Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:28

Rusiyadan Bakı-Türkiyə yoluna təhdid


Rusiyanın Gürcüstanla separatçı Cənubi Osetiya arasına tikanlı məftillərlə çəkdiyi "dövlət sərhədi" 14 iyul 2015
Rusiyanın Gürcüstanla separatçı Cənubi Osetiya arasına tikanlı məftillərlə çəkdiyi "dövlət sərhədi" 14 iyul 2015

İyulun 10-da Rusiyanın dəstəklədiyi Cənubi Osetiya separatçıları Gürcüstan torpaqlarına doğru bir az da irəlilədilər və sərhədi Gürcüstanın Tsitelubani və Orchosani kəndləri yaxınlığına çəkdilər.

Yeni işğal BP-nin idarə etdiyi Bakı-Supsa kəmərinin 1605 metrini də əhatə edir.

ABŞ-ın Stratfor Araşdırmalar Mərkəzi yazır ki, bu dəyişiklik yeni müharibə kimi yozulmasa da, Rusiyanın əzələ nümayişidir - Cənubi Osetiya illərdir ki, yavaş-yavaş Gürcüstanın torpaqlarına daxil olur:

“Bunun səbəbi aydındır: Rusiyanın Cənubi Osetiyada hərbi mövqeyi kövrəkdir - dərin coğrafi bağları yoxdur- Cənubi Osetiya tamamilə Gürcüstan torpaqları ilə əhatə olunub. Qərbin Qara Dənizdə hərbi fəaliyyəti genişlənir. Odur ki, Gürcüstanın torpaqlarına doğru irəliləməyə baxmayaraq, Rusiya yaxın vaxtlarda müharibəyə başlamayacaq”.

Erkin Qədirli
Erkin Qədirli

Azərbaycanda Müxalif ReAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Facebook statusunda yazır ki, Gürcüstanda baş verənlərin Azərbaycana birbaşa dəxli var:

“Gürcüstan batarsa, bizim də müstəqilliyimiz, faktiki olaraq, yox olacaq. Rusiyanın bölgəmizdə addımları strateji mənada bizə qarşı yönəlib”.

Politoloq Rasim Musabəyov AzadlıqRadiosuna müsahibəsində deyir ki, hələlik nə Gürcüstan, nə də Azərbaycan üçün real təhlükə yoxdur, Rusiya Qərbə hələ ki, güc nümayiş etdirir:

“Gürcüstanla müharibə vaxtı Bakı-Tbilisi-Ceyhan və Bakı-Supsa kəmərlərinə qarşı bəzi təxribatlar edildi, amma Rusiya kəmərləri bombalamadı. Hələlik Rusiya Qərbə göstərmək istəyir ki, əgər təzyiqlər güclənərsə, o da bu yollarla cavab verəcək”.

Gürcüstan batarsa, bizim də müstəqilliyimiz, faktiki olaraq, yox olacaq. Rusiyanın bölgəmizdə addımları strateji mənada bizə qarşı yönəlib.

Rasim Musabəyov deyir ki, neft kəmərləri regiondakı digər ölkələrlə, o cümlədən Türkiyə ilə bağlı olduğundan Rusiya radikal addım atmayacaq.

- Bəs, Azərbaycanın kəmərlərini hədəfə almaqla Rusiya nəyə nail olmaq istəyir?

- Rusiya Azərbaycan hökumətinə təzyiq etmək istəyir ki, onun dediyi ilə oturub-dursun.

Rasim Musabəyov
Rasim Musabəyov

Stratfor yazır ki, Gürcüstan iki hissəyə - Şərq və Qərbə bölünə, Şərq-Qərb avtomobil yolu vasitəsilə birləşə bilər. Bu avtomobil yolu Azərbaycandan Qara Dənizə və Türkiyəyə quru yolla daşımaları təmin edir və vacibdir. Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan həmin avtomobil yolu boyunca uzanır. Odur ki, Rusiyanın bölgədə mövcud pozisiyası Qərbə açıq siqnaldır ki, onun nəinki enerji kəmərlərinə, hətta Xəzər dənizi və Avropa ticarət yolları üzərində də ciddi nəzarət imkanı var.

Hələlik isə BP və Qərb hökumətləri nisbətən soyuqqanlı görünür.

Stratfor yazır ki, Rusiyanı narahat edən əsas amil Gürcüstanın Avropaya inteqrasiyasıdır.

Rusiya Azərbaycan hökumətinə təzyiq etmək istəyir ki, onun dediyi ilə oturub-dursun.

Bundan başqa, Moskva Gürcüstan, Azərbaycan və Türkiyənin öz birgə infrastruktur layihələrini qorumaq üçün tez-tez keçirdikləri müdafiə xarakterli görüşlərindən narahatdır.

Son aylar Gürcüstan ABŞ və NATO qüvvələri ilə birlikdə tez-tez hərbi təlimlər keçirməyə başlayıb.

Bakı isə deyir ki, Bakı-Supsa kəmərinin marşrutu dəyişdirilməsə belə, kəmər üçün hansısa problem yaratmayacaq.

APA informasiya agentliyinin məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov deyib ki, Azərbaycan nefti Supsa limanına alternativ yollarla çatdıra bilər.

Müşahidəçilər rəsmi Bakının mövqeyində Rusiya ilə yaxınlaşmanı müşahidə edirlər. Məsələn, Qərbi durmadan təndiq edən Azərbaycan prezidenti Rusiyanı birbaşa hədəfə almır.

XS
SM
MD
LG