Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:27

Günəş mənim qədər ümidsiz olsaydı əgər...


Təvəkgül Zeynallı
Təvəkgül Zeynallı

-

Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Təvəkgül Zeynallı Amerika yazıçısı Sherwood Anderson-dan çevirdiyi bir hekayə ilə Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin keçiridiyi müsabiqənin qalibi olmuşdu.

Təvəkgül Zeynallı həm də şeir yazır. O, öz şeirlərini Oxu zalına təqdim edib.

Təvəkgül Zeynallı

Şeirlər

Bu gecə qar yağsın, qar yağsın yenə,

Örtsün ağacların budaqlarını,

Örtsün dənizlərin dalğalarını.

Pianonun qara dillərin örtsün,

Ömrümün sevgisiz illərin örtsün,

Yağsın səhraların qumu üstünə,

Qoca tiranların uca büstünə.

Böyük sarayların alçaq damına,

İşıqsız evlərin solğun şamına.

Yağsın, qoy bu saxta qafiyələrə,

Arzular, ümidlər, xatirələrə.

Yağsın cəhənnəmin tonqallarına,

Cənnətin kədərsiz bağçalarına.

Bu gecə qar yağsın bütün dünyaya,

Qar yağsın günəşə, qar yağsın aya.

***

Havalar soyuyur,

yay sona çatır.

Və bu soyuq havalar,

ömrümə damcı-damcı

acı zəhərin qatır.

Ağaclardan asılan payız rəngli kəndirlər,

Mənimi gözləyirlər?

Məzarlıqda qazılan 20 yaşlı qəbirlər

Mənimi gözləyirlər?

***

Heç kim yoxdu danışmağa,

Ürəyimi açmağa.

Tənhayam başdan ayağa,

Təkəm təpədən dırnağa.

Və ümid yoxdu qaçmağa

Bu qüssəli əhvalımdan,

Bu sevgisiz həyatımdan.

Nə deyim axı nə deyim?

Sən yadıma düşdün Həcər,

Keçən yaz yadıma düşdü.

Niyə belə oldu hər şey?

İndi hər şey mənasız,

Hər şey bomboş görünür.

Kitablar tabuta oxşayır

Musiqilər nalələrə,

O çıxan bahar günəşi

Cəhənnəm alovuna.

Ağacların çiçəyində

Kəfənlərin ağlığı.

Sevinclər canımdan qaçır,

Səcdələr alnımdan qaçır.

Ümidim yox heç nəyə,

Ümidim yox heç nəyə.

İndi zəng vursam sənə,

Eşidə bilsəm səsini,

Mənə nə deyərdin nə?

Yadıma düşdün yenə,

Yadıma düşdün, Həcər.

Amma dözürəm birtəhər.

Bu bahar da gəlib keçər,

Bu kədər də keçib gedər.

***

Yağır qışın qarları

Payız xəzəllərinə.

Üşüməyə adamlar yox, qarlı yollar üstündə.

Əsməyə yarpaqlar yox, ağacların büstündə.

Susur yorulmuş torpaq rəngsiz buludlar altda.

Susur qəmgin bağçalar küləklərin içində.

Susur, susur, susurlar

Yazda göyərçin qonan,

Qışda tüstülər donan

Hündür, ağ damlı evlər.

Susur, susur, susurlar

Çovğunlar içrə yanan,

Yollar üstdə dayanan,

Küləklər söndürməyən,

Maşınlar dindirməyən

İşıq saçan dirəklər.

Danışan bircə Allah,

Onun ağ buludları,

Onun son ümidləri

Onun kövrələn gözü

Və qar tökən göy üzü,

Və qar tökən göy üzü.

***

Ömrümdən iyirmi bir bahar

Keçdi, keçdi, keçdi.

Daha neçə yazım,

Neçə payızım qalır?

Göyün qara buluduna,

İşıq dolu günəşinə,

Yazın ətirli gülünə,

Novruz odunun külünə

Baxıram, baxıram baxıram amma

Heç nə yol göstərmir, göstərmir mənə.

***

Elə həvəssizəm ki, elə ümidsizəm ki,

Günəş mənim qədər ümidsiz olsaydı əgər,

Dünya əbədilik zülmətə qərq olardı.

Allah mənim qədər həvəssiz olsaydı əgər,

Körpə qəbiristanlıqlar milyon ilə dolardı.

Bəşər mənim qədər həvəssiz olsaydı əgər,

Ordular yorulardı, savaşlar dayanardı.

Hardasan həyat eşqim, hardasınız arzular?

Yaz gəlir, siz yoxusunuz, ağlamaq tutur məni.

Ömrün mənası yoxdu, hər şey fani, hər şey boş,

Gözlə, tələsmə hələ, səninlə gedirəm, qış.

***

Barmağındakı o üzük,

Nişan üzüyüdümü?

Lənətə gəlsin hər şey,

Lənətə gəlsin bu yaz,

Bizi aparan bu maşın,

Ötmüş dörd il, dörd payız,

Bu gün ağlayacağam

Dostsuz, şərabsız, kimsəsiz.

Yaz çıxıb getmək istəmir,

Çiçəklər düşmək istəmir,

Küləklər susmaq istəmir,

Buludlar yağmaq istəmir.

***

Sizə yazmaq istədim, amma yaza bilmədim,

Gah yazdım, pozdum amma

gah da poza bilmədim.

Sizə olan hissimi heç cür yoza bilmədim.

Bilmirəm bəlkə də heç göründüyün deyilsən.

Bəlkə də, tanısam heç, səni düşünmərəm mən.

Amma yaz görüm indi, yaz görüm neyləyirsən?

Əynində nə paltar var, əllərində nə boya?

Fikrində nələr vardır, nəyi düşünürsən heç?

Mən heç yadındayammı, yazsam sənə mən indi,

Nələr fikirləşəssən, nələr qaralayassan?

Yazsam ki, əlinizdən tutmaq istəyirdim mən,

Saçınızın ətrini udmaq istəyirdim mən,

Yazsam ki, gecənin elə bu çağında da,

Sizi düşünürəm mən, sizi özləyirəm mən,

Və birdən həqiqəti yazsam heç düşünmədən,

Yazsam ki, əslində heç dərdim siz deyilsiniz.

Yazsam ki, bilmirəm heç dərdim nədir, sərim nə.

Yazsam ki, düzü, sizi düşünsəm də arabir,

Məni yazdıran səbəb heç siz də deyilsiniz.

Bu qara gecədirmi, bu əsən küləkdirmi?

Bu gələn bahardırmı, bu ölən soyuq qışmı?

Nədir məni yazdıran bu gecə saatında?

Niyə yaşamaq sevgim tərk edib gedib məni?

Sizə yazmaq istədim, amma yaza bilmədim...

XS
SM
MD
LG