Keçid linkləri

Təcili xəbərlər

Öldürməyi özünə peşə edənlər...


«İslam Dövləti» terror qruplaşmasının üzvləri
«İslam Dövləti» terror qruplaşmasının üzvləri

-

O RADİOYA TƏLƏSİRDİ, AMMA...

...Həmin gün onu radioya dəvət etmişdilər. Tələsirdi. İşin tərsliyindən maşını işə düşmədi, taksi də tuta bilmədi. Fikirləşdi ki, metro ilə getsin. Amma istədiyi yerə gedib çıxa bilmədi. Çünki...

...Çünki o müdhiş gün metroda terror aktı baş verdi. Və o da həmin terror aktının qurbanlarından biri oldu. Söhbət xalq artisti, gözəl caz bəstəkarı Rafiq Babayevdən gedir...

...Bu günlərdə Türkiyədə baş vermiş terror aktı, özümdən asılı olmadan, Rafiq Babayevi yadıma saldı. Yenə o qorxunc terror aktını xatırladım. Bircə anlığa da olsa, belə aktları təşkil və icra edənlərin psixologiyasını anlamağa, onları bu işə sövq edən səbəblər haqqında düşünməyə çalışdım...

Bacarmadım!.. Onları anlamağın mümkünsüzlüyünə qərar verdim...

...Ölümündən sonra heyfsləndiyimiz, «yaşasa, hələ nə qədər gözəl işlər görərdi» dediyimiz çox az adam var.Bəli, çox az adam haqqında belə demək olur. Onlardan biri də Rafiq Babayev idi...

Kamo, Şors, ya elə bizim Heydər Əmoğlu dərindən baxanda, terroru vasitə sayanlardan deyildilərmi?!

«ÜLVİ MƏQSƏDLƏR»...

Son vaxtlar terror olayları o qədər çoxalıb ki, onların müqayisəsi və miqyası haqqında dəqiq sözlər eşidə, dolğun təsəvvür qazana bilmirsən. Təbii ki, terroru doğruldan, ona haqq qazandıran heç nə yoxdur!.. Düzdür, orta əsrlərdə «Məqsəd vasitəni doğruldur» şəklində düşüncələr olub. Məsələn, yezuitlər öz «ülvi məqsəd»lərinə yetişmək üçün həmin düşüncədən faydalanıblar. Sovetlər dönəmində özəlliklə gənclərə sevdirilən, qəhrəmanlar -«böyük inqilabçılar» da elə yezuitlər kimi davranırdılar. Kamo, Şors, ya elə bizim Heydər Əmoğlu dərindən baxanda, terroru vasitə sayanlardan deyildilərmi?!. O vaxtın terror aktlarında dövlət və siyasət adamları hədəf götürülsə, söhbət, necə deyərlər, «pis adamlar»dan getsə də, bu yolu haqlı saymaq mümkünsüzdür.

Axı ayrıca bir şəxs, lap zalımın zalımı olsa da, konkret siyasi sistemin məhsuludur. Sistem onu yaradıb, o, sistemi deyil. Elə bu üzdən, heç bir terror aktı - ən uğurlusu da mövcud qaydaları dəyişə bilməyib, əksinə, onları daha da sərtləşdirib, kütləvi həbs və təqiblərə, gericil dəyişikliklərə - irticaya yol açıb...

İslahatçılar öldürüləndə, dəyişikliklərə son verilir, islahatlar səngiyir. Müstəbidlər terror hədəfi götürüləndə, mövcud siyasi rejim daha da sərtləşib qəddarlaşır, «əcinnə ovu» kütləviləşir.

Heç bir terror aktı - ən uğurlusu da mövcud qaydaları dəyişə bilməyib, əksinə, onları daha da sərtləşdirib, kütləvi həbs və təqiblərə, gericil dəyişikliklərə - irticaya yol açıb...

Mən Fyodor Dostoyevsky-nin əsərlərindən Rusiya terrorizminin «təkamülü»nü izləməyə çalışmışam. Bu terrorizm nəyə gətirib çıxardı?

Elə bir rejim yarandı ki, terroru dövlət siyasətinə çevirdi, elə bir rejim bərqərar oldu ki, onun liderləri «Bir nəfərin ölümü faciə, yüz nəfərin ölümü statistikadır!» dedilər...

HƏDƏF DİNC İNSANLARDIR...

Ona görə də indi terror siyasi akt kimi tam inkar edilir. Amma indi daha qorxunc şəkil alıb, dinc insanları hədəf götürməyə başlayıb. Türkiyədə baş verən son terror olayında 30-dan çox adam öldü və azı 100 adam yaralandı. Bir neçə il əvvəl Norveçdə baş vermiş terror aktı 70 nəfərin yaşamına son qoymuşdu...

Bu iki misalı ona görə ardıcıl çəkdim ki, terrorun bir dinlə, bir xalqla bağlanmasının nə qədər yanlış olduğunu qabarda bilim. Bəli, indi müsəlman şərqində terrorun sədaları daha tez-tez eşidilir. Amma bu adamlar terrorun nəzəriyyə və təcrübəsini, bir qayda olaraq, Qərbdən öyrənirlər. Deməli, terrorun qlobal problem olması unudulmamalıdır.

İndi müsəlman şərqində terrorun sədaları daha tez-tez eşidilir. Amma bu adamlar terrorun nəzəriyyə və təcrübəsini, bir qayda olaraq, Qərbdən öyrənirlər.

MÜHARİBƏDƏN DƏ QORXULU...

Terror, bəlkə də müharibədən də müdhiş bəladır. Müharibədə rəqibi görürsən və o, demək olar, həmişə sənin qarşında olur. Amma terrorçunu əksər hallarda heç görmək də olmur...

Bir çox halda, terrorçunun heç ideya-filanı da yoxdur. O, sadəcə, öldürməyi özünə peşə seçmiş insandır. Demək ki, terrorçuların guya hansısa ideyası-filanı var, bu, onları rəngli boyalarla təqdim etmək olardı. Az əvvəl adını çəkdiyim F.Dostoyevsky-nin bir fikrini yada salıram. O yazırdı ki, dünyanın ən böyük və ən ülvi ideyası da bir körpənin göz yaşlarına dəyməz...

YARIMÇIQ QALMIŞ CAZ NOTLARI...

...İndi Azərbaycan estradasına diqqət yetirəndə, görürsən ki, bir ideoloq - musiqi ideoloqu çatışmır - ölüm V.Mustafazadəni çox erkən apardı... Rafiq Babayevi də terror caynağına keçirib qopardı bizdən...

«Caz azad insanların musiqisidir» - deyirlər... Deməli, terror da azad insanların düşmənidir. Axı dinc və azad insanların toplaşdığı yeri hədəf seçir. Bundan qorxunc bir şey var?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG