Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:25

İnternetdə "çirkli zarafatlar"


Yuyucular yığışdırılır, 25 avqust 2015
Yuyucular yığışdırılır, 25 avqust 2015

-

Rusiyada təmizləyici vasitələrin qadağanı interneti “çirkli zarafatlarlar”la doldurub

Qərbdə istehsal olunmuş təmizləyici vasitələr Rusiya mağazalarının piştaxtalarından yığışdırıldıqca, internet bunu lağa qoyan reaksiyalarla dolur. Bunlardan bəziləri incə yumordursa, bəziləri də kifayət qədər kəskindir.

AzadlıqRadiosunun müxbiri Anna Shamanska yazır ki, “çirkli işləri də kimsə görməlidir”.

Rusiyada qadağan olunmuş xarici ərzaq məhsullarının məhv edilməsi kampaniyası başa çatar-çatmaz, Moskva Tvitter əhlinə rişxənd və lağ üçün yeni və cazibədar bir mövzu verib. Söhbət Rusiya mağazalarının Qərb şirkətlərinin istehsal etdiyi təmizləyici vasitələrdən “təmizlənməsi” kampaniyasından gedir.

ZARAFAT KRANI AÇILIB

Avqustun 25-də Rusiya istehlakçısının hüquqlarını müdafiə etməli olan dövlət qurumu – Rospotrebnadzor bir neçə xarici brendli təmizləyici vasitələrin mağazalardan çıxarılmasına göstəriş verib. Qurum bunu onunla izah edir ki, guya bu vasitələrin tərkibində sağlamlıq üçün təhlükəli olan toksik maddələr aşkar olunub. Lakin müşahidəçilər inanırlar ki, bu, Rusiyanın Qərb sanskiyalarına reaksiyasının növbəti kampaniyasıdır.

Sosial media istifadəçiləri isə, necə deyərlər, “zarafat kranını açıblar, interneti istehza və lağ şırnağına tutublar”.

Bəziləri mağazaları gəzərək hansı məhsulların piştaxtalardan yoxa çıxdığını “sənədləşdirməyə” başlayıblar. Bu mallar Rusiya kapitalizmə qucaq açandan bəri ölkə mağazalarının piştaxtalarından düşmürdü, indi isə yavaş-yavaş yoxa çıxmağa başlayıb.

“Deyəsən, yaxşı yuyur ki, hamısını silib-süpürüblər”. Bu cümləni Moskva supermarketinin yarıboş rəflərini göstərən fotoya bir Tvitter istifadəçisi əlavə edib.

Bəziləri isə bir azdan yoxa çıxacaq mallarla dolu olan rəflərin şəkillərini çəkiblər.

Tanınmış müxalifət blogeri Rustem Adagamov isə Tvitterə postladığı fotoşəklin altında yazıb ki, bəziləri qadağan olunmuş yuyucu vasitələrlə şəkil çəkdirib fəxr edirlər.

Tvitterdə yazılanlara inanılarsa, xarici yuyucu məhlulları vaxtında alıb anbara doldurmağa macal tapmayanlar qablarını və paltarlarını yumaq üçün daha məşəqqətli vasitələrə əl atmalı olacaqlar.

Bəzi istifadəçilər Rusiyada qədimdən ənənə olan paltar taxtalarından, vedrədən və paltar sabunundan istifadə etməyi məsləhət görürlər.

Rusiyanın “Dojd” telekanalı hətta tələm-tələsik bir eksperiment də keçirib. Studiyada iki qonaq eyni paltarı meyvə şirəsi ilə çirklədib, sonra ayrı-ayrı vedrələrdə yuyublar. Vedrələrdən birində adı çəkilməyən xarici məhlul, digərində isə Rusiyada istifadə olunan “təsərrüfat sabunu” olub. Hər iki paltar mükəmməl yuyulub. Telekanalın aparıcısı Lika Kremer Rusiyada məşhur olan “zamenitel” (əvəzləyici) sözünü işlədib və nəticə bu olub ki, eksperimentdə “zamenitel” qalib gəlib.

XS
SM
MD
LG