Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:30

Üç hacının şahidliyi sənə bəs eləmədi?


Eyvaz Zeynalov
Eyvaz Zeynalov

- "Hər səhər hacılardan, yəni oğlanlarından birini yanına salıb topdansatış mərkəzlərinə baş vuran Hacı Muxtar olan-olmazdan ucuz qiymətə alıb dükanlarını doldurur, oğlanları da satırdılar."

Eyvaz Zeynalov

Göndərin getsin həccə

(hekayə)

Hacı Muxtar həyətində üzü küçəyə sıra ilə, bir-birinə bitişik bir neçə dükan tikdirmişdi. Birində ərzaq, birində təsərrüfat malları, birində pal-paltar, birində də tərəvəz, mer-meyvə satdırırdı.

Hacı Muxtarın dörd oğlu vardı. Böyüyü Hacı Bakir, ikincisi Hacı Şakir, üçüncüsü Hacı Zakirdi. Dördüncü oğlu hələ uşaqdı. Orta məktəbdə oxuyurdu. Hacı Muxtar dükanlarını bu oğlanları ilə işlədirdi.

Hər səhər hacılardan, yəni oğlanlarından birini yanına salıb topdansatış mərkəzlərinə baş vuran Hacı Muxtar olan-olmazdan ucuz qiymətə alıb dükanlarını doldurur, oğlanları da satırdılar.

Bir gün meyvə-tərəvəz bazarında bir gətiriciyə ürcah oldu. Çox tünükə, yolayavuq adama oxşayırdı. Uzaq rayonların birindən bir maşın kartof gətirmişdi. Topdan qiyməti çox münasibdi.

Ancaq hacı çənə döyməyə, aldığı malın qiymətini mümkün qədər aşağı salmağa, öldürməyə, ucuz, lap suyun qiymətinə almağa adət eləmişdi. Adəti də tərgitmək çətin məsələdi.

Hacı şitini-şorunu çıxardanda kartof sahibi daha dözmədi:

- Özün də deyirsən, hacısan, insafın olsun.

- Getdiyim qiblə haqqı, insaflıyam, - hacı and içdi. - Kəsdiyim qiymət sərfəli, hər ikimizin xeyrinədi.

Kəndli soruşdu:

- Burda mənim xeyrim nədi?

Hacı Muxtar saymağa başladı:

- Bax, bu bir maşın kartofu oturub bazarda satası olsan, filan qədər yerhaqqı, maşınhaqqı, otelhaqqı ödəyəcəksən. Gündə neçə kərə qarnını otaracaqsan, yemək-içməyə pul verəcəksən. Hələ bəri başdan ağıla gəlməyən əlavə xərcləri, əzab-əziyyətini, ev-eşiyinin, arvad-uşağıyın, təsərrüfatının nigarançılığını saymıram. İndi bütün bunların hamısını haqq-hesaba vur, gör sənin dediyin qiymət sərfəlidi, yoxsa mənim kəsdiyim qiymət?

Sözün kəsəsi, Hacı Muxtar hap-gopla kəndlinin saqqızını birtəhər oğurladı, onu özünün kəsdiyi qiymətə razı saldı. Kartofla dolu maşını birbaş evinə sürdürdü. Kartofu oğlanlarına həyətindəki böyük anbara boşaltdırdı. Çay-çörək qonaqlığından sonra kartof sahibini yola salıb dedi:

- Hə, qardaş, indi get dincəl, sabah gəlib pulunun hamısını cağbacağ alarsan.

- Hacı birdən?.. - Adam ağlına gələni başına gəlməmiş dilinə gətirmək istəsə də, hacı ona sözünü bitirməyə imkan vermədi.

- Kişi, ayıb söhbətdi, çörək kəsmişik.

Bu sözdən arxayınlaşan kəndli səhərisi gün şərtləşdikləri vaxtda hacının qapısını kəsdirdi. Salam-kalamdan sonra dedi:

- Hacı, mənim əmanətim hazırdı?

Hacı Muxtar divanda mütəkkəyə dirsəklənib çay içirdi. Bu sözü eşidəndə dikəldi.

- Qardaş, sən kimsən? Əmanət nədi?

- Boy?.. - kəndli təəccübləndi. - Hacı, məni tanımadın? Dünən anbarına boşaltdığımız kartofun pulunu almağa gəlmişəm də.

- Kişi, nə kartof, nə anbar, nə pul? Sən nə danışırsan?..

Kəndli Hacı Muxtarın kartofun pulunu dəbbələmək niyyətini anlayıb əl-ayağa düşdü.

- Hacı, allaha bax, tanrıya bax, məni incitmə, pulumu ver, çıxım gedim. Bir maşın kartof az deyil, acazıq deyil, sənə bağışlayım.

- Kişi, səni mənim üstümə kim göndərib? Allah xatirinə, əl çək yaxamdan. Mənə şər atma.

- Hacı, getdiyin həcc haqqı, o bir maşın kartofu dünən oğlanlarınla daşıyıb bax o anbara yığmışıq, - həyətin baş tərəfindəki tikilini göstərdi.

- Neynək, - hacı ayağa qalxdı, - indi anbar deyib göstərdiyinin qapısını açaram, görüm orda nə tapacaqsan.

- Aç, aç, baxaq, - kartof sahibi tez dedi.

Hacı cibindən bir topa açar çıxardıb anbarın qapısını açdı. Anbarın içərisini bomboş görən kəndlinin gözləri kəlləsinə çıxdı.

- Bu anbar, bu da sən, dincəldinmi, kişi? - Hacı dedi. - Di əl çək yaxamdan.

- Ola bilməz, - kəndli əl çəmədi. - Kartofu neynəmisən, hacı, yerini de?

- Kişi, səni belə görürəm, indicə utanmadan deyəcəksən, kartofu anbara boşaldandan sonra oturub mənimlə duz-çörək də kəsmisən?

- Kəsməmişik, hacı?

- Şahidin, sübutun var?

- Oğlanların allah şahididi, çağır, onlardan soruşaq.

Hacı əvvəlcə böyük oğlunu çağırdı.

- Hacı Bakir, bu kişini tanıyırsan?

- Yox, hacı, birinci dəfədi görürəm, - böyük oğlu kəndlini başdan-ayağa təəccüblə süzüb dedi.

Hacı Muxtar ortancıl oğlunu çağırdı:

- Hacı Şakir, bu kişini tanıyırsan?

- Yox, hacı, ilk dəfədi görürəm.

Hacı Muxtar üçüncü oğlunu səslədi:

- Hacı Zakir, de görüm bu kişini tanıyırsan? - Hacı Zakir də kəndlini ilk dəfə gördüyünü söylədi. - Hə, indi nədi sözün, kişi? - Hacı Muxtar saqqalını tumarlayıb soruşdu.

Kişi az qala dəli olacaqdı. Birdən nəsə xatırlayıb dedi:

- Hacı, kartofu anbara boşaldanda oğlanların dörd nəfərdi. Dördüncünü də çağır, gəlsin.

- Kişi, bu boyda üç hacının şahidliyi sənə bəs eləmədi? Dördüncü oğlum hələ uşaqdı axı.

- Ziyanı yoxdu, çağır, gəlsin.

Hacı Muxtar kiçik oğlunu da çağırdı. Kəndli uşağı görəndə dəryada batan saman çöpündən yapışan kimi “ya qismət!”, deyib səsi titrəyə-titrəyə soruşdu:

- Bala, məni tanıyırsan?

- Niyə tanımıram, əmi, lap yaxşı tanıyıram! - Uşaq dilli-dilavərdi.

- Elə isə de görüm mən kiməm?

- Kartofsatan. Dünən bizə bir maşın kartof gətirmişdin.

- O bir maşın kartofu hara boşaltdıq, oğul? - Kəndli uşağı sevincək qucaqladı.

- Odey, bax o anbara, - uşaq əliynən göstərdi.

Kəndli bu dəfə üzünü Hacı Muxtara tutub dedi:

- Gördün, hacı?

- Gördüm, kişi, - hacı dedi.

- Bəs bayaqdan məni niyə dağa-daşa salmısan?

- Oğlanlarımın, hacıların ağzıbütövlüyünü, ağzıbirliyini yoxlayırdım. - Kəndlinin pulunu verib yola salandan sonra hacıların, yəni oğlanlarının üstünə düşdü: - Köpəyuşağı, bu alçağı, bu dəyyusu da hazırlayın, tezliynən göndərin getsin həccə, yoxsa başımıza bəla olacaq!

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG