Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:24

Robert Musilin romanı Azərbaycan dilində


- Alatoran Yayınlarından yeni kitab

“Yeniyetmə Torlessin sarsıntıları (1906) avstriyalı yazıçı Robert Musilin(1880-1942) Avstriyanın geridə qalmış bir əyalətindən çıxmış cavan oğlanın həyatı haqqında amansız hekayətidir.

Torless oğlanlar üçün olan prestijli bir məktəbdə təhsil almağa başlayır, yeni şəraitə asanlıqla uyğunlaşır, hətta yerli fahişələrlə yataraq böyüklərə məxsus həzzi dadır.

Öz yeni azad həyatından zövq alır, intellektual mühit onu həvəsləndirir, yeni həyatını ailəsindəki ölçülü-biçili həyatdan üstün hesab edir.

Burada intellektual səviyyəsi yüksək olan iki oğlanla Raytinq və Bayneberqlə tanış olur, oğlanların fəlsəfə və riyaziyyat sahəsindəki bilgiləri, gənclərə xas olan idealist xarakterləri onu cəlb edir, üç nəfərlik bir klub yaradırlar və məktəbin çardağında gizlicə görüşməyə başlayırlar.

Başqa bir məktəbli, iradəsiz və xaraktersiz Bazini dostlardan borc pul alır, ancaq borcunu qaytara bilmir. Raytinq və Bayneberq Bazinini şantaj etməyə başlayırlar, bütün vasitələrlə onu aşağılamağa çalışırlar.

Hər biri öz ideologiyası baxımından Baziniyə əzab verir. Filosof Bayneberq ona mənəvi təzyiq göstərir, matematik Raytinq isə universal bəşəri nəzəriyyəni tətbiq edir. İşgəncələr təkcə psixoloji deyil, həm də fiziki, hətta seksual olur.

Bütün bu oyunlar Torlessi sarsıdır, kimin tərəfini tutacağına qərar verə bilmir, Bazinini müdafiə etsinmi, yoxsa taleyin ixtiyarına buraxsın? Öz dostlarını məktəbin rəhbərliyinə satarsa ortalığın daha da qarışacağından ehtiyat edir.

İxtisasca psixoloq və Ziqmund Freydin müasiri olan Musil bu əsərdə yüksək ustalıq nümayiş etdirir.

Bu kitabı yeniyetməlik yaşlarında mənəvi böhran yaşayan “sadə kənd uşağının” psixoloji dramı adlandırmaq olar. Düşünülməmiş fəlsəfənin və psevdo-elmin hansı faciələrə gətirəcəyi baxımından da əsər son dərəcə maraqlıdır.

XS
SM
MD
LG