Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

Qarabağ haqda hələ belə açıq danışılmamışdı


James Warlick
James Warlick

-

“Dağlıq Qarabağ münaqişəsinin həlli haqda hələ belə açıq danışılmamışdı” - sosial şəbəkələrdə ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick-in son müsahibəsini paylaşanlar belə yazır.

Düzdür, bu xəbər son olayların fonunda kölgədə qaldığından elə də diqqət çəkməyib. Həmsədr axırıncı müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqda açıq-aşkar danışır.

“MÜNAQİŞƏNİN HƏLLİ BUNSUZ MÜMKÜN DEYİL"

James Warlick deyir ki, Dağlıq Qarabağın statusu dəqiqləşdirilməmiş bu münaqişənin hərtərəfli həlli mümkün deyil. Yerevanda jurnalistlərlə görüşü zamanı həmsədr əlavə edir ki, hərtərəfli həll deyərkən bura “status məsələsi və Dağlıq Qarabağ xalqının özünün öz iradəsi ilə azad fikri ifadəsi” daxildir:

“Qarabağ münaqişəsinin kompleks tənzimləməsi, bu prosesə Dağlıq Qarabağın statusu məsələsi daxil edilməsə, mümkün olmaz. Bundan başqa Ermənistan təhlükəsizliyə təminat olmadan torpaqları qaytarmaq istəmir”.

İŞĞAL OLUNMUŞ TORPAQLAR QAYTARILMALIDIR…

Ağdamın qoşunların təmas xəttinə yaxın yerləşən Çıraqlı kəndi
Ağdamın qoşunların təmas xəttinə yaxın yerləşən Çıraqlı kəndi

Ermənistan tərəfi istəyir ki, Dağlıq Qarabağın statusunu yerli əhali referendum yolu ilə müəyyən etsin. Azərbaycan tərəfi işğal olunmuş ərazilər geri qaytarılandan sonra status məsələsini müzakirəyə çıxarmağın tərəfdarıdır. James Warlick düşünür ki, münaqişənin həllinə mane olan bir məsələ də məhz iki tərəf arasında razılığın olmamasıdır:

“Hər şey razılaşdırılmayıbsa, heç nə razılaşdırılmayıb. Hərtərəfli tənzimləmə elementlərindən biri də məhz Dağlıq Qarabağı əhatə edən ərazilərin qaytarılması olmalıdır. Zəbt edilmiş ərazilər kompleks tənzimləmə çərçivəsində Azərbaycanın nəzarəti altına qaytarılmalıdır. Burada diqqəti hər hansı bir element və ya prinsip üzərində cəmləşdirmək lazım deyil - ərazilər qaytarılmalıdır, lakin başqa amillər də var, çünki biz həmişə kompleks tənzimlənmədən danışırıq”.

ƏSAS TƏKLİFLƏR…

İşğal altında olan Ağdam şəhərinin xarabalıqları
İşğal altında olan Ağdam şəhərinin xarabalıqları

Amerikalı diplomatın dediklərini ümumiləşdirsək, onun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklifləri aşağıdakılardır:

1. İşğal olunmuş ərazilərin qaytarılması

2. Dağlıq Qarabağın statusu məsələsinin həll olunması.

3. Qaçqın və məcburi köçkünlərin öz evlərinə qaytarılması

Biz uzunmüddətli sülh istəyiriksə, bu yalnız sənədlərlə təmin edilə bilməz. Bu, xalqlar arasında qarşılıqlı etimada əsaslanmalıdır.

4. Təhlükəsizliyin təminatı üçün həmin ərazilərə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi

James Warlick bildirir ki, bunlar təkliflərin hamısı deyil. Münaqişəni tənzimləmək üçün zəruri təkliflərdən bir neçəsidir. Bununla belə həmsədr bildirir ki, əsas məsələ qarşılıqlı etimaddır:

“Çox təəssüflər olsun ki, Azərbaycan və Ermənistan arasında qarşılıqlı etimad istənilən səviyyədə deyil. Bu etimadsızlıq tənzimlənmə prosesini əngəlləyir. Etimadın bərpa edilməsi bir gecənin işi deyil, uzun prosesdir. Qarşılıqlı etimad üçün tədbirlər görülməlidir. Biz uzunmüddətli sülh istəyiriksə, bu yalnız sənədlərlə təmin edilə bilməz. Bu, xalqlar arasında qarşılıqlı etimada əsaslanmalıdır”.

Ermənistandan sonra James Warlick Azərbaycanda səfərdədir. Səfər haqda ətraflı məlumatı AzadlıqRadiosunun saytından ala bilərsiniz.

Küçə sorğusu (Audio)

Gözlə

No media source currently available

0:00 0:02:42 0:00
Direct-ə keçid

XS
SM
MD
LG