirməyində, mənimsə iki milyon itirməyimdə yaxşı nə var axı? Bu, ölüm hökmünün ömürlük həbsdən daha yaxşı ya da daha pis olduğunu sübut edir? Yox, yox.

Bu, mənasız dəlilik idi. Mənim tərəfimdən bu, ərköyün bir adamın şıltaqlığlı idi, onun tərəfdən isə sadəcə pul hərisliyi...

Daha sonra o, həmin axşamın ardınca baş verənləri xatırladı. Qərar verdilər ki, gənc adam öz həbs müddətini bankirin bağındakı sığınacaqların birində, həddindən artıq ciddi nəzarət altında keçirsin.

Razılaşdılar ki, on beş il müddətində o, sığınacağın kandarını bircə addım keçmək, insan üzü görmək, insan səsi eşitmək, yaxud da hər hansı məktub, qəzet almaq azadlığından məhrum edilməlidir.

Ona ancaq musiqi aləti, kitablar, bir də məktub yazmaq, şərab içmək və siqaret çəkmək üçün icazə verildi.

Razılaşmanın şərtlərinə əsasən onun kənar dünya ilə yeganə əlaqəsi, elə bu məqsədlə düzəldilmiş balaca pəncərə olacaqdı.

Onun, istədiyi hər şeyi - kitablar, musiqi, şərab və s. - istədiyi miqdarda yazılı sifariş şəklində tələb etmək hüququ var idi, ancaq bütün bunları yalnız həmin pəncərə vasitəsilə ala bilərdi.

Razılaşmanın hər detalı və bütün bu dəyərsiz, xırda şeylər gənc adam üçün həbs həyatı boyunca qatı yalnızlıq şəraiti təmin etmək və onu on beş il müddətinə daha dəqiq 1870-ci il, noyabrın 14-ü saat on ikidən 1885-ci il, noyabrın 14-ü saat on ikiyə qədər orada tutmaq üçün hesablanmışdı.

Onun tərəfindən şərtləri pozacaq hər hansı yüngül cəhd, hətta müddətin sonuna iki dəqiqə qalmış olsa belə, bankiri iki milyonu ödəmək məsuliyyətindən azad edəcəkdi.

Könüllü həbsin ilk ilində məhbus kəskin yalnızlıqdan və depresiyadan əziyyət çəkirdi, hər halda onun qısa notlarından bu açıq aydın görünürdü. Onun qaldığı sığınacaqdan gecə, gündüz, davamlı piano səsləri eşidilirdi. Şərab və tütündən imtina etmişdi.

O, yazırdı: Şərab arzular oyadır, arzularsa bir məhbusun ən pis düşmənidir; üstəlik heç nə, oturub əla şərab içmək amma heç kimi görməməkdən daha ürəksıxan ola bilməz. Tütünsə otağın havasını korlayır. Birinci ildə onun istədiyi kitablar əsasən yüngül kitablar idi; qarışıq sevgi romanları, həyəcan verici, fantastik hekayələr və s.

İkinci il sığınacaqdan piano səsləri kəsildi, məhbus sadəcə klassikləri sifariş edirdi. Beşinci il təzədən musiqi səsləri eşidilməyə başladı, məhbus artıq şərab sifariş verirdi.

A.Çexov və Lev Tolstoy
A.Çexov və Lev Tolstoy

Pəncərədən ona baxanlar onun, bütün ili sadəcə yeyərək, içərək, öz yatağında uzanıb tez - tez əsnəyərək və öz-özünə acıqlı-acıqlı danışaraq keçirdiyini deyirdilər.

O, kitablar oxumurdu. Bəzən gecələr oturub nəsə yazırdı; saatlarla yazırdı və səhər bütün yazdıqlarını cırıb atırdı. Bir neçə dəfə onun ağladığı eşidilmişdi.

Altıncı ilin ikinci yarısı məhbus şövqlə dilləri, fəlsəfəni və tarixi öyrənməyə başladı.

O, böyük həvəslə bu elmlərə girişmişdi -- hətta o dərəcədə ki, bankir onun sifariş verdiyi kitabları tapmaq üçün kifayət qədər əlləşməli olurdu. Dörd il boyunca o, istəyi üzrə hardasa altı yüz cild kitabla təmin olundu. Həmin dövrdə bankir öz məhbusundan bu məktubu almışdı:

Hörmətli gözətçim, aşağıdakı sətirləri sizə altı dildə yazıram. Bunları həmin dili bilən adamlara göstər. Oxusunlar. Əgər onlar səhv tutmasalar, sizə yalvarıram ki, bağda atəş açasınız.

Bu atəş mənə bildirəcək ki, bütün bu əziyyətim boşa getməyib. Hər yaşın və hər torpağın dahisi ayrı dildə danışır, ancaq onların hər birinin içində eyni məşəl yanır.

Eh, kaş indi onları başa düşmək iqtidarında olmaq məndə necə fövqəltəbii xoşbəxtlik hiss oyadır biləydiniz. Məhbusun arzusu yerinə yetirildi. Bankir bağda iki atəş açmağı tapşırdı.

Onuncu ildən sonra məhbus stolun arxasında oturub, tərpənmədən ancaq İncili oxuyurdu, başqa heç nə.

Dörd il boyunca altı yüz cild oxuyub öyrənmiş adamın, asanlıqla başa düşüləcək belə nazik kitab üçün hardasa bir ilini boşa verməsi bankirə qəribə gəlmişdi. İncilin ardınca ilahiyyat və din tarixi gəldi.

Könüllü həbsin son iki ilində məhbus saysız miqdarda, tamamilə rastgələ kitablar oxudu. Bir ara o, təbiət elmləri ilə məşğul oldu, daha sonra gah Bayron, gah da Şekspiri xahiş etdi.

Bəzi qeydlərdə hətta eyni zamanda həm kimya ilə bağlı kitablar, həm tibbi instruksiya kitabçası, həm də roman, fəlsəfə yaxud ilahiyyat üzrə bəzi traktatlar tələb edirdi.

Onun oxuduqları sanki, öz dağılmış gəmisi ətrafında üzən və vurnuxaraq gah bir kanatdan, gah da o birindən yapışıb həyatını xilas etməyə çalışan adamı təsvir edirdi.

II

Yaşlı bankir bütün bunları xatırladı və düşündü:

Sabah günorta saat on ikidə o, azadlığına qovuşacaq. Mənsə razılaşmamıza əsasən on a iki milyon ödəməliyəm. Əgər doğrudan da bunu ödəsəm bu mənim sonumdur: mən tamam məhv olacam.

On beş il əvvəl milyonları onun öz hökmündə idi; indi isə o özündən soruşmağa belə qorxurdu ki, hansı daha böyükdür, borcları yoxsa var-dövləti.

Birjadakı talehsizlik, dəhşətli spekulyasiya və irəliləyən illər ərzində belə, özünü toparlaya bilməməsinin həyəcanı onun var-dövlətinin tənəzzülünə gətirib çıxarmışdı və məğrur, qorxusuz, özündən əmin milyoner artıq sərmayələrindəki hər düşüb - qalxmalardan təsirlənən ortabab bankirə çevrilmişdi.

Lənətə gəlmiş mərc! - qoca çarəsizcə başını tutaraq mırıldandı. Axı niyə o adam ölmədi? Onun indi hələ qırx yaşı var.

O, son qəpiyimə qədər məndən pulları alacaq, evlənəcək, həyatdan zövq alacaq, birjada oynayacaq; mənsə dilənçi kimi həsədlə ona baxacam və hər gün ondan eyni cümləni eşidəcəm:

"Mən həyatımın xoşbəxtliyini sənə borcluyam, icazə ver sənə kömək edim!" Yox, bu həddindən çox oldu! İflasdan və utancdan xilas olmağın yolu o adamın ölümüdür!

A.Çexov və Knipper
A.Çexov və Knipper

Saat üçü vururdu, bankir ətrafı dinşədi; evdə hər kəs yatmışdı və tərpənən ağacların xışıltısından başqa heç nə eşidilmirdi.

O, səs çıxarmamağa çalışaraq seyfdən on beş ildir açılmayan qapının açarını götürdü, paltosunu geyindi və evdən çıxdı.

Bağda hava qaranlıq və soyuq idi. Yağış yağırdı. Nəm, adamı kəsən külək bağda uğuldayaraq atını çapır və ağaclara rahatlıq vermirdı. Bankir gözlərini bərəltdi, ancaq nə yeri, nə ağ heykəli, nə sığınacağı, nə də ağacları görə bildi.

Sığınacağın yerləşdiyi yerdəki qaraltıya tərəf gedərək iki dəfə qarovulçunu çağırdı. Cavab verən olmadı.Yəqin ki, qarovulçu havaya görə sığınmaq üçün özünə daldalanacaq bir yer axtarıb, ya mətbəxdə ya da istixanada yuxuya gedib.

Əgər mən cəsarət edib məqsədimi həyata keçirsəm, ilk şübhəli qarovulçu hesab olunacaq - qoca düşündü.

O, qaranlıqda birtəhər pilləkənləri və qapını hiss edərək yeridi və sığınacağın girişinə tərəf getdi. Sonra o, balaca cığıra çıxdı və bir kibrit yandırdı. Orada in-cin görünmürdü.

Sadəcə üzərində kimsə yatmayan bir çarpayı, küncdə isə tünd rəngli dəmir soba vardı. Məhbusun otağına aparan qapıdakı qıfıla toxunulmamışdı.

Kibrit yanıb qurtaranda qoca həyəcandan titrəyərək pəncərədən içəriyə göz gəzdirdi.

Məhbusun otağında zəif şam yanırdı. Özü isə stolun arxasında oturmuşdu. Onun arxası, saçları və əllərindən başqa heç nə görünmürdü. Stolun, iki boş stulun və xalçanın üstündə açıq kitablar var idi.

Beş dəqiqə keçdi, ancaq məhbus hələ də yerindən tərpənmədi. On beş illik həbs ona sakit oturmağı öyrətmişdi. Bankir barmaqları ilə pəncərəni döyəclədi, məhbus yenə yerindən tərpənmədi.

Sonra bakir açarı qıfıla saldı, paslanmış qıfıl və qapı cırıldayan səslər çıxardı. Əvvəlcə bankir ayaq səsləri və qışqırıq eşidəcəyini güman etdi, ancaq üç dəqiqə keçdi və otaqda hələ də əvvəlki kimi sakitçilik idi. O, içəri keçməyə qərar verdi.

Adam stolun arxasında normal insanlara uyğun olmayan dərəcədə hərəkətsiz oturmuşdu. O, sanki sümükləri üzərinə dəri çəkilmiş, qadınınkı kimi uzun qıvrım saçları və cod saqqalı olan skelet idi. Onun üzü sarı torpaq rəngində, yanaqları çökmüş, gövdəsi uzun və ensiz biçimdə idi.

Pırpız başını tutduğu əlləri isə elə arıq və incə idi ki, adam baxanda tükləri ürpənirdi. Saçlarına artıq dən düşmüşdü, cılız, yaşlı görünən üzünə baxan heç kim inanmazdi ki, onun vur-tut qırx yaşı var. O yuxuya getmişdi ... Başı bir qədər önə doğru əyilmişdi, qarşısında, stolun üstündə isə üzərində əlyazısı ilə səliqli formada nəsə yazılmış bir parça kağız vardı.

Yazıq, məxluq! - bankir öz-özünə düşündü - Çox gümanki milyonları xəyal edərək yuxuya gedib.Mən sadəcə bu yarı ölü adamı götürüb yatağa atmalı və yastıqla bir balaca boğmalıyam. Ən diqqətli ekspert belə ölümdə heç bir zorakılıq əlaməti tapmayacaq. Ancaq, əvvəlcə, qoy görək, o, burda nə yazıb...

Bankir kağızı stolun üstündən götürdü və oxudu:

Sabah günorta saat on ikidə mən azadlığımı və başqa insanlarla əlaqə saxlamaq hüququmu yenidən əldə edəcəm, ancaq bu otağı tərk etməzdən və günəşi görməzdən qabaq mütləq sizə bir neçə söz deməliyəm.

Məni seyr edən Tanrıya qarşı olduğum kimi tam təmiz vicdanla sizə deyirəm ki, mən azadlığa, həyata, sağlamlığa və sizin o kitablarınızda deyilən bütün "yaxşı şeylər"ə nifrət edirəm.

Mən on beş il yer üzərindəki həyatı diqqətlə öyrənmişəm. Düzdür, bu qədər vaxtda dünyanı, ya da ümumiyyətlə, heç bir insanı belə görməmişəm, ancaq sizin gətirdiyiniz kitablarda mən ətirli şərab içmişəm, mahnılar oxumuşam, meşələrdə erkək marallar, vəhşi qabanlar ovlamışam, qadınlar sevmişəm.

Sizin şairlərin və dahilərin öz sehrləri ilə yaratdığı buludlar qədər ilahi gözəllər gecələr mənə baş çəkib və qulağıma başımı fırlandıran, heyrətamiz nağıllar danışıblar.

O kitablarda mən Elbrusun və Mont Blankın zirvəsinə çıxıb, ordan günəşin doğmasını görmüşəm.Axşamın necə səmanı, okeanı, dağların təpəsini fəth etməsini seyr etmişəm.

Orda dayanıb başımın üstündə çaxan ildırımın buludları və tufanı necə yarmasını gözlərimlə görmüşəm. Yaşıl meşələr, çöllər, çaylar, göllər, şəhərlər görmüşəm.

Sirenaların səsini, çobanların tütəklərindən süzülən melodiyaları dinləmişəm; mənimlə Tanrı haqqında söhbət etmək üçün aşağı uçub gələn yaraşıqlı şeytanların qanadlarına toxunmuşam.

O kitablarda mən özümü dibsiz quyuların içinə atmışam, möcüzələr göstərmişəm, qətliyamlar törətmişəm, şəhərləri yandırmış, yeni din təbliğ etmiş, krallıqlar fəth eləmişəm . . . .

Kitablarınız mənə müdriklik verib. İllər uzunu insan beynin durmadan yaratdığı dinclik bilməyən bütün düşüncələrin hamısı indi mənim beynimdə balaca bir bölmədə toplanıb. Bilirəm ki, sizin hamınızdan daha müdrikəm.

Mən sizin o kitablarınıza da nifrət edirəm, müdrikliyə də, bu dünyanın nemətlərinə də nifrət edirəm. Bunların hamısı dəyərsizdir, qısa sürəndir, illuziyadır və ilğım kimi aldadıcıdır.

Bəlkə siz məğrur, ağıllı, əlasınız, ancaq ölüm sizi yer üzündən elə silicək ki, elə bil döşəmənin altında eşələnən siçandan artıq bir şey deyildiniz və sizin gələcək nəsliniz, ölməz dahiləriniz bütün yer üzü ilə birlikdə yanacaq, ya da donacaq.

Siz öz səbəbinizi itirmisiniz və yanlış yolda davam edirsiniz. Yalanları doğru, eybəcərlikləri gözəllik kimi qəbul etmisiniz.

Siz qurbağanın, kərtənkələnin birdən alma və ya portağal ağacına çevrilməsi, yaxud da qızılgüllərin iyləmiş at qoxusu verməsi kimi qeyri-adi hadisələrə təəccüblənərsiniz.

Mənsə cənnəti bu dünyaya dəyişən sizlərə heyrət edirəm. Bunu qətiyyən başa düşmək istəmirəm.

Sizin sahib olaraq yaşadıqlarınıza necə nifrət etdiyimi əməlimlə sübut etmək üçün iki milyondan imtina edirəm. O milyonlar ki, cənnəti arzuladığım qədər arzulayırdım, indi onlara nifrət bəsləyirəm.

Özümü bu pullara olan hüquqdan məhrum etmək üçün, razılaşdığımız vaxtdan beş saat əvvəl buranı tərk edəcəm. Qapıdakı möhürü sındıra bilərsiniz...

Bankir bu kağızı oxuyub qurtarandan sonra onu stolun üstünə qoydu, bu qəribə adamın başından öpdü və kövrəlmiş halda sığınacaqdan çıxdı.

O, heç vaxt, hətta birjadakı oyunda ağır itki verdiyi vaxt da özünə bu qədər nifrət etməmişdi.

Evə qayıdıb yatağına uzandıqdan sonra belə göz yaşları və emosiyalar onu saatlarla yatmağa qoymadı.

Səhəri gün qarovulçu rəngi qaçmış vəziyyətdə, təlaşla içəri daxil oldu və dedi ki, onlar sığınacaqdakı məhbusun pəncərədən bağa tullanıb, darvazaya tərəfə qaçdığını, sonra isə gözdən itdiyini görüblər.

Bankir tez xidmətçiləri ilə birlikdə sığınacağa getdi və məhbusun orada olmadığından tam əmin oldu.

Lazımsız söz-söhbətin qarşısını almaq üçün o, cəld stolun üstündəki milyonlardan imtina edildiyi bildirilən əlyazmanı götürdü və evə qayıdanda onu öz seyfinə qoyub seyfi kilidlədi.

Rus dilindən tərcümə: Adilə Alov

XS
SM
MD
LG