Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:00

Heykəlləri üçün lazımi materialı metro tikintisindən oğurlamaqla


Amedeo Modigliani
Amedeo Modigliani

- “Siz sadəcə başa düşmürsüz - Modi mütləq ölməlidir. O, dahi və mələkdir. Nə vaxt ki, öləcək, həmin an hər kəs bunu anlayacaq”.

Sevinc Sultan

Modilyani - mifləşmiş div adam

XX əsrin əvvəllərində Paris maraqlı bir şəhər idi. İki dünya müharibəsi Avropanı ard-arda ağuşuna alsa da, bu şəhər mədəniyyət, incəsənət mərkəzi olmaqda davam edirdi.

Paris maraqlı olmaqla bərabər həm də qəribə şəhər idi. Ən azından ona görə ki, ömrünün axırlarında: “Mən dünyanı barmağıma doladım”- deyən Pikasso kimi bir böyük rəssamı 90 yaşlarına kimi milyonçu kimi bəslədisə, başqa bir böyük rəssam Modilyanini 35 yaşında səfillik içərisində öldürdü.

Belə qəribə həyat yaşayan dahi və sərsəmlərin məskəniydi Paris. Dünyanın hər yerindən yaradıcı adamlar Parisin işığına toplaşırdılar. Ona görə şəhərin ucuz barlarında, restoranlarında rəngarəng, həm də qəddar həyat yaşanırdı.

Dieqo Rivera, Pablo Pikasso, Amadeo Modilyani, Lüdviq Meydner kimi böyük sənətkarlar arasında həm dostluq, həm də gərgin rəqabət hökm sürürdü. Ən dəli, çılğın, yırtıcı və dahi rəssamların rəqabəti... Bundan möhtəşəm bir şey təsəvvür etmək olmaz yəqin.

Amedeo Modigliani rəsmləri
Amedeo Modigliani rəsmləri

Bəbəksiz, donuq gözlü, güclə seçilən üz cizgilərinə malik, yuxarı dartılmış kimi uzun boyunlu insan rəsmləri yaradan Amadeo Modilyani öz rəsmlərində başqalarına nisbətən daha səmimi idi.

Kasıbçılıq, səfillik içərisində yaşayan rəssamın yaradıcılığının ən qızğın dövründə rəsmlərini bəzən bir boşqab makarona, ya da bir şüşə absentə dəyişdiyini oxuduqda təssüflənməmək olmur.

Bu rəsmləri alanlar heç vaxt inana bilməzdilər ki, bir neçə onillik sonra onların qiyməti milyonlarla dollarla ölçüləcək. Gecələr əlində içki şüşəsi boş küçələri dolaşan, narkotik maddə qəbul edən, kirayə evləri pulsuzluq ucbatından bir-bir tərk edən, amansız xəstəliyin əldən saldığı “sərxoş div”in rəsmlərini...

Amadeo Modilyani Italiyada, yəhudi ailəsində doğulub. Deyilənə görə o doğularkən atası bütün varidatını itiribmiş. Evlərindəki bütün əşyalar müsadirə olunmalı imiş.

Amma İtaliya qanunlarına görə, zahı qadının əşyalarına toxunmaq olmazdı. Buna görə evdəki olub-qalan bütün əşyaları doğmaqda olan qadının çarpayısına yığırlar. Hələ doğulmamışdan ailəsinin üstünə çökən bu müflislik ölənə qədər rəssamı təqib edəcəkdi.

Amedeo Modigliani
Amedeo Modigliani

Modi (o özünü belə adlandırmağı sevirdi, fransızca bu sözün mənası “lənətlənmiş” deməkdir) uşaqlığında iki dəfə yatalaq xəstəliyinə tutulur. Sağalandan sonra təhsilini yarımçıq buraxmalı olur və rəssamlıqla məşğul olur.

1906-cı ildə Parisə gəlir, çox böyük həvəslə məşhur rəssamların, yazıçıların, musiqiçilərin sürdüyü bohem həyatına qərq olur. İçir, narkotik qəbul edir, Paris küçələrində qadın üstündə dalaşır.

Onu tez-tez küçələrdə sərxoş, çılpaq halda gəzən görürdülər. Yaradıcılığına diqqət yetirən, rəsmlərini alan olmasa da, onun yaradıcılıq ehtirası səngimir.

1906-cı ildən öz qabiliyyətini heykəltəraşlıqda da sınayır. Çəkdiyi rəsmlərə bənzəyən uzun boyunlu, donuq gözlü büstlər düzəldir. Bəlkə də məhz rəsmlərinin satılmaması onu heykəltəraşlıqda öz gücünü sınamağa vadar edir.

Məhrumiyyətlərə baxmayaraq, heykəlləri üçün lazım olan materialı metro tikintisindən oğurlamaqla sənətini davam etdirir. Lakin uğursuzluq burda da onu təqib edir.

İşlədiyi emalatxananı borc üzündən tərk etməli olanda yaratdığı büstlərin bir neçəsini Sena sularında batırır. Ümumiyyətlə, Modilyani tutduğu kirayə evləri pulsuzluqdan tez-tez dəyişir, bu da əsərlərinin itib-batmasına səbəb olurdu.

1917-ci ildə ilk dəfə rəsm əsərlərindən ibarət fərdi sərgisi təşkil olunur. Lakin sərginin açılmasından cəmi 10 dəqiqə sonra polis basqın edib sərginin yığışdırılmasını tələb edir.

İş onda idi ki, sərgidəki şəkillər Modinin daha çox nü janrında çəkdiyi çılpaq qadın rəsmlərindən ibarət idi. Və bu da guya əxlaqa zidd hesab olunmuşdu. Rəssam çılğın təbitənin əksinə olaraq, baş verən hadisəni sakitliklə qarşılayır.

Modilyani yaradıcılığını ekspressionizm janrına aid edirlər. O, əsərlərində yalnız reallığı deyil, həm də öz gerçəklərini əks etdirirdi. “İnsan - budur məni maraqlandıran. İnsan siması - təbiətin ən yüksək yaradıcılığı... Bu, mənimçün tükənməz mənbədir”, - Modilyani belə yazırdı.

Cəmi bir neçə peyzaj yaratmışdı. Daha çox taleyini yaxşı bildiyi insanları təsvir edirdi. O, həmişə sənət üçün yaratdı və heç vaxt sosiallaşmadı.

Rusiyalı rəssam və fotoqraf Mariya İonova Qribina Modilyani haqqında yazır: “Onun yaradıcılığında saflıq və incəlik tərzi, simvolizm və humanizm, coşğun həyat eşqi və narahat vicdanın çəkdirdiyi acı əks olunur”.

Modilyanini sevirdilər, o maraqlı insan idi, lakin onun əsərləri heç cür maraq doğurmurdu. Qalereya sahibləri, rəsm tacirləri onun yaradıcılığına qarşı biganə idilər. Modilyaninin seçdiyi özünəməxsus üslub onu başqalarından fərqləndirirdi. İnsanlar fərqliliyi həzm edə bilmirdilər.

Onu qəbul etmirdilər, diqqət yetirmirdilər, inanmırdılar, o isə yaradırdı... Bu münasibət heç vaxt onda yolunu dəyişmək istəyi, öz istedadına şübhə hissi yaratmadı. O, əzmlə, inandla və daxili inamla yaradırdı.

Amma bir boşqab yeməyə, bir şüşə içkiyə dəyişdiyi bu rəsm əsərləri onu səfillikdən, xəstəlikdən, ölümdən qurtara bilmədi. Çox qəribədir ki, həmin vaxt öz biganəliyi ilə onu səfalətə məhkum edən rəsm dəllalları indi onun əsərlərinin satışından milyonlarla qazanc əldə edirlər.

Modi hələ gənc yaşlarından qadınların xoşuna gəldiyini hiss etmişdi. Parisə iş dalınca gələn kəndli qızlar bu yaraşıqlı, şən yəhudinin naturası olmağa həvəslə razılıq verirdilər. Onun yatdığı qadınlar da naturaçıları idi.

Modilyani özü də qadınları sevirdi və sadə kəndli qızlarına üstünlük verirdi. Amma aradakı münasibət yetərincə gərginləşəndə bu münasibəti kəsməkdə tərəddüd etməzdi. Həyatında yüzlərlə qadın olduğu deyilsə də, ancaq iki qadınla sevgi yaşayıb: Beatris Xestinq və Janna Ebütern.

Beatris jurnalist, sənətşünas, sirk artisti idi. Bu gözəl qadın rəssamın həyatına tufan kimi daxil olur. Çılğın temperamenti, şən xarakteri onu qeyri-adi edirdi. Modilyani ondan ayrıla bilmir və hətta onun evində yaşamağa başlayır.

Beatrice Hastings (Emily Haigh)
Beatrice Hastings (Emily Haigh)

O, iki il gənc rəssamın həm sevgilisi, həm də ilham pərisi rolunu oynayır. Onlar arasındakı münasibət fırtınalı idi. Tez-tez dava-dalaşa gətirib çıxaran mübahisələri olurdu. Adətən bu mübahisələr incəsənətə münasibətdə yaranırdı.

Məsələn, Beatris iddia edirdi ki, rəssam öz əsərinə obyektiv qiymət verə bilməz, bu tənqidçilərin işidir. Modilyanini isə bu sözlər qəzəbləndirirdi.

Beatris, deyilənə görə, təkcə Modilyaniyə yox, digər rəssamlara da poza verərmiş. Bəzən qısqanc aşiq başqa kişilərlə baxışan Beatrisi saçlarından tutub səki ilə sürüyərmiş. Beatris 1916-cı ildə onun yanından qaçır və onlar bir daha görüşmürlər.

Bəs, maraqlıdır, iki ilik birlikdəlik yaşadığı Beatris üçün Modilyani kim idi? Onu bir də Beatrisin gözləriylə görmək maraqlı olar. Deyilənə görə, Beatris onu öz xatirələrində “donuz“ adlandırırmış. 1915-ci ildə onun yaradıcılığı haqqında öz münasibətini “New Age” jurnalında belə açıqlayır:

“Məndə Modilyaninin yaratdığı daş heykəl var. İndiki böhrana baxmayaraq? mən ondan 100 funta belə ayrılmağa razı olmaram. Bu büst itaətkar təbəssümlə müdriklik və sərsəmlik aşılayır. Dərin şəfqət və xəfif duyğusallıq, hissizlik və nəşə, illüziya və xəyal qırıqlığı... Bütün bunları özündə birləşdirən və əbədi əks etdirən bu daş heykəl Zəbur kimi aydın oxunur. Amma onun dili hüzürvericidir, çünki bu müdrik tarazılıqda acı ümidsizlik yoxdur. Hər hansı bir təhlükədən uzaq, parlaq gülümsəmə var”.

Modilyani Anna Axmatova ilə də bir müddət yaxın münasibətdə olmuşdur. Onların ilk tanışlığı Annanın bal ayı münasibətiylə əri ilə çıxdığı Paris gəzintisi zamanı gerçəkləşir. Bundan sonra daim məktublaşırlar. Bir müddət sonra isə Anna ərindən tamamilə ayrılaraq Parisə gəlir. Anna Axmatova xatirələrində yazır:

“1910-11-ci illər onun üçün xüsusilə çətin idi. Mən bildiyimə görə, o, dilənçi kimi yaşayırdı və məlum deyildi nəylə dolanır. Rəssam kimi qəbul ediməyinin izi belə, görünmürdü.

Şəxsi münasibətdə başqaları etdiyi kimi əvvəlki sevgilərindən danışmazdı. Mənimlə yer üzündəki heç nədən danışmazdı. O, ədəbli idi, amma bu ev tərbiyəsindən irəli gəlmirdi, onun ruhunun böyüklüyündən irəl gəlirdi.

Modilyani gecələr Paris küçələrində dolaşmağı sevərdi. Tez-tez onun addım səslərini aylı, səssiz küçədə eşidib pəncərəyə yaxınlaşar, jalüzün arasından mənim pəncərəmin önündə addımlarını yavaşladan kölgəsinə baxardım”.

Bir dəfə dostlarından Brankuzi Modilyaniyə məsləhət edir ki, qayğısına qalmaq, sağlamlığıyla maraqlanmaq üçün özünə həyat yoldaşı seçsin. Onun cavabı belə olur:

“Mən yuxuda mənə gələn qadını gözləyirəm. O, mələk kimi sakitdir. Kədərli üzü var. Həmişə susur və öz varlığını heç nəylə nəzərə çarpdırmır. Amma mən hiss edirəm. Hiss edirəm ki, o, yanımdadır və mənə inanır”.

Jeanna Hebuterne
Jeanna Hebuterne

Həyatının son illərində - 1917-cı ildə Modilyani 19 yaşlı rəssam qız Janna Ebüternlə tanış olur. O, rəssamın 26 rəsmində model olur. Jannanın atası despot idi. Janna belə bir evdə sakit, ciddi və itaətkar ev qızı kimi böyümüşdü.

Katolik olan atası qızının bir yoxsul yəhudiylə münasibətinə heç cür razı deyildi. Ailəsinin qarşı çıxmasına baxmayaraq, Janna heyrət doğuracaq qədər qətiyyət nümayiş etdirir.

Qəhvəyi saçlı, ürkək və utancaq Janna Modilyaninin xəstəliklə çarpışdığı, kobud, dalaşqan vaxtında onun həyatına gəlir. Modi əvvəlki cazibədarlığını da itirmişdi. Yalnız gözləri əvvəlki idi - ehtiraslı, ağıllı və təhlükəli...

Amma Janna onu anlayır və sonuna qədər yanında olmağa hazır olan yeganə qadın olur. O zaman bohem məclislərinin iştirakçısı olmuş Mark Talov Janna haqqında maraqlı sözlər yazır:

“O, quşa bənzəyirdi, uçub gedə bilərdi, nazənin görünüşü adamı heyran edirdi. Astadan danışardı, bir qurtum da içki içməzdi. Ətrafındakılara heyranlıqla baxardı. “Rotonda”dakı hər şey ona evlərindəkindən fərqli görünərdi”.

Modi öz xəyallarının qadınını tapmışdı. Və onu görən kimi bunu anlamışdı.

Tanışlıqdan cəmi bir-neçə ay sonra onlar bir yerdə yaşamağa qərar verir. 1918-ci ildə bir qızları dünyaya gəlir. Lakin evli olmadıqları üçün uşağa Jannanın soyadını verirlər.

Janna Modini dəlicə sevirdi. Bir neçə il bir yerdə olmalarına, dünyaya gələn övladlarına baxmayaraq, evlilik Jannanı düşündürmürdü. O, hər fədakarlığı etməyə hazır idi. Amma xəstəlik, yoxsulluq, içki, narkotiklər yavaş-yavaş sevgilisini onun əlindən alırdı.

Janna dəfələrlə körpə qızını kimlərinsə himayəsinə vermiş və ərini seçmişdi. Çünki körpə sağlam və şən olsa da, atası xəstə və bədbəxt idi.

Bir dəfə Leopold Zborovski və arvadı Jannanı inandırmağa çalışırlar ki, sevgilisini müalicə etmək lazımdır, yoxsa ölə bilər. Janna nəzakətlə onları dinləyir və sonra inamla, sakit tərzdə belə deyir:

“Siz sadəcə başa düşmürsüz - Modi mütləq ölməlidir. O, dahi və mələkdir. Nə vaxt ki, öləcək, həmin an hər kəs bunu anlayacaq”.

Artıq ikinci uşağa hamilə olanda onlar evlənmək qərarına gəlirlər. Modi sənədləri hazırlamağa başlayır. Amma rəssamın xəstəliyi ağırlaşır. Yoxsul və kimsəsizlər üçün olan xəstəxanaya yatırılır.

1920-ci ildə 24 yanvarda ağırlaşmış vərəm xəstəliyindən dünyasını dəyişir. Janna ağlamır, susqun və donuq halda onunla vidalaşır. Uzun müddət üzünə baxır. Saçlarından bir çəngə kəsib sevgilisinin qucağına qoyur.

Sonra arxasını ona çevirmədən otağı tərk edir. Sabahısı özünü atasının 5-ci mərtəbədə yerləşən evinin pəncərəsindən atır. Qarnında 9 aylıq körpəsi ilə birlikdə həlak olur. Onların yetim qalmış qızını isə Modilyaninin bacısı böyüdür.

Vəfat etmiş Modilyaninin cənazəsi qaldırılarkən polislər rəsmi qaydada mərhumun cənazəsini salamlamlayır. Pikasso yanındakı Fransis Karkoya bir vaxt rəssamın sərgisinə müdaxilə edən həmin jandarmları göstərib: “Görürsən... O qisasını aldı” - deyir.

Yalnız 10 il sonra Jannanın katolik valideynləri qızlarının cəsədinin yəhudi rəssam ilə yanaşı basırılmasına razılıq verirlər.

Ölümündən cəmi bir neçə il sonra onun kətan üzərində çəkilmiş rəsmlərinin qiyməti 30-40 franka çatdı. İndi isə rəssamın bir vaxt bir boşqab yeməyə dəyişdiyi rəsmlər milyonlarla dollarla hesablanan yaxşı kapital mənbəyidir. Modilyaninin ölümündən sonra onun qəribəliklərlə dolu həyatı mifləşdi.

İnsanlar yalnız ölümün onları nəyəsə inandıra biləcəyi qədər qəddar davrandılar. Modilyaninin ölümündən sonra onun böyüklüyünə inandılar.

XS
SM
MD
LG