Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:03

Dönüb sual işarəsinə zarıyıram milyon illərdi...


Əli Şirin Şükürlü
Əli Şirin Şükürlü

-

Əli Şirin Şükürlü

SOKRATLA POLEMİKA

harda axtarım həqiqəti –

adi hadisələr qarşısında aciz qalıram bəzən.

şəhəri başına alan külək

hara sovruldu bir anda; o qədər çaşqınlıq gətirmişdi,

sual işarəsinə dönmüşdü adamlar

qarşısında cavab əvəzinə toz dənələrindən ibarət sonsuz nöqtələr.

bayaqdan pəncərəni döyəcləyən

yağış damcılarından nə qaldı – günəş doğan kimi

buxara dönən və pəncərə şüşəsində yaşayan sarı ləkələrdən savayı.

bayaqdan nə qədər məyusluq, məyusluq içində nə qədər xatirələr,

xatirələr içində nə qədər ümidlər çırpırdı pəncərə şüşəsinə;

indi təkcə buxardan və sarı ləkələrdən ibarətdi görəsən? –

günəş qənim kəsildi həyat dolu mənzərəyə,

bir “həyat” uddu başqa birini gözgörəsi.

o qədər şeylər var ki,

dərin və dayaz – hamısı

dairə kimi hər yandan qapanıb çevrəvari;

quyuya atılan daşın

doğurduğu səda qalxıb üzü yuxarı harda çevrildi sükuta,

yenidən harda pozuldu səssizlik, yenidən harda dönəcək sükuta,

enəcək üzü aşağı.

qayanıb quyuya sevincək daş atan,

dərinlikdə uyuyan səssizliyi oyadan,

sükutu pozan o balacanı harda nə vaxt görmüşəm? –

elə indi birinci dəfə, amma çox tanış gəlir mənə,

bəlkə yuz il, bəlkə min il, bəlkə milyon il əvvəl hardasa.

bəlkə hardasa, yüz il, min il, milyon il sonra.

harda dayansan

o nöqtədən açılar üzünə hüdudsuzluq –

sonsuzluq harda yetişər “son”a?

sokrat – dünyanın ən çirkin və ən ağıllı adamı

keçsə əlimə bilirsən nə edərəm baxıb gözlərinə –

soruşaram ki...

(bilirsən, doğma adamın intiharından sonra necə ağır olur yaşamaq).

nə qədər düşünsən o qədər fikir doğulacaq

qarşısında sual işarəsi – etinasız deyir qoca müdrik

yüz il, min il, milyon il əvvəl və

yüz il, min il, milyon il sonra.

gözlərindən sürüşən gözlərimi qapayıb əllərimlə

dönüb sual işarəsinə zarıyıram milyon illərdi:

bilirəm – heç nə bilmirəm.

10.06.2015

XS
SM
MD
LG