Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:50

Yanlarında mərmi partlayır, gülürlər


Seymur Baycan
Seymur Baycan

- "Siz gedin faşizm üzərində qazandığımız qələbəylə fəxr edin, biz də ölkəni rahatca çapıb talayaq."

"Ümumiyyətlə, filmlərdə adamlar güləndə çox əsəbləşirəm."

"Bərk utandım. Ona nəsə mızıldanıb, bayıra qaçdım. Bir saat sonra qayıtdım. Gördüm kapitan ölüb. Üzündə də həmin təbəssüm."

Seymur Baycan

Sovet dövründə çəkilmişlər haqqında - 2

Yazının birinci hissəsi burada

Əgər milyonlarla sovet adamı İkinci Dünya Müharibəsi zamanı baş vermiş hadisələrin, faciələrin şahidi olmuşdusa, bəs onlar bu haqda niyə danışmırdılar?

Bunun xeyli səbəbləri var. Əvvəla, bu adamların çoxu siyasi cəhətdən tam savadsız idilər. Əyinlərinə forma geyindirib, əllərinə silah verib göndərmişdilər Hitlerin üstünə. Beyinlərini də şüarla doldurmuşdular. Şüar demişkən.

Milan Kundera
Milan Kundera

Milan Kundera “Ölümsüzlük” əsərində maraqlı bir məqama toxunur. Yazır ki, Rusiyada adamlar savadsız idilər.

Bolşeviklər Marksın əsərlərini savadsız xalq başa düşsün deyə, əsərləri sadələşdirirdilər.

Sadələşdirdilər, sadələşdirdilər, sadələşdirdilər, axırda bu əsərlərdən yalnız şüarlar qaldı.

İkinci Dünya Müharibəsinin iştirakçılarının böyük əksəriyyəti savadsız idilər. Bu savadsız kütlə baş verən hadisələrin əsl mahiyyətini başa düşmürdü. Hadisələr onlara mərkəzdən necə təqdim olunurdusa, elə də qəbul edilirdi.

Məsələn, mən düz Berlinə qədər gedib çıxmış müharibə veteranı ilə söhbət etmişəm. Adam niyə vuruşduğunu, kimlə vuruşduğunu, iştirak etdiyi müharibədə nələr baş verdiyini hələ də başa düşməmişdi.

Hər cümləsində Stalin şəxsiyyətinə heyranlığını bildirirdi. Stalin dövrünün ab-havasının geriyə qayıtmasını arzulayırdı. Bu gün baş verən hadisələrə münasibət bildirəndə mütləq belə cümlə işlədirdi: “Stalin olsaydı, bunların hamısını güllələyərdi”. Ondan soruşdum:

- Stalin öləndə adamlar doğrudan ağlayırdılar?

Bu sual ona elə pis təsir etdi ki, sualı verməyimə peşman oldum. Dedi ki, hə, hamı ağlayırdı.

Stalinin ölümünü adamların necə qarşılamasını Çingiz Aytamatov “Gün var əsrə bərabər” əsərində yaxşı yazıb.

İkinci misal. Deməli, bir proyektdə iştirak edirdim. Biz, müxtəlif ölkələdən olan jurnalistlər repressiya olunmuş xalqların nümayəndələrini tapıb onlarla danışmalı, onlardan müsahibələr almalı idik.

Hərəmizi bir tərəfə göndərdilər. Mən də bir dəstə jurnalistlə gəldim Batuma. Burda güc-bəlayla, repressiya olunmuş xalqların hadisələri öz gözləri ilə görmüş nümayəndələrini tapdıq. Onları danışdırdıq.

Danışdıqları dəhşət idi. Sadəcə dəhşət. Düzdü, dövrümüzdə dəhşət sözü tez-tez, yeri gəldi-gəlmədi istifadə olunur, amma inanın ki, bu sözü burda söz xatirinə yox, yerində istifadə etmişəm.

Nələr danışmadılar. Yük vaqonlarında günlərlə yol getmələrindən danışdılar. Onlara yır-yığış etmək üçün cəmi bir saat vaxt verilib. Hara getdiklərini, niyə getdiklərini bilmirlər. Vaqonda arvad-uşaq qarışıb bir-birinə.

Vaqonun küncünə bir şal asıblar. Hamı təbii ehtiyacını ora, şalın arxasına ödəyirmiş. Arvad, kişi, uşaq… Nəcis, sidik vaqonun içində ora-bura axırmış. Bunu təsəvvürünüzə gətirməyə çalışın. Sonra onları aparıb atıblar Orta Asiyanın çöllərinə.

Qırılan qırılıb, qalan qalıb. Çox şeylər danışdılar. Hamısını yazmağa nə imkan var, nə də həvəs. Söhbətin sonunda bu dəhşətləri görmüş adamlara sual verirdim. O vaxt belə bir söhbət vardı ki, Stalinin bu hadisələrdən xəbəri yox idi. Doğurdan belə idi?

Hamısı bir ağızdan cavab verirdi ki, əlbəttə, Stalinin bu hadisələrdən xəbəri yox idi. O, heç vaxt istəməzdi sovet vətəndaşları əziyyət çəksin. Hətta biri belə bir söz dedi ki, mənim iki (ola bilsin üç. Söhbət çoxdan olub. Səhv edə bilərəm. Vacib deyil, əsas hadisənin mahiyyətidir və s.) qardaşım sürgündə öldü, amma anam ömrünün sonuna qədər Stalinin portretini divardan asdı.

Bir başqası isə lap doqquzluğa vurdu. Dedi ki, əgər Stalin indi sağ olsaydı, mən öz oğlumla bir yerdə onun uğrunda ölümə gedərdim. Bəli, bunu o adam deyirdi ki, xalqı sürgün olunmuşdu.

Qohum-əqrəbasının yarısını sürgündə itirmişdi. Stalin repressiyalarının bütün dəhşətlərini öz gözləriylə görmüşdü. Uzun və ağrılı söhbətdir.

İkincisi, müharibədə çoxlu yalanlar olur. Bəzən bu yalanlar hamıya sərf etdiyindən adamlar yığışıb həqiqəti asanlıqla torpağa basdırırlar.

Hadisələrin mahiyyətindən xəbərdar olanlar isə susurdular. Total qorxu onların canına elə girmişdi ki, bu qorxudan xilas ola bilmirdilər. İndinin özündə də bu qorxu onların canından çıxmayıb.

Bu yaxınlarda tarixçilərin iştirak etdiyi bir verilişə baxdım. Müxtəlif post-sovet ölkələrindən olan tarixçilər İkinci Dünya Müharibəsindən, bu müharibəyə öz ölkələrində indi, hal-hazırda adamların necə münasibət göstərmələrindən danışırdılar.

Baltikyanı respublikaların tarixçiləri dedilər ki, biz bu problemi həll etmişik. Çünki bu problem bizim tarix dərsliklərində həll olunub. Bizim adamlar İkinci Dünya Müharibəsində baş vermiş faciələrdən xəbərdardılrar.

Gürcü tarixçiləri də yaxşı danışdılar. Bizimkilərdən heç kim orda yox idi. Yaxşı ki, yox idi. Durub deyəcəkdi ki, Hitler Azərbaycanı tutsaydı, indi hamımız Mersedes sürürdük. Biabır olacaqdıq. Vallah, deyərdi. Bu axmaq sözü ağlı qıcqırmış çox adamdan eşitmişəm.

Məni ən çox təəccübləndirən belorusiyalı tarixçilər oldu. Heç onlardan belə danışıq gözləmirdim.

Belorusiyalı tarixçilər çox normal danışdılar. NKVD-nin törətdiyi dəhşətləri, rəqəmlərlə, faktlarla göstərirdilər. Ən biabırçı danışanlar rusiyalı tarixçilər oldu.

İosif Stalinin heykəli, Rusiya
İosif Stalinin heykəli, Rusiya

Rusiyalı tarixçilər Stalinin törətdiyi dəhşətlərə haqq qazandırmaq istəyirdilər və Stalinin törətdiyi faciələri dövrün tələbi, bir zəruriyyət kimi təqdim etməyə çalışırdılar. Doğrudan da indi Rusiyada bu mövzu çox müzakirə olunur.

Ruslar hələ də həqiqətin gözünə dik baxmağı bacarmırlar. Tarixi hadisələri olduğu kimi qəbul etməyə gücləri çatmır. Hadisələri arzuladıqları kimi, öz istəklərinə uyğun şərh edirlər.

Onlar müharibənin əvvəlində sovet ordusunun biabırçı məğlubiyyətini heç cürə həzm etmək gücündə deyillər. Həqiqətin gözünə dik baxmamaq naminə min cür nağıllar uydururlar. Hələ də tarixə emosional münasibət göstərirlər.

Ona görə ki, Stalinin törətdiyi cinayətlər, onun hüdudsuz səlahiyyətləri, baş verən hadisələrin mahiyyəti bugünkü Rusiya hakimiyyətinin əməllərinə dolayısı ilə haqq qazandırır.

Düzdür, istisnalar var. Amma bu istisnalar Rusiya kimi böyük bir ölkə üçün çox azdır. O qədər azdır ki, hətta istisnalar yoxdur da deyə bilərik.

90-cı illərdə vəziyyət bu baxımdan bu günlə müqayisədə daha yaxşı idi.

Onda Rusiyada tarixçilər və sənətkarlar keçmişdə baş verənlərə bu günlə müqayisədə daha peşəkarcasına yanaşırdılar. Bəs bu istiqamət niyə itdi?

Nəyə görə vəziyyət yaxşılaşmağa doğru getmək əvəzinə daha da pisləşdi və daha da pisləşməkdədir. Ona görə ki, Stalinin törətdiyi cinayətlər, onun hüdudsuz səlahiyyətləri, baş verən hadisələrin mahiyyəti bugünkü Rusiya hakimiyyətinin əməllərinə dolayısı ilə haqq qazandırır.

Necə ki, müharibə başlayanda Stalinin otağında Suvorovun və Kutuzovun portretləri peyda olmuşdu. Vəziyyət yüzminlərlə adamı sürgünə göndərən, güllələtdirən Stalini öz çıxışında "bacılar və qardaşlar" ifadəsini işlətməyə məcbur etmişdi.

Bu gün Rusiyada mərkəzi hakimiyyətin sifarişi belədir. Bəli, biz faşizm üzərində qələbə qazanmışıq, yerdə qalan nə varsa unudun getsin. Bu vətən xainlərinin uydurmalarıdır.

Adamlar acından Leninqradda bir-birinin ətini yeyəndə Jdanovun kürü və piroq yeməsi də vətən xainlərinin uydurmasıdır. Başda Jukov olmaqla sovet generallarının Almaniyadan bahalı mebelləri, rəsm əsərlərini vaqon-vaqon oğurlaması da vətən xainlərinin uydurmasıdır.

Bacardığınız qədər Stalinin obrazını şişirdin. O Stalin ki, rus xalqının genefondunu məhv elədi. Elə məhv elədi ki, bu gün rus qadınları məcbur qalıb az qala hər yoldan ötəndən döl tutmağa məcbur qalıblar.

Nə etsinlər? Qınamalı deyil. Təbiət güclüdür, öz sözünü deyir. Stalinin və onun ətrafının əməlləri bu gün Rusiyada hakimiyyətdə olanların əməllərinin təbii, vacib, zərurətdən doğan əməllər kimi qəbul olunmasına şərait yaradır.

O edibsə, biz niyə etməyək? Əsas odur ki, biz düşmən üzərində qələbə qazanmışıq. Yaşasın rus xalqı! Yaşasın Rusiya! Siz gedin faşizm üzərində qazandığımız qələbəylə fəxr edin, biz də ölkəni rahatca çapıb talayaq.

İndi Rusiyada İkinci Dünya Müharibəsindən bəhs edən elə filmlər çəkilir ki, bu filmlər öz pafosuna, süniliyinə, saxtalığına görə sovet dövründə çəkilmiş filmlərdən heç də geri qalmır.

Bu kimi səbəblərdən ruslar İkinci Dünya Müharibəsində baş vermiş hadisələrə obyektiv qiymət vermək şansını itirdilər.

Həm də tarixi olduğu kimi qəbul etmək ümumən götürəndə xalqın səviyyəsinin, mədəniyyətinin bir göstəricisidir.

Mədəni cəhətdən geri qalmış xalqlar tarixə emossional münasibət göstərirlər. Hadisələrin əsl mahiyyətini görmək istəmirlər. Bu onlar üçün xoş deyil.

İndi Rusiyada İkinci Dünya Müharibəsindən bəhs edən elə filmlər çəkilir ki, bu filmlər öz pafosuna, süniliyinə, saxtalığına görə sovet dövründə çəkilmiş filmlərdən heç də geri qalmır.

XXX

İkinci Dünya Müharibəsindən bəhs edən, Sovet dövründə çəklimiş filmlərin qadın qəhrəmanları haqqında ayrıca danışmaq lazımdı. Bu yazını yazmazdan əvvəl yenə də ərinməyib sovet dövründə çəkilmiş xeyli müharibə filmlərinə baxdım.

Necə olub biz bu qədər pafosu, bu qədər saxtakarlığı, bu qədər süniliyi yemişik, qəbul etmişik?! Bu suala nə qədər cavab axtarsam da, heç bir cavab məni qane etmədi. Nə idi bunun səbəbi?

Axı kimsə ağıllı bir adam bu suala ətraflı və tutarlı, inandırıcı bir cavab verməlidir. Ona görə ki, biz qapalı ölkədə yaşamışıq? Bəlkə bozluq və yeknəsəqlik bizi o qədər yorub və əldən salmışdı ki, biz bu saxtakarlığı və pafosu görmürdük?!

Tutaq ki, biz uşaq idik. Oturub bu davalı filmlərə baxmaq bizim üçün maraqlı idi. Bəs yekə-yekə kişilər? Onları necə bağışlayaq? Axı yadımdadı, yekə-yekə kişilər də bu saxta və başdan-başa pafosdan ibarət filmlərə maraqla baxırdılar.

Bir-birlərinə danışırdılar. Mübahisə edirdilər. Onlara nə olmuşdu? Bu səviyyəsizliyi hara yozasan? Bir tərəfdən də düşünürsən ki, “Əhməd haradadır” kimi səydəş bir filmə qırx il baxan adamlar niyə də müharibədən bəhs edən pafoslu filmlərə maraqla baxmasınlar.

Hər şeydən əvvəl Sovetin çəkdiyi müharibə filmlərində indi məni ən çox qıcıqlandıran, ən çox əsəbləşdirən adamların gülməyidir. Yaralanırlar, gülürlər. Yanlarında mərmi partlayır, gülürlər. Mühasirəyə düşürlər, gülürlər. Acırlar, gülürlər. Yeyirlər, gülürlər. Guya dəhşətdən dəhşətə gəlib gülürlər.

Niyə bu qədər gülürlər?! Aşığın sözu qurtaranda nanay-nanay dediyi kimi, elə bil sovet rejissorlarının da sözü qurtaranda adamları güldürürlər. Ümumiyyətlə, filmlərdə adamlar güləndə çox əsəbləşirəm. Nəsə uzağa getməyək. Qayıdaq geriyə.

"Berlinin süqutu" filmindən
"Berlinin süqutu" filmindən

Sovetin çəkdiyi müharibə filmlərinin qadın qəhramanları kimlər idi? Onlar həm ana, həm bacı, həm tibb bacısi, həm sevgili, həm də döyüşçü idilər.

Filmlərdə onlar düşmənə nifrət edirlər, özününküləri hədsiz dərəcədə sevirlər.

Amansızdırlar, əxlaqlıdırlar, vətənpərvərdilər, Fədakardılar, həm də lazım gələndə mərhəmətli olurlar. Filmlərə istinad edib onların məziyyətləri haqqında çox yazmaq olar.

Əslində isə vəziyyət heç də təbii ki, filmlərdə göstərilən kimi deyildi. Vəziyyət tamam başqa cür idi. Acınacaqlı və dəhşətli. Gəlin Sovetin çəkdiyi müharibə filmlərindəki qadın qəhrəmanlara deyil, həqiqətən, müharibə iştirakçılarının xatirələrinə istinad edək.

Nataliya Radulova adlı rusiyalı blogger İkinci Dünya Müharibəsində iştirak etmiş qadınların xatirələrini tirajlamışdı. Gəlin biz də o xatirələrdən bəzilərini öz növbəmizdə tirajlayaq:

“Gecə növbədə idim. Ağır yaralıların palatasına keçdim. Kapitan yaralı halda uzanmışdı… Həkimlər mənə demişdilər ki, vəziyyəti ağırdır, səhərə çıxmaz… Ondan soruşdüm: “Necəsən? Sənə necə kömək edim?”

Heç vaxt yadımdan çıxmaz… O, birdən gülümsədi, üzü nura boyandı: “Xalatının yaxasını aç, sinəni mənə göstər… Arvadımı nə vaxtdı görmürəm…” Bərk utandım. Ona nəsə mızıldanıb, bayıra qaçdım. Bir saat sonra qayıtdım. Gördüm kapitan ölüb. Üzündə də həmin təbəssüm…”

“Mənim üçün müharibədə ən ağırı kişi tumanı geyinmək idi. Bu dəhşətli idi… İfadə edə bilmirəm… Nəsə belə… Birincisi, çox eybəcər bir şey idi… Sən müharibədəsən, Vətən üçün ölməyə hazırlaşırsan, amma əynində kişi tumanı var. Yəni sən belə gülməli, sarsaq görünürsən…

O zaman kişilər uzun tumanlar geyinirdilər. Sətindən tikilmiş gen tumanlar. Yayda da, qışda da. Dörd il… Sovet sərhədini keçdik… İlk polyak kəndindəcə bizi geyindirdilər. Yeni mundirlər və… Və! Və! Qadın tumanları ilə büstqalterlər. Bütün müharibə boyu birinci dəfə… Biz ilk dəfə normal qadın geyimi geyindik… Həm gülürdük, həm də ağlayırdıq..."

“Bütün müharibə boyunca ayaqlarımı itirməkdən qorxdum. Mənim gözəl ayaqlarım var idi. Kişilərə nə vardı ki… Ayaqlarını itirsə nə olacaq… Onsuz da qəhrəmandı. Evlənəcək. Amma qadının ayağını kəssələr, əlil olsa taleyi necə olacaq? Qadın taleyi…”

"Donbassda məni yaraladılar. Həm də düz budumun dibindən – arxadan… Qamış kimi bir qəlpə düz arxama girdi. Görürəm qan axır, ora bezlər qoyuram. Qaçıram, yaralıları sarıyıram.

Utandığımdan kimsəyə demirəm. Kimə deyim ki, məni yaralayıblar? Həm də haradan-düz oradan… Bilirsiz, adam 16 yaşında bunu kiməsə deməyə utanırdı. Qaçırdım, yaralıları sarıyırdım. O vaxtadək ki, qanaxmadan huşumu itirdim. Yadımda qalan odur ki, çəkmələrim az qala qanla dolmuşdu…”

“Başımızı yumaq üçün bir qab su tapanda xoşbəxt olurduq. Çox gedirdiksə, yumşaq ot axtarırdıq. Otları qırıb, ayaqlarımızı təmizləyirdik… Ayaqlarımız yamyaşıl olurdu. Axı biz qadın idik, özəlliklərimiz var idi…

Ordu bu barədə düşünməmişdi…. Əgər “starşina” orta yaşlı adam idisə, bizi başa düşürdü, “veşmeşok”dan artıq parçaları çıxarıb tullamırdı, cavan idisə, mütləq alıb tullayırdı. Bunun harası artıq idi?

Bizə ən azı gündə iki dəfə bez dəyişmək lazım idi. Biz heç nə tapmayanda alt köynəklərimizin qollarını kəsib istifadə edirdik. Köynək də iki dənə idi. Cəmi dörd köynək qolu…”

“Gedirik… İki yüz qız qabaqda, iki yüz kişi arxada. İstidir. Yaydır… gedirik və bizdən sonra qumun üstündə qırmızı izlər qalır… Bizim məlum qadın xəstəliyimiz… Necə edə idik? Gizlədə bilməzdik ki.

Əsgərlər arxamızca gəlir və özlərini elə aparırdılar ki, guya heç nə görmürlər. Ayaqlarının altına da baxmırlar. Şalvarlar quruyub qaxac kimi olurdu. Daim ondan qan iyi gəlirdi – yaralandıq, yaralanmadıq, fərq etməz. Axı bizə əlavə heç nə vermirdilər.

Bu şeyləri nəzərə almamışdılar. Yadımdadır, gözləyirdik, əsgərlər köynəklərini asan kimi bir neçəsini oğurlayırdıq. Sonralar başa düşmüşdülər. Gülə-gülə starşinaya deyirdilər: “Starşina, bizə paltar ver, qızlar yenə köynəklərimizi götürüb”.

“Bizim tibb bacısı əsir düşmüşdü. Bir gün sonra o əsir götürülən kəndi aldıq. Hər yerdə ölü atlar, motosikllər var idi. Onu da gördük: gözləri çıxarılmışdı, döşləri kəsilmişdi. Onu payaya keçirmişdilər… Şaxta vurmuşdu, o da ağappaq idi… Saçları ağarmışdı… Cəmi 19 yaşı var idi. Onun bel çantasından evdən aldığı məktub, bir də yaşıl rəngdə rezin quş tapdıq. Uşaq oyuncağı…”

"İvanovsk vilayətinə, Kineşmoya gəldik, onun valideynləri ilə tanış olmağa. Mən özümü qəhrəman bilirdim, ağlıma da gəlmirdi ki, cəbhədən gələni belə qarşılayarlar. Axı biz o qədər şey keçmişdik, anaların uşaqlarını, arvadların ərlərini xilas etmişdik. Amma orada…

Mən təhqir eşitdim, bu məni çox incitdi. Buna qədər, “bacıcan”dan artıq bir söz eşitməmişdim. Axşam onun valideynləri ilə çay içdik. Gördüm anası onu mətbəxə çağırdı. Oradan anasının səsini eşitdim. Ağlayıb deyirdi: “Sən kiminlə evlənmisən? Bütün cəbhəni gəzən qadınla? Sənin iki bacın var. Düşünmürsən ki, onları kim alacaq?”

“Rəfiqəm, adını deməyəcəm, birdən xətrinə dəyər, feldşer idi. Üç dəfə yaralanmışdı. Müharibə bitəndən sonra Tibb Universitetinə daxil oldu. Doğmalarından heç kimi tapmadı, hamısı ölmüşdü. Çox yoxsulluq çəkdi, gecələr blokları silib-süpürürdü ki, ac qalmasın.

Heç kimə deyə bilmirdi ki, müharibə əlilidir, təqaüd və güzəştlərə haqqı var. Çünki bütün sənədlərini cırmışdı. Bir dəfə soruşdum ki, niyə sənədlərini cırdın?

Ağladı: “O sənədlərlə kim mənimlə evlənərdi?” “Onda yaxşı eləmisən”-dedim. Hönkürdü: “İndi o sənədlər işimə yarayardı. Ağır xəstəyəm mən”. Təsəvvür edirsiniz? (ağlayır)”

Reytinq qəzeti

XS
SM
MD
LG