Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:00

Azadlıq gözlədi qırx bahar, qırx qış


Zülfüqar Rüfətoğlu
Zülfüqar Rüfətoğlu

- Zülfüqar Rüfətoğlu

Qayıtmayan

Qayıtmayan şeylər vardır -

Göz yaşı gözə qayıtmır,

Çox “hələlik” deyən dostlar,

Gedir və bizə qayıtmır.

Uşaqkən sevdiyin qadın,

Bu gün olubdur arvadın,

Nə dərdin var? Gözün aydın!

Gözüm aydın... amma qadın...

Qadın o qıza qayıtmır...

Əvvəlcə söz ölüb derlər

Söz-söz düzəlir cümlələr,

Gah öldürər, gah dirildər -

Peşman olsan da nə qədər,

Cümlələr sözə qayıtmır.

Başımıza tökəndə qar

Qızındıran təsəlli var,

Təkrar-təkrar gəlir bahar!

Gəlir, gəlir, gəlir...Amma

İnsan O yaza qayıtmır...

Qayıtmayan şeylər vardır,

Göz yaşı gözə qayıtmır,

Çox “hələlik” deyən dostlar

Gedir və bizə qayıtmır...

3 Fevral, 2014, London

Mənim Vətənim

Dünyanın fiziki xəritəsində

Yaşılcıq vahədir mənim Vətənim

Qolları burulmuş, saçı kəsilmiş

Məsum İlahədir mənim Vətənim

Başsızlar başına qoyulub bu tac

Onunkular toxdur, qalanları ac

Möhtac eləyənə qalıbdı möhtac

Ümid Allahədır mənim Vətənim!

Bəxt elə bağlanıb - çözmək də olmur,

Dözməmək də olmur, dözmək də olmur

Anadır - qoynunda gəzmək də olmur,

Minalı sahədir mənim Vətənim!

Bizimçün bayraqdan ucadır çörək

Təpək gözümüzə göyərənədək,

Qalxmadıq ayağa.

Qaldırın görək, -

Üz qibləgahədir mənim Vətənim!

Azadlıq gözlədi qırx bahar, qırx qış,

Bu məhbəs balası, həbsdə doğulmuş.

Zorlanmış, korlanmış və oğurlanmış –

Belə İlahədir mənim Vətənim!..

Şuşaya gedirəm

Hər gün Şuşaya gedirəm

Google-un xəritəsində

Gözlərimlə dayanıram

Düz Şuşanın ortasında...

Ürəyimdə qorxu da yox-

Nə Haykaz var, nə də Aşot

Mən virtual qəhrəmanam-

Nə avtomat, nə pulemyot?

Bu Qoşavəng, bu Amaras,

Bu da atamız Qandzasar,

Bu da onlar tikən bina,

Kilsə tikib allahsızlar...

Bu da Şuşa məzarlığı-

Heç bir yerə getməyənlər,

Yatır uçmuş məzarlarda,

Fərarilik etməyənlər.

Mən də qorxaq bir kişiyəm,

Elə ki, arvadım yatır,

İnternet dadıma çatır,

Çıxıb Şuşaya gedirəm,

Google-un xəritəsində,

Google anamı ağladır,

Mən hər gecə ağlayıram,

Düz Şuşanın ortasında...

London, 4 Avqust, 2010

İMTINA

Hərçənd dostluğundan keçə bilmirəm,

Amma bu sağlığa içə bilmirəm

"Hürriyyət" sözünü asta de, dostum!

"Hürriyyət" sözünü elə asta de,

Nə ləçək titrəsin,

Nə yarpaq əssin

Nə də ki, nəfəsin havanı kəssin!

"Hürriyyət" sevirəm deməkdi, dostum

"Sevirəm" sözünü pıçıldayarlar…

"Hürriyyət" sözünü asta de, qardaş

Sakitcə otlayır hələ ilxılar

Bəzən bir dayçanı

Hürkütmək üçün

Bütöv bir ilxını hürkütmək olar…

"Hürriyyət" dediyin siqaret deyil,-

Onu çəkə-çəkə tərgitmək olar,

"Hürriyyət" dediyin dayça deyil ki,...

"Hürriyyət" dediyin elə bir köhlən....

Elə bir köhlən ki,

minəndən sonra…

Tapmazsan nə yəhər, nə də üzəngi…

"Hürriyyət" sözünü asta de, qardaş,

Sən hələ cavansan,

Nə gömüsən ki?..

TEZ AÇAN ZOĞAL ÇIÇƏYI......

Tez açan zoğal çiçəyi!

Baharın muştuluğusan...

Ləçəyin niyə sarıdı?

Uzaqdakı mavi dəniz!

Ovcuma götürsəm ağsan...

Hələ çox mavi sevəni,-

Min illər aldadacaqsan

Babamın ağca saqqalı

Qara günlərin payıdı

Qara da ağın tayıdı

Sevə bilməyəndən sonra.

Al yanaqlı, bəyaz gözəl

Gözlərin niyə qaradı?

Ya niyə bu qara üçün,-

Bütün aləm avaradı?

Tez açıban, gec bar verən,

Qış ağzında nübar verən

Kölgəlicə qaba ağac!

Yaşılın sənə qalmaz, hey!

Bu ömür mənə qalmaz, hey!

Zoğal da qırmızılandı...

Yaz açan zoğal çiçəyi!...

Tez açan zoğal çiçəyi!...

Göz açan zoğal çiçəyi....

Gözümün kökü rəngində...

Mühacir

Uzaq eldən gəlmişdim,

Köhnə çanta belimdə.

Öz yurdumda qadağan,

Nəğmə vardı dilimdə.

Həyat çayı o qədər

Məni gah atdı, tutdu,

O balaca nəğməmi

Yunis balığı uddu,

Onsuz da ki, bu nəğmə

Göyərəcək deyildi,

Orda istəmədilər

Burda gərək deyildi...

Ömür boyu istədim,

Bacarmadım bir kərəm,

İndi daha rahatam

Özüm də istəmirəm...

BILSƏK...

Bilsək bizi kim satacaq,-

Gedib özümüz satarıq.

Bilsək sabah kim satacaq,-

Bəlkə bu gündən yatarıq,

Bilsək bizi kim satacaq....

Bilsək bizi kim satacaq,-

Evlənmərik ömür boyu,

Ya da, bəlkə gözləmərik

Ömür boyu oğul toyu,

Bilsək bizi kim satacaq....

Bilsək bizi kim satacaq,-

Demə dünyadan doymazdıq,

Elə bir ad deyərdilər,

Salamat güzgü qoymazdıq,

Bilsək bizi kim satacaq...

Bilsək bizi kim satacaq

Bəlkə heç nə danışmazdıq

Özgə dərdə qarışmazdıq

Təslim olub vuruşmazdıq,-

Bilsək bizi kim satacaq......

Anama

Nə sabah var

Nə bugün

Yaddaşımda

Dünkü gün

Yu məni ana özün

Bütün xatirələrdən...

Əvvəlcə xatirələr

Dərdin əlacı olur

Getdikcə şirini də

Turşuyur acı olur

Doğ sən məni yenidən

İlıq yay səhərində

Dünyanın ən bəxtəvər

Günahsız şəhərində...

Sən məni yenidən doğ

Ağrılarsız və ahsız...

Söz verirəm bu dəfə

Yaşayaram günahsız

Və olmaram Allahsız...

Nə yan, nə də ki ağla

Qapını açıq saxla -

Mən mütləq gələcəyəm

Nə dünən var, nə sabah

Mən bugün öləcəyəm...

17 May 2009, London

GECƏYARI QAPILARI DÖYMƏYIN

Gecəyarı qapıları döyməyin,

Ürək var ki, tıqqıltıya dayanar...

Gecəyarı qapıları döyməyin,

Yetim var ki, möcüzəyə inanar.

Gecəyarı qapıları döyməyin,

Ata var ki, yuxy bilməz həsrəti.

na var ki, namaz üstə yaşayır,

Oğul var ki, başa çatıb xidməti...

Gecəyarı qapıları döyməyin,

Bir möcüzə saxlayıbsa sizi sağ -

Bu dünyadır, vallah-billah bilinməz

Qapı açıb, kim qarşıya çıxacaq?!

Gecəyarı qapıları döyməyinn,

Haradasa "Ev yiyəsi!"- deyən var,

Gecəyarı evinizə tələsin,-

Bəlkə sizin qapını da döyən var.

XS
SM
MD
LG