Keçid linkləri

Təcili xəbərlər

Cavabını bilmədiyim sual


İlham Əliyev tərəfdarları prezident seçkisini bayram edirlər – 9 oktyabr 2013
İlham Əliyev tərəfdarları prezident seçkisini bayram edirlər – 9 oktyabr 2013

-

ÇALIŞIRLAR Kİ, SEÇKİYƏ OXŞASIN...

Adi bir detalın da müxalifəti aşağılamaq üçün istifadə edildiyi bir ölkədə nəyin düzgün, nəyinsə yanlış olduğunu müəyyənləşdirməyə çalışmaq o qədər də asan deyil. Üstəlik, hakim olmadığımızı da yadda saxlamalıyıq. Düzdür, vətəndaş nəzarəti deyilən anlayış adi jurnalistə də ictimai məsələlərdə hakimlik səlahiyyəti qazandırır. Daha doğrusu, o jurnalistin araşdırmaları ictimai rəyin, bütövlükdə cəmiyyətin hakimliyinə yol açır...

Bir neçə gün olarki, seçki prosesinə start verilib. MSK ard-arda toplanır və tədbirlər keçirir. Hakim partiya da boş dayanmır. Özü seçki siyahısını hələ indi açıqlamağa hazırlaşdığı halda, müxalifəti seçki siyahısını gizli saxlamaqda, ictimaiyyətdən gizlətməkdə suçlayır...

Amma seçki siyahısı həm siyasi, həm də texniki məsələdir. Hər şeydən əvvəl gərək özünü inandırasan ki, bu ölkədə seçkiyə qoşulmağa dəyər. Tərəddüdsüz deyərdim ki, bu inam məsələsi Azərbaycandakı bütün seçkilərin bir nömrəli problemidir. Ötən müddət ərzində elə bir siyasi dəyişiklik baş vermədiyindən bu parlament seçkisinin əvvəlkilərdən fərqlənəcəyini güman etməyə heç bir əsas yoxdur. Amma müxalifət məsələnin bu tərəfinə göz yumur və seçki oyununa qoşulmaq qərarını artıq verib. Elə hakimiyyətin də ehtiyatlandığı odur ki, birdən müxalifət həmin oyunun «qaydalarını» pozar. O üzdən, seçki prosesini başlatmaq qərarının mürəkkəbi qurumamış, müxalifəti seçki siyahısını gizli saxlamaqda və hətta səmimiyyətsiz siyasətdə qınayır...

Aydın məsələdir. Hakimiyyət seçki görüntüsü yaratmağa can atır. Bilir ki, müxalifət ittihamları cavabsız qoymayacaq və bu da seçki prosesinin, guya, ciddi siyasi debatlarla keçməsi təəssüratını yaradacaq...

Amma müxalifət məsələnin bu tərəfinə göz yumur və seçki oyununa qoşulmaq qərarını artıq verib. Elə hakimiyyətin də ehtiyatlandığı odur ki, birdən müxalifət həmin oyunun «qaydalarını» pozar.

SİYAHI TUTMAQ HƏM ASANDIR, HƏM DƏ ÇƏTİN...

O ki qaldı siyahılara, təbii ki, bu, öncə siyasi məsələdir. Hamı seçki konfiqurasiyasını elə qurmağa çalışır ki, rəqibini çətin vəziyyətə salsın və ən azı, ona çətin problem yaratmağa müvəffəq olsun...

Bunun texniki tərəfləri də var. Siyahılar partiya strukturlarında müzakirə ediləndən sonra ictimaiyyətə açıqlanır. Və təbii ki, buna görə narahat olmağa dəyməz, çünki seçki prosesi çox ciddi şəkildə reqlamentləşdirilir və hər şeyin vaxtı var...

Bəs bu seçkini başqalarında fərqləndirən digər detallar olacaqmı? Deyəsən, əsas müxalifət partiyaları bu dəfə birgə siyahılar üstündə baş sındırmayacaq və bu da siyahılar üzərində işi bir az da sürətləndirəcək...

Qalan bütün məsələlər ortastatistik seçkiyə səciyyəvi olan standart prosedur və standart davranış tərzidir – Azərbaycanda təkrarçılıqdan bezmək əlaməti hələ ki, müşahidə olunmur...

MİSAL ÇƏKMƏK İSTƏRDİM, ANCAQ...

Burada Türkiyədən misal çəkmək olardı, amma «onsuz da bu ölkədə heç nə düzəlmir, istər gülməli yaz, istər ağlamalı, qərar verənlər öz tövrlərini pozan deyillər» qəbilindən giley-güzar adamı yorub.

MSK-nın açıqlamasına görə, ölkədə beş milyondan çox seçici var. Bu beş milyonluq kütlə öz səsinin fərqində deyil. Yox, demirəm ki, hamı qorxaq və acizdir. Elə deyil. Ən azı, əyalətlərdəki etirazlar göstərir ki, insanlar istəyəndə etiraza qalxırlar...

Azərbaycandakı passivliksə, az qala, «sosial meşşanlıq» doğurub – hamı özünü çoxbilmiş və böyük siyasətçi sayır. Əslində isə, heç kim, siyasətlə məşğul olmaq nədir, hətta onunla maraqlanmaq belə istəmir.

Çoxunuz xatırlarsınız, əyalətlərdə 15 il öncə də diqqətçəkən miqyasda seçki etirazları olmuşdu. Amma nəticədə nə baş verdi?

Bilirsiniz, ölkə, bəlkə də, məhz bu «nə oldu?» sualına görə düzəlmir. Hakimiyyət etirazlara ikibaşlı münasibət göstərir: bir yandan yerli hakimiyyət qurumları, amma o biri yandan da o qurumlarda çalışanlardan qat-qat ağır etirazçılar cəzalandırılır. Belə cəzalar, təbii ki, insanların gözünü qorxudur. Adi bir etiraza görə o qədər incidilirlər ki, bunu təkrarlamağa nə mənəvi, nə də fiziki gücləri qalır...

Düzdür, soruşmaq olar ki, harada elə birinci dəfədən hər şey alınır? Çətin məsələdir, əlbəttə. Bir il, il yarım əvvəl «rəngli inqilab» yaşayan ölkənin vətəndaşları bu gün yenə küçə və meydanlara çıxmırlarmı?!

Azərbaycandakı passivliksə, az qala, «sosial meşşanlıq» doğurub – hamı özünü çoxbilmiş və böyük siyasətçi sayır. Əslində isə, heç kim, siyasətlə məşğul olmaq nədir, hətta onunla maraqlanmaq belə istəmir. Xüsusən paytaxt Bakıda bu ovqat çox gözə çarpır. Əyalətlərdə, heç olmasa, cəhdlər var, amma paytaxt mürgüləyir...

Düzünə qalsa, insanları başqa məsələyə - seçkilərə getmədiklərinə görə qınamalıydıq. İnanın, bütün dünyada problem budur - seçici fəallığı aşağıdır. Amma Azərbaycanda bu problem yoxdur, hər dəfə aldadılsalar da, insanlar yenə seçkiyə gedirlər. Elə isə, bu xalqdan, bu cəmiyyətdən nə istəməliyik? Şəxsən mən o sualın cavabını bilmirəm...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG