Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:27

"Sıfır nöqtəsində qadın" romanından bir hissəni OXU


-

"Bu qədər bədbəxt qadınların içində Firdovs bir istisna idi. Bu qadını tanıdıqca bir roman yazmaq qərarına gəldim"

Xəbər verdiyimiz kimi, Misirli yazıçı Nəval əl Səədavinin (1931) məşhur "Sıfır nöqtəsində qadın" romanı Bakıda, Azərbaycan türkcəsində nəşr olunub.

Roman yazıçı, araşdırmaçı Güntay Gəncalpın seçimi və tərcüməsilə "Alatoran Yayınları"nda işıq üzü görüb.

Naşirin icazəsilə, Nəval əl Səədavi-nin öz əsərinə yazdığı ön sözü və romandan bir neçə səhifəni Oxu zalında təqdim edirik.

Nəval əl Səədavi

Qahirə, 1982, sentyabr.

Bu romanı Qənatir zindanında bir xanımla tanış olduqdan sonra yazdım.

Bu görüşdən bir neçə ay öncə Misir qadınlarının “nevroz” xəstəliyinə tutulmaları haqda araşdırma aparmışdım. O zaman işsiz olduğumdan bütün diqqət və fikrimi bu mövzu üzərində mərkəzləşdirə bilirdim.

1972-ci ilin sonlarında sağlıq baxanlığı məni sağlıq eyitimi bölümünün başqanlığından və “Sağlıq” dərgisinin baş redaktorluğundan uzaqlaşdırdı.

Qadınların qurtuluşuna, azadlığına inanan bir yazar kimi, davranışlarım və görüşlərim dövlət görəvliləri tərəfindən qəbul edilmirdi.

Fəqət var olan çətinliklərə baxmayaraq, daha çox düşünür, yazır və qadınlarla olan toplantılarıma davam edirdim. 1973-cü ildə həyatımda yeni olaylar meydana çıxdı.

Bu il “Sıfır nöqtəsində qadın” və ya “Firdovs” adında romanım yayımlandı.

Çeşidli dərəcədə ruhi xəstəliklərdən əziyyət çəkən bir çox qadınla görüşdən sonra bu araşdırma ideyası ağlımda baş qaldırdı. Nevroz xəstəliyinə yaxalanmış bir neçə qadını bu iş üçün seçmək qərarına gəldim.

İşim uğurla yürüsün deyə xəstə qadınlara uğramalı idim. Mənim üçün hər zaman zindanın bir cazibəsi olmuşdur. Zindanda həyatın özəlliklə qadınlar üçün necə keçməsiylə maraqlanırdım.

Bəlkə də ölkəmdə düşüncə adamlarının “siyasi suç” üzündən sürəkli yaxalanmaları bu marağı məndə doğurmuşdu. Ərim on üç il siyasi tutsaq olaraq Misirin çeşidli zindanlarında həbs həyatı yaşamışdı.

Bu üzdən Qənatir zindanının doktorunu görər-görməz səbirsizliklə onunla fikir mübadiləsinə başladım. Hər görüşdə dartışmalarımız olurdu. Dartışmalarımızın mövzusu müxtəlif bəhanələrlə həbs edilən qadınlar idi.

Özəlliklə zindanda nevroz xəstəliyinə tutulmuş qadınları yaxından görmək, onların ruh hallarını və davranışlarını araşdırmaq istəyirdim.

Zaman keçdikcə mövzuya daha da ciddi yanaşır və qadın tutuqluları yaxından görmə istəyi məndə daha da şiddətlənirdi. İlk dəfə olaraq zindanın içini “siyasi” bir filmdə görmüşdüm. İndi isə gerçək bir zindanı və zindandakıları görmə fürsətini yaxalamışdım.

Bir dostum var idi. O, bir qadının bir kişini öldürdüyü üçün edama məhkum edildiyi haqda mənə bilgi vermişdi. Vicdanımda bu araşdırma ilə ilgili böyük bir sorumluluq hiss edirdim.

O günə qədər qatil bir qadını görməmişdim. Zindanın doktoru məni o və digər qadınlarla görüşdürəcəyinə söz verdi.

Onun yardımı ilə psixoloq həkim olaraq tutuqlularla görüşmə izni ala bildim. Araşdırmalarıma rəğbət göstərən doktor xəstələrlə görüşmə imkanını asanlaşdırdı.

Zindana girdiyimdə qaranlıq və dar hücrələri, dəmir barmaqlıqlarla hörülmüş kiçik pəncərələri görüb çox kədərləndim. Sanki hər tərəfdən; qapıdan, pəncərədən və divarlardan şiddət yağırdı.

Qorxunc bir titrəmə bədənimi sardı. Bir gün özüm də gəlib burada həbs həyatı yaşayacağımı heç təsəvvür etməzdim. Lakin bir həkim kimi deyil, Ənvər Sadatın əmri üzərinə 1035 suçlulardan biri kimi tutuqlanıb həbs ediləcəkdim.

1974-cü ilin payızında tutuqlularla görüşmək üçün zindana girdiyimdə gələcəkdə burada özüm də bir tutuqlu kimi yatacağımı heç ağlıma gətirməmişdim.

Zindanın həyətindən keçərkən dəmir pərdələri barmaqları ilə sarıb mənə baxan qadınları gördüm. Qadınların qorxunc baxışları onlarla heyvanlar kimi davranıldığını açıqca göstərirdi.

Firdovs öncə mənimlə danışmaqdan çəkindi. Daha sonra nə düşündüsə söhbətləşməyə razı olaraq öz yaşam öyküsünü yavaş-yavaş mənə anlatmağa başladı.

Firdovs öz yaşamının pərdələrini aralayıb danışdıqca, onunla daha çox maraqlanır, onu daha dərindən tanımağa çalışırdım. Bu qədər bədbəxt qadınların içində Firdovs bir istisna idi.

Bu qadını tanıdıqca bir roman yazmaq qərarına gəldim. Bu roman “Firdovs” və ya “Sıfır nöqtəsində qadın” olaraq ortaya çıxdı. O zaman doktor dostum aracılığı ilə bir çox qadınla zindanda tanış olmuşdum. Onlar mənim araşdırmama qonu olan 20 nəfərlik qadın dəstəsindən ibarət idi. Bilimsəl araşdırmalarım 1976-ci ildə “Qadınlar və nevroz” başlığı ilə Misirdə kitab şəklində yayımlandı.

Firdovs başqalarından fərqlənirdi. O, artıq mənim dünyamda bəzən sakit və bəzən də təlatümlü görünürdü. Öldürüləndən sonra onun həyatından bir kitab yazaraq, Firdovsa yeni həyat qazandırmaq qərarına gəldim.

Çünkü 1974-cü ilin sonunda Firdovs edam edildi. Lakin o, heç bir zaman mənim gözlərimin önündən çəkilmədi. Necə qürurlu və mətanətli davrandığını heç unutmadım. 1981-ci ildə məni də tutuqlayıb eyni zindanda həbs etdilər. Gözlərim dustaq qadınların içində Firdovsu arayırdı.

Daima qürurla dik tutduğu başına baxmaq istəyirdim. Onun ölümünə inanmaq istəmirdim. Üç ay həbsdə yatdığım müddətcə kişiləri öldürməklə ittiham edilən bir çox qadınla tanış oldum.

Onlardan bəziləri mənə Firdovsu xatırlatsalar da, heç biri onun kimi deyildi. O, mənim təsəvvürümdə örnək bir qadın kimi qaldı. O, yalnızca gözəlliyi, qüruru, cəsarəti, davranışları ilə deyil, həm də həyatı mütləq inkar edərək ölümdən qorxmayan bir qadın kimi yaddaşımda qaldı.

Firdovs haqqında yazdığım bu əsər, ümidsizlikdən ən qaranlıq nöqtəyə sürüklənən bir qadının öyküsüdür.

Bütün müsibətlərə və ümidsizliklərə baxmayaraq bu qadın mənim kimi onu ömrünün son anlarında görən hər kəsdə mücadilə və uğur duyğusu oyandırırdı. İnsanı yaşamaqdan, sevməkdən və özgürlükdən məhrum edən hər cür basqıya qarşı mücadilə duyğusu.

İki

Qoy danışım. Sözümü kəsmə! Səni dinləyəcək zamanım yoxdur. Bu axşam saat altıda məni aparmağa gələcəklər.

Sabah səhər burada olmayacağam artıq. İnsan oğlunun bilmədiyi bir yerdə olacağam.

Bu dünyada kimsənin bilmədiyi oraya yolçuluq edəcəyəm və bu yolçuluğumdan da çox məmnunam. Yaşamım boyunca mənə qürur verəcək, məni krallardan, prenslərdən və hökmdarlardan belə üstün qılacaq bir şey aradım.

Nə zaman əlimə bir qəzet keçdi və o adamlardan biri ilə qarşılaşdımsa, dərhal üzlərinə tüpürürdüm. Sonra tüpürcəyimin üzərlərində quruduğu rəsimlərinə baxırdım.

Bir rəsmə tüpürdüyümü görən olsa, o rəsmdəki şəxsi tanıdığımı sanar. Xeyir, tanımırdım. Mən yalnız bir qadınam. Qəzetdə rəsmi basılan bütün erkəkləri bir qadın tanıyamaz.

Ayrıca, mən başarılı bir fahişə idim. Bir fahişə nə qədər başarılı olsa da, bütün erkəkləri tanıyamaz. Amma tanıdığım erkəklərin hamısı məndə tək bir istək oyandırdı: əlimi qaldırıb üzlərinə sərtcə bir şillə ilişdirmək.

Fahişə olduğum üçün qorxumu makyajın altında gizlədim. Fahişəliyimdə başarılı olduğumdan, makyajım sürəkli yerində səliqəli və ən bahalısından idi.

Hörmətli burjua qadınlarının makyajı kimi idi. Saçımı burjua qadınlarının getdikləri bərbərlərdə düzəltdirirdim. Seçdiyim rənglər təbii və ciddi idi.

Beləcə dodaqlarım nə boyasız, nə də həddindən artıq boyalı görünürdü. Göz qələmim də yüksək vəzifəli adamların qadınlarının istifadə etdikləri növdən, cazibədarlıqla rədd etmənin qarışığından ibarət idi.

Lakin təkcə makyajım, saçım və bahalı ayaqqabılarım “üst sinif”ə aid idi. Mən özüm orta məktəb diplomlu və arzularımla “orta sinfə” aid idim. Ailəmsə aşağı təbəqədən idi. Cahil və yoxsul bir kəndli olan atam həyat haqqında çox az şey bilirdi.

Məhsul necə yetişdirilər, düşmənin zəhərlədiyi öküz ölmədən bazara necə çatdırılar, bakirə qız başlıq parasına necə satılar, məhsul yetişdikdən sonra qonşudan daha tez davranıb necə oğurlanar, kəndxudanın önündə necə iki qat əyilib əli öpülər və bu kimi işlər, atamın ən yaxşı bildikləri bunlar idi.

Hər cümə təmiz paltar geyinib məscidə cümə namazına gedərdi. Namaz bitincə özünə bənzəyən adamlarla dolaşdığını görərdim. Cümə namazından danışar və pişnamazın ağıllara durğunluq verəcək üstün özəlliklərindən söhbət edərdi.

Oğurluğun və adam öldürmənin günah olduğu bəlli deyildimi? Və ya bir qadının namusuna sataşmaq, ədalətsiz davranmaq, bir insanı döymək suç deyildimi?

Davamı da var, itaət etmənin və ölkəni sevmənin bir görəv olduğunu kim inkar edə bilərdi ki? Allah eşqi ilə hökmdar eşqi bir və tam idi.

Allah hökmdarımızı uzun illər qorumuş və ölkəmizin, ərəb ulusunun və bütün insanlığın ilham və güc qaynağı olaraq onun qalmasını sağlamışdı. Onların dar, dolambaclı yollarda başlarını heyranlıqla sallayıb mübarək imanın söylədiyi hər şeyi onaylayaraq yürüdüklərini görürdüm.

Bir yandan da Allahın adını anaraq sürəkli alçaq səslə dua edər, bir an belə durmadan mızıldayıb pıçıldaşar, başlarını sallayar, əllərini ovuşdurardılar.

Başımın üstündə içi su dolu bir vedrə daşıyardım. Ağırlığından bəzən çiyənlərim çökərdi. Suyu dağıtmayacaq şəkildə özümü dəngələməyə çalışarkən addımlarımı anamın öyrətdiyi kimi atardım.

Beləcə boynum dik durardı. O zaman hələ uşaq idim, məmələrim çıxmamışdı. Kişilər haqqında heç bir şey bilmirdim. Fəqət Allahın adını anıb şükr edər, qısıq səslə dualar oxuyardım.

Onları başlarını sallar, əllərini ovuşdurar, öskürər, xirtdəklərini xırıltıyla təmizlər, qoltuq altı və bacaqlarının aralarını qaşıyarkən görərdim. Ətraflarında baş verənləri şübhə ilə, hiyləgər baxışlarla, hücum etməyə hazır gözlərlə, mənə qəribə bir şəkildə aşağılıq gələn yırtıcılıqla izlədikllərini görərdim.

Bəzən hansının atam olduğunu ayırd edə bilməzdim. Çünkü hamısı bir-birinə və atama bənzəyirdilər. Bir gün anama atam haqqında sorular sordum. Atam olmadan məni necə doğurmuşdu?

Anam məni yaxşıca döydükdən sonra əlində kiçik bir bıçaq, ya da lezva olan bir qadın çağırdı. Məni sünnət etdilər...

XS
SM
MD
LG