Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:19

Yalçın İslamzadənin kitab köşəsində "Fəlsəfənin təsəllisi"


- Elmi-kütləvi kitabların tanıtımı

Alain de Botton'un "Fəlsəfənin təsəllisi" kitabı

6-cı əsrdə yaşamış Boethius Kilsənin qurucu atalarından sayılır və riyaziyyat, musiqi, məntiq, teologiya kimi müxtəlif sahələrdə ciddi əsərlər müəllifidir.

Ostroqotların sarayında müşavirkən tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra həbsdə edamını gözləyən Boethius “Fəlsəfənin təsəllisi” adlı əsərini yazır.

“Fəlsəfənin təsəllisi” “həbsxana ədəbiyyatı”-nın ən yaxşı nümunələrindən sayılır və dini terminlərdən istifadə etsə də, sekulyar ədəbiyyat janrına aid edilir.

Əsərdə Boethius xəyali Xanım Fəlsəfə ilə sərvət və şöhrətin müvəqqətiliyindən və daxili zənginliyin önəmindən danışır.

Ölümünü gözləyərkən təsəllini fəlsəfi dialoqda tapan Boethius'un bu əsəri Orta Əsrlər və Renessans düşünürləri üzərində böyük təsir yaradır.

Alain de Botton
Alain de Botton

Alain de Botton'un eyniadlı əsəri, həyatlarında böyük acılar çəkmiş bəzi böyük filosofların fəlsəfədə tapdıqları təsəllilərdən bəhs edir.

Sokrat (“Qəbul edilməmənin təsəllisi”), Epikür (“Sahib olmamanın təsəllisi”), Seneka (“Xəyalqırıqlığı yaşamanın təsəllisi”), Monten (“Özünü yetərsiz hiss etmənin təsəllisi”), Şopenhauer (“Qırıq qəlbin təsəllisi”), Nitşe (“Çətinliklərlə yaşamanın təsəllisi”) kimi Qərb düşüncə və mədəniyyət tarixində yerləri olan filosofları gündəlik həyatları kontekstində ələ alır.

Onların fəlsəfələrinin içində yaşadıqları şəraitdən necə təsirləndiyini və müxtəlif çətinliklər qarşısında fəlsəfədə necə təsəlli tapmalarını təsvir edir.

Bütün bu təsəllilərin ortaq nöqtəsi, yaşadığı dövrdən asılı olmayaraq, hər bir insanın üzləşdiyi insan həyatının əsas problematik tərəflərindən bəhs etmələridir.

“Bir insan nə zaman Sokratla qarşılaşsa, onunla söhbət etməyə başlasa, həmişə eyni hadisə baş verir.

Əvvəlcə siz başqa bir mövzudan danışmağa başlayırsınız, sonra Sokrat sizi istiqamətləndirərək istədiyi yerə çəkir, ən axırda sizi tələyə salıb keçmiş həyatınız və indiki həyat tərzinizə aid detallı məlumat almadan, həyatınızı hərtərəfli analiz etmədən sizi buraxmır”.

Sokrat heç bir yazılı əsər qoyub getmədi, Afina küçələrindəki bu sorğulama fəaliyyəti insanları narahat edirdi və ona qarşı uzun illərdən bəslənən kin böyüyürdü.

Aristofanın “Buludlar” adlı əsəri tamaşaya qoyulanda Sokratı canlandıran aktyor səhnəyə uzun bir ağacdan asılmış səbətin içində daxil olurdu - təməlindəki məntiqi anlamadan ümumi görüşləri qəbul etməyən Sokrat, karikatürləşdirilirdi.

Sokrata görə, “Fəlsəfə ilə məşğul olmaq ölümə hazırlaşmaq” idi.

Tanrılara inanmamaq və gəncləri yoldan çıxarmaq ittihamı ilə məhkəməyə çıxarıldıqda Sokrat sağ qalmaq üçün görüşlərini inkar etmək və sürgünə getmək variantlarını qəbul etmir.

Onu öldürsələr, Afinada onun kimi bir adamın yenidən ortaya çıxmasının olduqca kiçik ehtimal olduğunu izah etməyə çalışır.

Müdafiə çıxışından sonra, əksəriyyəti pensiyaya çıxmış əsgərlərdən ibarət olan məhkəmə jürisi üzvlərinin daha çoxu onun ölümünə səs verir. Deyilənə görə həyat yoldaşı Ksiantippin “Səni haqsız yerə öldürürlər” deməsinə, “Haqlı öldürmələrinimi istəyirsən?” deyə cavab verir.

Bu gün adı hedonizmlə sinonim kimi çəkilən Epikürün zövq anlayışı, hazırki istehlakçı zövq anlayışından tamamilə fərqli idi.

Epikürə həsr olunan fəsildə onun zövq anlayışı ilə müasir zövq anlayışları arasındakı fərq vurğulanır, indiki hedonizmin epikürçülük adlandırılmasının niyə səhv olduğu izah edilir.

Renessans dövrünün ən təsirli yazarlarından biri olan Monten, böyük bir səmimiyyətlə, ittiham etmədən Orta Əsrlərdə inkar edilmiş, bəhs edilməmiş, günah sayılmış insan yönləri haqqında - intellektual və fizioloji - yazmışdı.

Kitabının günümüzdə də aktual olması, zamandan asılı olmayaraq, insan təbiətinin qalıcı problemlərindən - komplekslərindən bəhs etməsilə bağlıdır

“Renessans insana və dünyaya maraq duymaqla başladı” ifadəsinin ən yaxşı manifestlərindən biri, Montenin günümüzdə də maraqla oxunan əsəridir.

Nitşe, sənət hamisi bir xanımın dəvət etdiyi İtaliya istirahətindən qayıtdıqdan sonra Şopenhauerin təsiri ilə formalaşan pessimizmindən əl çəkir, Cosima Vagnerə yazdığı məktubda “Şopenhauerin təliminə təməldən qarşıyam” deyə yazırdı.

Fərqli üslubda, modern dövrdən analogiyalarla, şəkillərlə, müqayisələrlə zəngin, sadə və anlaşılan dildə yazılmış kitabda bəhs edilən filosofların görüşləri açıqlanır.

Bu görüşlərin həyat tərzlərindən necə qaynaqlandığı və içində olduqları çətinliklərin öhdəsindən fəlsəfənin, düşünməyin köməyilə necə gəlməyə çalışdıqları göstərilir.

“Fəlsəfənin təsəllisi”, kitabda adı çəkilən filsofoların təlimlərini daha yaxşı anlamaq istəyənlər üçün olduğu kimi, daha irəliyə getmədən bu kitabla kifayətlənəcək olanlar üçün də eyni dərəcədə maraqlı, informativ, roman qədər asan oxunan bir kitabdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG