Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:35

Bulud şou


- "Birdən kişi oturmuş vəziyyətdə də havaya qalxaraq, başının ardınca qonşu eyvana tərəf istiqamət götürdü."

İkinci mərtəbənin eyvanından

Şövkət Ələkbərova

Yuxuda gördüm ki, bütün işlərim pis gündədir. Ancaq sonra anladım, nə gündə olmağımın təsiri yuxuda da keçməyibmiş.

Bir də gördüm, ikinci mərtəbənin eyvanından buludlara baxıram.

Ər stolun arxasında oturdu, yoldaşının gətirib süfrəyə düzdüyü yeməklərə ani baxdı. "O"nun burada olmasının fərqinə varmadan, qonşu eyvandakı astagəl hərəkətli xanımı tamaşaya daldı.

Xanımın bu baxışlarından məmnun görünən oğrun nəzərlərini neçənci dəfə tutan, ərinin yeməyə başlayacağını daha təmkinlə gözləyən qadına acıq gəlsə də, büruzə vermirdi.

Astagəl xanımın tamaşasına başım qarışdığından, bir də gördüm, qısqanclığını ustalıqla gizlədən qadın stolun arxasında əyləşmiş iki yaşlıya və iki uşağa da qulluq edir, nələrisə stolun ortasından götürüb onların qabaqlarına çəkir və sair.

Sanki yeməyi bəhanə edib qonşu eyvana tamaşa edən bu altı nəfərdən hər biri müxtəlif baxış və hiss sahibiydi.

Yaşlılar narahatlıqlarını qalanlara "göstərməməyi" göstərirdilər. Uşaqlar atalarının başının qonşu eyvanda qaldığını, analarının görünüşündə məlumatın izini aydın sezirdilər.

Bütün çıxılmaz vəziyyətlərdə olduğu kimi, hamı hər şeyi bilir, heç kim heç nə edə bilmirdi. Arada olar-olmaz vardı da...

Birdən kişi oturmuş vəziyyətdə də havaya qalxaraq, başının ardınca qonşu eyvana tərəf istiqamət götürdü.

Artıq havada onu gözləməkdə olan astagəl xanıma qovuşdu. Əvvəl böyüdülər, böyüdülər, sonra parçalandılar.

Qısqanclıqla onların ardınca tələsən qadın havaya qalxıb parçalanmışlara tərəf istiqamət götürdü.

Analarını qaytarmaq qırımıyla havada ona çatmağa çalışan uşaqlar birləşib, böyüyə-böyüyə üzmək təhəriylə irəliləməyə üz qoydular.

Qocalar ailənin ardınca baxmaqda ikən əvvəl kişiylə astagəl xanım havada parçalandılar, sonra özünü onların parçalarına çatdıran kişinin arvadı da parçalanaraq, onların parçalarının arasında onlar kimi əriyib, əriyib yox oldu.

Uşaqlar onlara çatmağa xeyli qalmış, əriyib azalmağa, azaldıqca yox olmağa başladılar.

Qocalar heyrətlə baxışdıqca əriyib əvvəl eyvana, sonra evə qarışdılar, sovrula-sovrula yox oldular.

Mən xəyaldan ayılınca onların evlərinin yerində o evdən də böyük, ahıl, müdrik və ağzı olmayan bir qoca oturmuşdu.

Hər şeyi bilən təhəri olsa da, kimsəyçün heç nə etməyəcək görkəmi vardı.

XS
SM
MD
LG