Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:35

24 yaşında ölmüş fransız şairi Comte de Lautréamont


Comte de Lautreamont
Comte de Lautreamont

- "Lakin fransızlar başda olmaqla sürrealistlərin əsərlərində və müasir avanqard şairlərin çoxunda bir az Dükass-Lotreamon tapmaq heç də çətin olmamalıdır."

"Yuliya Kristevaya görə, nə "Maldororun Şərqiləri"ndə, nə də "Poesies"də sadə bir plagiat hadisəsindən söhbət gedə bilməz..."

Özdemir İnce, 1988

Tərcümə: Malik Məmmədli

İsidor Dükass - Kinin oğlu

"On doqquzuncu əsrin sonu görəcək öz şairini." (Birinci Şərqi)

İsidor Dükass yuxarıdakı misranı yazarkən ya iyirmi, ya da iyirmi iki ya­şındaydı. "Maldororun Şərqiləri"nə başlayanda adı İsidor Dükass idi; amma yazma prosesində bu ad Qraf Lotreamona (Comte de Lautreamont) çevrildi.

"Poesies"i (fransızca, Poesies - Şeirlər-M.M) yazarkən qiyafə dəyişdirib yenidən İsidor Dükass oldu. Lakin müəyyənləşdirməyə çalışacağımız şəxs üçün bu iki ad da kifayət etmir; ən azından, ikinci dəfə həyata gəldiyi XX əsrin iyirminci illərindən üzü bu yana tək şəxsiyyət var: Dükass-Maldoror-Lotreamon.

Bu özünə vurğun, Qaston Başlyar başda olmaqla bəzilərinə görə dəli; şəxsi adı (başqa bir kitabın adından) götürülmə, kitabının adı qurama və əsərinin bir hissəsi oğurluq olan bu ­­"dahi lisey tələbəsi"nin (A. Kamyu) ölkəmizdə tanındığını deyə bilmərik: bildiyimiz yalnız adı, ədəbiyyat çevrələrinin müəyyən kəsimində dolaşan mifi, bir neçə tərcümə sayəsində dumanı bir az aralanan yaradıcılığıdır - bu qədər.

Lakin fransızlar başda olmaqla sürrealistlərin əsərlərində və müasir avanqard şairlərin çoxunda bir az Dükass-Lotreamon tapmaq heç də çətin olmamalıdır.

"Bugünkü şeirin məsuliyyətində ən böyük pay bu şəxsə dü­şür." - deyən Andre Breton yuxarıdakı fikri böyük ölçüdə təsdiqləyir. Mənaya bir az bulanıqlıq gətirən "məsuliyyətində" söz­ünü "meydana gəlməsində" ilə əvəzləsək, bu gəncin poetik hərəkatı daha nəzərəçarpan olar.

Digər tərəfdən, bu fikrə şərik olan təkcə Breton deyil.

"Rembonu və Maldororun Altıncı Şərqisini oxuyarkən öz yaradıcılığımdan utandım." (A. Jid)

"Maldorordan bir az dadınca şeir tamamilə yavanla­şır." (Araqon)

"Lotreamonu açın! Bütün ədəbiyyat çətir kimi tərsinə çevriləcək." (Frensis Ponj)

İsidor Dükass çox qısa ömrü ərzində gələcəyi yaşamışdı; "bu gün"ə yadlaşdığı, "bu gün"də "sabah"ı yaşadığı üçün olduqca uğultulu təkliyə qapan­mış olan Lotreamonun vəziyyəti bir çox baxımdan ziddiyyətli gö­rünür.

Marslen Pleynə görə, əgər o olmasaydı, fransız mədəniyyəti əksik və natamam qalardı; belə ki, ona qədərki fransız ədəbiyyatı bütövlükdə üzü keçmişə dönük təkrarlanan cızma-qara təəssüratı oyadırdı.

Bu o deməkdir ki, Lotreamon və yaradıcılığı fransız mədəniyyət və ədəbiyyatının "imtinaolunmaz" elementi səviyyəsindədir.

Bununla yanaşı, o, bu mədəniyyətə yadlaşdı, onun başlıca dayaqlarının əleyhinə çıxdı, astarını üzə çevirdi və sözü gedən mədəniyyətin içində özünə yalnız bu yolla bir yer aça bildi. O da yarım əsr sonra.

Özünün tərəf və obyekti olduğu iddiada fransız mədəniyyət və ədəbiyyatına meydan oxudu. Lakin burada belə bir sual qarşımıza çıxır: həmin bənzərsiz üsyan təkcə bu mədəniyyətə, bu ədəbiyyata qarşıdırmı?

Dükass "Poesies"in I hissəsinin əvvəlində yer verdiyi "Xatirə qoymayacam özümdən sonra" fikrini naşir Verbukhovenə ölümündən doqquz ay, üç gün əvvəl yazdığı 21 Fevral 1870-ci il tarixli məktubundakı "Bilirsinizmi, keçmişimə yadlaşdım" qərarıyla artıq qətiləşdirmişdi.

Necə ki, Maldororun Birinci Şərqisinin ilk nəşrində adı çəkilən lisey yoldaşı Corc Dazenin adını ikinci nəşrdə çıxarıb yerinə heyvan adları qoyaraq bizi Tarbe Liseyinə və şəxsi həyatının bu dövrünə aparacaq yolun önünü kəsmək istəmişdi.

Qarşımızda "On doqquzuncu əsrin sonu görəcək öz şairini" deyərək sonsuzlaşmaq, ölümsüzləşmək istədiyini heç də təvazökar olmayan bir tərzdə dilə gətirən və özündən sonra xatirə qoymaq istəməyən, qısa bir ömürü, üç-dörd illik ədəbi həyatın keçmişini silməyə cəhd edən bir şüur var: uçu­rumla zirvənin ziddiyyəti, yaxud uçurumla zirvənin baş gicəlləndirən ziddiyyətinin birliyi.

Bütün bunlara baxmayaraq, geriyə bəzi şeylər qalıb: iki ad, iki ki­tab, altı məktub və ilk dəfə 1977-ci ildə yayımlanan yeganə fo­toşəkil.

İsidor Dükassdan Qraf Lotreamona

İsidor Dükass 4 aprel 1846-cı ildə argentinalıların mühasirəsindəki Montevideoda (Uruqvay) anadan olub və 24 noyabr 1870-ci ildə prus­siyalıların mühasirəyə aldığı Parisdə Komunnadan təxminən üç ay əvvəl ölüb. Cəmi 24 il, 7 ay, 20 gün ya­şayıb.

İsidor otuz yeddi yaşlı ata ilə iyirmi beş ya­şlı ananın tək övladı idi. Anası Selestin Jakket Davzak (1821) ilə atası Fransua Dükass (1809) Montevideoda evləndikləri vaxt (21 Fevral 1846) İsidorun anadan olmasına iki ay qalmışdı; yəni an­ası yeddi aylıq hamilə idi.

Fransua Dükass cənub-qərbi Fransada, Tarbe yaxınlığındakı Bazetdə doğulmuşdu. O, elə həmin bölgədə olan Sarniquet adlı kənddə ibtidai məktəb müəllimi işləyərkən bu kənddə anadan olan Selestin Jakket Davzak ilə 1837-1839 illər arasında ta­nış olmuşdu.

Fransua Dükassın 1839-cu ildə Cənub Amerikaya getdiyi, bundan üç il sonra isə Selestin Jakket Davzakın onun ardınca yola düşdüyü güman edilir.

1840-cı ilə doğru Montevideodakı Fransız Konsulluğunda işə başlayan Fransua Dükass oğlu İsidorun anadan olmasından dərhal sonra yazı işləri müdiri vəzifəsinə təyin olunur.

Onun 1887-ci ildə vəfat etdiyi məlumdur. O ərəfədə təxminən altı-yeddi min fransız immiqrantın yaşadığı Montevideodakı konsulluq rəsmiləri ilə Xarici işlər nazirliyi (Pa­ris) arasındakı yazışmalardan aydın olur ki, Fransua Dükass olduqca müvəffəqiyyətli, qabiliyyətli, çalışqan bir məmur və idarəçi imiş və öz vəzifəsində tərifəlayiq rollar oynayıb.

Belə bir işgüzar atanın oğuluyla yaxından maraqlandığını düşünmək sadəlövhlük olardı. Üstəlik, onu da nəzərə alaq ki, həmin kişinin arvadı cavan yaşda ölüb.

Bu fərziyyənin əleyhinə çıxanlar olsa da, İsidorun anasının 1847-ci ilin 9 dekabr tarixində intihar edərək həyatına son qoyduğu güman edilir. Burdan məlum olur ki, anası öləndə İsidor hələ iyir­mi aylıq imiş.

İsidor Dükassın anadan olmasından təhsil almaq üçün Fransaya gön­dərildiyi 1859-cu ilin oktyabr ayına kimi keçən on üç illik həyatı barədə əlimizdə heç bir məlumat yoxdur. Təbii ki, uruqvaylı Alvaro Qiyo Munosun aşkarlayıb 1925-ci ildə nəşrli "Lotreamon et Laforgue" adlı kitabda yayımladığı 16 Noyabr 1847-ci il tarixli baptizm sənədindən (Montevideo Katedralı) başqa.

Əslində, 1859-1863-cü illər arası Tarbe Liseyi ilə 1863-1865-ci illər arası Po Liseyi həyatı barədə də demək olar ki, heç nə bilmirik; Po Liseyindən sinif yoldaşı Pol Lespesin xatirələrindən savayı. Pol Lespes, İsidor Dükassı canlı gördüyünü deyən, göz şahidliyinə əsasən onunla bağlı məlumat verən iki şəxsdən biridir.

1865-ci ilin avqust ayında Po Liseyindən ayrılan İsidor Dükassın izini 21 may 1867-ci il tarixinə qədər itiririk; 21 may günü Tarbe Qubernatorluğundan pasport, 25 may tarixində isə Uru­qvay üçün viza aldığı qeydlərdən məlumdur.

Bundan əlavə, o da məlumdur ki, elə həmin il Parisə geri qayıdıb və ədəbiyyatçı adı ilə "23 rue Notre-Dame-des-Victoires" ünvanında yerləşib.

Dükkasın Birinci Şərqinin əlyazmasını 1868-ci ilin avqust ayında naşir Balituya təslim etdiyi təxmin edilir. Birinci Şərqinin bu nəşri müəllifin adı qeyd olunmadan çap edilmişdi.

Evarista Karrensin Bordo şeir yarışmasında iştirak edən şairlərin şeirlərini yığaraq 1869-cu ilin yanvar ayında nəşr etdiyi "Parfums de lame" adlı ortaq kitabda ikin­ci dəfə və yenə də imzasız dərc olunan Birinci Şərqidə bəzi dü­zəlişlər edildiyi görünür.

Eyni mətnin müəyyən dəyişikliklərə uğramış son forması həmin ilin yaz aylarında "Les Chants de Maldoror" I- II- III- IV- V- VI adıyla dərc olunan tam mətinin içində yer alacaqdı.

Lakrua və Verbukhoven adlı naşirlərin Brüsseldə nəşr etdikləri əsərin müəllifi kimi ilk dəfə Qraf Lotreamon adı qeyd edilir. Buna baxmayaraq, şairin 27 oktyabr 1869-cu il tarixli məktubunda qəbul etdiyi razılaşmanın əksinə, naşirlər əsəri anbarda saxlayacaq və yazar kitabının Pa­ris kitabçılarında satışa çıxdığını görmədən bu dünyadan köçüb gedəcəkdi.

Əslində isə məsələ belə olmuşdu: kitabın adı Xaricdə Çap Olunmuş, Fransada Qadağan Nəşrlər Bülletenində olduğu üçün naşirlər qorxuya düşmüş və kitabı satış üçün paylamamışdılar. Buna baxmayaraq, İsidorun əlinə kitabın on yaxud iyirmi nüsxəsi keçmişdi.

Daxili İşlər Nazirliyinə 1870-ci ilin aprel ayında təslim edilən "Poesies I" və həmin ilin iyun ayında təslim edilən "Poesies II"nin müəllifi kimi İsidor Dükassın adı qeyd edilməkdədir.

İsidor bir neçə ay sonra, daha dəqiq, 24 noyabrda, "7 rue du Faubourg-Montmarte" ünvanında öləcək və ertəsi gün müvəqqəti olaraq "Monmartr" qəbiristanlığına basdırılacaqdı.

Qeyd edilən tarixdə öldüyü qətidir, çün­kü Sena rayon rəsmiləri tərəfindən hazırlanmış və iyirmi dörd yaşlı İsidor Lucien Ducasse adlı ədəbiyyatçının saat səkkizdə öldüyü məlumatını əks etdirən bir sənəd mövcuddur.

Birinci dəfə 25 noyabr 1870-ci il tarixində şimal (şimali Monmartr) qəbiristanlığının 35-ci hissəsində basdırılan cəsəd 1871-ci ilin 20 yanvar tarixində 49-cu hissəyə köçürüləcək və nəhayət, sümükləri 1890-cı ildə Pantin sümüklüyünə aparılacaqdı.

Lakrua və Verbukhovenin 1869-cu ildə nəşr etdiyi amma satış üçün paylamayıb anbarda saxladığı "Maldororun Şərqiləri", Brüsseldəki "Jean-Baptiste Rozez" nəşriyyat tərəfindən 1874-cü ildə satışa çıxardıldı, lakin hər hansı bir müvəffəqiyyət qazana bilmədi.

Baxmayaraq ki, Lacroix-Rozez nəşri hələ tükənməmişdi, Şərqilər, ölüm sənədi vasitəsilə Dükassın anadan olma və ölüm tarixlərini müəyyən edən və onun bankir Darasseyə yazdığı iki məktubunu tapan Leon Hononso tərəfindən 1890-cı ildə yenidən nəşr edildi.

1870-ci ildə nəşr olunan "Poesies"in I və II hissəsinin izinə 1891-ci ildə Remi Hurmon tərəfindən Milli Kitabxanada tapılana qədər, iyirmi bir il ərzində, hər hansı bir yerdə rast gəlinmir.

Leon Hononsonun nəşrindən sonra bu ərəfədə Milli Kitabxanada işləyən Remi Hurmon İsidor Dükassın əsərləri barədə apardığı araşdırmanı "Mercure de France"nin 1891-ci il fevral sayında dərc etdirir.

Bir çox dəyərli biblioqrafik məlumatı Hurmona borcluyuq. Bundan iyirmi səkkiz il sonra Andre Breton Milli Kitabxanaya gedəcək (1919), birinci və ikinci kitabın surətini əli ilə çıxaracaq və bunlar "Litterature" jurnalının aprel və may saylarında nəşr olunacaqdı.

"Poesies"in I və II hissəsi tək kitab halında 1920-ci ildə Filipp Suponun ön sözüylə "Au Sans-Pareil"də nəşr olundu.

Nəticədə, İsidor Dükass - Qraf Lotreamonun və əsərlərinin oxucu ilə həqiqi tanışlığının 1920-ci ildən etibarən, yəni ölümündən əlli il sonra reallaşdığını deyə bilərik.

İki şahid

İsidor Dükass haqqında və çoxu da hələ fərziyyədən kənara çıxmayan məlumatların toplanması üçün təxminən yüz il gərək oldu.

Şərqilərin üçüncü naşiri L.Hononsonun ilk naşir Lakruanın (İsidor Dükassı gördüyünü deyən iki şəxsdən biri) şahidliyinə əsaslanaraq verdiyi məlumata görə, "İsidor Dükass Pa­risə ya Politeknik, ya da Mədənçilik Məktəbində oxuma­q üçün gəlmişdi.

1867-ci ildə, Cənub Amerikadan gələn kimi "23 rue Notre-Dame-Des-Vistoires" ünvanındakı mehmanxaya yerləşmişdi. Əsmər, hündür boylu, üzü tüksüz, əsəbi, nizamlı və çalışqan bir gənc idi. Yalnız gecələr və pianosunun başında yazar­, cümlələrini yüksək səslə təkrarlayaraq musiqinin müşaəti ilə qu­rardı."

Gecənin bir aləmində işə başlayan Dükassdan yuxudan sərsəm oyanan digər müştərilər şikayətçi imiş. İsidorun ölümündən iyirmi il sonra dərc olunan bu sətirlərin düzgünlüyünü (yaxud əksini) sübut etmək mümkün deyil.

Buna baxmayaraq, Qomez Sernanın (1925), Andre Malronun (1920), Filipp Suponunun da (1946) bu qaynaqdan faydalandığını görürük.

İkinci şahid Dükassın məktəb yoldaşı Pol Les­pesdir. Fransua Alicot'un müsahibə aldığı il (1927) 81 yaşında olan Lespes Dükassı 1864-cü ildə Po Liseyindən tanıdığını deyərək onunla əlaqədar aşağıdakı məlumatları verir:

Comte de Lautreamont
Comte de Lautreamont

"Bu hündür boylu, kürəyi bir az donqar, zəif bədənli, uzun saçı alınının üzərinə tökülən, turşməzə səsli cavan hələ də gözümün qabağındadır. Üzünün elə bir cazibədar xüsusiyyəti yox idi...

Kədərli və səssiz, özünə qapanıq idi. Dənizin o biri üzündəki xoşbəxt və azad həyat sürdüyü ölkələr barədə mənə bir neçə dəfə həyəcanla danışmışdı".

Lespesin verdiyi məlumata görə, Dükassın Qustav Hinstinin bəlağət dərsinə böyük marağı varmış; Rasinini, Korneli və xüsusilə Sofoklun "Kral Edip"ini sevərmiş; Edqar Po və Teofil Qotyeyə pərəstiş edərmiş.

Bir dəfə ona qəribə ritimli, qaranlıq düşüncəli bir neçə şeir göstərib. "Dükass Latın nəzmindən iyrənirdi" - deyir Pespes.

Lespesin sözlərinin hamısını bura köçürmək mümkün deyil. Ancaq onun bu təsviri Hononsonun təsvirini təsdiqləyir: "Əsmər, hündür boylu, üzü tüksüz, əsəbi, nizamlı və çalışqan bir gənc idi."

Məktəb sənədlərindən liseyin birinci sinifində arifmetika, həndəsə və rəsm dərslərində sinif birincisi, latıncadan fransızcaya tərcümədə beşinci, fransızcadan latıncaya tərcümədə dördüncü, dil­ biliyi dərsində dördüncü olduğu aydın olur. Sinif şərəf lövhəsində üçüncü imiş. Təxminən eyni səviyyəni sonrakı siniflərdə də qoruduğu görünür.

Fənn dərslərinə, xüsusilə də biologiyaya olan meylinə Şərqilərdə tez-tez şahid olmaq olar. Bu sahələrdəki biliyini şeir mətninə köçürməkdən sanki istehzalı bir iftixar duyurdu.

Lotreamon-Maldoror-Dükass

Maks Şaleyə görə belə bir bərabərlik yazıla bilər: Dükass + Maldoror = Lotreamon

İsidor Dükassın Lotreamona çevrilməsi və Maldoror sözü uzun müddət tapmaca olaraq qaldı. Maldoror hələ də tapmaca olaraq qalmaqdadır, amma Lotreamonun qaynağını artıq bilirik: Ejen Syunun LATREAUMONT adlı romanı. 'M' hərifinin qabağındakı 'U' hərfi, birinci 'T' hərifinin önünə gələrək Lotreamon sözünü əmələ gətirib.

Bu seçim, həmçinin, "Maldororun Şərqiləri"nin struktur və üslub baxımdan xalq romanı (roman populaire) və qara romanla (roman noir - qorxu romanı) əlaqəsini də açıqlamış olu­r.

Sadə bir borcalma (kimlik, ad, şəxsiyyət) hadisəsi, yoxsa dəyişmə, metamarfozlamı (metamorphosis) üz-üzəyik?

Dükassın ikinci əsəri "Poesies"i yenidən öz adıyla imzaladığını nəzərə alsaq, "metamarfoz" mənasında mütəmadi kimlik dəyişmədən danışmaq olduqca çətin görünür.

Dəyişmədən danışmaq mümkün olsa belə, bu dəyişmə sanki "Maldororun Şərqiləri"nin sərhədlərini aşmır. Ancaq J.M.G. Le Klezionun "Maldoror et les Metamorphoses" ("Maldoror və Çevrilmələr") adlı araşdırmasında bu barədə aşağıdakıları oxuyuruq:

"Şərqilərin ən əhəmiyyətli xüsusiyyəti dəyişmədir. XIX əsrdə heç bir poetik əsər bəhs edilən üslubu bu qədər israrla istifadə etməmişdi. Bu, həqiqətən üslubdu, yoxsa düşünülmüş bir istifadəydi? XIX əsr dağarcığında sıx-sıx müraciət edilən söz olmamasına baxmayaraq dəyişmə-çevrilmə (metamorphose) söz­ü nizamlı şəkildə yeddi dəfə istifadə edilir".

Le Klezionun sözlərini oxudu­ğumuz və altı şərqidə insanın bir neçə dəfə heyvana, Altıncı Şərqidə isə Tanrının kərgədana çevrilməsiylə qarşılaşdığımız za­man Qraf Lotreamon adının bir borcalma (taxma ad, təxəllüs) məsələsindən çox şəxsiyyət metamarfozuna daha yaxın oldu­ğunu düşünə bilərik.

Digər tərəfdən, Birinci Şərqi yaza­rın adı ifadə edilmədən (anonim) iki dəfə nəşr olunduqdan sonra, tamam­lanmış altı şərqilik əsərin müəllifliyinə Lotreamonun yiyələnməsi yuxarıdakı "Ducasse + Maldoror = Lotreamon" bərabərliyinin ehtimal payını gücləndirir.

Necə ki, Maldoror aradan çəkilincə Lotreamon "Poesies"də yerini İsidor Dükassa verir. Ancaq "Poesies"də Maldororun özünün olmasa da kölgəsinin olmadığını iddia etmək tələskənlik olar:

Çünki "Poesies"də Maldororun radikal, istehzaçı və "günah­kar" münasibətini tanımaqda çətinlik çəkmirik. "Maldororun Şərqiləri" yazının, rahatın, qəbul edilmişin nə qədər əleyhinədirsə, "Poesies" də o qədər əleyhinədir.

İsidor Dükassın yarılmaz qaranlığı Maldoror məsələsində də müqavimətini davam etdirir. Şərh qeyri-mümkündür; söhbət borcalmadan, yoxsa çevrilmədən gedir? Bu sualı hələ də veririk. Bildiyimiz ən şübhəsiz gerçək, bu adın bir xalq romanının adından hərf yer dəyişməsi ilə yaradıldığıdır.

Həmçinin bu ad bir çox şərhə açıq gö­rünür:

Roland Derşə görə "Maldoror kinin oğlu, şeyta­nın adıdır".

Rene Krevelə görə "Maldoror Pisliyin şəfəqidir" (Mal­ doror, aurore du mal).

Robert Amado hesab edir ki, "Maldoror şəfəqin şeytanıdır" (Maldoror, le Mauvais de l'aurore).

P.O.Uolzerə görə, Maldoror Tanrının hədiyyəsi mənasını verən Teodorun inkarı, tərsinə çevrilməsidir: "Don du Mal" yəni "Pisliyin hədiyyəsi". Albano Rodriqez isə belə hesab edir ki, bu söz is­panca "Pis ağrı" söz birləşməsinin (Mal dolor) dəyişdirilmiş formasıdır.

Marsel Jan və Arpad Mezei Maldororun mald (lənətlənmiş) və oror (aurore, şəfəq) sözlərinin birləşməsindən meydana gəldiyi fikrindədirlər, yəni şeytandır (Lucifer).

Marslen Pleyn Maldororun "Şəfəq böhranı" ya da "şəfəqin pisliyi"dir (maldoror, le mal de l'aurore) mənasına gəldiyini qeyd edir. Filipp Solers "La Science de Lotreamon" adlı yazısında Pleynin fikrini dəstəkləməkdədir.

Bu və digər şərhlər nə kafi, nə də qeyri-kafidir. Şərqiləri oxuyarkən bu fərziyyələrin hər birini tək-tək təsdiqləyəcək xüsusiyyətdə sətirlərlə qarşılaşırsan. Maldoror, şərhi nə olur olsun, Bodlerin "Les Fleurs du Mal"ı, Rembonun "Illuminations"u qədər çoxcavablı bir tapmaca təqdim edir bizə.

Bütün əlamətlərə və müəllifin Birinci Şərqidən sonra keçirdiyi dəyişməyə (la mutation) baxmayaraq, nə Lotreamon, nə də Mal­doror Dükkasın sırf bənzəri yaxud surətidir.

Maldororun dəyişmələrinə nəzər yetirək; hərəkətlərin tək və cəminin, zamanlarının mütəmadi dəyişməsi; mübtədanın "mən"dən "sən"ə, "sən"dən "o"ya keçməsi; teatral, yaxud köçürülən söhbətlər; bilvasitə ya da birbaşa üslub. Bunlar bizə həqiqi və tək bələdçinin oxucu oldu­ğunu göstərir. Yəni oxuma prosesində özünü müəyyən yerə yerləşdirəcək və bir dünyagörüşü seçəcək olan oxucudur.

Bu halda, yazar və yaratdığı obrazın dialektikası haqqında "Faust"da "Nəticədə, öz yaratdığımız varlıqlardan asılıyıq" deyən Hötenin bu sözlərinin Dükass, Maldoror və Lotreamon arasındakı əlaqəyə az da olsa aydınlıq gətirmədiyini kim irəli sürə bilər?

Tarixi mühit

..."Şərqilər" və "Poesies"in "alnında" bu tərifi oxuya bilərik: Bu iki əsər iqtidara qarşı başladılmış müharibədir; qaynağı nə olur olsun (ilahi, təbii, ictimai, ədəbi və ruhi...).

Daha konkret danışsaq, Tanrı, III Napoleon və burjuaziyanın əməkdaşlığına və bu əməkdaşlığın hər cür əks olunmasına qarşı amansız bir üsyandır. Bu səbədən də, həmin üsyan və müharibənin meydana gəldiyi tarixi mühiti tanı­maq Dükassın yaradıcılığının təhlilində xeyli işə yaraya bilər.

1846-cı ildə anadan olub 1870-ci ildə vəfat etmiş İsidor Dükass XIX əsrin siyasi və ictimai baxımdan neqativ, elmi inkişaf baxımından pozitiv ikinci yarısının şahidi olmuşdu.

İkinci Respublikaya son qoyub İkinci İmperatorluğa gətirib çıxaran III Napoleonun 1851-ci il qiyamı dövləti kiçik burjuaziyanın xidmətinə təqdim etdi. 1852-1870-ci illəri əhatə edən İkinci İmperatorluq ölkə içində demokratiyanı gerilədib III Napoleonu, bu müasir diktatorların ilk nümunəsini, "proto-faşist" vəziyyətinə gətirdi.

Bəhs edilən dövr ölkə daxilində kapitalist istismarın zirvəyə qalxdığı, sinif şüurunun formalaşdığı, ölkə xaricində də imperialist siyasətin yaxşıca sürətləndiyi illəri əhatə etməkdədir.

İmperialist siyasətin ölkə daxilinə köçürdüyü bolluq sinfi ziddiyyətləri zəiflətmək yerinə daha da kəskinləşdirməkdə idi. Şimali Afrika, Hind-Çin və Seneqala yerləşən fransız istismarçılığı ölkəni zənginləşdirərkən, Paris Komunnası ilə nəticələnəcək ictimai çalxantıları da mayalandırırdı.

Bu zaman kəsiyi orta əsrlər Parisinin dağıdılıb müasir Parisinin qurulduğu, Printemps, Samaritaine kimi böyük mağazaların açıldığı, Beynəlxalq Proletar Birliyinin əsasasının qoyulduğu illərdir.

Həmçinin, sənaye inkişaf etməkdə və sənaye cəmiyyəti qurulmaqda idi. Mendeleyev kimyəvi elementləri təsnif edərək elmi tədqiqatların önünü açmış, Darvin də "Növlərin Mənşəyi" (1866-cı ildə Fransada ikinci dəfə nəşr edilmişdi) əsəri ilə insan anlayışına zehinləri və ruhları sarsıdan dindənkənar baxış gətirmişdi.

İnsan artıq nə "müqəddəs" idi, nə də Tannın surəti. Klassik dünyanın dağılması ilə paralel olaraq burjuaziyanın liderlik etdiyi modern dünya qurulmaqda idi.

Lotreamonun öz "Şərqiləri"ndə biologiya və elmlərə müraciətinin, Dükassın "Poesies"də Paskal başda olmaqla klassik dünyanın yazar və mütəfəkkirlərinə qarşı olan hücumunun səbəblərini bu köklü dəyişikliklərdə axtarmaq lazımdır.

İctimai dəyişikliklərə şərt olaraq romantik estetika iki min illik klassik este­tikanı parçalamış, yerinə burjuaziyanın yeni estetik dəyərlərini gətirmiştir; romantizmə gətirib çıxaran "çağ böhranı" (le mal du siecle), eyni zamanda gerçəkliyi də (1815, 1830, 1848 və 1851-ci il hadisələrindən keçərək) hazırlamışdı. İnqilablar, yatırılan inqilablar, əks-inqilablar: sözün əsl mənasında xaos! Klassik estetika parçalanarkən yunan-roma və yəhudi-xristian insan anlayışı da dağılmış, fəlsəfədə pozitivizm söz sahibi başlamışdı.

İnsanın daxili və xarici dünyası sarsıntı yaşamaqda idi; insan obyektiv gerçəkliklər qarşısında sıçrayış və qaçış ikiləşməsini, dillemasını eyni vaxta hiss edirdi. Bu xaosun Dükkas-Lotreamonun yaradıcılığına yansımadığını kim iddia edə bilər?

İsidor Dükassın həyatının bu mərhələsi ilə bağlı əlimizdə konkret məlumatlar olmasa da, əsərlərinin ənənəviyə qarşı olan müxalif strukturu onun ictimai müxalifətin də içində olduğunu düşünməyə əsas verir.

Bu qənaəti gücləndirən müəyyən məlumatlar da mövcuddur: "Poesies"in I hissəsində duel vaxtı III Napoleonun əmisi Şahzadə Pier Bonapart tərəfindən öldürülən və yüz min adamın iştirak etdiyi cənazə mərasimi qiyama çevrilən jurnalist Viktor Nuar adına rast gəlinir.

Həmçinin, Naşir Lakrua İmperatorluq senzurasıyla başı qalmaqalda olan müxalifdir; "Poesies"i ithaf etdiyi jurnal naşiri Fredrik Dama Komunnaya qoşulduğu üçün Rumuniyaya sığınmaq məcburiyyətində qalmışdı; yenə də adı ithaf siyahısında olan Jozef Durandın da Komunnaya qoşulduğu irəli sürülməkdədir.

Dükassın bu dövrdə yaşadığı "Grands Boulevards" ətrafındakı "Madrid" və "Suede" qəhvəxanalarının çoxu Komunnaya qoşulacaq jurnalist və yazarların toplaşdığı yerlərdir.

"Şərqilər" və "Poesies"in dağıdıcı zehniyyəti yazarın bu müxalif çevrə ilə əlaqəsi olduğunu düşünməyə əsas verir. Əks halda, bu əsərlərinin mif dağıtma (demystification) cəhdi necə açıqlana bilər?

Qaynaqlar və üslub

Lotreamon şərhçilərinin çoxunun fikrini Moris Blanşonun bu cümləsi yekunlaşdıra bilər: "Onun xəyal gücü kitablarla əhatə edilmişdir."

Marslen Pleyn bu ön sö­zün (oxuduğunuz bu yazı İsidor Dükassın "Les Chants de Maldoror" adlı əsərinin Özdemir İnce tərəfindən "Maldororun Şarkıları" adı ilə türkcəyə tərcümə olunmuş və "Kırmızı" nəşriyyatında nəşr olunmuş variantının ön sözüdür-M.M) ən əhəmiyyətli qaynaqlarından biri olan "Lotreamon" adlı kita­bında "hansı kitablar?" - deyə soruşduqdan sonra bu sualın cavabını axtarır.

"Poesies"də roman əleyhdarı olduğunu açıqlayan İsidor Dükassın ən əhəmiyyətli qaynağının qara roman (qorxu ro­manı - tale of terror) olması da onun bu ziddiyyətli münasibətinə uyğun gəlmir.

Andre Breton, Edmon Jalu, Jülyen Qrak ve Pol Elyuar qaynaqlar arasında ən çox yeri qorxu romanı və xalq romanına verirlər. Bu romanlar arasında irlandiyalı ro­mançı Çarlez Robert Metyurin (1782-1824) "Melmoth the Wanderer"i ilə İngilis romançı Horas Uolpolun (1717- 1797) "The Castle of Otrantos"u ən əhəmiyyətli yeri tutur.

Bunların sırasına romanından özünə ad götürdüyü Ejen Syu, Valter SkottAnna Radklifin əsərlərini də qata bilərik. Buna baxmayaraq, İsidorun şeir sənətinin Rasindən sonra bir millimetr belə, irəliləməməsinin məsulları hesab etdiyi "Çağımızın Böyük Uyuşuq Başları" arasında "Başdan Xarab Qarabasma" Anna Radklifin və "Qaranlıqların Fırıldaq Ortağı" Metyurinin də ad­ını sadalaması son dərəcə maraqlı olmalıdır.

Şərqilərdə qorxu ro­manının yalnız gerçək və fövqəltəbiinin (fantasmagorie) meydana gətirdiyi məzmununun deyil, həmçinin oxucunun marağını qıdıqlayan üslubun da təsirli olduğunu (xüsusilə Altıncı Şərqinin sonlarında) müəyyən edə bilərik.

Lotreamonun qaynaqları haqqında tezis hazırlayan Pyer Capretz Dükassın Markiz de Sadın oxucusu olduğunu irəli sürür; həmçinin, onun Metyurinin "Bertram"ını, Hötenin "Faust"unu, Klopştok və Lekont de Lili oxuduğu qənaətindədir.

Capretz qaynaqlar ara­sında İncil və Tövratı, dövrün jurnallarını və xüsusilə, Doktor Şenyunun "Encyclopedie d’Histoire Naturelle"sini xatırlayır. "Maldororun Şərqiləri"ndəki quş və heyvan təsvirləri az qala sözbəsöz Doktor Şenyunun "Təbiət elmi Ensiklopediyası"ndan köçürülmüşdür.

İrəlidə yenidən toxunacağıq: Dükassın yazılı qay­naqlardan etdiyi "kollaj"ın başlıca məqsədi dəyərlərin tərsinə çevrilməsi olmalıdır (Hubert Juin). "Poesies"in I və II hissəsini yazarkən yenidən İsidor Dükassa çevrilən Lotreamonun Vovenark və Paskalın aforizmlərini tərsinə çevirməkdə məqsədi kültürün yalnız müəyyən bir iqtidar məzmununda başa düşülə biləcəyini izah etmək idi.

Artıq qəbul edilmiş bir aforizmin tərsinə çevrilməsi isə suveren iqtidara (artıq qəbul edilmişə) qarşı çıxmaqdan başqa bir şey deyil. "Maldororun Şərqiləri"ndəki üslub da eyni ölçüdə mənalıdır: özünü gizləyən müəllif ensiklopedik məlumata qarşı etibarsızlığını di­lə gətirməkdədir.

Həqiqətən də ensiklopediya qəbul edilmiş biliklərin cəmindən başqa nədir ki? Poetik təhkiyə isə bu qəbul edilmişin rədd edilməsi ilə naməluma çıxılan səfərdir. Beləcə, Lotreamon "Maldororun Şərqiləri"ndə təsdiqlənmiş bilikləri sarsıtmaqda, humanistlərin insan heykəlinin altındakı özülü çəkməkdədir. "Uyğun olan" istehza edilməkdə və heçə sayıl­maqdadır.

Marslen Pleyn isə yuxarıda adını xatırladığımız kitabında təsirlənmə qaynaqları arasında İncil və Tövratın, Bodlerin, Myurjenin, Myussenin, Ponun, Sadın, Skottun, Floberin, Hötenin, Homerin, Hüqonun, Qanenin, Klopştokun, Şekspirin, Ejen Syunun, Vaqnerin, Yunqun və "le Magasin Pittoresque" jurnalının adını sadalayır.

Julia Kristeva
Julia Kristeva

Yuliya Kristevaya görə, nə "Maldororun Şərqiləri"ndə, nə də "Poesies"də sadə bir plagiat hadisəsindən söhbət gedə bilməz; xüsusilə "Poesies"də sistemini çıxardığı üslub baxımından bu mətnlərarası əlaqə düzgündür.

Çünki faydalanılan qaynaq mətinlər öz yeni məzmunlarında müəyyən dəyişiklik keçirmiş, "özününkiləşdirilmiş" və yeni məzmunlarına uyğunlaşdırılmışdır.

Kristevaya görə "Poesies"in I hissəsi, ümumiyyətlə romantik təhkiyəni özününkiləşdirməkdədir; bu yolla adını andığı romantik yazarların mətnləri ol­duğu kimi köçürülmədən izləri tənqid olunmaqdadır.

Bu xüsusiyyəti ilə "Poesies"in I hissəsi inkar etdiyi yazarlara qarşı bir meta-linqivistik (metalinguistique) cavabdır. "Poesies"in II hissəsində isə bu inkar və ironiya (təsirli olması üçün bir şeyin əksini deməklə hər hansı bir hadisəyə yaxud şəxsə istehza etmək) daha da mürəkkəbləşməkdə - tam ironiya, simet­rik ironiya və qismən ironiya istifadə edilməkdədir.

Bunu rahatlıqla deyə bilərik ki, hərəkətin "ne. ..pas" arasına alınmasıyla təmin edilən sadə inkar sayəsində axmaqca səslənən bir cümlə anidən parlaqlıq, dahilik qazana bilir.

Belə demək mümkünsə, mənasız bir cümlə poetik bir təhkiyəyə çevrilməkdədir. Yaxud olduğu kimi köçürülən birinci cümləni izləyən inkar olunmuş ikinci cümlənin əmələ gətirdiyi ziddiyyət axmaqlıq həddinə çatmaqda və gizli düşüncə qara yumora çevrilməkdədir.

XIX əsr liseylərində PaskalVovenarkın "beyin yuma" vasitəsi kimi istifadə edilməsi nəzərə alınarsa, İsidor Dükassın "Poesies"in II hissəsində bu iki müəllifi hədəf alması çox mənalıdır.

İsidor Dükass müharibə elan etdiyi mədəniyyətin müdafiəçisi, dayağı saydığı bu iki yazarı mərhəmətsizcəsinə gülüncləşdirərək bu yolla bəhs edilən mədəniyyətin özülünə, cəmiyyətin və təşkilati nizamın strukturuna hücum etməkdədir.

Başqaldıran şeir

Albert Kamyu "Üsyankar" əsərində "Lotreamonla üsyankarın gənclik olduğu aydın olur" - yazır və əlavə edir: ""Mal­dororun Şərqiləri" demək olar ki, dahi bir lisey tələbəsinin kitabıdır; təsirliliyi kainata və özünə qarşı tamamilə qiyam qaldırmış uşaq ürəyinin ziddiyyətlərindən qaynaqlanmaqdadır."

Albert Camus, 1957
Albert Camus, 1957

Şair dün­yanı olduğu kimi qəbul etməkdənsə qiyamət və dağıtmanı seçmişdir.

Dünyanı olduğu kimi qəbul etməmək sadəcə zehniyyət səviyyəsində qalmır. İyirmi bir-iyirmi iki yaşındakı şair digər tərəfində Mallarmenin olduğu şeir dilində inqilab etməkdədir.

İstifadə etdiyi kollaj üsulu yararlanmadan daha çox dağıtma, dilin dağıdılmasıdır. Ölçü və qafiyə bu inqilabın dünyagörüşü içində sanki nəzərə alınmır; inqilab dilin xaricindən çox daxilinə yönəlməkdə, dilin özü inqilab keçirməkdə və məna baxımından nəsrə bağlı olmayan yeni bir "semantika" təklif edilməkdədir.

Dünyanı olduğu kimi qəbul etməyən, bu səbəbdən də qiyamət və dağıtmanı seçmiş şairin məqsədi, bu dünyanın, yəni Tanrı-İmperatorluq-Büyük Burjuaziya koalisiyasının dilinin bütün təzahürlərini yıxmaqdır. Dükass bu inqilabı sintaksisdə olduğu qədər dilin ruhun­da da həyata keçirmək istəyirdi.

Bu səbəbdən də poetik təhkiyənin yalnız səs layında (həm göstərən, həm də göstərilən) deyil, eyni zamanda və bəlkə də ondan daha irəli bir səviyyədə məna layında, göstərilən obyektlər qatında "klassik"dən qopması reallaşmaqdadır; səs layı, ölçü və qafiyə kimi xarici xüsusiyyətlərə bağlı olmayan, xüsusi və özünəməxsus tənzimləmələrin məhsulu bir ahənglə (və o ahənglə) ortaya çıxan müəyyən quruluşdan söhbət gedir.

Məlum olduğu kimi, klassik dünyada şeiri nəsrdən ayıran iki xüsusiyyət, iki imkan vardı: ölçü və qafiyə, əsasən də ölçü. Yəni nəsr ilə şeir arasında təhkiyə fərqi yox idi.

Daha doğrusu, poetik təhkiyə hələ mövcud deyildi deyə bilərik. Yalnız nəsrə tətbiq olunan müəyyən nəzm texnikası vardı. Problemə bu yöndən baxsaq, Qərb dünyasında şeir ilə nəsrin rəsmi boşanmasının romantiklərlə başladığını da görərik.

Jerar Jenettin bəhs etdiyi, poetik dilin quruluşunda meydana gələn və ölçü sistemində geriyə dönüşsüz dəyişikliyə gətirib çıxaran inqilabın ən əhəmiyyətli üç təsisçisindən birinin, Kamyunun deyimiylə, bu gənc olduğunu söyləyə bilərik (digər ikisi Rembo və Mallarmedir).

Boşanma romantiklər dövründə başlasa da, forma və təhkiyə baxımından poet iyirminci əsr şeirinin təməllərini atan inqilab, poetik təhkiyənin məna və gös­tərilənlər layında LotreamonRembo sayəsində reallaşmışdır.

Məna və göstərilənlər layı vahidlərinin öz­ gurluğuna qovuşmasıyla da "səs" qatında həqiqi bir inkişaf prosesi başlamışdır: Hər şeirdə yenidən tapılan və tək­rarlanması qeyri-mümkün olan fərqlənmə nişanlı səs. Artıq şair və şeiri həqiqətən azadlığına qovuşmuşdur!

İyirmi iki-iyirmi üç yaşında bir gəncin (Rembonun da bundan artıq yaşı yox idi) bu qədər dəyişikliyə gətirib çıxaran cəhdinin bütünlüklə şüurlu olub-olmadığını müzakirə etməyin faydalı olacağını düşünmürük.

Çünki bir bütünün əleyhinə tamamilə çıxmaq üçün (əgər bu bütün bir sistemdirsə) bu bütünün bir hissəsi əleyhinə çıxmaq kifayətdir; hər hansı bir sistemin çökməsi o sistemin elementlərindən birinin çökdürülməsiylə təmin edilə bilər: bərabərlik pozular və pozularkən də yeni tənliyin tarazlıqlarını quracaq detallara da işarə edər.

Bu gün dönüb keçmişə nəzər saldıqda, poetik inqilabın reallaşma prosesini qavraya bilirik. XIX əsrin Tanrısına və ictimai dəyərlərinə qarşı çıxan zəka Paskalın cümləsini inkar düsturuna oturdaraq poetik inqilabda əhəmiyyətli bir addım atırdı.

Yuliya Kristeva poetik təhkiyənin təbii təsdiqləmə formasında belə özbaşına inkarı da əhatə etdiyini tədqiq edərkən, "Poesies"i şahid və dəlil seçməsi əbəs yerə de­yil. Bir sətirin yaxud poetik sözün eyni anda həm müsbət həm də mənfi məna ehtiva etdiyi tezisi şeir üçün inqilabi dönüş nöqtəsidir ("Erotik obyektlər vardır," cümləsi eyni zamanda "Erotik obyektlər yoxdur" məna səviyyəsini də ehtiva etməkdədir).

Beləliklə, sadəcə poetik istehsalda deyil, eyni zamanda bu məhsulun oxunmasında da inqilab gərəklidir. İsidor Dükass-Qraf Lotreamonun gətirdiyi poetik müstəvi yeni bir oxu tərzini də zəruri etmişdir. Onun iyirminci əsr üçün ən əhəmiyyətli xüsusiyyəti budur.

Charles Baudelaire
Charles Baudelaire

Bu anda, XX əsrin sonuna yaxınlaşarkən, bütün dünyada hakim olan şeir növü 1850-ci illər ərəfəsində Fransada doğ­ulmuşdu. Alman Novalis ilə Amerikalı E. A.Ponnun sezdiyi, Bodlerin hazırladığı formaları Rembo Mallarme şeirin təhlükəyə düşdüyü nöqtələrə qədər apararaq, poetik təhkiyənin ən uc sərhədlərini cızdılar.

Amma Lotreamonun həmin iki şair qədər əhəmiyyətli olduğunu artıq kimsə yadırğaya bilməz. İsidor Dükass yaradıcılığının 1870-1920-ci illər arasında basdırıldığı səssizlik, onun bu gün sahib olduğu əhəmiyyətinə kölgə sala bilmir.

Hüqo Fredrikin dediyi kimi, iyirminci əsrin şairləri, dəyərləri nə qədər böyük olur olsun, bu formalara yeni bir şey əlavə etməyəcəklər. Şeir ar­tıq özülündə forma baxımından universallaşmışdır. Artıq şairin bağlandığı forma növü problemi deyil orjinallıq, keyfiyyət, yetkinlik problemidir.

Jan Koenin ifadə etdiyi kimi, "Əks-poetik bir estetika olan klassik estetikanın özünün və öz məninin şüurunda olan bir şeir estetikasına çevrilməsi"ndə Lotreamonun yeri Rembo ilə Mallarmenin arasındadır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG