Keçid linkləri

Təcili xəbərlər

Telefonomaniya...


Foto illüstrasiya
Foto illüstrasiya

-

ƏYLƏNCƏ HƏMİŞƏ OLUB, AMMA...

Bakı gündən-günə və eninə-uzununa böyüsə də,onlara addımbaşı rast gəlirsən...

Bir də görürsən, qatar və ya avtobusda ixtiyar yaşlı qadın və ya kişi ayaq üstə səndirləyir, amma üzbəüzdə əyləşən gəncin başı telefona elə qarışıb ki, nə onları «sezir», nə də qınayıcı nəzərlərlə baxan başqa sərnişinləri...

Eşitmişəm ki, deyəsən, Çində telefonla danışanlara ayrıca keçid və piyada yolları da tikirlər...

Prinsipcə, bunu istisna etmirəm - telefon satışından milyardlar qazanan şirkətlər üçün bir–iki keçid, üç-dörd piyada yolu tikmək elə də çətin iş deyil. Beləcə, insanlar telefon almağa və aramsız danışmağa şirnikləndirilir...

Demirəm ki, əvvəllər belə şeylər yox idi. Yox, onda da vardı. Kim «rubiks kubu»nu və onu əldə etmək üçün uzanan növbələri xatırlamır? Və yaxud kim ovaxtkı kiçik maqnitofonları, tranzistor radioları unudub?Hələ fantastika ədəbiyyatını demirəm... Bunun da öz «xəstə»ləri vardı, əlinə kitab götürüb gedən və oxuya-oxuya haraya və niyə getdiyini bilməyənlər...

Düzdür, oyun və əyləncələr həmişə olub. İnsanlar oyun və əyləncəyə həmişə maraq göstəriblər. Bu vaxtadək oynayıb-əyləniblər, hələ bundan sonra - lap yüz ildən sonra da oynayıb-əylənəcəklər...

İnsanlar oyun və əyləncəyə həmişə maraq göstəriblər. Bu vaxtadək oynayıb-əyləniblər, hələ bundan sonra - lap yüz ildən sonra da oynayıb-əylənəcəklər...

Amma gənclərin məhz telefonla nə etməsi ayrıca maraq mövzusudur. Dəfələrlə maraqlandım və o qədər bəsit və darıxdırıcı danışıqlara qulaq qonağı oldum ki,şəxsən mən heç vaxt onlara baş qoşmazdım... Bəli, bu bir həqiqətdir ki,gənclər telefona Lev Tolstoy və yaxud da William Faulkner-in əsərlərini yükləmir, adətən, vaxt öldürmək üçün ondan yararlanırlar.

ZORƏN DEMOKRATLAR...

Sovetlərin vaxtında üzücü gerçəklikdən qaçmaq meylləri güclü və anlaşılan idi. Dünyanın ən «realist» ölkəsinin insanları, əslində, çox romantik sayıla bilərdilər...

Amma indi və indiki insanları buna təhrik edən səbəbləri anlamaqda şəxsən mən çətinlik çəkirəm...

İşin düzünə qalanda, dünyanın bütün hakimiyyətləri istəyir ki, insanlar ölkənin gerçək problemlərini mümkün qədər az düşünsün, siyasətlə az maraqlansın və siyasi həyata sıx müdaxiləyə cəhd göstərməsinlər...

Qəlbinin diktəsi ilə demokrat olan siyasətçilər yüz ildə bir dəfə dünyaya gəlir... Qalanlar zorən demokratlardır. Onlar, sadəcə, demokrat olmağa, daha çox da demokrat kimi görünməyə məcburdurlar.

Bilirəm, soruşacaqsınız ki, demokratik ölkələrdə də belədir? Bəli, əlbəttə belədir. Məsələ bundadır ki, qəlbinin diktəsi ilə demokrat olan siyasətçilər yüz ildə bir dəfə dünyaya gəlir...

Qalanlar zorən demokratlardır. Onlar, sadəcə, demokrat olmağa, daha çox da demokrat kimi görünməyə məcburdurlar. Onları buna cəmiyyət, media, məhkəmə və parlament məcbur edir. Əks təqdirdə, bütün bunlar olmasaydı, o adamlar heç bilirsiniz nə edərdilər? Bir baxın, ən demokratik ölkələrin də xarici siyasəti «bataqlıq» qoxuyur, axı bu sahəyə nəzarət xeyli zəifdir və insanların böyük əksəriyyəti xarici siyasətlə maraqlanmır. Bu üzdən «realist siyasətçi»lər burada özünü daha çox «reallaşdıra» bilirlər...

BEYİNLƏRİ NECƏ YÖNLƏNDİRİRLƏR?

Bunları niyə yazıram? Hər yerdə insanların (fərqi yoxdur orta statistik Məmmədin, İvanın və yaxud Smitin) beyni, şüuru uğrunda əsl savaş gedir və hətta bu şüura nəzarətə can atılır.

Düzdür, günahlandırmağa qalanda yalnız bizi - jurnalistləri suçlayırlar ki, guya insanların beynini yönləndiririk. Amma hamıdan çox yönləndirənlər, təbii ki,siyasətçilər, onların xidmətində duran siyasət texnoloqlarıdır.

Sahibkara, özəlliklə oliqarxa nə lazımdır? Ona lazımdır ki, gənc oğlan və ya qız əlində telefon gəzdirsin və düşünməsin ki, niyə şirkət gəlirlərinin 90 faizi bir adamın cibinə axır...

Bir məqama da toxunmaq istəyirəm. Bəzən, bəlkə də çox vaxt kapitalizmi parlaq boyalarla təqdim etməyə çalışırıq. Amma əslində necədir? Yəni kapitalistə, məsələn, siyasi azadlıqlar lazımdır? Kapitalistin də marağı yoxdur ki, onun işçiləri insan haqlarından dəm vursun, güclü həmkar təşkilatları və QHT-lər olsun. Bu onlara əsla lazım deyil, axı düşünən, hər addımını götür-qoy edən, yaxşının-pisin fərqinə varan, ən başlıcası, ətrafa tənqidi baxan insanlar hamını ehtiyatlandırır... Beləcə, insanların tovlanıb-yönləndirilməsinə, reallıqdan uzaqlaşdırılmasına ehtiyac doğur. Kinoya baxmağa gedirsən, düşünməyə ehtiyac qalmır - o bunu vurub yıxır, bu da onu aşırır... Kitab oxumaq istəyirsən, daha betər– qəhrəmanlara qəsdən elə keyfiyyətlər aşılayırlar ki, adam oxuduğu kitabın, əslində, reklam çarxı olduğunu çox gec anlayır. O da anlasa...

Sahibkara, özəlliklə oliqarxa nə lazımdır? Ona lazımdır ki, gənc oğlan və ya qız əlində telefon gəzdirsin və düşünməsin ki, niyə şirkət gəlirlərinin 90 faizi bir adamın cibinə axır... Ona lazımdır ki, gənclər telefondan ayrılmasın – danışsın və oynasın və həyatını belə yaşasın...

Düzdür, çinlilər demişkən, hər işıqda bir qaranlıq, hər qaranlıqda bir işıq var.

İnsanlar istəsələr, bütün yeni elektron-informasiya texnologiyalarını özlərinə işlədə bilərlər. İnkar etmirəm ki, belə cəhdlər də olur. Məsələn, son illərdə bir çox «rəngli inqilab» internet, sosial şəbəkə sayəsində mümkün olub.

Amma burada da bir sualı cavablamaq çətindir: Belə cəhdlərin özündə manipulyasiya-yönləndirmə elementləri yox idimi? Ən azı, ərəb ölkələrindəki «rəngli inqilab» ssenarilərinə baxanda, o suala «yox» cavabını vermək cavabdan qaçmağa bənzəyər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG