Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:55

Azərbaycanda stand-up sənətçiləri niyə yoxdur?


Anar Rafiqoğlu
Anar Rafiqoğlu

- "1960-cı illərdə hazırladığı stand up şouları ilə ölkəni bir-birinə qatmışdı. O, stand-up'larında əsasən sosial tənqidlər edirdi."

Anar Rafiqoğlu

TEATRIN ƏN QƏDİM NÖVLƏRİNDƏN BİRİ - STAND UP

“Stand up” - bu sözün mənasını anlamaq üçün ingilis dilini elementar səviyyədə bilmək yetərlidir. “Stand up” sözünün əsas mənası ayağa qalxmaq deməkdir. Amma bu sadəcə belə deyil.

Stand-up eyni zamanda teatrın çox qədim növlərindən biridir. Üstəlik, Amerikada, Avropada, hətta bir çox Asiya ölkələrində bu sənət növü geniş yayılıb.

Sırf bu işlə məşğul olan və bu işdən xəyal edilməyəcək qədər pul qazanan, milyonlarca tamaşaçını öz cazibə dairəsində saxlayan bir çox məhşur stand-up sənətçisi var həmin coğrafiyalarda.

Amma bizdə kiməsə stand up desən, ingilis dilini bilən biridirsə, uzağı, ayağa qalxacaq.

Düzdür, son illərdə Türkiyədən Cem Yılmazı izləyən gənclərimiz də kifayət qədərdir. Amma təəssüfləndirici haldır ki, onlar da Cem Yılmazdan başqa heç kimi tanımırlar.

Öyünmək, ya da lovğalanmaq üçün deməsəm də, Gürcüstanda ilk dəfə Azərbaycan dilində 2012-ci ildə “Bir nəfərlik komediya” adı altında stand up tamaşası hazırladım.

Daha sonra 2014-cü ildə yenə səhnəyə çıxdım və “Monoman” adlı daha böyük bir tamaşanı gerçəkləşdirdim. Tamaşadan əvvəl stand up nədir, indi səhnəyə çıxıb nə edəcəksən deyən şəxslər tamaşadan sonra növbəti tamaşa nə zaman olacaq deyə, artıq bir sonrakı çıxışımızı gözləyirdilər.

Bəli, bu onu göstərirdi ki, bizlərə xeyli yad olan bu janr artıq özünü doğrultmaq üzrədir.

“Stand-up comedy” nədir? Deyim ki, bu janrın adını birbaşa dilimizə çevirsək, ən yaxşı halda “Ayaqüstü komediya” olar. Doğrudan da belədir. Stand-up sənətçisi tamaşa boyu təkbaşına 1 saat, bəzən 2-3 saat gülməli hadisələr, hekayətlər danışmalı olur.

Bunu danışarkən də əsasən ayaq üstə olurlar. Stand-up hər nə qədər teatrın bir növü olsa da, sadəcə teatr salonlarında yox, eləcə də barlarda, kafe və restoranlarda nümayiş olunur.

Buna səbəb stand-up tamaşasının elə də ciddi bir dekorasiyaya, qrim və kostyuma ehtiyacının olmamasıdır. Kiçik bir səhnə, bir qrup tamaşaçı, bir də mikrofon. Bunlar olduqdan sonra istərsəniz yatağınızdan pijama ilə qalxıb çıxın səhnəyə. Heç bir əngəl yoxdur.

Stand-up haqqında bilinən ən böyük yanlışlardan biri də stand-up sənətçisinin mütləq qara geyinməli olması fikridir. Buna səbəb olaraq isə, qara paltarın sadə olması və beləcə, tamaşaçının diqqətinin sadəcə aktyorun danışdıqlarına yönəlməsi fikri önə çəkilir.

Amma bu tamamilə boş söhbətdir. Bunu deyən şəxslər, əminəm ki, həyatı boyunca Cem Yılmazdan başqa stand-up sənətçisi izləməyiblər. Əgər izləsəydilər, bilərdilər ki, geyimin bu işlə heç bir əlaqəsi yoxdur.

Bu gün bir çox məhşur stand-up sənətçisi səhnəyə istədiyi kimi, istənilən rəngdə patlarla çıxır. Bunun elə bir ciddi önəmi və əhəmiyyəti yoxdur.

Keçdiyimiz aylarda yeni bir stand-up tamaşası vermək üçün bir teatr salonu ilə icarə əsasında anlaşmaq niyyətində idim. Teatrın xanım administratoru ilə görüşdükdə o məndən stand-up tamaşasının nə olduğunu soruşdu.

Mən də izah etməyə çalışdım. Tam anlamadı. Mən də bir neçə məhşur stand-up sənətçisinin adını sadaladım. Cim Kerrinin adını çəkəndə, anladığını söylədi və "Klounluq edəcəksən, eləmi?" - deyə, soruşdu.

Qəribəsi odur ki, bu xanım teatrşünas olduğunu iddia edirdi. Klounluq? Maraqlıdır. Stand up doğrudan da təlxəklik sənətidirmi? İndi gəlin bu sənət növünün tarixinə nəzər yetirək.

Lenny Bruce
Lenny Bruce

Leni Brüs – 1925-ci ildə anadan olan amerikalı stand-up sənətçisi. 1960-cı illərdə hazırladığı stand up şouları ilə ölkəni bir-birinə qatmışdı. O, stand-up'larında əsasən sosial tənqidlər edirdi.

Açıq və sərt zarafatları dövləti narahat etmiş və mühakimə olunmuşdu. Brüsün həyatı daha sonra bir çox filmlərə mövzu oldu.

Corc Karlin – 1937-ci ildə dünyaya gələn, Leni Brüsün 40 yaşında vaxtsız vəfat etməsindən sonra onun davamçısı olaraq göstərilən, Comedy Central – Komediya mərkəzi kanalı tərəfindən bütün zamanların ən yaxşı 100 komediya aktyoru siyahısında ikinci sırada yer alan stand-up sənətçisi.

George Carlin
George Carlin

Danışıq tərzi, psixoloji və dini mövzularda sərhəd tanımayan tənqidi zarafatları ilə məhşur olub.

Yazdığı və səhnədə oynadığı “Yeddi kirli kəlmə” adlı stand-up şousu 1978-ci ildə Amerika məhkəməsi tərəfindən qadağan edilmişdi.

Bu nümunələri daha da çoxaltmaq olar, amma uzunçuluq etmək istəmirəm. Gördüyünüz kimi, stand-up sənətçiləri təlxək deyillər.

Olduqca ciddiyə alınan, hər sözü gündəmi dəyişə biləcək potensiala sahibdirlər. Çünki, necə deyərlər, sözün düzü zarafatda deyilir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG